RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

Çox təəccüblü olan və axundların şiddətli təəssübkeşliyinə və səmimiyyətsizliyinə sübut olan başqa bir xatirə də yadıma düşdü. Xalqın oyanması üçün onu burada nəql edirəm. Bu xatirə “Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. …”[1] ayəsinin bariz predmetlərindən hesab olunur. İllərlə bundan qabaq bir-iki nəfərin mənimlə birlikdə olduğu xüsusi bir məclisdə nisbətən məşhur olan və xalq arasında hörməti olan bir axund mənimlə ibadətdə tövhid, təvaf, nəzir, zəbh (qurban kəsmə) və s. barəsində mübahisə edir və deyirdi: “Əgər sən Firdovsi meydanında xüsusi bir mağazanı, məsələn şirniyyat mağazasını axtararkən onu tapmaq üçün meydanın ətrafında fırlansan, biz deyə bilərikmi sən Firdovsinin heykəlini təvaf edir və ona ibadət edirsən?!! “Onların ətrafında özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar”[2]. İndi siz demək istəyirsiniz ki, o gözəl oğlanlar Cənnət əhlinə ibadət edirlər?!!

Bundan da əhəmiyyətlisi odur ki, ibadətin ən qüvvətli və ən aşkar vəziyyətlərindən biri olan, xüzu və təzəllülün nişanəsi olan səcdədə görürük ki, Quranda mələklər Allahdan başqası, yəni Adəm üçün səcdə etdilər. Lakin bu iş Adəmə ibadət hesab olunmadı. Buna əsasən səcdə, təvaf və nəzir … və bu növ işlər bir şəxsin allahlığına etiqad edərək yerinə yetirildikdə ibadət hesab olunur!! Siz bir əməli ibadət hesab etmək üçün sırf onun zahirinə əsaslanmamalı və işi yerinə yetirən şəxsin niyyətindən qafil olmamalısınız. Əksinə, əməlin ibadət hesab olunması üçün Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilməsi şərtdir. Əgər siz: “Övladımın şəfa tapması üçün öz məhəlləmizin miskininə min tümən nəzir edirəm”, – desəniz, onun üçün nəzir edirsiniz, yoxsa Allah üçün?! Əqiqə kəsmək də nəzir kimidir ki, müsəlmanlar özlərinin yeni doğulmuş övladlarının salamatlığı üçün bir qurban kəsirlər. Siz Allah üçün nəzir etmiş, yaxud əqiqə kəsmisiniz. Yəni həqiqətdə Allahın razılığını qazanmaq üçün miskinə bir miqdar pul verirsiniz. Sizin nəzirinizin tərəf müqabili miskin deyil, Allahdır. Yaxud bir şəxs: “Əgər müsafirim sağ-salamat qayıtsa, İmam Rzaya, ya Həzrət Musa ibn Cəfərə … nəzir edirəm ki, onların ziyarətinə gedim”, – desə, onun məqsədi onlar üçün nəzir etmək deyildir, əksinə əməlin savabının onlara hədiyyə olunması deməkdir!!! Yaxud əgər pul xərcləyirsinizsə, əgər Allahın razılığını cəlb etmək üçün olarsa, ibadətdir. Lakin camaatın diqqətini qazanmaq, qazanc əldə etmək və məqam üçün olarsa, riya və günahdır. Halbuki hər iki əməlin, yəni fəqirə pul, yaxud paltar, yaxud yemək verməyin zahiri eynidir!

