RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

İKİNCİ FƏSİL 

Bu fəsil şəban ayına aiddir. Bu fəslin rəvayətlərinin çoxu fətəhi[1] məzhəbinə mənsub olan “Fəzzal ailəsi”ndən nəql olunmuş[2], yaxud Mühəmməd ibn Cümhur, Səyyari, Davud ibn Kəsir Riqqi, Əhməd ibn Hilal Əbərtai və b. kimi zəif şəxslərin rəvayət etdiklərindən ibarətdir[3].

Bu fəsildə sanki Şeyx Abbas Qummi yadından çıxarıb ki, bu babın ilk fəslinin birinci səhifəsində rəcəb ayının “Allah ayı” (“Şəhrullah”) olduğunu demişdir. O, qələmə aldığı bu fəsildə ramazan ayını “Allahın ayı” hesab edən rəvayətin bir hissəsini nəql edir. Bu rəvayətdə söyləyir ki, kim şəban ayının bir gününü oruc tutarsa, Cənnət ona vacib olar. Həmin səhifədə yazır: “Bir kişi haram qana mürtəkib olur (yəni adam öldürür), sonra şəban ayında oruc tutur. Bu ona fayda verir və bağışlanır!!!”

Sonra belə yazır ki, kim bu ayda min dəfə “La ilahə illəllahu və la nəbudu illa iyyahu muxlisinə ləhud-dinə və lau kərihəl-muşrikun”[4], – deyərsə, onun üçün min ilin ibadətinin savabı yazılar. (Bu da Qədr gecəsindən nə qədər çoxdur.) Şeyx Abbas Qummi şayəd abır-həyasını qoruyub saxlamaq üçün “bütün bu ayda” ifadəsini yazmışdır[5]. Halbuki rəvayətin mətnində bu qeyd yoxdur. İkincisi də rəvayətin “… Allah onun (yəni bu zikrləri min dəfə deyən şəxsin) min illik günahlarını bağışlayar, Qiyamət günündə qəbrindən üzü bədrlənmiş ay kimi parıldayan şəkildə çıxar və Allah nəzdində siddiqlərdən yazılar!”[6] – deyilən qalan hissəsini yazmamışdır. Görəsən, Şeyx Abbas Qummi heç özündən soruşub ki, necə olur ki, Rəhim Allah (onun dediklərinə nisbətdə – X. Q.) az savabı olan ramazan ayını və Qədr gecəsi ibadətini Quranda tanıtdırmış, lakin belə bir ibadəti yaddan çıxarmışdır?!

Kiçik bir əməllə hədsiz-hüdudsuz, qəribə və təəccübləndirici savabların əldə edildiyi bu cür rəvayətlər bu babda çoxdur. Lakin dediyimiz kimi müstəhəb bir əməli yerinə yetirən şəxsə Cənnətin vacib olduğunu iddia edən rəvayətlər qəbuledilməzdir və batildir, ilahi nizam da ölçüsüz deyildir.

Təəccüblü cəhətlərdən biri də odur ki, Şeyx Abbas Qummi insanların daha təkəbbürlü olması və özlərində bir qürur duymaqları üçün bu cür aldadıcı  rəvayətləri nəql etməkdən cəkinmir. Hətta Qurana və istidlala (deduksiyaya) uyğun olan rəvayətləri öz kitabında qeyd etmir. Məsələn bu rəvayətdə söylənilən fikir kitabda öz əksini tapmayıb. “Peyğəmbərdən onun belə dediyi rəvayət olunmuşdur: “Kim hər ayın üç gününü oruc tutarsa, bütün günləri oruc tutmuş şəxs kimidir, çünki Allah-Taala buyurmuşdur: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. …”[7].

Bu fəsildə yazır ki, Allah Rəsulu bu ayın orucunu ramazan ayına birləşdirərdi. Halbuki əlimizdə bu hədisə zidd olan hədis də vardır. Şeyx Səduq rəvayət edir ki, Allah Rəsulu ramazan ayından əvvəl iki, yaxud üç gün oruc tutmurdu[8]. Bu mövzuda şiənin qədim alimlərindən olan Əbdürrəzzaq Sən’aninin yazdığı “əl-Müsənnəf” adlı mötəbər kitaba müraciət etmək məqsədəuyğundur[9].

