RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

İndi isə şəban ayının üçüncü günü üçün zikr etdiyi mətləbləri nəzərinizə çatdıraq. Şeyx Abbas Qummi bu gün üçün Şeyx Tusinin “Misbahul-mütəhəccid” kitabından bir dua nəql etmişdir ki, onun ravisi ağlı yerində olmayan (müxtəllül-əql) İbn Əyyaşdır. Bildiyimiz kimi, onun nəql etdiyi rəvayətlər məqbul deyildir[1]. Bu rəvayətə əsasən İmam Həsən əl-Əskərinin vəkilliyini iddia edən Qasım ibn Əla’ əl-Həmdani iddia etmişdir ki, onun əlinə İmam Hüseynin şəban ayının 3-ü cümə axşamı günündə doğulduğu … bildirilən tövqi (imzalı yazılı məktub) çatmışdır. Bunlar istədikləri hər bir şeyi tövqi adı altında yaymışlar, çünki heç bir kəs tövqini yazanı görmürdü və xəttini də tanımırdı.

Bu duanın mətni də ravinin əqli cəhətdən geri qaldığını üzə çıxarır, çünki İmam Hüseyn barəsində deyir: “… Onun qətl olunmasının əvəzi odur ki, imamlar onun nəslindəndir, şəfa onun türbətindədir (qəbrinin torpağındadır), müvəffəqiyyət və qalibiyyət qayıdışında (rəc’ətində) onunla birlikdə olmaqdadır, onların (Ali-Mühəmmədin) Qaimindən və onun qeybətindən sonra vəsilər onun sülaləsindəndir ki, tamamilə onun qanını və intiqamını alsınlar!!! …” Mülahizə edirsiniz ki, Allahın İmam Hüseynin şəhadətinin əvəzi olaraq imamları onun nəslindən qərar verdiyini deyir! Amma şiələr deyirlər ki, Allah Peyğəmbər üçün imamları əvvəlcədən müəyyənləşdirmişdir və onların hamısının adı bir lövhədə yazılmışdır[2]. Halbuki bu duada yer alan sözlər və fikirlər o iddiaya ziddir və şiə alimləri də o iddianı rədd etməmişlər. Belə məlum olur ki, rəvayətlərin bir-birinə zidd olması ilə heç bir işləri yoxdur!

Buna əlavə olaraq deyir ki, Peyğəmbərin vəsiləri Qaimdən və onun qeybətindən sonra gələcəklər!!! Şiənin imamlarının və vəsilərinin Qaib[3] İmamdan sonra gələcəyini bildirmişdir!! Necə olub ki, şiə alimləri və mühəddisləri ağlına gələni danışan, mənasız fikirlər söyləyən bu boşboğazlara diqqət etməyiblər?! Bu duanı qondaranlar, deyəsən, şərafətli “Şahrahi-ittihad” (“İttihadın ana xətti”) kitabında (səhifə 219-dan 223-ə qədər) 9-cu hədis kimi qeyd olunan hədisi uyduranlarla eyni əqidəyə malikdirlər. Elə o hədisdə də Hüseyn ibn Əli ibn Süfyan əl-Bəzəvfərinin adı gözə dəyir.

Bu duada deyilir ki, şəfa İmam Hüseynin torpağındadır. Soruşuruq: şəfa nə üçün Peyğəmbərin torpağında deyildir?! Görəsən, Şeyx Abbas Qummi bilmir ki, torpaq yemək şər’i baxımdan haramdır və gigiyenaya ziddir?!

Bu duada mələk Futrusun gülməli hekayəsinə işarə olunmuş (“… Futrus onun beşiyinə pənah gətirdi. …”) və vəsilərin bütün bəşər üzərində höccət (dəlil və sübut) olduğu bildirilmişdir. Halbuki Quranda və “Nəhcülbəlağə”də bildirilir ki, Allah Rəsulundan sonra heç bir kəs höccət deyildir[4]. Bu duada həmçinin deyilir: “… Hüseyni babası Mühəmmədə bəxş etdiyin və Futrus onun beşiyinə pənah gətirdiyi kimi, biz də onun qəbrinə pənah aparır, … və onun qayıdışını (rəc’ətini) gözləyirik. …” Halbuki Allaha pənah aparmaq lazımdır. “Rəc’ət” əqidəsi də Qurana ziddir və həmin kəzzab (yalançı) ravilərin uydurduğu bir xurafatdır. Ravi deyir ki, İmam Hüseyn özünün son duasında onu qətlə yetirmək istəyənlərdən şikayət etmiş, Allahdan zəfər qazanmağı və xilas olmağını istəmiş və belə ərz etmişdir: “Allahım! Bizimlə qövmümüz arasında haqq ilə hökm et, çünki onlar bizi aldatdılar, bizə qarşı hiylə işlətdilər, bizi köməksiz qoydular, bizə xəyanət etdilər və bizi öldürdülər. … Bizim işimizin düyünlərini aç (işimizə zəfər əta elə) və bizə bir çıxış yolu əta eylə. …” Bu halda rövzəxanlar necə deyirlər ki, o Həzrət şəhid olmaq üçün Kərbəlaya getdi?! Həzrət Seyidüş-şühəda – Ona minlərlə salam olsun! – barəsində “Şəhidi-cavid” (“Əbədi şəhid”) kitabına, yaxud “Pərtui əz nehzəti-Hüseyni” (“Hüseyn hərəkatından bir işıq”[5]) kitabına müraciət olunsun.

(ardı var)

 

“Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından

Müəllif: Əllamə Burqui

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə

 

 

[1]“Ziyarət və ziyarətnamə”, s. 164, nömrə 76

[2] “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi”, s. 571-dən sonra

[3] Gözdən uzaq olan, olduğu yer məlum olmayan

[4] “Üsul xəbərlərinin Qurana və əqllərə ərz olunması”, s. 37

رُسُلاً مُبَشِّرِينَ وَ مُنْذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَ كَانَ اللهُ عَزِيزًا حَكِيمًا 

Allah-Taala “Nisa” surəsinin 165-ci ayəsində buyurur: “Biz peyğəmbərləri müjdə gətirən (mübəşşir) və əzabla qorxudan (münzir) olaraq göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri (höccət) qalmasın. …”

Əli əleyhissəlam “Nəhcülbəlağə”nin 90-cı xütbəsində (41-ci hissə) buyurmuşdur: “… Peyğəmbərimiz Mühəmmədlə Onun (Allahın) höccəti (dəlili) tamamlandı. …”

Yenə Həzrət Əmir (ə) “Nəhcülbəlağə”nin 133-cü xütbəsində (3-cü hissə) buyurmuşdur: “… Allah onunla (yəni Mühəmmədin peyğəmbərliyilə) vəhyi sona çatdırdı (xətm elədi). …”

[5] Hicri-qəməri təqvimilə 60-61-ci illərin (m. 683-684) hadisələrinin xülasəsi, Tərtibatçı: İffət Nəvvabinəjad, Naşir: “Fərhəngi-Quran”, Tehran, 1364