BAYRAM GECƏSİNİN ƏMƏLLƏRİ
Qurban bayramının gecəsi (yəni Qurban bayramından əvvəlki günün axşamı) mübarək gecələrdən hesab olunur. Bu gecəni əhya etmək, yəni oyaq qalıb ibadət və dua ilə keçirmək müstəhəbbi-müəkkəddir (yəni ciddiyyətlə tövsiyə olunmuş müstəhəb bir işdir). Bu gecədə səmanın qapıları açılar. İmam Sadiqin atalarından belə nəql etdiyi rəvayət olunur: “İmam Əli (ə) ilin dörd gecəsində özünü azad etməyi sevərdi: rəcəb ayının ilk gecəsi, nimeyi-şəban gecəsi (şəban ayının 15-ci gecəsi), Fitr bayramının gecəsi və Qurban bayramının gecəsi”. Azad etmək deyildikdə həmin gecələrdə oyaq qalmaqla ibadət etmək üçün özünü bütün işlərdən azad etməsi nəzərdə tutulur.
Aşağıdakı duanın da 10 dəfə deyilməsi bu gecənin müstəhəb əməllərindən hesab olunur:
يَا دَائِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَ آلِهِ خَيْرِ الْوَرىٰ سَجِيَّةً وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلىٰ فِى هٰذَهِ الْعَشِيَّةِ![1]
Transkripsiya: “Ya Daiməl-fəzli ələl-bəriyyə, ya Basitəl-yədəyni bil-ətiyyə, ya Sahibəl-məvahibis-səniyyə salli əla Mühəmmədin və Alihi xayril-vəra səciyyə, vəğfirləna ya Zəl-üla fi hazihil-əşiyyə!”
Tərcümə: “Ey məxluqlara davamlı olaraq fəzl və ehsan əta edən, ey iki əli hədiyyəyə açıq olan, ey uca məqamlı mükafatların və bəxşişlərin Sahibi! Əxlaq baxımından yaradılmışların ən xeyirlisi olan Mühəmmədə və onun Alinə rəhmət göndər və bu gecədə bizim günahlarımızı bağışla, ey uca məqam Sahibi!”
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] “Misbah”, s. 647, Kəf’əmi