RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Müsəlmanların iki böyük bayramından biri olan Qurban bayramı eydül-ədha (qurbanlıq bayramı), eydi-əkbər (ən böyük bayram) və eydi-kəbir (böyük bayram) terminləri ilə ifadə olunur.
Eydül-ədha ifadəsinin kökü “udhiyyə” (qurbanlıq heyvan) sözünün lüğəvi mənası ilə əlaqədardır. Zilhiccə ayının 10-cu günündə qurban olaraq kəsilən heyvana udhiyyə deyilir. Bunun haqqında qarşıda ətraflı məlumat veriləcək.
Azərbaycan türkcəsində bayram mənasını verən “eyd” sözü ərəb dilində “aud”, yəni qayıtmaq mənasını verir. Eyd, yəni nəfsin zindanından və xurafatlardan Allaha doğru və Şeytanın hakimiyyətindən Allahın rəhmətinə doğru qayıtmaq.
Qurban bayramı, yəni insanın ilahi yaxınlıq məqamına qayıtması. Və bu məqam yalnız nəfsani istəklərlə mübarizə sayəsində, nəfsin çirkinliklərdən təmizlənməsi, özünü tərbiyə və saf fürsətlərdən istifadə etmənin işığında əldə oluna bilər.
Bayram günləri Allahın qullarına hədiyyə etdiyi xoşbəxt günlərdir, bütün müsəlmanların bir-birini daha çox sevib saydığı, ülvi duyğuların coşduğu, məhəbbət və sevginin simalarda və davranışlarda açıqca göründüyü ən gözəl anlardır. Buna görə də bu günlərdə günah etməkdən ciddiyyətlə çəkinməliyik. Müsəlman olmayan xalqlarda olduğu kimi bayramı haram musiqilərə qulaq asmaq, çalıb oynamaq və əylənməklə yox, fikir, zikr, istiğfar (Allahdan bağışlanma istəmək) və ibadətlə keçirməliyik. Bayram günlərində özümüzə qayıtmalı, keçmiş günahlarımız haqqında düşünüb peşman olmalı və bir də bu günahları yerinə yetirməyəcəyimizə dair Allaha söz verməliyik. Yəni bayram günlərini özümüz üçün həyatın dönüş nöqtəsi günü olaraq qeyd etməliyik. Bayram namazına və kütləvi duaya çıxmalı, fərdi və ictimai problemlərin həll olunmasını hər şeyə qadir olan Allahdan istəməliyik. Bilməliyik ki, Allah Ona möhtac olanları alçaltmayan, davamlı olaraq Ondan bir şey istəyənləri nəsibsiz buraxmayan, az əmələ böyük mükafat verən, Ona yaxınlaşana yaxınlaşan, Ondan üz çevirəni Özünə doğru çağıran və cəzalandırmaqda tələsməyən bir Varlıqdır.
Qurban bayramı İbrahim əleyhissəlamın Məbudun razılığını əldə etmə yolunda fədakarlıq etməsinin və İsmailin qurbangahda Allahın əmrinə təslim olmasının xatırlandığı bir gündür. Və həmin hadisə şərəfinə keçirilən şadlıq günü və təntənədir.
Peyğəmbərimiz (s) Mədinəyə hicrət etdikdə mədinəlilərin əyləndiyi iki gün var idi. Peyğəmbərimiz “Bu günlər nədir?” – deyə soruşdu. Mədinəlilər: “Biz cahiliyyə dövründə bu günlərdə əylənirdik”, – deyə cavab verdilər. Peyğəmbər onlara belə buyurdu: “Allah sizin üçün o iki bayramı daha xeyirlisi ilə – Qurban və Fitr günləri ilə əvəz etdi”[1].
Sevinc və şadlıq günləri olan bayramlarımız möminlər üzərində müsbət təsirlər meydana gətirməli, dini şüur və hisləri qüvvətləndirməli, insanlara yeni bir həyəcan verməli, birliyə, barışığa və ictimai həmrəyliyə vəsilə olmalıdır.
Diqqət: bütün məzhəblər ittifaq etmişdir ki, Qurban bayramı günü oruc tutmaq haramdır. Lakin hənəfi məzhəbi istisnadır. Hənəfilər demişlər ki, Qurban bayramı günündə oruc tutmaq təhrimən məkruhdur[2]. Onlara görə təhrimən məkruh harama daha yaxın olan məkruh əməldir.
Hər bir müsəlmanın bayramdan əvvəl və bayram günlərində yerinə yetirməsi vacib və müstəhəb olan əməllər vardır. Bunları aşağıdakı şəkildə xülasələşdirə bilərik:
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] “Sünən”, “Babu səlatil-eydeyn”, Əbudavud
[2] Kərahət (məkruhluq) “pis qəbul etmək”, “ona razı olmamaq” mənasını verir və iki hissəyə ayrılır: təhrimən məkruh ki, harama yaxın olan məkruhdur. (Vacib olan bir əmri tərk etmək, balıqdan başqa dəniz heyvanlarını yemək, namazda tədili-ərkanı tərk etmək kimi.) Tənzihən məkruh ki, halala yaxın olan məkruhdur. Bu tərif İmami-Ə’zəm Əbuhənifəyə və İmam Əbuyusifə görədir. İmam Mühəmmədə görə, təhrimən məkruh olan bir şey haramdan sayılır və haram kimi axirət əzabına səbəb olur. Tənzihən məkruh olan şey isə ittifaqla halala yaxındır. Belə bir məkruh işin yerinə yetirilməsi əzaba səbəb olmaz. Lakin yerinə yetirilməməsi insana savab qazandırar. Fiqh kitablarında bir qeydə bağlanmadan (yəni mahiyyətinə artıq bir xüsusiyyət əlavə olunmadan) mütləq olaraq kərahət (məkruhluq) sözü yazılarsa, bununla ümumi şəkildə təhrimən məkruh nəzərdə tutulur. (“Böyük İslam elmihalı”, s. 52, Ömər Nəsuhi Bilmən)