RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Lakin şəban ayına aid fəslin mətləblərini müzakirə etməmişdən əvvəl özümə borc bilirəm ki, Şeyx Abbas Qumminin İbn Bətutənin səfərnaməsi (səfər qeydləri) haqqında dediyi barəsində[1] danışım:
Şeyx Abbas Qummi belə yazır: “Bil ki, əhli-sünnə alimlərindən biri olan və 600 il bundan əvvəl yaşamış Əbuəbdillah Mühəmməd ibn Bətutə “Rihlətu-İbn Bətutə” (“İbn Bətutənin səyahəti”) adı ilə məruf olan öz səfərnaməsində … mövlamız Əmirülmömininin (ə) mübarək rövzə və qəbrinin … bəyanında demişdir ki, bu şəhərin əhalisinin hamısı rafizidir. Bu mübarək rövzə üçün bəzi kəramətlər təzahür etmişdir. O cümlədən oranın əhalisinin yanında adı “Leylətul-məhya” olan rəcəb ayının 27-ci gecəsində İraqeyndən, Xorasandan, Fars və Rum şəhərlərindən nə qədər şikəst və iflic olmuş şəxs vardırsa, gətirirlər. Onlardan təxminən 30, 40 nəfər işa namazından sonra orada toplanır. Bu şikəstləri və iflic olmuş şəxsləri müqəddəs zərihin yanına gətirirlər. Camaat yığışıb onların yaxşı olmasını və ayağa qalxmasını gözləyir. Gecənin yarısı, yaxud üçdə ikisi keçənə qədər bu camaatın bəzisi namaz qılır, bəzisi zikr deyir, bəzisi Quran oxuyur, bəzisi isə rövzəyə tamaşa edir. Bu vaxt hərəkət edə bilməyən bu şikəst şəxslərin hamısı (?!!) sağlam və heç bir xəstəlikləri olmadığı bir halda ayağa qalxırlar. … Bu, məşhur bir işdir. Mən özüm o gecə orada iştirak etməmişəm, lakin sözləri etimadlı olan siqə (etimadlı) şəxslərdən eşitmişəm. … Bu gecə üçün şəhərlərdən çoxlu xalq bir yerə toplanır və 10 günlük böyük bir bazar qurulur. Mən deyirəm ki, bu mətləblərə – bu şərafətli ziyarətgahlardan təzahür edən və təvatürlə bizə gəlib çatan möcüzələrə və kəramətlərə təəccüb etmə. Onların sayı sayıla bilməyəcək qədər çoxdur. Hər biri iflic olmuş və həkimlərin onları müalicə edə bilmədiyi üç nəfər qadın h. q. təqvimilə 1343-cü ilin (m. 1925) şəvval ayında hidayət imamlarının səkkizincisi və üsyankar ümmətin zamini (?!!!) mövlamız Əli ibn Musa Rzanın pak hərəmində şəfa tapdı. … Nəql olunmuşdur ki, o qadınların xəstəliyindən xəbərdar olan həkimlər bunu təsdiq etdilər. … Bəlkə, onların bəziləri həmin qadınların şəfa tapması barəsində öz təsdiqlərini yazdılar. …”[2]
Əvvəla: Həzrət Əlinin (ə) o Həzrətin məzarı kimi tanındığı yerdə dəfn olunduğu məlum deyil.
İkincisi: “Səfərnamə”nin fəzilətli tərcüməçisinin sözünə əsasən İbn Bətutə “fəqihlər və qazılar silkinə daxil olmasına baxmayaraq, problemlərin elmi dəqiqliklə həll olunmasında fikir və dərin araşdırma əhli deyildi”[3].
Buna əsasən bir sözün ona nisbət verilməsi sözün mötəbər olduğunu göstərmir.
Üçüncüsü: “Səfərnamə”nin tərcüməçisi demişdir: “İbn Bətutənin kitabı iki cəhətdən digər islami səfərnamələrdən daha üstündür. … İkinci cəhət isə gördüyü ölkələrin vəziyyətlərini bəyan etməkdə və bu uzun hərəkət xətti üzərində yaşayan millətlərin adab və adətlərini qeyd etməkdə, zəbt və təsvir etməkdə sədaqətli (doğru danışan) olmasıdır. … İbn Bətutənin kitabı həqiqətdə hər şeyi tam şəkildə göstərən bir güzgüdür ki, bütün yaxşı və pis təcəssümləri ilə və dövründə çox işlənən adabların hamısı ilə onun müasirlərinin həyatına şamil olur”[4]. Buna əsasən o, xalq arasında yayğın olan məşhur hadisələri (yaxud şayiələri) nəql etmişdir və açıq şəkildə bildirmişdir ki, o özü bir kəsin şəfa tapmasının şahidi olmamışdır, yaxud şəfa tapmış şəxslərdən heç biri ilə birbaşa söhbət etməmişdir.