Quranın buyruğuna diqqət edin: “… Dikinə qoyulmuş daşlar (bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar … sizə haram edildi. Bütün bunlar günahdır (fasiqlik və Allaha itaət yolundan çıxmaqdır). …”[3] Bildiyimiz kimi cahiliyyət dövründə Ərəbistan xalqının adətlərindən biri də bu idi ki, bütlər üçün qurbanlıq kəsirdilər və İslam dini onların bu işi ilə müxalifət etmişdir. Hətta əhli-sünnə – Əbudavudun “Sünən” əsərində qeyd olunduğu kimi – nəql etmişdir ki, Peyğəmbər nəzarət edirdi ki, camaat keçmiş adətlərə əsasən bütlər üçün qurbanlıq kəsməsinlər. Nə üçün siz bütpərəstlər və müşriklər barəsindəki Quranın sözünü müsəlmanlar üçün ümumiləşdirirsiniz?! Siz “Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahdan başqasını özlərinə vəli tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” – deyirlər. …”[4] ayəsi barəsində də xətaya yol verir və müşriklərin əməllərini ziyarətdə və imamların məzarının təvaf olunmasında müsəlmanların əməlinə bənzədirsiniz. Bu ayənin[5] müsəlmanlarla heç bir əlaqəsi yoxdur. Nə üçün həmin ayənin davamına diqqət etmirsiniz? Ayənin sonunda belə buyurulur: “… Allah yalançı, nankor kimsəni hidayət etməz!” Buna əsasən məlum olur ki, müşriklər yalan deyirdilər və qəlblərində bütləri vasitə, Allaha yaxınlaşma vəsiləsi hesab etmirdilər, bəlkə, onların bu məqamdan daha yüksək məqama sahib olduğuna inanırdılar və onlar üçün daha üstün bir şana qail idilər!!! (Müşrik axundun sözü tamamlandı. – müt.)

Bu sözlər həqiqətdə mənim üçün çox təəccüblü idi. Çünki o, öz xurafi əqidəsindən əl çəkməmək üçün ən məlum və aydın məsələlərə müraciət edirdi!! Ona dedim ki, əgər bir iş baş verərsə, onu ibadi təvaf hesab etməyin mümkün olmadığı məlumdur. Lakin səni and verirəm Allaha de görüm xalq mən Firdovsi meydanının ətrafında şirniyyat dükanını axtararkən fırlandığım formada Məşhəd, yaxud Kərbəla, yaxud Qum hərəmində din böyüklərinin məzarı ətrafında fırlanırlar?!

Həqiqətdə bilmirsən ki, xalq məqbərədə dəfn olunmuş şəxsi onların vəziyyətindən xəbərdar olan şəxs kimi tanıyır və ondan təvəqqe edirlər ki, Allahın ona verdiyi güc və bacarıqla – əlbəttə, bunun özünün də şər’i dəlili yoxdur – onların hacətlərini həyata keçirsin, yaxud onlara şəfa versin?

Mən də sizin kimi bilir və inanıram ki, Allah üçün olmayan heç bir nəzir bağlanmır, nəzir məxsus bir siğə ilə əda olunur və nəzir edən şəxs belə deməlidir: “Lillahi əleyyə …” Yəni Allah üçün mənə lazımdır ki, hacətim həyata keçdiyi təqdirdə filan işi həyata keçirim. Lakin 99 faiz nəzirlər siz dediyiniz formada həyata keçirilmir. Siz, həqiqətən, səmimiyyətlə və xeyir işə sövqləndirmə məqsədilə bu iddiaları ortaya atırsınız? Əgər bu iş təəssübkeşlik və inadkarlıq deyildirsə, bəs nədir?

Bəli, siz camaatın din böyükləri barəsindəki əməllərinə nisbətdə məlumatlı şəxslərin etirazı qarşısında sıxıntıya düşdüyünüz vaxt deyirsiniz ki, Əbülfəzl süfrəsi məclisinin keçirilməsi, ya İmam Rza nəziri bu formadadır ki, nəzir edən şəxs “Allah rizası üçün nəzir edirəm və onun savabını Həzrət Əbülfəzlə, ya İmam Rzaya, ya da Musa ibn Cəfərə hədiyyə edirəm”, – deyir. Lakin bu iddia sırf yalandır və özünüz də yaxşı bilirsiniz ki, xalqın 99 faizi belə etmir və çox təəssüflər olsun ki, siz də onları bu işdən çəkindirmirsiniz. Biz sizin çəkindirməyinizi görməmişik.