Bu fəsildə Həzrət Səccad əleyhissəlama qarşı böhtanla dolu bir rəvayət nəql olunmuşdur. O rəvayətdə Peyğəmbər və onun ailəsi (Əhli-Beyti) “Ğiyasul-müztərr”[10] kimi təsvir olunmuşdur. Elə bil Şeyx Abbas Qummi bilmir ki, “Ğiyasul-müztərr” yalnız Allahdır[11]. Əgər bilsəydi, bu ləkələnmiş salavatı öz kitabında yazmazdı[12]. Əlbəttə, Quranın düşməni olan Əhməd Səyyari[13] tərəfindən bizə ərməğan olunan bir rəvayət bundan daha yaxşı olmayacaq.

Şəban ayının səkkizinci müştərək əməli kimi İbn Xaluvəyhdən bir minacat gətirmişdir ki, o (yəni İbn Xaluvəyh), onun bütün imamların minacatı olduğunu iddia edir. Əbuəbdillah Hüseyn ibn Mühəmməd Xaluvəyh IV əsrin alimlərindən biri olmuşdur. Belə məlumdur ki, doğumu h. q. təqvimi ilə III əsrin sonlarında olmuş və Hələbdə yaşamışdır. O, “Minacati-şəbaniyyə”ni onun üçün nəql edən ravilər barədə heç bir məlumat verməmişdir. Onları tanıtdırmadan imamlara elə bir minacat nisbət vermişdir ki, bunu özündən uydurduğu, yaxud ona müdaxilə etdiyi və üzərində dəyişiklik apardığı çox yaxşı hiss olunur. Onun iddiasına görə bütün imamların minacatı olan bu minacat təbii ki, yalnız İbn Xaluvəyhin ondan xəbərdar olmasından daha məşhur olmalıdır. Lakin Şeyx Səduq, İrakda yaşayan Kuleyni və b. … kimi məşhur mühəddislər o minacatdan xəbərsiz olmuş və onu nəql etməmişlər. Buna görə də bir rəvayətin yalnız İbn Xaluvəyhə nisbət verilməsi onun mötəbər olmasına səbəb ola bilməz. Həmin şəxsdən Allah Rəsulunun belə dediyi rəvayət olunmuşdur: “Kim Allahın Öz əlilə xəlq etdiyi və ona “Ol!” – dedikdən sonra var olan budaqdan, yaxud gücdən sallanmaq istəyirsə, məndən sonra Əlini sevsin!”

Görürsünüz ki, hədisi qondaran şəxs Allahın Həzrət Adəmi torpaqdan yaratdığını, sonra ona “Ol!” – dediyini və onun da dərhal var olduğunu eşitdiyi üçün o da həmin mövzunu budaq, yaxud güc üçün uydurmuşdur. Halbuki Həzrət Adəm məsələsində bədənə ruhun və həyatın üfürülməsi nəzərdə tutulmuşdur, lakin budaq, yaxud güc ruh və cisimdən ibarət deyildir. Sırf kamil yaradılışdır və ona ruhun üfürülməsinə ehtiyac yoxdur. Nəinki yaradılışdan sonra ona hələ “Ol!” da –  deyilsin.