Biz bəzən, hətta məşhurluq həddini keçən (!!) xalq arasında yayılmış bu cür hadisələrlə tanışıq. Hicri-şəms təqvimilə 1357-ci ildə (m. 1979) xalq arasında şayiə yayılmışdı ki, Ayda Ayətullah Xomeyninin kölgəsi görünür və heç bir kəs bunu inkar etmir və təəccüblənmirdi. Yaxud İmami-Zaman barəsində bir xəbər yayılmışdı ki, guya o, Şiraz və Abadə xalqının arasında görünmüşdür. Biz məsələnin həqiqətini “Faciəli günlər” kitabında bəyan etmişik. Bu cür şayiələr avam xalq tərəfindən sürətlə qəbul edilir, onlar vasitəsilə yayılır, məşhurluq həddinə, bəlkə, təvatür (!!) həddinə çatır. Buna görə də düşünmədən və araşdırmadan şəriətə zidd olan bu təvatürləri qəbul etmək olmaz, çünki reallıqda təvatür deyildirlər, bəlkə, təvatürə oxşar xəbərlərdir. (Düşün!)
Dördüncüsü: Xalqın Nəcəfdəki məşhur məzarın şəfa verməsinə inanması xalqın Bəsrənin “Monari-conban”ına (“Yellənən minarə”sinə) inanmasına bənzəyir. İbn Bətutə belə yazır: “Əli (ə) məscidinin yeddi minarəsi vardır ki, onlardan biri hərəkətlidir. Xalqın etiqadı budur ki, həmin minarə yalnız Əlinin adı zikr olunduqda hərəkətə gəlir. Mən məscidin damından bir qrup şəhər əhalisilə birlikdə o minarə ilə yuxarı qalxdım. Onun sütunlarından birində taxta bir dəstək var idi ki, onu bir mismarla vurmuşdular və belə görünürdü ki, sanki öz yerindən qopmuşdu. Mənim yanımda olan kişi dəstəyi tutub dedi: “Əmirülmöminin Əlinin sirri ilə hərəkət et!” Sonra onu silkələdi. Minarə silkələndi. Mən dəstəyi tutdum və dedim: “Səni and verirəm Allah Rəsulunun xəlifəsi Əbubəkrin sirrinə, hərəkət et!” Onu silkələdiyimdə bütün minarə yellənməyə başladı və orada olanların təəccübünə səbəb oldu.
Bəsrə xalqı sünni olduğuna görə o şəhərdə mənim bu əməlim təhlükəli ola bilməzdi. Lakin bir şəxs bu işi Əlinin ziyarətgahında (Nəcəfdə), yaxud Hüseynin ziyarətgahında (Kərbəlada), yaxud Hillədə, Bəhreyndə, Qumda, Kaşanda, Savədə, Avədə və Tusda yerinə yetirsəydi, öz canını təhlükəyə atmış olardı. Çünki həmin şəhərlərin əhalisi şiə məzhəbinə mənsubdur və qulatdır”[5].
Beşincisi: Şeyx Abbas Qumminin Həzrət Rza əleyhissəlamın hərəmi haqqında nəql etdiyi mətləb barəsində oxucunu “Ziyarət və ziyarətnamə” kitabına müraciət etməyə çağırıram. Orada təkidlə bildiririk ki, bu cür xəbərlərin çoxlu maddi və mali mənfəətləri və faydaları vardır. Buna görə də bu cür nəqllərə və məşhur hadisələrə çox vaxt etimad etmək olmaz.
İbn Bətutə Nəcəf ziyarətgahı haqqında belə yazır: “Hərəmin daxili müxtəlif ipək və başqa xalçalarla döşənmişdir. Oraya qızıl və gümüşdən olan böyük və kiçik qəndillər asılmışdır. Hərəmin ortasında dördkünc bir mastaba vardır ki, ağacdan düzəldilmiş bir sandığı vardır və sandığın üzərinə düzəldilməsində böyük ustalıq və məharət nümayiş etdirilmiş şəkillərlə bəzənmiş qızıl vərəqləri gümüş mismarlarla vurmuşlar. Belə ki, heç bir tərəfdən taxtadan bir şey görünmür. Mastabanın hündürlüyü adam boyunun hündürlüyündən bir az azdır və orada üç qəbir vardır. Deyilir ki, biri Adəmin, biri Nuhun və biri də Əli əleyhissəlamındır. Bu üç qəbrin arasına qızıl və gümüş teştlərdə gülab, müşk və digər müxtəlif növ ətriyyatlar qoymuşlar ki, zəvvarlar öz əllərini ona batırır və təbərrük olaraq başlarına və üzlərinə çəkirlər!