Siz özünüz də yaxşı bilirsiniz ki, xalq belə deyir: “Əgər xəstəliyim şəfa tapsa, yaxud övladım universitetə daxil olsa, yaxud atam məhkəmədə müvəffəq olsa, yaxud müsafirim sağ-salamat qayıtsa, İmam Rzanın ziyarətinə gedərəm”. Onlar bunu deyərkən niyyətləri budur ki, İmam bizim sözümüzü eşidir və niyyətimizdən də xəbərdardır. Əgər İmamın Allahın ona əta etdiyi güc və qüdrətlə onun hacətini həyata keçirdiyinə inandığını deməsək də, yəqinliklə deyirik ki, onun etiqadı budur ki, İmam onun üçün Allah nəzdində şəfaət etmiş, onun hacətini Allahdan almış, o da bu işin əvəzində onun qəbrinin ziyarətinə getmiş, ona təzim etmiş və ona olan bağlılığını göstərmişdir. Yoxsa, hansı əsasa görə xalq – əlbəttə, sizin iddianıza görə – öz nəzirinin, yaxud kəsdiyi qurbanın savabını Seyid Nəsrəddinə, yaxud Şahçırağa hədiyyə edir və atasının, anasının, qardaşının və bacısının ruhuna hədiyyə etmir? Onların ki bu savaba daha çox ehtiyacı vardır!

Bəli, ona görə ki, valideynlərinin bir iş görmədiyini bilirlər, lakin filan imamın, yaxud imamzadənin onların vəziyyətindən xəbərdar olduğuna, laəqəl onlar üçün şəfaət edib onların istəyini ilahi sistemdə istənilən nəticəyə çatdırdığına inanırlar. Lakin “… Bir-birinizin yanına girib-çıxmaqda …”[6] ayəsində bizim nəzərdə tutduğumuz təzim təvafı yox, münasibət və söhbət nəzərdə tutulur. Əlbəttə, bu bizim müzakirə mövzumuzdan tam şəkildə kənardır, yaxud əgər Allah “Onların ətrafında özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar[7] və ya “Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə”[8] buyurmuşdursa, qonaq qəbul etmək və xidmət göstərmək nəzərdə tutulur. Yəni həqiqətdə xidmətçilər dövrəsində dolanacaqları şəxsləri öz xidmətlərinə möhtac bilirlər, nəinki özlərini onların diqqət, yaxud şəfaətinə. Onların ətrafında dolanacaqları şəxslərdən heç bir tələbi yoxdur. Əlbəttə, bu bir surətdədir ki, bu ayələrdəki “təvaf”ı xidmət göstərmək kimi yox, həmin fırlanmaq kimi başa düşək. Halbuki Quran “qədəh” və “kuzə” sözünü zikr etməklə bizim müzakirə etdiyimiz təvafı yox, xidmət göstərməyi bəyan etmişdir. Əgər “Filan toy məclisində, yaxud çilovkababçıda xidmətçilər yemək, meyvə və şərbət dolu məcməyilərlə pərvanə kimi qonaqların, yaxud müştərilərin ətrafında fırlanırlar”, – deyilsə, heç şübhəsiz, xidmətçilərin qonaqlardan, yaxud müştərilərdən hər birinin ətrafında 360 dərəcə fırlanması nəzərdə tutulmur.(!!!) Əksinə, onların xidmət etmək və qonaq qəbul etməkdə çox ciddi olduqları nəzərdə tutulur. Diqqət edin ki, biz “təvaf” mövzusunda “niyyət”i inkar etmirik, təvaf edən şəxsin vəziyyətindən qafil deyilik və “Niyyət şərt deyildir”, – demirik. Əksinə, deyirik ki, dövrəsində dolanılacaq şəxsi Xaliq, Həyat verən, Öldürən, Yerin və Göylərin Sahibi olan Allah bilməkdən daha az bir niyyətlə də şirkin atəş dolu sahəsinə daxil oluruq.

Xalqın işinin problemli olması odur ki, din böyüklərinin onların vəziyyətindən xəbərdar olduğuna inanır və bu səbəbə görə onların qəbri ətrafında fırlanır, onların zərihini öpür, ondan bərəkət umur, zərihə toxunduqdan sonra öz başlarına və üzlərinə əl çəkir, öz ölülərini onların zərihləri ətrafında fırladır, yaxud bərəkətlənsin deyə, çərəz və nabatı zərihin ətrafında hərləndirir, yaxud təbərrük olaraq İmam Rza zərihinin tozunu qoruyub saxlayır, yaxud sovqat olaraq öz əzizlərinə verirlər və imamlara qeydsiz-şərtsiz yalvarıb-yaxarırlar. Və bu mövzulardan kamil şəkildə xəbərdar olan siz də sükut edirsiniz! Lazım deyildir ki, ətrafında təvaf olunan varlığı mütləq Allah hesab edəcək, bəlkə, din böyüklərini qeydsiz-şərtsiz çağırmaq, onların bizim vəziyyətimizdən xəbərdar olduqlarına etiqad etmək, onların diqqətinə talib olmaq və onların zərihindən bərəkət ummaq onların əməlinin qeyri-qanuni olması üçün kifayət edir. Nə üçün öz müzakirələrinizdə səmimiyyət və insafı bir kənara qoyur, həqiqətlərin üstünü örtür və onların imamların qəbirləri ətrafındakı təvafını mənim Firdovsi meydanının ətrafında fırlanmağım kimi göstərirsən?! Mən Firdovsi meydanının ətrafında fırlandığım vaxt kamil şəkildə o meydandan qafiləm və yalnız nəzərdə tutduğum dükanın axtarışındayam. Lakin xalq imamların qəbirləri ətrafında fırlandığı vaxt qəbrdə yatan şəxsin diqqət və inayətini (köməyini) istəyir. O hara, bu hara?!