Hər bir halda əgər “Minacati-şəbaniyyə”nin mətninə heç bir irad tutula bilməz, – desək də, mötəbər bir dəlil olmadan onun Şare ilə (Qanunverici ilə) əlaqələndirilməsi məhəlli-işkaldır (şübhəli və naməlumdur). Maksimum odur ki, əvvəldə deyildiyi kimi, dua etməyə ümumi şəkildə icazə verilməsi məsələsinə aiddir. Mən öz dövrümüzün bəzi xurafatçı ürfan uyduranlarına təəccüb edirəm ki, dualarda imamların Allah-Taalanın qarşısında öz təqsirlərini izhar və öz günahlarını etiraf etmələri barəsində özlərini niyə görməməzliyə vururlar? Lakin iki təmtəraqlı, mənasız və uydurduqları ürfana uyğun ifadə görsələr, ona göz dikir, ona əsaslanıb özlərindən ürfani mənalar uydurur və bu mövzu barəsində çox səhifələri qaralayırlar. Məsələn, həmin minacatda belə ərz olunur: “Sənin qarşında günahı iqrar etməyi öz vəsiləm qərar verdim!” Və ya belə ərz olunur: “(Ey Məbudum!)  Öz fəzilətinlə mənə – cəhalətinin onu əhatə etdiyi günahkara diqqət et!” “Ey Məbudum! Dünyada mənim günahlarımın üstünü örtdün, halbuki mən onların üstünün axirətdə örtülməsinə daha çox möhtacam!” Və ya belə ərz olunur: “Ey Məbudum! Mən Sənin zəif və günahkar bəndənəm!” Ürfan əhli bu cümlələrin üstündən çox asanlıqla keçir, lakin “Ey Məbudum! Mənə məxluqatla əlaqəni kəsib Sənə qovuşmağın kamalını əta et, qəlblərimizin gözlərini onların Sənə baxmasının işığı ilə o qədər nurlandır ki, qəlblərimizin gözləri nur pərdələrini deşib keçsin və əzəmət (böyüklük) mədəninə çatsın! …” cümləsinə çatdıqda bu cür məcazi (təşbihi) və qeyri-müəyyən (şübhəli) cümlələri götürür və onlara dayanaraq Haqqa qovuşmaq, Ondan ayrılmaq və rübubi məqamlar uydururlar. Onlara deyilməlidir ki, bu metaforik və məcazi sözləri öz uydurmalarınızın bəhanəsi və dayağı qərar verməyin. Siz Quran oxuyun, çünki Quran Allahşünaslığın və insani kamilliyə çatmağın yolunu açıq-aydın ifadələrlə bəyan edir. Orada Haqqa qovuşmaq və Ondan ayrılmaq deyilən bir şey yoxdur. Əlbəttə, o da gizli deyildir ki, bu duanın ahəngi də Peyğəmbərdən gəlib-çatmış mötəbər dualardan fərqlənir. (Düşün!)

Şeyx Abbas Qumminin istinad etdiyi kitablardan biri də “İmam Həsən Əskərinin təfsiri” adlı etibarsız bir kitabdır. Məsələn, o, şəban ayının xüsusi əməlləri və bu ayın ilk gününün əməlləri məsələsində həmin kitaba istinad etmişdir. Biz oxucuları bu kitabın vəziyyəti haqqında xəbərdar etmək üçün bu mövzulara mücahid araşdırmaçı Cənab Heydərəli Qələmdaranın sözlərinə əsaslanaraq aydınlıq gətirmək istəyirik:

“Bu təfsirin sənədinə müraciət etməklə məlum olur ki, bu təfsiri rəvayət edən ravilər məchul, naməlum və kəzzab (yalançı) şəxslər olmuşlar. Çünki o ravilərdən biri Süheyl ibn Əhməd əd-Dibacidir. Onun barəsində İbn əl-Qəzairi demişdir: “O, hədislər qondarırdı və məchul şəxslərdən rəvayət edirdi”. Süheyl ibn Əhməd Mühəmməd ibn Qasım Əstərabadidən nəql edir. Əllamə özünün “Rical” əsərində bu təfsir haqqında buyurmuşdur: “Mühəmməd ibn Qasım. Deyilmişdir ki, Əbucəfər ibn Babuvəyhin ondan rəvayət etdiyi İbn Əbilqasım əl-Müfəssir əl-Əstərabadi zəif və kəzzabdır. İbn Babuvəyh ondan təfsir rəvayət etmişdir ki, o da onu iki məchul şəxsdən rəvayət etmişdir. Onlardan biri Yusif ibn Mühəmməd ibn Ziyad, digəri isə Əli ibn Mühəmməd ibn Yəsardır. Onlar ikisi də atalarından, onlar İmam Əliyyənnəqidən rəvayət edirlər. Bu təfsir həmin  tanınmayan şəxslərin nəql etdiyi hədislər vasitəsilə Süheyl ibn Dibaci və onun atası tərəfindən qondarılmışdır”[14]. Mühəmməd ibn Qasım özü adlı-sanlı və nüfuzlu bir şəxs olmuşdur. Amma çox təəssüf ki, tanınmayan iki məchul şəxsin ətəyindən yapışmışdır.