Hərəmin gümüş kandarı və əlvan ipək pərdələri olan digər qapısı məscidə doğru açılır ki, onun da dörd qapısı vardır və hər dörd qapının da gümüş kandarı və ipək pərdələri vardır. Məscidin daxilinə də qiymətli xalçalar sərmişlər və onun divarları və tavanı ipək pərdələrlə örtülüdür.
Bu şəhərin bütün xalqı rafizi məzhəbinə mənsubdur və bu rövzədən kəramətlər təzahür edir ki, xalqın əqidəsi budur ki, Əlinin qəbrinin orada olması həmin kəramətlərin əsasıdır”. Sonra Şeyx Abbasın nəql etdiyi mətləbləri gətirir və deyir: “Bu gecədə (Leylətul-məhyada) xalq müxtəlif şəhərlərdən gəlib Nəcəfə toplaşır və o şəhərdə böyük bir bazar qurulur ki, on gün fəaliyyət göstərir. … İrak şəhərlərində xəstə olan hər bir şəxs Əlinin qəbri üçün nəzir edir. Bir çox şəxslər, məsələn baş tərəfdən bir xəstəliyə düçar olan şəxslər qızıl, yaxud gümüşdən adam başı formasında bir əlamət düzəldirlər və Əlinin rövzəsinə gətirirlər. Nəqib[6] bu nəzirləri hərəmin xəzinəsinə qoyur. Həmçinin əli, yaxud ayağı, yaxud bədəninin başqa bir üzvü zərər görmüş şəxslər həmin üzvün formasında bir əlaməti nəzir olaraq xəzinəyə hədiyyə edirlər. Adı çəkilmiş xəzinə çox böyükdür və onun varlığı o qədər çoxdur ki, zəbt etmək mümkün deyildir”[7]. Buna əsasən bu cür ziyarətgahların o cür heyrətləndirici gəlirlərlə bəzən bəzi adamlara (?!) şəfa verməsi təəccübləndirici deyildir!!! (Ciddi şəkildə düşün!)
Altıncısı: Bizim çox fəzilətli qardaşımız ustad Seyid Mustafa Hüseyni Təbatəbai – Allah onu qorusun! – nə gözəl demişdir ki, daha yaxşı olar ki, hər bir məzhəb, ələlxüsus tövhid və dinin əsas məsələləri barəsində aydın və qəti dəlillərə, yaxud sırf əqli dəlillərə, yaxud ilahi kitabın açıq-aydın ayələrinə istinad etsin ki, ta bu şərafətli ayələrin predmeti olmayaq: “Heç bir şey bilmədən Allah haqqında mübahisə edən və Allaha asi olmuş hər bir şeytana tabe olan insanlar da vardır. … İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edir”[8]. Yoxsa, bu cür xəbərləri köməyə çağırmağın heç bir məzhəb və məram üçün faydası yoxdur. Çünki hər bir firqə və məslək öz böyükləri üçün bu əcaib-qəraiblikləri və kəramətləri nəql edir. Hətta məramlarının qüvvədən düşdüyünə və mənsublarının İslam dinini qəbul etməklə mükəlləf olduğuna inandığımız qeyri-İslam dünyası bu cür xəbərlərdən ari və xali deyildir. Misal olaraq XVII əsrin məşhur fransız alimi və mütəfəkkiri Blez Paskal (1623-1662) barəsində yazmışlar: “… Paskal din dəyişdirməyin ilk mərhələsində bacısının, atasının və bütün ailə üzvlərinin özü ilə eyni əqidəyə sahib olmasına çalışdığı kimi öz dostlarını da özünə doğru cəlb etmək istəyirdi. … Dərhal “Xristianlığın mədh olunması” adlı böyük bir əsərin tərtib olunmasına səy göstərdi və bu kitabı yazmaqda onun məqsədi bu idi ki, dinsizləri sükut etməyə məcbur etsin və onları əqidələrini dəyişdirməyə doğru yönləndirsin. … 24 mart tarixində Por-Royal[9] monastrının (sövməəsinin) camaatı İsanın tikan çələngini ziyarət edirdi. Növbə Marqaritaya[10] çatdıqda tikan çələnginin qarşısında dizini yerə qoydu və gözünü tikan çələnginə sürtdü və tez bir zamanda şəfa