Allah Öz Kitabının harasında imamların qəbirlərinin ziyarət olunmasının savab olduğunu buyurmuşdur ki, siz də deyirsiniz ki, xalq İmam Rzanın qəbrinin ziyarət olunmasının savabını İmama hədiyyə edir? Mənim Əhvazdan İmam Rzanın qəbrini ziyarətə gəlməyimin, onun qəbri ətrafında fırlanmağımın və sizin iddia etdiyiniz savabı o Həzrətə təqdim etməyimin bir mənası vardır? Bu sözləri deyən siz həqiqətdə bu mübahisədə haqq və həqiqət ardınca gedirsiniz?! Həqiqətən, siz mənim Firdovsi meydanında fırlanmağımla xalqın İmam, yaxud imamzadənin zərihi ətrafında fırlanması arasında bir fərq olduğunu görmürsünüz və onların təmiz qəlbini nümunə də göstərirsiniz?!! Lakin “səcdə” barəsində sizin sözünüz çaşdırmadır, çünki mən və siz mələkləri və cinləri – ki Şeytan ikinci qrupa daxil idi[9] – görməmişik. Buna əsasən siz haradan bilirsiniz ki, onların da bizim kimi alnı, əli, dizi və ayağı vardır və onlardan tələb olunan səcdə eyni ilə həmin bizim səcdəmiz kimi olmuşdur? Həzrət Yusif (ə) Həzrət Yəquba (ə) “… Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”[10], – dedikdə, yaxud Allah “Otlar da, ağaclar da səcdə edər!”[11] – dedikdə bu o mənanı verir ki, onlar yeddi üzvlərini yerə qoyurlar?!! Həmçinin “Yusif” surəsinin “Ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı qarşısında səcdəyə qapandılar (baş əyib təzim etdilər). …”[12] ayəsi üzərində düşünülərsə, məlum olur ki, Əbülfütuh Razinin də dediyi kimi onların səcdəsi təzim və təkrim (hörmət etmə) səcdəsi olmuşdur, ibadət səcdəsi olmamışdır. Çünki ayənin açıq-aydın bəyanına əsasən Həzrət Yusif (ə) valideynlərini taxt üstündə otuzdurmuşdu və hökmdar taxtı üzərində oturmuş şəxs həmin vəziyyətdə alnını yerə qoya və ibadət səcdəsi edə bilməz. (Düşün!) Buna əsasən həm valideynlər və həm qardaşlar – “Səcdəyə qapandılar” ibarəsi onlara şamildir – ibadət səcdəsi yox, o zamanın ürfünə uyğun olaraq təkrim və təzimin göstəricisi olan bir əməl yerinə yetirdilər.

Hər bir axund bilir ki, Quranda həmişə “səlat”[13] və “rüku”[14] kimi sözlər nəql olunmuş şər’i və fiqhi mənada işlənməmişdir, əksinə bəzi mövzularda özünün ləfzi və əvvəlki mənasında da işlənmişdir.

Adəm (ə) üçün səcdə mövzusunda da səcdə etmək əmr olunanların qeyri-insan olduqlarına diqqət etməklə aydın olur ki, “səcdə” şər’i terminoloji mənada işlənməmişdir və onunla təzim etmək və hörmət göstərmək nəzərdə tutulur. Buna əsasən onların səcdəsi insan tərəfindən yerinə yetirilən ibadət səcdəsi, yaxud digər ibadət əməlləri ilə müqayisə edilə bilməz.

