ə) Qurban necə kəsilməlidir?
Qurban kəsməyin qayda və adabı başqa vaxtlarda heyvan kəsməyin qayda və adabı ilə eynilik təşkil edir. Heyvanı kəsən şəxsdə və heyvan kəsimində riayət edilməsi lazım olan qaydalara qurban kəsərkən də əməl etmək lazımdır. Həmin qaydalar aşağıdakılardan ibarətdir:
- Heyvanın hülqumu, yəni hava yolu, məri’ deyilən yemək borusu və bunların iki tərəfində yerləşən vədəc deyilən iki damarın (yəni şah damarlar deyilən dörd böyük damarın) kəsilməsi lazımdır; tam kəsilmək əvəzinə onların qismən (natamam) parçalanması və kəsilməsi kifayət etmir. Damarlar xirtdəyin altından elə kəsilməlidir ki, kəsimdən sonra heyvanın xirtdəyi bədəndə yox, başda qalmalıdır.
Qurban kəsilən heyvan dəvədirsə, nəhr edilməlidir. Nəhr dəvənin sinəsi üstündən (boyunun bədənə bitişdiyi yerdən) bıçaq vurub boğaz damarlarını kəsmə əməliyyatıdır. Onun yolu budur ki, dəvə üzü qibləyə tərəf durmalı, yaxud diz çökməli və yaxud da yan üstündə yatmalı, bıçaq sinəsinə yaxın nahiyədə onun boğazına soxulmalı və qan axana qədər gözlənilməlidir. Onun ayaq üstə nəhr edilməsi müstəhəb ehtiyatdır.
- Kəsilən heyvan kəsim əsnasında canlı olmalıdır; əgər kəsimə verildiyi vaxt onun canlı olduğuna şübhə edilsə, kəsimdən sonra ondan adi miqdarda (adətən özü kimi heyvanlardan çıxacaq qədər) qanın xaric olması, yaxud göz qapaqlarını və ya hər hansı bir bədən üzvünü hərəkətə gətirməsi kimi həyat əlamətləri onda təzahür etməzsə, onun yeyilməsi halal deyildir. Bu iki əlamətdən biri ilə kifayətlənmək olar.
- Kəsilən heyvanın canı sırf kəsimlə çıxmalıdır; yəni heyvan bu kəsim əməliyyatının nəticəsi olaraq ölməlidir.
- Heyvanı kəsən şəxs müsəlman və ya əhli-kitab olmalıdır; bütpərəst, məcusi (atəşpərəst), mürtəd kimi əhli-kitab və müsəlman olmayan şəxslərin kəsdiyinin halal olmadığı barəsində İslam alimləri ittifaq etmişlər.
Heyvanı kəsən şəxs kitab əhlindən olarsa (yə’ni yəhudi, yaxud xristian olarsa), heyvanı kəsərkən Allahın adını zikr etmiş və şah damarların kəsilməsi kimi təzkiyədə (heyvanın şəriətə uyğun bir şəkildə öldürülməsində) mö’təbər olan digər şərtlərə (heyvanın üzü qibləyə çevrilməsi belə bir məqamda istisna təşkil edir) riayət etmişdirsə, onun kəsdiyi heyvan halaldır.
Əgər heyvanı kəsən şəxs Allaha iman gətirməyən mülhid (inkarçı) və Allahın adını zikr etməsi təsəvvür edilməyən kafir olarsa, onun kəsdiyi heyvan heç vaxt halal olmaz. Əgər Allaha inanan kafir olarsa, yalnız kitab əhlindən başqası olarsa, Allahın adını zikr etsə də, vacib ehtiyata əsasən onun kəsdiyi də halal olmaz.
Kəsim işi hər bir müsəlman tərəfindən həyata keçirilir. İstər kişi olsun, istərsə qadın, istər mömin (dindar) olsun, istər fasiq, istər kəsim işini könüllü olaraq həyata keçirsin, istərsə də bu işə məcbur edilsin, heç bir fərq yoxdur. Çünki bu işdə əsas olan kəsim işinin mötəbər şərtlərə uyğun olaraq onlardan biri tərəfindən düzgün şəkildə həyata keçirilməsidir[1].