tapdı! Sonrakı günlərdə digər oxşar möcüzələr də baş verdi. Belə ki, camaat yavaş-yavaş təsəvvür edirdi ki, Por-Royal sövməəsi ilahi inayətə məzhər olmuşdur. Çünki bu tikan çələngi əvvəllər belə şəfalar verməmişdir. … Por-Royal sövməəsindəki ayin adətinin möcüzəsi təəccüblü izdihama yol açdı. …”[11] Yaxud miladi təqvimilə XIX əsrin ikinci yarısında Fransanın təxminən 20 000 əhalisi olan Lurd şəhərində Bernadetta Subiru[12] adlı bir qadın iddia etdi ki, mənim gözümə möhtərəm bir qadın görünmüşdür. Xalq bunu belə yozdu ki, həmin qadın Həzrət Məryəm – Salam olsun ona! – olmuşdur!! Xanım Subirunun dediyi həmin yerdə çox məşhur olan bir ziyarətgah tikdilər. Əlbəttə, orada heç kim dəfn olunmamışdır. O məbəddə bir ofis vardır ki, əgər bir kəs şəfa tapsa, şahidlərin hüzurunda həmin ofisdə məclis formasında yazılır və şahidlər də imzalayırlar. Bu nümunələrin sayı çoxdur. Buna əsasən onların bizə: “Əgər sizin imamınız təəccübləndirici işlər edirsə, bizim aramızda da tikan çələngi, yaxud bir şəxsin göründüyü məqam möcüzə göstərir. Deməli, siz bizim ayinimizin doğruluğuna inanmalısınız”, – deməsini qəbul edirsiniz? İbn Bətutə yazır ki, Şeyx Əbdülqadir Geylaninin nəvəsi Əbülabbas Əhməd Rifainin qəbri Vasitdən bir günlük uzaqlıqda yerləşən Ümmü-Əbidə kəndindədir və sufilərin və dərvişlərin toplandığı yerdir. İbn Bətutə bu qrup haqqında deyir: “… Səma[13] başladı və əvvəlcədən odun yüklərini hazırlamışdılar ki, səmanın qızğın vaxtında onu yandırdılar və dərvişlər onun ortasına girib rəqs etməyə başladılar. Bir qrup atəş içində diyirlənirdi və bəziləri də onu ağızlarına qoyub yeyirdilər və atəş yavaş-yavaş sönürdü. Bu mərasim Əhmədiyyə adlanan həmin dərvişlər qrupuna məxsusdur. Onlardan bəziləri böyük ilanları tutub onun başını dişləri ilə bədənindən ayırırdılar”[14]. …
Səhv başa düşülməsin ki, biz bütün bu şəfatapmaları istisnasız olaraq heç bir vəchlə yalan hesab etmək niyyətində deyilik. Əksinə, niyyətimiz budur ki, bu xəbərlərin etimad edilməsi mümkün olmayan mövzularından qafil olmayaq. Amma yalan olmayan çox az mövzular barəsində diqqət etmək lazımdır ki, bu cür hadisələr daxili həyəcanlardan və dəyişikliklərdən qaynaqlanır və hər bir dinin ardıcılları üçün baş verməsi mümkündür. Bu cür hadisələri bir dinin, yaxud məzhəbin həqqaniyyətinin dəlili hesab etmək olmaz. Yadımdadır ki, dərs dediyim günlərdə şagirdlərimdən biri dedi ki, onun qohumlarından biri futbol yarışına baxdığı vaxt gözlənilmədən həyəcanın şiddətindən kor oldu! Həkimlər demişlər ki, onun kor olması həmin bədən üzvünün xəstəliyi ilə əlaqədar deyildir, bəlkə, həmin gücdə, yaxud daha güclü başqa bir həyəcan və şokun onun görmə qüvvəsini qaytarması mümkündür. Gözlənilmədən şəfa tapmaq, yaxud vəziyyətin dəyişilməsi də dediyimiz kimi bir çox mövzularda daxili həyəcanlardan və iztirablardan qaynaqlanır. Buna görə də xurafatçı və həssas bir şəxsin onu təsir altına salan və hisslərini güclü şəkildə təhrik edən xüsusi bir məkanda hazır olmaqla həyəcana düçar olması və nəticədə gözlənilmədən onda hal dəyişikliyinin yaranması heç bir vəchlə uzaq deyildir.