İkincisi: Allah mələklərə və cinlərə açıq-aydın şəkildə əmr etmişdi ki, Həzrət Adəm (ə) üçün səcdə etsinlər. Əgər bizə də Quranda Özündən başqası üçün ibadət əməlləri yerinə yetirməyimizi əmr etsəydi, sizinlə ixtilaf etməzdik. Gərək siz Allahın biz insanlara da qeydsiz-şərtsiz hacət istəmək, təvaf, nəzir və zibh (qurban kəsmək) və s. kimi ibadət əməllərini Özündən başqası üçün də yerinə yetirməyə belə bir icazə verdiyinə dair bir dəlil gətirməlisiniz. Halbuki Quranda sizin iddianızın əksinə olaraq dəfələrlə Allahdan başqasını namüqəyyəd şəkildə (qeydsiz-şərtsiz) çağırmağı yasaq etmiş və Allahdan başqası üçün təvaf, nəzir və s. kimi ibadət əməllərini yerinə yetirən müşrikləri – laəqəl onların bir çoxu öz məbudlarını müstəqil hesab etmirdilər – məzəmmət etmişdir.

Üçüncüsü: Əgər şər’i “səcdə” yalnız qarşısında səcdə edilən varlığın Allah hesab edilməsi ilə əda olunan ibadət şərtilədirsə və Quranda da sizin iddianıza görə Allahdan başqası üçün yerinə yetirilmişdirsə, bəs nə üçün İslam dinində Allahdan başqası üçün mütləq səcdə qadağan edilmiş və haramdır və bir şərtlə də əlaqələndirilməmişdir? Siz bir misal gətirdiniz ki, İslam dinində Allahdan başqası üçün icazəlidir. Əgər düz deyirsinizsə, ibadət olan bir əməl barəsində Qurandan bir misal gətir ki, Allahdan başqası üçün yerinə yetirilmiş olsun və İslam dinində qadağan edilməmiş olsun.

İbadətlər üçün zahirin, batinin və niyyətin olduğuna qail olmağına gəlincə özün də bilirsən ki, biz də bu fikirlərdən xəbərsiz deyilik və hamımız bilirik ki, əgər bir şəxsi hovuzun kənarında lüt soyundurub zorla hovuza atsalar, heç kim deməz ki, o, irtimasi qüsl etmişdir! Yaxud əgər bir şəxs ilahi razılığı cəlb etmək niyyəti olmadan bir yoxsula paltar, yaxud pul, yaxud yemək verərsə, yəni yalnız öz ürəyi istədiyi üçün verərsə, heç kim deməz ki, o, ibadət hesab olunan xərcləmə həyata keçirmişdir və ona savab veriləcək. Ya sizin sözünüzlə desək, riya qəsdilə yoxsula bir şey versə, heç şübhəsiz günah etmişdir. Çünki o, bu işləri yerinə yetirərkən Allahın diqqətini və qəbul etməsini istəməmişdir.

Lakin siz çox yaxşı bilirsiniz ki, ibadətlər iki növdən ibarətdir: birinci hissəyə müəyyən və müqəyyəd qəlibi və forması olan ibadətlər daxildir. Məsələn namaz, səcdə, nəzir, təvaf, zəbh (qurban kəsmək) və s. Bu cür ibadətlərin, hətta zahiri Allahdan başqası üçün yerinə yetirilməməlidir. İkinci hissəyə isə xeyir əməllər, yaxud müəyyən qəlibi və forması olmayan ibadətlər daxildir. Məsələn, forması müəyyən və müqəyyəd ünvanı olmayan xərcləmə. Onu oturduğun, yaxud ayaqüstə olduğun halda, gecə, yaxud gündüz birbaşa öz əlinlə, yaxud başqa bir şəxs vasitəsilə tanışına, yaxud tanış olmayan bir şəxsə verə bilərsən. Əvvəla, siz birinci hissəyə daxil olan ibadətləri yox, ikinci hissəyə daxil olan ibadətləri misal vurdunuz. İkincisi hər iki hissəyə daxil olan ibadətlərdə mühüm nöqtə odur ki, nəzərdə tutulan əməllər kimin diqqətinin cəlb olunması niyyətilə yerinə yetirilir! Bu səbəbə görədir ki, bir xeyir və Allahın bəyəndiyi əməldə əgər Allahdan başqasının diqqətinin cəlb olunması da nəzərdə tutulsa, yəni məsələn riyaya bulaşsa, yaxud riyadan başqa bir niyyətlə Allahdan başqasının diqqətini cəlb etmək istəsək, bu günah olacaq və həmin riya ilə şirkin şöbələrindən hesab olunmuşdur. (Düşün!)