İndi isə İmama aid olan bu təfsirin məzmununun sorağına gedirik ki, görək daha hansı yaramaz işləri görmüşdür?!

Əvvəla, bu cənab tarixdən o qədər məlumatsız olmuşdur ki, tamamilə həqiqətə uyğun olmayan bir fikir söyləyir. Guya Həccac Muxtar ibn Əbuübeydə Səqəfini həbs edir və məqsədi də onu öldürmək idi, lakin bunu bacara bilmədi. Allah ona nicat verdi və o da Hüseyn ibn Əlinin qatillərindən intiqam aldı. Halbuki bütün tarixçilərin təsdiqinə əsasən Həccac hicrətin 75-ci (m. 695) ilində əmirlik vəzifəsinə təyin olunmuşdur və Muxtar isə bir neçə il əvvəl, yəni hicrətin 67-ci (m. 687) ilində öz qardaşı Abdullah ibn Zübeyr tərəfindən Muxtar ilə müharibə etməyə göndərilən Müs’əb ibn Zübeyrin əli ilə qətlə yetirilmişdir.

Əbdülməlik Mərvanın dastanı, Müs’əbin qətli və onun Kufə əmirliyinin mərkəzindəki başı tarixin məşhur hadisələrindəndir. Sanki bu təfsirin İmam Həsən Əskərisi də bir neçə il bundan əvvəl Tehranın mötəbər kitab mağazalarından birinin Allah rizası üçün (!!!) çap edib payladığı “Bəhrul-ənsab” kitabının İmam Cəfər Sadiqi kimi tarixdən o dərəcədə heç bir məlumatı yoxdur ki, öz vəfat tarixini fərqli qeyd etmişdir!!!

İkincisi, bu təfsirin məzmununa diqqət etdikdə məlum olur ki, bu təfsirdə o qədər müzəxrəfat (yalan və uydurma fikirlər) və Əllamə Hellinin sözü ilə desək, o qədər qeyri-müəyyən ravilər (mənakir) vardır ki, bu təfsirdən başqa heç bir əsərdə yoxdur. Quranın açıq-aşkar ayələrinə müxalif olmasından əlavə heç bir ağıl və düşüncə ilə uyğun gəlməyən fikirləri yalnız bu kitabda tapa bilərsən. Bu kitabda olan məlumatlar çox vaxt qulatlar[15] tərəfindən qondarılan fikirlərdir, bəlkə, heç bir kitabda, hətta qulatların kitablarında belə o məlumatlar və fikirlər yoxdur. Bu kitabda Allahın bütün dünyanı Quranla mübarizəyə dəvət etdiyi “Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi çağırın!”[16] ayəsinin təfsirində Peyğəmbərin qəzayi-hacət[17] etməsi möcüzəsindən söz açılmışdır ki, o Həzrətin övrətini və qaitini görmək üçün onu izləyən münafiqlər necə məhrum və məyus olmuşlar və möcüzə o cür baş vermişdir. Bu təfsirdə behişt qadınlarının fərclərinin dar və geniş olması haqqında danışılmışdır. Kə’b ibn Əşrəfin eşşəyinin danışması, o eşşəyin iman gətirməsi və Qeys ibn Şəmmasın o eşşəyi alması və bu qəbildən olan bihudəliklər kimi o qədər mənasız və boş sözlər vardır ki, insan mat-məəttəl qalır. Bütün dünyanın yalnız ona müraciət etməsi və onun füyuzatından (bərəkətlərindən) bəhrələnməsi lazım olan o təfsir budurmu?!!

Əllamə Mühəmmədtəqi Şuştəri özünün dəyərli və tayı bərabəri olmayan “əl-Əxbarud-dəxilə” adlı kitabında – Bu kitab “ Ərməğani-asiman” kitabından on iki il sonra çap olunmuşdur – 152-ci səhifədən 228-ci səhifəyə qədər bu təfsiri tənqid etmiş və onun mündəricatının qondarma və yalan olduğunu nəql etmişdir. Nəhayətdə yazır: “Əgər bu təfsirdə olan xəbərlər (hədislər) doğru olarsa, deməli, İslam dininin kökü doğru deyildir (!), ona görə ki, bir-birinə zidd olan iki şeyin bir yerdə cəm olması mövcuddur ki, bu da qeyri-mümkündür”.