Əlbəttə və yüz dəfə əlbəttə, dünyanın bütün hadisələri, istər yaxşı olsun, istərsə də pis Allahın izni və nəzarəti altında həqiqət tapır və heç bir iş ilahi qəyyumiyyətin əhatəsindən xaric deyildir. Lakin bu cür qeyri-adi hadisələr xüsusi ilahi iznə bağlı olduğuna (peyğəmbərlərin möcüzələri, gözlənilmədən baş verən dəyişikliklər, qeyri-adi və tibbi üsullarla əlaqədar olmayan şəfatapmalar … kimi[15]) və hətta şəraitlə əlaqədar olaraq digər varlıqların ona heç bir müdaxiləsi olmadığına görə Quran ardıcılları olan bizim fikrimizə əsasən bu cür mövzularda nemətləri – o cümlədən sağlamlıq nemətini birbaşa Allahdan bilməyimiz və Həzrət Süleymana tabe olaraq: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! …”[16] – deməyimiz lazımdır ki, ta “Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz”[17] ayəsi bizə şamil olmasın və Allahın onlar barəsində: “Bizdən sağlam bir övlad istədikdə onlara əta edirik, yaxud onları quruda və dənizdə çarəsizlikdən, yaxud tufandan xilas edirik, onlar isə Bizim bu nemət verməyimizdə başqalarını şərik qoşurlar”[18] dediyi şəxslər kimi olmayaq (Ustad Təbatəbainin sözü tamamlandı).
Yeddincisi: Sizin bu iddianız şəriətə ziddir və tövhidə müxalifdir. Çünki altıncı şübhənin araşdırılmasında dediyimiz kimi, Allahdan başqasından namüqəyyəd formada (yəni heç bir şərtlə əlaqədar olmadan) şəfa tələb etmək və prinsipcə hər bir mətləbi istəmək şirkdir və “Məsələn, appendisit əməliyyatı üçün cərrah həkimdən yardım istəməklə Cəbraildən yardım istəmək arasında nə fərq vardır?!” – deyən şəxslərin yalanına aldanmamalıyıq. Çünki bizim həkimdən yardım istəməyimiz – hətta dünyəvi həyatda olduqları zaman peyğəmbərlərdən və imamlardan – bir çox qeyd və şərtlərlə məhdud və əlaqəlidir və məzkur məhdudiyyətlərə və qeyd-şərtlərə riayət etməklə Allahdan başqasından yardım istəyirik. Lakin xalqın imamları çağırmasının forması qeydsiz-şərtsiz (şərtləri əlaqədar deyildir) və əvvəldə də dediyimiz kimi şərtlərlə əlaqədar olmadan və məhdudiyyətdən xali olaraq yardım edən və duaya cavab verən yalnız Allahdır.
Misal olaraq heç bir kəs göz həkimindən mədəsinin sağalmasını, yaxud universitetə qəbul olmağı və diş həkimindən göz ağrısının müalicə olunmasını gözləmir və həkimdən, yaxud çörəkçidən itmiş övladının tapılmasını, yaxud müsafirinin sağ-salamat qayıtmasını istəmir! Həmçinin həkimi, yaxud çörəkçini müəyyən məsafədən və oyaq olduğu vaxt çağırır və həkimin tibbi metodlardan istifadə etmədən ona şəfa verəcəyini gözləmir və bunun kimi qeydlər və şərtlər… Çünki onları məhdud və müqəyyəd bacarığa və qabiliyyətə sahib olan varlıqlar kimi tanıyır. (Düşün!)
Lakin xalq heç bir qeyd və şərt olmadan hər bir zamanda və bir-birilə eyni zamanda (diqqət edilsin!) öz istəklərini nə olursa-olsun imamdan istəyir və onun məzarı üstündə olduqda onu təvaf edir və imamı hər yerdə hazır və nazir və onların sözünü eşidən varlıq hesab edirlər!! Fasilə nə qədər olsa da, imamla danışmaq üçün onu maneə hesab etmirlər!!
Buna əsasən “İbadətdə tövhid barəsində mühüm xatırlatma” fəslinin “v” bəndində (s. 115, 116) keçdiyi kimi əgər Peyğəmbər (s) öz sözünü fani dünyadan getmiş şəxslərə eşitdirə bilmirsə, “təriqi-övla” (“qəti münasiblik yolu”) ilə biz də eşitdirə bilmərik.
