RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

(Ramazan orucu haqqında fitvalar, orucun sünnə və adabı)
BİRİNCİ DƏRS
Ramazan orucu haqqında ümumi məlumat

Oruc Allah-Taalanın vacib buyurduğu əməllərdəndir. Onun həm fərd, həm də cəmiyyət üçün böyük faydaları vardır. Allah-Taala orucu müsəlman ümmətinə vacib etdiyi kimi, bizdən əvvəlki ümmətlərə də vacib buyurmuşdur. Bu onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-Taala “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə (yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi!”

Hədislərdə deyilir ki, oruc Cəhənnəm atəşinə qarşı qalxandır, bədənin zəkatıdır və oruc tutanın yuxusu ibadət, nəfəsi və sükutu (susması) təsbih (yəni dua), əməli məqbul, duası müstəcab (yəni qəbul olunmuş) və ağzının iyi isə Allahın yanında müşkdən daha ətirlidir.

Sual: Oruc nədir?

Cavab: Oruc sübh azanından Günəş batana[1] qədər Allah rizası üçün orucu pozan işlərdən çəkinməkdir (Bu işlər haqqında məlumat veriləcək).

Sual: Orucun vacib buyurulmasının hikməti və səbəbi nədir?

Cavab: Quran-kərimə nəzər saldıqda belə başa düşülür ki, orucun vacib edilməsinin hikməti və səbəbi insanın təqvaya çatması və təqva sahibi olmasıdır. Allah-Taala buyurub: “Təqva sahibi olasınız deyə oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi!” Ayənin “təqva sahibi olasınız deyə…” hissəsinə diqqət etdikdə belə bir nəticəyə gələ bilirik. Beləcə, orucun əsl məqsədi ortaya çıxır.

Oruc təqva vasitəsi və təqvaya aparan bir yoldur. Oruc məqsəd deyil, məqsəd olan təqvaya çatma vasitəsidir. Oruc təqvanın zəminəsi, təqva isə orucun nəticəsidir. Oruc insanda təqva sahibi ola bilmə gücü yaradan ibadətdir.

Sual: Bəs təqva nədir?

Cavab: Təqva Allahın yasaq etdiyi şeylərdən qorunmaq deməkdir.

Sual: Orucun təqva ilə olan əlaqəsini necə başa düşək?

Cavab: Təqvaya verilən tərifdən belə başa düşülür ki, onu əldə etmək yalnız güclü bir iradəyə sahib olmaqla mümkündür. Güclü bir iradəyə sahib ola bilməyən şəxs, öz ixtiyarının cilovunu əlində tuta və nəfsə xoş gələn günahlardan qoruna bilməz. İradəni isə onun üzərində məşq işi aparmaqla qüvvətləndirmək olar. Bu da nəfsi yemək və içməkdən ibarət olan qarın şəhvətindən və cinsi şəhvətdən çəkindirməklə mümkündür, çünki insanları günaha sürükləyən şəhvətin təməli, mədə və cinsi arzulardır. Əgər insan öz nəfsini müəyyən bir zaman içində (yəni sübh azanından Günəş batana qədər) ən zəruri ehtiyacları olan bu işlərdən məhrum etsə və bu idmanı məşq etsə, tədricən onda günahdan qoruna bilmə gücü yaranar. İnsanda yavaş-yavaş iradəsinə hakim ola bilmə bacarığı və məharəti formalaşar. Bir sözlə, iradəsi qüvvətlənər və özünü nəfsə cazibədar gələn günahlardan qoruya bilər. Aydındır ki, yemək, içmək və cinsi münasibət kimi icazəli işlərdən çəkinməklə Allahın çağırışına cavab verib güclü iradə nümayiş etdirən bir şəxs üçün günahlardan çəkinməklə Ona itaət etmək daha asan olar.

Həm də nəfsi oruc tutmaqla ac buraxmaq onun insan iradəsinə hakim olma istəyini qırar, ona acizliyini, zəifliyini və möhtac olduğunu göstərər. Ona qul olduğunu bildirər.

Sual: Bildiyimiz kimi, oruc müqəddəs Ramazan ayında tutulur. Bu ayı digər aylardan fərqləndirən xüsusiyyətlər hansılardır?

Cavab: Ramazan ayı Quranın nazil olduğu müqəddəs bir aydır. Ramazan ayı elə bir aydır ki, onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O ayda insanlar ilahi ziyafətə (qonaqlığa) dəvət olunur və övliyaların (Allah dostlarının) təbəqəsində qərar tuturlar. Bu ayda bir gecə vardır ki, o gecə min aydan daha xeyirlidir. O bir gecə Qədr gecəsidir. Qədr gecəsində mələklər və böyük mələk Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq və əmin-amanlıqdır.

Sual: Bir müsəlman və mömin Ramazan ayını necə dəyərləndirməlidir?