- Heyvan kəsilən vaxt (yəni kəsimə başlayanda) Allah zikr edilməlidir, yəni “Bismillah” (“Pıssımılla” yox), yaxud “Əllahu Əkbər”, yaxud “Bismillahi, Əllahu Əkbər”, – deyilməlidir; əgər qəsdən Allahın adını zikr etməzsə, heyvan haram olar. Əgər Allahın adının zikr edilməsi yadından çıxarsa, yaxud bilmədən tərk edərsə, heyvan haram olmaz.
- Heyvan üzü qibləyə doğru çevrilməlidir; yə’ni boğazı və qarnı üzü qibləyə olmalıdır. Üzünün, əllərinin və ayaqlarının üzü qibləyə doğru olması şərt deyildir. İmam Mühəmmədbaqirdən kəsilmək üçün ayrılmış heyvan haqqında soruşulduqda belə dedi: “Kəsilmək üçün ayrılmış heyvanını üzü qibləyə doğru çevir!”[2] Bu hədisdən kəsim əsnasında heyvanın üzü qibləyə doğru çevrilməsinin zəruri olduğu başa düşülür. Kəsimdə heyvanı kəsən şəxsin özünün üzü qibləyə dayanması şərt deyildir.
- Şah damarlar onları kəsən iti filiz alətlərlə kəsilməlidir. Əgər filiz olmasa, ondan başqa şah damarları kəsən hər bir şeylə kəsim işini yerinə yetirmək caizdir (icazəlidir). Beləcə, qamış, ağac, iti daş, şüşə və bu kimi digər əşyalarla kəsim işini yerinə yetirmək səhihdir (doğrudur).
Kəsimdə müstəhəb və məkruh (pislənmiş) olan işlər aşağıdakılardan ibarətdir:
- Şəriət alimləri qeyd etmişlər ki, xırda buynuzlu heyvanlar kəsildiyi vaxt heyvanın iki qabaq və dal ayaqlarından birinin sarınıb bir ayağının sərbəst buraxılması, inək və öküz kəsildiyi vaxt heyvanın dörd ayağının hamısının bağlanıb quyruğunun sərbəst buraxılması və dəvə diz çökdüyü halda nəhr edilərsə, iki qabaq ayağının (aşağıdan dizlərədək, yaxud qoltuğunun altınadək) bağlanması və iki dal ayaqlarının sərbəst buraxılması və əgər ayaqüstə nəhr edilərsə, sol əlinin bağlı olması müstəhəbdir.
- Heyvanı kəsməzdən və yaxud nəhr etməzdən əvvəl qabağına su qoymaq müstəhəbdir;
- Heyvanı kəsərkən, yaxud nəhr edərkən onunla əziyyət çəkməsinə səbəb olmayacaq şəkildə davranmaq müstəhəbdir. Bunlar bıçağın itilənməsi, onun hülquma güc verərək soxulması və cəld hərəkət edilməsi ilə həqiqət tapır. Peyğəmbərdən (s) belə nəql olunmuşdur: “Həqiqətən, Allah-Taala hər şeydə sizə yaxşılığı (ehsanı) vacib etmişdir. Öldürdükdə yaxşı bir şəkildə öldürün. Heyvanı kəsdikdə yaxşı bir şəkildə kəsin; hər biriniz öz bıçağını itiləsin və kəsdiyi heyvanına yüngüllük və rahatlıq versin!” Başqa bir hədisdə bıçaqların itilənməsinə və (onların itilənməsinin) heyvanlardan gizlədilməsinə əmr etmişdir.
Bəzi rəvayətlərdə bildirilir ki, heyvanı kəsərkən və ya nəhr edərkən aşağıdakı işlərin yerinə yetirilməsi məkruhdur (pislənmişdir):
- Nəfəsi kəsilməyincə dərisini soymaq;
- Heç bir ehtiyac yoxdursa, kəsim işini gecə, yaxud cümə günü zəvaldan (günorta azanından) əvvəl həyata keçirmək;
- Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü önündə kəsmək;
- Böyüdüb kökəltdiyi mal-qaranı insanın özünün kəsməsi[3].