Ağayi-Şuştərinin qiymətli kitabının mütaliə olunması ilə məlum olur ki, din düşmənləri və düşməndən daha pis olan nadan dostlar imamlar – Onlara salam olsun! – həyatda olduqları vaxtdan o böyük şəxsiyyətlərin adından nə qədər yalan danışmış və onlara nə qədər iftiralar yaxmışlar. Və o gövhərbəyanlı məzlumları qılınc və süngü ilə yox, əksinə qələm və dillə faciəvi şəkildə necə qətlə yetirmişlər (!). Nəticədə o böyük şəxsiyyətləri – Allaha pənah aparırıq! – həqiqətin düşmənləri və Allahı tanımayan xudbin və xudpəsəndlər kimi tanıtdırmışlar”[18].

Məsum imamların təfsiri adı ilə şiə məzhəbi arasında yayılmış ikinci kitab Seyid Haşim Bəhrani tərəfindən yazılmış “əl-Bürhan” təfsiridir. Bu kitab da imamlardan nəql olunmuş hədislər əsasında yazılmış təfsir olduğu üçün bütün hədislər orada əksini tapmışdır. Əksərən ayənin aşağısında yazılan hədislər ayənin təfsirinə aid deyildir və o hədislərin bir çoxunun azacıq da olsa, ayə ilə heç bir əlaqəsi yoxdur!

Bundan əlavə o kitabda Qurana və İslam dininin zərurətlərinə müxalif olan hədislər vardır. Birinci cildin 207-ci səhifəsində

… آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ 

(“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi. …”[19]) ayəsinin aşağısında yazdığı hədisi buna misal göstərmək olar. Uzun sözün qısası budur ki, Allah Rəsulu (s) asimanın qapılarına çatanda mələklər onu görən anda asimanın qapısından qaçdılar və dedilər: “Məlumdur ki, iki Allah var: bir Allah yerdə (Peyğəmbəri nəzərdə tuturlar), bir Allah da asimanda!!!”

Görürsünüz ki, bu hədisdə yüksək aləmin müqəddəs varlıqları və mələyi-ə’lanın[20] müdəbbirləri (tədbir görənləri) olan mələkləri nə qədər idraksız, fəhmsiz (düşüncəsiz) və müşrik kimi qələmə verir ki, Allah Rəsulunu gördükdə aləmin iki Allahı olduğunu xəyal edirlər. Biri yerin Allahı olan Peyğəmbər, digəri də asimanın Allahı! Allah bundan çox ucadır və Ona pənah aparırıq! Bu asimanın sakinləri sanki bir tövlənin sakinlərindən də şüursuz olmuşlar. Allah yalançıya lənət etsin!

Bu hədisi Mühəmməd ibn əl-Həsən əs-Səffar (“Bəsairud-dərəcat” kitabının müəllifi) daha şirin şəkildə gətirmişdir. Bu xurafat dolu hədisin məzmunu odur ki, birinci asimanın mələkləri Peyğəmbəri görən kimi qaçmağa başladılar və “Bu bizim Allahımızdır!”, – dedilər! Allah Cəbrayıla əmr etdi ki, iki dəfə “Allahu Əkbər!” – desin. Cəbrayıl “Allahu Əkbər!”, – deyən kimi mələklər asimanın qapılarına doğru qayıtdılar. Artıq o zaman başa düşdülər ki, o, yəni Peyğəmbər bir məxluqdur. O vaxt qapılar açıldı, Allah Rəsulu ikinci asimana çatdı. Burada da mələklər asimanın qapılarından qaçdılar və dedilər ki, buradan belə məlum olur ki, iki Allah vardır; biri yerin Allahı, digəri isə asimanın Allahı. Bu vaxt Cəbrayıl dedi: “Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur!” Mələklər qayıtdılar və Peyğəmbərin bir məxluq olduğunu bildilər. Qapı açıldı və Allah Rəsulu üçüncü asimana çatdı. Yenə də mələklər asimanın qapılarından qaçdılar və birinci və ikinci asimanlarda baş verən hadisələr təkrar olundu. Beləliklə, Peyğəmbər dördüncü asimana çatdı. Bu vaxt bir taxtın üzərində söykənərək oturmuş və əlinin altında 300 000 mələyin olduğu bir mələk gördü. O üç yüz min mələkdən hər birinin əlinin altında da digər 300 000 mələk vardı. Peyğəmbər o mələyi görəndə zənn etdi ki, o, Allahdır və səcdə etmək istədi. Buna görə də o mələyə fəryad çəkildi ki, ayağa dur! Bu vaxt mələk iki ayağı üstünə qalxdı. Peyğəmbər başa düşdü ki, o, Allah deyil, əksinə məxluqdur. Buna görə də o mələk qiyamət gününə qədər ayaq üstə qalmalıdır.