Cavab: Hər şeydən əvvəl oruc tutmasının qarşısını alan bəzi amillər yoxdursa (bunlar haqqında danışılacaq), sədaqət dolu niyyət və pak qəlblə oruc tutmalıdır. Ayələrin mənalarını düşünərək Quran oxumalı (yəni Quran üzərində təfəkkür etməli), Allahdan bağışlanma diləməli, günahlarına görə tövbə etməlidir. Çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmaqdan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. İmam Sadiq (ə) buyurmuşdur: “Kim Ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti Ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər”[2].

Müsəlman və mömin bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu dərk etməlidir. Yoxsulların aclıqdan hansı hisslər keçirdiklərini xatırlamalıdır. Fəqirlərə və şikəstlərə sədəqə verməli, böyüklərə ehtiram etməli, kiçiklərə qarşı mərhəmətli olmalı, qohumlarla əlaqə yaratmalı, dilini qeybətdən, yalandan, böhtandan, iftiradan və dedi-qodudan, gözünü naməhrəmdən, qulağını başqaları haqqında edilən qeybətə qulaq asmaqdan qorumalı və yetimlərə rəhm etməlidir.

Oruc tutan şəxs qəlbini eyiblərdən, məkr və hiylələrdən təmizləməli, Allaha sığınmalı, gizlində də, aşkarda da Onun yasaq etdiklərindən çəkinməli, Allahdan qorxmalı, oruclu olduğu halda qəlbini Allah üçün hər şeydən boşaltmalıdır.

Əgər bunları edərsə, əməlli-başlı oruc tutmuş və Allahın ona əmr etdiyi əməldə Ona itaət etmişdir.

Tərtibatçı: Xəyyam Qurbanzadə

https://t.me/sabiqun

https://t.me/momin_qadinlar

[1] Sünni dostları olan və Ramazan ayında iftar vaxtında onlar iftarlarını 15 dəqiqə tez açdığına görə çətinliklə qarşılaşan və “Onlarla iftar etmək icazəlidir, ya yox?” – deyə Seyid Fəzlullaha sual verən şəxslərə o, belə cavab vermişdir: Əgər təhqiq edərək Günəşin diskinin itməsini (yəni üfüqdən aşağı düşməsini) yəqinləşdirsək, bizim rəyimizə əsasən iftar icazəlidir. Şərq tərəfdə yaranan qırmızılığın getməsi (yəni insanın başı üstündən keçməsi) haqqında danışılan rəvayətlər Günəşin diskinin itməsini yəqinləşdirmək üçün ehtiyat etmək xatirinədir, çünki Günəşin dağın dalında gizlənməsi mümkündür. Belə olduqda şərq tərəfdə yaranan qırmızılığın getməsi yəqinliyə çatmaqla şübhəni aradan qaldırır. Deməli, insan təhqiq edərək diskin itməsini yəqinləşdirsə və yer səhra, yaxud dəniz olarsa və diskin üfüqdən enməsini görərsə, qürub hasil olur (yəni Günəş batır). Nəql olunmuş bəzi rəvayətlərdə də deyilir ki, İmam Sadiq (ə) məğrib namazını şərq tərəfdə yaranmış qırmızılıq getməmişdən əvvəl qılardı. Deməli, təhqiq edərək Günəşin diskinin itməsini yəqinləşdirsək, insanın iftar etməsi mümkündür”. (“Əhli-Beyt məzhəbində namaz və oruc”, s. 343, 344)

Dövrün böyük və islahatçı müctəhidlərindən olan Əllamə Qərəvi də Günəşin qürub etməsini məğrib namazının və iftarın başlanma vaxtı hesab edir və şərq tərəfdə yaranmış qırmızılığın insanın başı üstündən keçməsindən ibarət olan 15 dəqiqəlik zaman fasiləsinin əsassız bir şey olduğunu deyir. Bu barədə yazdığı “Məğrib kitabı” adlı risaləsinin sonunda belə yazır: “… Qürub (şər’i baxımdan Günəşin batmış hesab olunması – X. Q.) məsələsində qeyd olunmuş mütəvatir xəbərlərdən belə məlum oldu ki, imamlar verilən şərhə əsasən Günəşin batmasını məğrib namazının və iftarın vaxtı ilə eyni vaxtda bilir və ona uyğun əməl edirdilər. Qırmızılığın aradan getməsi fikri istinbatın qəti prinsipləri ilə ziddiyyət təşkil edir və qəti mütəvatir xəbərləri görməzlikdən gəlməyə səbəb olur. Buna görə də bu fikir qəbul edilə bilməz və ona tabe olmaq bidət hesab olunur. … Hətta qırmızılığın aradan getməsinin mötəbər olduğunu açıq-aydın şəkildə ifadə edən bir hədis belə yoxdur. …”

[2] “Mən la yəhzuruhul-fəqih”, “Babu fəzli şəhri rəməzan və səvabu siyamihi”, h. 11