RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
ALTINCI DƏRS
Oruc tutmağı tərk etməkdə üzrlü olan şəxslər
Sual: Şəriət hansı şəxslərə orucu tutmamağa icazə vermişdir və güzəştlər kimə aid edilir?
Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə vermişdir və bu güzəştlər aşağıdakılara aid edilir:
– qüvvələrinin zəifləməsindən və fəaliyyətlərinin dayanmasından əziyyət çəkən şəxslər; belə ki, bu şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq onların zəifliyini artıracaqdır. Belə vəziyyətdə olan şəxslər tutduqları oruca görə ayağa qalxa, yeriyə və gündəlik işlərini icra edə bilməyəcəklər.
– 70 yaşına çatmış şəxslər; o həm kişilər, həm də qadınlar üçün qocalıq mərhələsidir. Əgər bu mərhələdə insanın oruc tutması qeyri-mümkün olarsa, oruclu qalma gücünə malik olmazsa, yaxud oruc tutması çətin olacaq qədər zəif olarsa, həmin şəxs orucunu yeyə bilər.
– tez-tez susayan adam;
– uşaq dünyaya gətirməsinə az və ya çox vaxt qalmasından asılı olmayaraq tutduğu oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadın; əlbəttə ki, oruc hamilə qadının özü və bətnindəki uşağı üçün zərərli olmasa, qadının oruc tutmağı tərk etməsi icazəli deyil. Əgər tərk edərsə, qəza ilə yanaşı kəffarə də verməsi vacibdir.
– südü az olan və uşaq əmizdirən o qadın ki, əgər süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud südü azalar və nəticədə uşaq zərər görər. Əgər oruc tutmaqla bu hallar ortaya çıxmazsa, yaxud süni süd, yaxud heyvan südü, yaxud da başqa qadının süd verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa, onun orucunu yeməsi icazəli deyil.
Sual: Bəs bu şəxslər nə etməlidirlər?
Cavab: Oruc tutmaları onlar üçün çətin və məşəqqətli olduğu üçün onu tərk edən qocalar və çox-çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər. Oruc tutmaqda əziyyət çəkmələri daimidirsə, orucun qəzasını tutmaları vacib deyil. Oruc tutmaq bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli olduğuna görə oruc tutmayan doğuşu yaxın və ya uzaq olan və südü az olan qadına gəlincə qadın fidyə verməli və bu səbəblər aradan getdikdən sonra tutmadığı günlərin qəzasını tutmalıdır.
Ümumiyyətlə, oruc tutmaqda əziyyət çəkməsi daimi olan şəxs orucu pozarsa, onun üzərində həmin orucun qəzası yoxdur, yalnız fidyə verməlidir. Lakin Ramazan ayından başqa ayda oruc tutmaqda əziyyət çəkməyən şəxs, əgər Ramazan ayında orucunu pozmuşdursa, həmin ayda onun qəzasını tutmalıdır.
Sual: Fidyənin miqdarı nə qədərdir?
Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır, yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.
Sual: Fidyənin başqa hansı şərtləri vardır?
Cavab: Fidyənin xərclənməsinin, növünün, niyyətinin (Allah rizası niyyəti ilə verilməsinin) və qiymətinin yox, yalnız malın özündən verilməsinin lazım olmasının hökmü kəffarənin hökmü kimidir. Buna görə də fidyə verərkən aşağıdakı şərtlərə riayət olunmalıdır:
– fidyə verilən şəxs fidyə verənin atası, anası, övladı, babası, nənəsi, nəvəsi və daimi həyat yoldaşı kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib olan şəxslər olmamalıdır;
– fidyə verilən şəxs binamaz, şərabiçən, açıq şəkildə günah edən və aldığını harama sərf edən şəxs olmamalıdır;
– fidyənin verilməsi ibadət olduğu üçün onu Allah rizası üçün vermək vacibdir;
– fidyənin nəyə görə verildiyi də müəyyənləşdirilməlidir. Belə ki, məsələn oruc tutmaq çətin və məşəqqətli olduğu üçün onu tərk etdiyinə görə fidyə verildiyi niyyət edilməlidir.
Sual: Bəs fidyə kəffarədən nə ilə fərqlənir?
Cavab: Fidyə kəffarədən aşağıdakı cəhətlərdən fərqlənir:
– kəffarədən fərqli olaraq bir günün, yaxud ayların fidyəsinin bir fəqirə verilməsi mümkündür;
– kəffarədən fərqli olaraq fidyədə malın özünün verilməsi lazımdır; buna görə də fəqirin süfrəyə dəvət edilərək ona bir doyumluq yemək verilməsi kifayət etmir. Lakin kəffarədə fəqirə unun və buğdanın özünün verilməsi mümkün olduğu kimi, onun yemək süfrəsinə dəvət edilməsi və ona bir doyumluq yemək verilməsi də mümkündür.
– həmçinin kəffarədən fərqli olaraq fidyədə müstəhəb ehtiyata əsasən buğda və unla kifayətlənmək lazımdır.