Kəsilən heyvanın aşağıda qeyd olunan hissələrinin yeyilməsi haramdır:
- Qan; ürəyin və qara ciyərin daxilində qalan hissələr kimi az da olsa belə.
- Daxilində qalan qaiti (peyini, zığı);
- Tənasül üzvü; o, erkəkdə cinsi orqan və xayalardan, dişidə isə fərc və onun zahiri (çölü) və batinindən (içindən), bir də sidik kisəsindən ibarətdir.
- Balalıq (heyvanlarda rüşeymin inkişaf etdiyi daxili üzv);
- Boyundan (peysərdən) uzanan iki sinir ki, fəqərə sütunu ilə dəri arasında fəqərə sütununun iki tərəfində quyruğa birləşmiş halda yerləşir; o, çox sərt bir damardır. Ərəbcə ona “ilbavan” deyilir. Tək şəkli “ilba’”dır.
- Beynin ən aşağı hissəsində yerləşən və noxud dənəsinə oxşayan və onun boyda olan dənə (şiş); onun rəngi tünd qəhvəyi rəngə meyil edir. Ərəbcə ona “xərəzətud-dimağ” deyilir.
- Onurğa beyni; o, fəqərə sütununun daxilində boyundan çanağa qədər uzanan ağ yumşaq damardır.
- Vəzilər; o, kül rəngli ət yığıntılarından ibarətdir və bədənin müxtəlif yerlərində olur. Daha çox ağ ciyərlərdə olan yağda olur.
- Dalaq;
- Öd kisəsi;
- Göz bəbəyi;
Bunlardan başqa qalan hissələrin yeyilməsi halaldır. Qığırdağın və bağırsaqların yeyilməsi də halaldır. Baxmayaraq ki, böyrəklərin və ürəyin qulaqcıqlarının yeyilməsi məkruhdur (pislənir). Heyvanın sümüyü və dərisi kimi yeyilməsi adət olmayan hissələrinin yeyilməsini müstəhəb ehtiyata əsasən tərk etmək lazımdır.
Əhli-sünnə məzhəblərinə görə, heyvanın öd kisəsinin, vəzilərinin, sidik kisəsinin, cinsi orqanlarının və xayalarının yeyilməsi təhrimən məkruhdur, bunlar yeyilməməlidir[4]. Bir hədisi-şərifdə Hz. Peyğəmbərin (s) əti yeyilən heyvanların cinsi orqanlarının, xayalarının, anus dəliyinin (qaitin məxrəcinin), vəzilərinin, öd kisəsinin və sidik kisəsinin yeyilməsini münasib hesab etmədiyi bildirilir[5]. Bununla bərabər maliki və şafii məzhəblərində əti yeyilən heyvanların xayalarını yemək icazəlidir[6]. Əti yeyilən heyvanlardan bəsmələ ilə kəsilənlərin daxillərində qalıb axmayan qanları təmiz olduğu üçün bunların dalaqları da təmizdir. Dalaqdakı qan pakdır. Əhli-sünnə məzhəblərinə görə, dalağın yeyilməsi halaldır.
Tərtibatçı: Xəyyam Qurbanzadə
[1] “Fiqhuş-şəriə”, c. 2, s. 111, S. M. Fəzlullah
[2] “Vəsailuş-şiə”, c. 16, b. 14, s. 265, 266, 1-ci rəvayət
[3] “Fiqhuş-şəriə”, c. 2, s. 117, 118, m. 125-126, S. M. Fəzlullah
[4] “Böyük İslam elmihalı”, s. 423, Ömər Nəsuhi Bilmən
[5] “əs-Sünənül-kübra”, X 12, Beyhəqi
[6] “Minəhul-cəlil”, c. 5, s. 8, 9, Uleyş, “Əsnəl-mətalib”, c. 4, s. 256, Zəkəriyya əl-Ənsari