RAMAZAN DUASI  

SƏHİFEYİ-SƏCCADİYYƏNİN 44-CÜ DUASI

RAMAZAN AYI DAXİL OLDUQDA

İMAM ZEYNƏLABİDİNİN (Ə) OXUDUĞU DUA

Ehsanına şükür edənlərdən olub xeyirxahların mükafatı ilə mükafatlandırılaq deyə Özünə həmd etməyin yolunu bizə göstərən və bizi həmd əhlindən qərar verən Allaha həmd olsun!

Bizə Öz dinini hədiyyə edən, bizi Öz şəriəti ilə səciyyələndirən, neməti ilə ehsan yollarında Onun razılığına doğru yerimək üçün o yolları bizə tanıtdıran Allaha həmd olsun! Elə bir həmd ki onu bizdən qəbul etsin və onunla bizdən razı olsun.

Oruc ayı, İslam ayı, təmizlik ayı, günahların bağışlanması ayı, (gecələr ibadətə) qiyam (qalxış) ayı olan Öz ayı olan ramazanı bu yollardan biri kimi qərarlaşdıran Allaha həmd olsun! “Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran bu ayda nazil olmuşdur. …”

Onun üçün tam qadağalar və məşhur fəzilətlər qərarlaşdırmaqla onun digər aylardan fəzilətli olduğunu ortaya çıxardı, böyüklüyünü bildirmək üçün digər aylarda halal etdiyini bu ayda yasaq etdi, kəramətini bildirmək üçün bu ayda yeyiləcək və içiləcək şeyləri qadağan etdi və onun üçün önünə keçilməsinə icazə vermədiyi və təxirə salınmasını da qəbul etmədiyi bəlli və aşkar bir vaxt müəyyənləşdirdi.

Sonra onun gecələrindən bir gecəni min aydan daha üstün qərar verib onu Qədr gecəsi adlandırdı. “… O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər…”[1] O gecə əmin-amanlıqdır. Hökm etdiyi qəza və qədəri ilə istədiyi bəndələri üçün dan yeri sökülənə qədər bərəkət davam edər.

Allahım! Mühəmməd və ailəsinə salavat göndər. Bu ayın fəzilətini tanımağı, onun toxunulmazlığına hörmət göstərməyi və bu ayda qadağan etdiyin işlərdən qorunmağı bizə ilham et! Üzvlərimizi günahlardan qoruyub Səni razı salacaq işlərdə istifadə edərək bu ayda oruc tutmaqda bizə yardımçı ol! Belə ki, qulaqlarımızla boş şeylərə qulaq asmayaq, gözlərimizi əyləncəyə dikməyək, əllərimizi qadağan edilmiş şeylərə uzatmayaq, ayaqlarımızla harama doğru addımlamayaq, qarnımıza haram girməsin, dilimiz sənin açıqladığından başqasını danışmasın, bizi savabına yaxınlaşdıracaq əməldən başqası üçün zəhmətə düşməyək, əzabından qoruyacaq əməldən başqasını yerinə yetirməyək. Sonra da bütün bunları riyakarların riyasından və şöhrətpərəstlərin şöhrət həvəsindən təmizlə ki, işlərimizdə Səndən başqasına şərik qoşmayaq və Səndən başqa istək və məqsəd axtarmayaq.

Allahım! Mühəmməd və onun ailəsinə salavat göndər! Bizi bu ayda təyin etdiyin hədləri, vacib etdiyin vacibatları, qoyduğun şərtləri və təyin etdiyin vaxtları ilə gündəlik beş namazın vaxtları barəsində agah et! Bizi namazın uca mərtəbələrinə çatan, rüknlərini qoruyan, onu vaxtında qılan, rükusunu, səcdəsini və bütün üstün əməllərini qulun və rəsulunun – rəhmətin ona və ailəsinə olsun! – Sünnəsinə əsasən ən kamil və ən əhatəli təharətlə, ən açıq və ən əhatəli xüşu ilə yerinə yetirənlərdən qərar ver!