Buna əsasən hətta əgər bir şəxs Allah üçün bir qoyun kəsmək istəsə, lakin onu İmamın, yaxud padşahın, yaxud prezidentin, yaxud bir böyüyün, yaxud səfərdən dönmüş bir müsafirin qarşısında kəssə, bu işinin İmamın, yaxud padşahın (yəni Allahdan başqasının) diqqətinə məzhər olmasını istədiyi üçün onun bu əməli bizim tərəfimizdən tənqid olunur. Din böyüklərindən birinin məzarı ətrafında fırlanan bir şəxsə gəlincə o, qəbirdə yatan şəxsin onun işindən xəbərdar olmasını istəyir. Əgər onun xəbərsiz olduğuna inansaydı, prinsipcə uzaq şəhərlərdən onun ziyarətinə gəlməz və onun qəbri ətrafında fırlanmazdı, yaxud onu çağırmazdı. Buna əsasən o, qəbrin ətrafında fırlanmaqla qəbir sahibinin diqqətini də əldə etmək istəyir, çünki həqiqətdə onun vasitəçiliyini və şəfaətini istəyir.

“Əgər xəstəm sağalarsa, öz məhəlləmin miskininə pul, yaxud yemək verərəm”, – şəklində nəzir edən şəxsə gəlincə nə xəstənin diqqətini, nə də yoxsulun diqqətini cəlb etmək istəyir, bəlkə yalnız xəstəsinin onun nəzirindən faydalanmasını istəyir. Yaxud “əqiqə” sünnəsini yerinə yetirən şəxs yaxşı bilir ki, onun yeni doğulmuş uşağının onun əməlindən xəbəri yoxdur, bəlkə yalnız Allahın onun işindən xəbərdar olmasını, onu qəbul etməsini və yeni doğulan uşağının da bu xeyir əməl əvəzində faydalanmasını istəyir. Lakin siz özünüz də bilirsiniz ki, bizim xalqımız bir imam üçün nəzir etdikləri vaxt İmam nəzirdən faydalanmır, əksinə nəzir edən şəxs İmamın diqqət və inayətini istəyir ki, ta onun üçün şəfaət və vasitəçilik etsin.

Lakin müşriklərin öz məbudlarını vasitəçi, yaxud yaxınlaşmağa vəsilə olmaqdan daha üstün hesab etmələri barəsində sizin sözünüz dəlilə söykənmir və Quran açıq-aydın şəkildə onların belə dediyini buyurur: “… “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” …”[15] Şəfaətçi, yəni vasitəçi.

Bundan əlavə Quran ayələri barəsində öz istəyimizə uyğun olaraq özümüzdən bir şey toxumamalıyıq. Quranda Məkkədə nazil olmuş bir surədə Allahın belə buyurduğunu oxumamısınız? Quranda belə buyurulur: “Bəs nə üçün Allahdan başqa, Ona yaxınlaşdırsın deyə ilahlar qəbul etdikləri varlıqlar onlara kömək etmədilər? Əksinə, onları buraxıb qeyb oldular. Bu, onların öz yalanı və uydurmasıdır”[16]. Quran özü buyurur ki, onların öz məbudları üçün ibadət əməlləri yerinə yetirməkdə məqsədi Allaha yaxınlaşmaq olmuşdur və biz özümüzdən bir şey toxuya bilmərik. Gizlilikləri bilən Allah buyurmuşdur ki, müşriklərin yalanı həmin şey olmuşdur, lakin siz deyirsiniz ki, başqa bir şey olmuşdur!!! Bəs nə üçün Quran onların bu yalanını qeyd etməmişdir?