Əgər mələklər Peyğəmbərin istəyilə nazil olmurlarsa, – necə ki vəhyin fətrət (durğunluq) mərhələsində nazil olmadılar[19] – heç şübhəsiz, bizim xəbərimizi peyğəmbərlərə və övliyalara çatdırmaq üçün bizim istəyimizlə də nazil olmurlar. Quran-kərim mələklərin dilindən belə buyurur: “Biz yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, ancaq Ona məxsusdur”[20]. Yəni keçmiş, indiki zaman və gələcək Onun ixtiyarındadır, biz hər cəhətdən Onun əhatəsindəyik və bizi nə vaxt endirəcəyini yalnız O bilir. Həmçinin buyurmuşdur: “(Mələklər) Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. Onların önlərindəkini də, arxalarındakını da bilir. Onlar yalnız (Allahın) razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”[21]. Yəni Allahın izni olmadan, hətta danışmazlar və yalnız Onun fərmanı ilə bir işi yerinə yetirərlər[22].
Məhz bu səbəbə görədir ki, xoşbəxtlikdən İslam ümməti ittifaqla və ziddiyyətsiz olaraq mələkləri çağırmırlar. Heç bir kəs: “Ey Mikayıl, mənim ruzimi bərəkətli et!” – demir. Yaxud heç bir kəs: “Ey Cəbrayıl, Allahın nəzdində bizim üçün şəfaətçi ol!” – demir. Çünki hamı bilir ki, mələklər Allahın məmurlarıdırlar. Yalnız Onun fərmanı ilə nazil olurlar və heç bir işi bizim xahişimizlə yerinə yetirmirlər.
Peyğəmbərlər və övliyalar da İslam ümmətinin icması ilə fani dünyadan baqi aləmə köçmüşlər. Buna görə də bizim onlarla əlaqə qurmağımız mümkün deyildir.
Məqamı hər bir imamın məqamından daha böyük olan və bütün möminlərə nümunə olan peyğəmbərlərin atası Həzrət İbrahim (ə) belə buyurur: “Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir”[23]. Dualarda oxuyursunuz: “Ey həkimi olmayan şəxsin həkimi … ey pisliyi uzaqlaşdıran yeganə varlıq …”[24] Lakin bu məqamda deyirsiniz ki, Əmirülmömininin və ya İmam Rzanın qəbri şəfa tapma yeridir?!
Nə üçün Tehranda Seyid Nəsrəddinin qəbri, yaxud Gilanda Seyid Cəlaləddin Əşrəfin qəbri, yaxud Şirazda Şahçırağ adı ilə tanınan Əhməd ibn Musanın qəbri və s. şəfa verir, lakin cənab Zeyd ibn Əlinin, yaxud cənab Nəfsi-Zəkiyyənin, yaxud Fəxx şəhidi adı ilə tanınan cənab Hüseyn ibn Əlinin … qəbri – Allah onlardan razı olsun! – şəfa vermir?!! (Düşün!)
Həzrət Rza əleyhissəlam öz duasında Allaha belə ərz edirdi: “Allahım, mən bizim barəmizdə bizim haqqımız olmayan bir şeyi iddia edənlərdən uzaq olduğumu Sənə bildirirəm. Allahım, mən bizim öz barəmizdə demədiklərimizi, bizim barəmizdə deyən şəxslərdən uzaq olduğumu Sənə bildirirəm. Allahım, yaratmaq Sənə məxsusdur, əmr Səndəndir, biz yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik! … Allahım, rübubiyyət yalnız Sənə layiqdir, ilahlıq yalnız Sənin üçün doğrudur. Sənin əzəmətini kiçildən xristianlara lənət et! Məxluqatından onların sözlərinə təqlid edənlərə lənət et! Allahım, biz Sənin bəndələrinik, Sənin bəndələrinin övladlarıyıq, özümüz üçün heç bir zərərə, heç bir xeyirə, ölümə, həyata və özünü diriltməyə sahib deyilik[25]. … Allahım, kim bizim yaratdığımızı və ruzi verdiyimizi zənn edərsə, biz İsanın xristianlardan uzaq olduğu kimi ondan uzağıq. Allahım, biz onları zənn etdikləri şeyə doğru çağırmadıq. Onların dediklərinə görə bizi sorğu-suala tutma və onların zənn etdiklərinə görə bizi bağışla!”[26]