Bu ayda bizə qohum-əqrabalarımızla xeyirxahlıq və hədiyyə ilə əlaqə yaratmaqda, yaxşılıq etmək və hədiyyə verməklə qonşularımızla yaxınlaşmaqda, mallarımızı məsuliyyətdən qurtarmaqda və zəkatları verməklə onları təmizləməkdə, bizdən ayrılanlara yaxınlaşmaqda, bizə zülm edənlərə qarşı insaflı olmaqda, əsla dostluq edə bilməyəcəyimiz və sülh içində yaşaya bilməyəcəyimiz Sənin düşmənlərin istisna olmaqla bizimlə düşmənçilik edənlərlə barışmaqda və bizi günahlardan təmizləyəcəyin və təkrar edəcəyimiz eyiblərdən qoruyacağın, mələklərin belə yerinə yetirə bilməyəcəyi pak əməllərlə Sənə yaxınlaşmaqda müvəffəqiyyət ver.

Allahım! Bu ayın haqqı xatirinə və bu ayın əvvəlindən sonuna qədər Sənə ibadət edən müqərrəb mələk, yaxud göndərilmiş peyğəmbər, yaxud səciyyələndirdiyin saleh qul xatirinə Səndən Mühəmməd və onun ailəsinə salavat göndərməyini istəyirəm. Övliyalarına vəd verdiyin kəraməti əldə etməkdə bizi bacarıqlı et, Sənə itaət etməkdə, adətən, yarışan qullarına verəcəyin şeyləri bizə də ver və rəhmətinlə bizi ən yüksək məqama layiq olanların arasına qat.

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və bizi tövhidində şirkə düşməkdən, Səni tərif etməkdə bacarıqsız olmaqdan, dinində şübhəyə qapılmaqdan, yolunda korluğa düçar olmaqdan, Sənə hörmətdə səhlənkarlıqdan və düşmənin olan qovulmuş Şeytana aldanmaqdan qoru!

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və bizim bu ayımızın hər gecəsində əfvinlə Cəhənnəmdən azad edəcəyin, rəhmətinlə bağışlayacağın qulların varsa, bizi onlardan qərar ver və bizi bu ayımızın ən xeyirli əhli və əshabəsi qərar ver!

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və ramazan hilalının gözlərdən itib göy üzündən silinməsi ilə günahlarımızı da sil, günlərinin sıyrılması ilə günahlarımızı bizdən sıyır. Belə ki, ay bizim üçün sona çatdıqda, artıq bizi o ayda günahlardan və xətalardan təmizləmiş olasan.

Allahım! Mühəmməd və ailəsinə salavat göndər və bu ayda əyilsək, bizi düzəlt, sürüşsək, dikəlt, Şeytan bizə hakim olarsa, bizi ondan xilas et!

Allahım! Bu ayı Sənə ibadət etməyimizlə doldur, vaxtlarımızı Sənə itaətimizlə zinətləndir, gündüzlərində oruc tutmaqda, gecələrində namaz qılıb Sənə yalvarmaqda, pərəstiş etməkdə, qarşında alçalmaqda bizə yardımçı ol, beləcə bu ayın gündüzləri qafilliyimizə, gecələri isə səhlənkarçılığımıza şahidlik etməsin.

Allahım! Bizə ömür verdiyin müddətdə digər aylar və günlərdə də belə olmaqda müvəffəq et! Bizi “Firdovs Cənnətinə varis olub orada əbədi qalan”[2], “Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını verən”“Yaxşı işlər görməyə tələsib bu işdə öndə gedən”[3] saleh bəndələrindən qərar ver!

Allahım! Hər zaman, hər an və hər halda, salavat göndərdiyin şəxslərə göndərdiyin bütün salavatların sayınca bütün o salavatların, Səndən başqa heç kimin saya bilməyəcəyi qədər qat-qat artığı ilə Mühəmməd və ailəsinə salavat göndər. Həqiqətən, Sən istədiyini edənsən!

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

[1] “Qədr”; 4

[2] “Muminun”; 11

[3] “Muminun”; 60, 61