Siz Allah baxın, görün, əvvəla, aləmin Pərvərdigarı tərəfindən ülvi varlıqların ən şərafətlisi seçilən və kainatın müdəbbiri olan mələkləri o qədər şüursuz, idraksız və nadan tanıtdırır ki, Peyğəmbəri görən kimi onun Allah olduğunu xəyal edirlər və qaçmağa başlayırlar! Allahın Öz kitabında “möhtərəm qullar”[21] adlandırdığı və

شَهِدَ اللهُ أَنَّهُ لاَ إِلَـٰهَ إلاَّ هُوَ وَ الْمَلاَئِكَةُ وَ أُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لاَ إِلَـٰهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ 

(“Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər … də o Əziz və Həkimdən başqa ilah olmadığına şəhadət verdilər”[22],) – buyuraraq adlarını Öz adından sonra əzəmətlə yad etdiyi mələklər qrupu o qədər də şüurlu deyildilər. Hətta Allahın bəşər (adi bir insan) və cisim olmadığını bilmirdilər. Demək olar ki, müşrik idilər və asimanda olduğu kimi yerdə də Allahın olduğuna etiqad edirdilər. Hamısından pisi odur ki, üç asimanın mələkləri tərəfindən Allah təsəvvür olunan Peyğəmbərin özü də dördüncü asimana çatanda söykənərək taxtda oturmuş və əlinin altında doxsan milyon mələk olan bir mələyi görəndə özünü itirdi və çaşdı, onun Allah olduğunu zənn etdi və ona səcdə etmək istədi ki, onu yerindən qalx, – deyə hədələdilər. Biçarə mələk heç bir günah etməmişdi. Əgər ortada günah vardırsa, Allaha pənah Peyğəmbərin səhv fikirləşməsi olmuşdur! Buna baxmayaraq, bədbəxt mələk Peyğəmbərin günahına görə cəzalandı. Və Qiyamət gününə qədər ayaq üstə dayanmalıdır?!

Hansı əql, məntiq və vicdan hökm edir ki, hərfi tərcüməsi “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirmişdir. …” olan və bu qədər aydın olub ali mənaları ehtiva edən bu cür ayədən belə anlayış yaransın, mənasız fikirlər ortaya çıxarılsın və onun imamların təfsiri olduğuna etiqad edilsin?! Digər təfsirlər, ələlxüsus Təfsiri-Əyyaşi də bu cür mətləblərdən kənar deyildir[23].

(ardı var)

 “Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından

Müəllif: Əllamə Burqui

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

 

[1] Fətəhiyyə, əl-əftəhiyyə

[2] İbn Fəzzalı İbn Davud Helli, “Sərair” kitabının müəllifi və digərləri zəif hesab etmişlər. Onun şəxsiyyəti ilə tanış olmaq istəyənlər mərhum Heydərəli Qələmdaranın “Zəkat” kitabına müraciət edə bilər. “Əli ibn Fəzzalın tərcümeyi-halı” fəsli, s.189-dan sonra

[3] Bu şəxsləri “Üsul xəbərlərinin Quran və əqllərə ərz edilməsi” kitabında tanıtdırmışam.

[4] “Allahdan başqa ilah yoxdur və müşriklər istəməsə də, dini Ona məxsus edərək yalnız Ona ibadət edirik!”