Həzrət Sadiq də belə buyurur: “And olsun Allaha ki, biz yalnız Allahın yaratdığı və seçdiyi bəndələrik. Özümüzə bir zərər və fayda verə bilmə gücünə sahib deyilik. Əgər bizə rəhm edərsə, bu Onun rəhmətilə olan bir şeydir. Əgər bizə əzab verərsə, günahlarımıza görədir. And olsun Allaha ki, bizim Allahın üzərində heç bir höccətimiz (dəlilimiz) yoxdur və bizi Allahın əzabından xilas edəcək heç bir şeyə sahib deyilik. Biz öləcəyik, dəfn olunacağıq, sonra dirilib qəbirdən qalxacağıq, sorğu-sual olunmaq üçün dayanacağıq və sorğu-sual olunacağıq. … And olsun Allaha ki, əgər onlar bizim vasitəmizlə imtahan olunsaydılar və biz onlara bunu əmr etsəydik, onu qəbul etməmələri vacib olardı. Necə ki mən belə etməmişəm. Onlar da mənim qorxduğumu, onlar qarşısında Allahdan kömək istədiyimi və onlardan uzaq olduğumu Allaha ərz etdiyimi görürlər. (Lakin əməllərindən əl çəkmirlər). Mən sizi şahid tuturam ki, mən Rəsulullahın övladlarındanam və məni Allahın əzabından xilas edəcək heç bir şeyə sahib deyiləm. Əgər Ona itaət etsəm, mənə rəhm edər, əgər Ona üsyan etsəm, mənə şiddətli əzab verər, yaxud ən şiddətli əzabına giriftar edər!”[27]
Məclisi yazır: “İmam bunu demək istəyir ki, əgər qeyri-mümkün təsəvvürə əsasən onlara bunu əmr etsəydim və onlar imtahan mövqeyində qərar tutub bizimlə müxalifət edib əmrimizi qəbul etmək və bidət etmək arasında tərəddüddə qalsaydılar, onlara vacib idi ki, bu əmri bizdən qəbul etməsinlər. Qalmışdı hələ biz onları bu işlərdən çəkindiririk və onlar da bizim Allahdan qorxduğumuzu və yalandan bizə nisbət verdikləri şeylərdə onlara qarşı Allahdan yardım istədiyimizi görürlər”[28].
Buna əsasən necə mümkündür ki, imamlar razı olsunlar ki, biz uzaq yoldan onların məzarı üstünə gələk, onların məzarını təvaf edək, onları vasitə qərar verək və onlardan xəstələrə şəfa verməyi və öz hacətlərimizin həyata keçməsini istəyək?!
Səkkizincisi: Peyğəmbərlər və övliyalar – ələlxüsus Həzrət Əbutürab (ə) öz dünyəvi həyatlarında çox sadə və dözülməz yaşayırdılar, qızıl və gümüşlə dolu aristokrat və saray həyatını sevmirdilər və zalımların haram pulla, ən azı şübhəli pulla və daha çox xalqı aldatmaq məqsədilə tikdirdikləri təntənə və əzəmət dolu, qızıl, gümüş, güzgü, rəngarəng kaşılar və mərmər daşlara qərq olmuş bu ziyarətgahlardan qəti olaraq uzaqdırlar. Bəs necə olur ki, bu cür yerlərdə xalqa şəfa verirlər?!!