Əllamə Təbatəbai “əl-Mizan” təfsirində “Zümər” surəsinin üçüncü ayəsinin zeylində belə yazır: “Bütxanalara və məbədlərə qoyulan bu bütlər o rəblərin və ilahların heykəlləri idi, nəinki, həqiqətən, bu bütlərin özü Allah idilər”. Və deyir ki, müşriklərə görə bu rəblər bəzi mümkün və məxluq varlıqlardır. Sadəcə olaraq Allah bu məxluqatı Öz dərgahına yaxınlaşdırıcı varlıqlar qərar vermişdir[17]. Siz hələ də deyirsiniz ki, bizim xalqımızın imamlar və din böyükləri barəsindəki fikir və rəftarının müşriklərlə nə fərqi vardır? Diqqət edin ki, sizin ustadınız Əllamə Təbatəbai də “Zümər” surəsinin təfsirində açıq-aydın şəkildə qeyd etmişdir ki, “Allah həm Allaha, həm də Allahdan başqasına ibadət edən şəxsin ibadətini qəbul etmir” (Düşün!) Tutaq ki, onlar – sizin dəlilsiz təsəvvürünüzə əsasən – öz məbudlarını şəfaətçi və yaxınlaşdırıcı məqamından daha üstün və daha böyük hesab edirdilər. Görəsən, öz məbudlarını yalnız şəfaətçi və yaxınlaşdırıcı hesab etsəydilər, bu, Quranın etirazına səbəb olmayacaqdı?! Quran həmin mövzuda “əl-Mizan”ın müəllifinin sözünə əsasən onları məzəmmət etmiş və onlara etiraz etmişdir!

Əbudavudun “Sünən” əsərinə nisbət verdiyin sözə gəlincə əgər yaddaşım yanılmırsa, heç bir vəchlə yasağı yalnız bütlər üçün qurban kəsməklə məhdudlaşdırmır, bəlkə, İslam dininin qoyduğu yasağın yalnız bütlərə yox, Allahdan başqasına şamil olduğunu ifadə edir. Başqa bir təbirlə desək, nəziri yalnız Allah üçün caiz bilir. Yenə də evə gedib həmin rəvayətləri oxuyaram və səhv etmişəmsə, telefonla sizə xəbər verib öz səhvimi etiraf edərəm.

(ardı var)
“Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından
Müəllif: Əllamə Burqui
Mütərcim: Xəyyam Qurbanzadə

[1] “Şura”, 14

[2] “Tur”, 24

[3] “Maidə”, 3

[4] “Zümər”, 3

[5] “Zümər” surəsinin 3-cü ayəsinin

[6] “Təvvafunə ələykum bəzukum əla bəzin …” (“Nur”, 58)

[7] “Tur”, 24

[8] “Vaqiə”, 17, 18

[9] “Kəhf”, 50

[10] “Yusif”, 4

[11] “Rəhman”, 6

[12] “Yusif”, 100

[13] Nümunə olaraq aşağıdakı ayələrdə “səlat” sözü terminoloji mənada, yaxud nəql olunmuş şər’i mənada işlənməmişdir: “Bəqərə”, 157, “Tövbə”, 99 və 103, “Nur”, 41, “Əhzab”, 43, 56 və s.

[14] “Maidə”, 55, “Sad”, 24

[15] “Yunis”, 18

[16] “Əhqaf”, 28

[17] “Nümunə” təfsiri də müşriklərin məbudlarını daş, taxta və filiz hesab etməmiş və onların məbudunun həmin mələklər, cin və ümumi olaraq aləmin müqəddəs varlıqları olduğunu bildirmişdir. Burada “Nümunə” təfsirinin sözünü müxtəsər olaraq qeyd edirik: Ətraflı surətdə məlumat almaq istəyənlər həmin kitaba (“Zümər” surəsinin təfsirinə) müraciət edə bilərlər. “Nümunə” təfsirində belə yazılır: “Həmin müqəddəs varlıqlar əlçatmaz olduqları üçün onlar üçün bir heykəl və simvol düzəldir və ona pərəstiş edirdilər. Onlar həmin bütlər idi. … Bu tərtiblə allahlar onların yanında dünyanın Allahı tərəfindən yaradılmış həmin mümkün varlıqlar idilər. Onların düşüncəsinə görə həmin varlıqlar Haqqın dərgahında müqərrəb varlıqlar idilər və aləmin işlərini Allahın əmri ilə idarə edirdilər. (Əziz oxucu, diqqət et ki, Qum alimləri etiraf etmişlər ki, müşriklər öz məbudlarını müstəqil hesab etmirdilər). Allahı varlıq dünyasının Xaliqi olan Rəbbül-ərbab hesab edirdilər. Yoxsa, bütpərəstlərdən çox az insan bu daş və taxta bütlərin, yaxud mələklər, cin və onlar kimi özlərinin xəyali allahlarının bu dünyanın xaliqi olduğuna inanırdı.