[5] Farsca “Məfatihul-Cinan”a baxılsın.

[6] “İqbalul-ə’mal”, Seyid ibn Tavus, s. 685, “Vəsailuş-Şiə”, c. 7, s. 380

[7] “Ənam”, 160, “Biharul-Ənvar” c. 94, s. 108

[8] “Vəsailuş-Şiə”, c. 7, s. 375, “Biharul-Ənvar”, c. 94, s. 73

[9] c. 4, s. 158

[10] “Əli hər yerdən üzülüb darda qalan şəxsə Pənah Verən”

[11] Allah Quranın “Nəml” surəsinin 62-64-cü ayələrində buyurur:

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَ يَكْشِفُ السُّوءَ وَ يَجْعَلُكُمْ خُلَفَاءَ الأَرْضِ أَإِلَٰهٌ مَعَ اللهِ قَلِيلاً مَا تَذَكَّرُونَ ﴿۶۲ أَمَّنْ يَهْدِيكُمْ فِى ظُلُمَاتِ الْبَرِّ وَ الْبَحْرِ وَ مَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ أَإِلَٰهٌ مَعَ اللهِ تَعَالَى اللهُ عَمَّا يُشْرِكُونَ ﴿۶۳ أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَ الأَرْضِ أَإِلَٰهٌ مَعَ اللهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ 

     Tərcümə: “(Allaha qoşduqları şəriklər xeyirlidir), yoxsa əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir ilahmı var? Siz niyə bu barədə az düşünüb-daşınırsınız? (62)

(Allaha qoşduqları şəriklər xeyirlidir), yoxsa qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yolu göstərən, küləkləri Öz rəhmətinin (yəni yağışın) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa ilahmı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından ucadır! (63)

(Allaha qoşduqları şəriklər xeyirlidir), yoxsa (məxluqatı) öncə yaradan, (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yəni yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa ilahmı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (64)

[12] Çox təəssüflər olsun ki, Şeyx Tusi də bu salavatı “Misbahul-mütəhəccid” kitabında yazmışdır. s. 760

[13] Bu şəxsi tanımaq üçün “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” kitabına müraciət edilsin. s. 119

[14] Əllamə Hellinin “Rical” əsəri, “Heydəriyyə”  mətbəəsi (Nəcəf), 2-ci cild, s. 256, 257

[15] “Həddi aşmaq” mənasını verən “qülüvv” (“ğülüvv”) kökündən alınmış “qali” (“ğali”) “həddi aşan, təyin edilmiş həddi keçən” mənasını verir. “Həddi aşanlar” mənasını verən “qaliyyə” (“ğaliyyə”) və ya “qulat” (“ğulat”) İslama mənsub olduqlarını iddia etdikləri halda dinin zəruri məsələlərindən birini və ya bir neçəsini inkar edən və ya inkarla nəticələnən bir tərzdə təvil edib (yozub) düz yoldan çıxan qruplara deyilir. Qulatlar əsasən Əli və onun övladları barəsində mübahisə edərək hədlərini aşmışlar. Belə ki, onları insanlıq mərtəbəsindən çıxarıb Allahlıq mərtəbəsinə qaldırmışlar. İmamlardan hər hansı birini ilaha bənzətdikləri kimi, İlahı da insana bənzətdikləri görünmüşdür. On iki imamçı şiə alimləri imamları ilahlaşdıran qulatların şiə olmasını qətiyyətlə təkzib etmiş və yekdilliklə onların küfrünə fitva vermişlər.

[16] “Bəqərə”, 23

[17] Dəfi-qait, ehtiyacı rəf etmək, bayıra getmək

[18] “Ərməğani-asiman” kitabından nəql olunmuşdur. s. 188-190, “Qulatın şərindən nicat yolu”, “Peyğəmbər vəhydən başqa bir şey bilmir” fəsli. Azacıq dəyişdirilmişdir.

[19] “Bəqərə”, 285

[20] Ruhlar dünyasının

[21] “Ənbiya”, 26

[22] “Ali-İmran”, 18

[23] “Ərməğani-asiman”, 190-cı səhifədən 194-cü səhifəyə qədər. Azacıq dəyişdirilmişdir.