Yadıma bir xatirə düşdü ki, onu qeyd etməyin burada münasib olduğunu düşünürəm. Məşhəddə qaldığım son günlərdə sübh namazından sonra Həzrət İmam Rzanın hərəmindən çıxmaq istədiyim vaxt iki əli ilə tutmuş və alnını zərihə qoymuş və dodağının altında nəsə deyən bir kişi gördüm. Qarşıya gəlib dedim: “Həzrət Ağa, kiminlə danışırsan?” Həmin şəxs başını qaldırıb mənə baxdı və dedi: “Məlum məsələdir. İmam Rza ilə!” Dedim: “Məgər İmam Rza diridir?” Ziyarətçi əmmaməli olduğuma görə təəccüblə mənə baxdı və dedi: “Bəli, diridir”. Dedim: “Mən müctəhidəm. İslam şəriətinə görə sizə və sizin kimi o Həzrəti diri hesab edən şəxslərə vacibdir ki, bel və külüng gətirib o böyük şəxsiyyəti qəbirdən çıxarasınız. Müsəlmanın – qalmışdı hələ İmam olsun – diri halda basdırılması caiz deyildir! Bəs siz Məmuni-Abbasinin İmamı zəhərləmədiyinə və İmamın ölmədiyinə inanırsınız?! Bəs niyə görə onun üçün vəfat gününün olduğuna inanırsan?!” O belə cavab verdi: “İmam ölmüşdür. Lakin biz İmamın ruhu ilə danışırıq”. Ona belə dedim: “İmamın ruhu zərihdədir?” Başını müsbət cavab əlaməti olaraq hərəkət etdirdi. Ona dedim: “Bu zərihi cinayətkar və şərabxor Şah Abbas tikdirmişdir. Şah Abbasdan əvvəl İmamın ruhu harada idi? Quran, yaxud hədis harada demişdir ki, İmamın ruhu zərihdədir? Hansı dini rəhbər demişdir ki, İmamın ruhu zərihdədir? “Bilmirəm”, – deyə cavab verdi. Dedim: “Siz İmamın ruhunun bizim dünyamızda olduğuna inanırsınız?” O belə cavab verdi: “Bəs sizin fikriniz nədir?” Ona belə cavab verdim: “Peyğəmbərin və İmamın ruhu fani dünyada yox, baqi aləmdədir. Mənim, sizin və bizim heç birimizin səsini eşitmir. Məgər Allahın Quranda Peyğəmbərə belə buyurduğunu oxumamısan? “… Sən qəbirlərdə olanlara eşitdirən deyilsən!”[29] “Həqiqətən, sən ölülərə eşitdirə bilməzsən!”[30] Peyğəmbər ölülərə eşitdirə bilmədiyi bir vaxt təbii olaraq mən və sən bu işi bacara bilmərik”. Həmin şəxs bu sözləri bir əmmaməli axunddan eşitdiyinə görə çox təəccüblənmişdi və əmmaməli bir şəxsin bu cür sözlər deməsinə inana bilmirdi.
(ardı var)
“Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından
Müəllif: Əllamə Burqui
Mütərcim: Xəyyam Qurbanzadə
[1] “Rəcəb ayının 27-ci gecəsinin əməlləri”, 3-cü babın 5-ci fəslinə başlamamışdan əvvəl də İbn Bətutənin “Səfərnamə”sini yad etmişdir.
[2] “Məfatihul-cinan”, s. 145, 146
[3] İbn Bətutənin “Səfərnamə”si, müt: Mühəmmədəli Müvəhhid, s. 10
[4] İbn Bətutənin “Səfərnamə”si, s. 9, 10
[5] İbn Bətutənin “Səfərnamə”si, s. 177
[6] Hərəmin məsul işçisi
[7] İbn Bətutənin “Səfərnamə”si, s. 166, 167
[8] “Həcc”, 3, 8
[9] Paris yaxınlığlnda qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir.
[10] O, Paskalın bacısı qızı idi və göz yaşı yarasından əziyyət çəkirdi.
[11] “Böyük filosoflar”, müə: Andre Kersun, tər: Kazım İmadi, Səfi Əlişah nəşriyyatı, c. 2, s. 214, 216, 217
[12] 1844-1889
[13] Gözəl musiqi nəğmələri ilə vəcdə gələrək hərəkətlər etmək və öz ətrafında fırlanmaq
[14] İbn Bətutənin “Səfərnamə”si, s. 174, 175
[15] Çünki tibb elminin adi üsullarına əsasən şəfa tapmaq ümumi ilahi iznə bağlıdır.
[16] “Nəml”, 40
[17] “Nəml”, 73
[18] “Əraf”, 189, 190, “Ənam”, 63, 64, “Nəhl”, 53-55, “İsra”, 66, 67, “Ənkəbut”, 65
[19] Təbərsinin “Məcməül-bəyan” əsəri, “Zuha” surəsinin təfsiri, “Kəhf” surəsinin təfsiri, 9-13-cü ayələrin zeyli
[20] “Məryəm”, 64
[21] “Ənbiya”, 27, 28
[22] “Nəbə” surəsinin 38-ci ayəsinə müraciət edilsin.
[23] “Şüəra”, 80
[24] “Cövşəni-kəbir” duası, 59-cu və 90-cı bəndlər
[25] “Fürqan” surəsinin 3-cü ayəsinə işarədir.
[26] Səduqun “Etiqadlar” kitabı
[27] Kişşinin “Rical” əsəri, Kərbəla nəşri, s. 196, 197
[28] “Biharul-ənvar”, c. 25, s. 289
[29] “Fatir”, 22
[30] “Nəml”, 80