Əlbəttə, bütpərəstliyin başqa bir qaynağı da vardır. O cümlədən peyğəmbərlərə və yaxşı insanlara fövqəladə ehtiram onların ölümündən sonra heykəllərinə hörmətlə yanaşılmasına səbəb olurdu, yaxud zamanın ötməsi ilə müstəqillik əldə edir və ehtiram da pərəstişlə əvəz olunurdu. … Tarix kitablarında bu da qeyd olunmuşdur ki, cahiliyyət dövrünün ərəbləri Kə’bə və Məkkə torpağı üçün qail olduqları fövqəladə ehtirama görə bəzən oradan götürdükləri daş parçalarını özləri ilə başqa yerlərə aparır, ona ehtiram edir və yavaş-yavaş həmin şeylərə pərəstiş edirdilər (Bu əməl eyni ilə bizim camaatın işinə bənzəyir ki, İmam Rza (ə) hərəminin tozunu təbərrük olaraq xalqa verirlər, yaxud o Həzrətin hərəminin ətrafında fırlatdıqları çərəz və nabatın bərəkətləndiyinə inanır və onları başqalarına verirlər. (!!!) Yaxud Həzrət Seyiduş-şühədanın türbətinin şəfa vericiliyinə inanır və onu yeməyi caiz hesab edirlər). (Düşün!!!) Bunlar hamısı əsassız xəyallar idi ki, gücsüz beyinlərdən sızırdı və xalqı orijinal Allahşünaslıq yolundan sapdırırdı. Quran-kərim ələlxüsus təkidlə bildirir ki, insan heç bir vasitə olmadan öz Rəbbi ilə əlaqə qura bilər, onunla söhbət edə və razü-niyaz edə bilər, öz hacətini istəyə bilər, bağışlanma diləyə bilər və tövbə edə bilər. Bütün bunlar hamısı Ona məxsusdur və Onun qüdrətinin ixtiyarındadır.

“Fatihə” surəsi bu gerçəkliyi bəyan etməkdədir. Çünki bəndələr bu surəni davamlı olaraq gündəlik namazlarda oxumaqla Allahla əlaqə yaradırlar, Ona yalvarıb-yaxarırlar, heç bir vasitə olmadan Ondan istəyirlər və öz hacətlərini Ondan tələb edirlər. … İslam dini bu məsələlərdə heç cür bir vasitəyə qail olmamışdır və bu, həmin tövhid həqiqətidir. … Onunla belə bir rabitə qurulmalıdır, çünki O bizə bizim özümüzdən daha yaxındır. Quranda buyurulur: “… Biz ona şah damarından da yaxınıq!” (“Qaf”, 16) “… Bilin ki, Allah insanla onun qəlbi arasına girər. …” (“Ənfal”, 24) Bu vəziyyətlə nə O bizdən uzaqdır, nə də biz Ondan. Məhz buna görə vasitəyə ehtiyac yoxdur. O bizə hamıdan daha yaxındır. Hər yerdə hazırdır və bizim qəlbimizin içi Onun yeridir. Buna əsasən vasitələrə pərəstiş etmək, istər mələklər olsun, istər cin, istərsə onlar kimi şeylər (Görəsən, nəyə görə imamları və din böyüklərini bu sırada qeyd etməmişdir?), istərsə də daş və taxtadan olan evlərə pərəstiş olsun əsassız və yalan bir əməldir. Həm də Allahın nemətlərinə qarşı nankorluq hesab olunur, çünki başdan-ayağa ehtiyac olan varlıqlar yox, nemət verən varlıq pərəstişə layiqdir. Ona görə də ayənin sonunda buyurulur: “Həqiqətən, Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” Nə bu dünyada doğru yola hidayət edər, nə də axirətdə Cənnətə doğru. Çünki insan özü hidayət qapısının bağlanmasının müqəddimələrini hazırlamışdır, çünki Allah hidayətinin feyzini hər cür hazırlığı düşüncəli şəkildə özündə məhv etmiş qəlblərə yox, onu qəbul etməyə layiq və hazır olan zəminlərə göndərir”.