RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

İKİNCİ FƏSİLİN DAVAMI 

163-cü səhifədə[1] şəban ayının 15-ci gecəsinin fəziləti barəsində əqlə və Qurana zidd olan rəvayətlər gətirir və İmam Baqirin belə buyurduğunu deyir: “… Bu elə bir gecədir ki, Allah onu biz Əhli-Beyt üçün qərarlaşdırmışdır, necə ki Qədr gecəsini peyğəmbərimiz üçün qərarlaşdırmışdır. …”

Gərək deyilsin ki, əvvəla məgər İmama vəhy gəlir ki, Allah onun üçün bir gecə qərarlaşdırsın? İkincisi də odur ki, Qədr gecəsi bütün müsəlmanların, hətta müsəlmanların imamlarının gecəsidir. Artıq onlar (imamlar) üçün xüsusi bir gecənin qərarlaşdırılmasına ehtiyac yoxdur.

Həmin səhifədə deyir: “İmami-Zəman (Həzrət Mehdi) hicrətin 255-ci ilində bu gecənin səhərində Samərrada doğulmuşdur”. Halbuki Əllamə Məclisi “Biharul-ənvar” kitabında onun doğumu üçün başqa gecələr yazmışdır. 51-ci cildin 16-cı səhifəsində yazır: “Ramazan ayının cümə gecəsində doğulmuşdur”. 19-cu səhifədə yazır: “Bibisi Həkimədən rəvayət olunmuşdur ki, ramazan ayının 15-ci gecəsində doğulmuşdur”. 23-cü səhifədə yazır: “Ramazan ayının 24-də doğulmuşdur”. 15-ci səhifədə 8 şəbanda doğulduğunu nəql etmiş, 25-ci səhifədə şəban ayının 3-də doğulduğunu demiş, 24-cü səhifədə isə rəbiüləvvəl ayının 9-da doğulduğunu demişdir!!! Mənim fikrimcə, bütün bu rəvayətlər ravilərin qondarmalarıdır[2].

Həmin səhifədə deyir: “Bu gecənin ən fəzilətli əməli İmam Hüseyn əleyhissəlamı ziyarət etməkdir və bu əməl günahların bağışlanmasına səbəb olur. Kim 124.000 peyğəmbərin onunla (yəni ziyarətçi ilə) əl-ələ görüşməsini istəyirsə, bu gecə İmam Hüseyni ziyarət etsin. İmam Hüseyni ən azı belə ziyarət etmək olar ki, həmin gecə evin damına çıx, sağ və sol tərəfə bax, sonra başını asimana tərəf tut və bu kəlmələri oxumaqla onu ziyarət et: “Salam olsun sənə, ey Əbaəbdillah! Salam, Allahın rəhməti və bərəkəti sənin üzərinə olsun!” Kim harada olsa və hər hansı bir vaxt o Həzrəti bu şəkildə ziyarət edərsə, onun üçün həcc və ümrənin savabı yazılar!!”

Belə olan halda Şeyx Abbas Qummidən soruşuruq: haqqında bir çox Quran ayəsi nazil olan həccin əhəmiyyəti evin damında deyilən iki cümlə qədərdir?!!! Əgər belədirsə, zəhmət çəkib həccə niyə gedirik?!!! İki cümləni deməklə özümüzü xilas edək də!!! “Ziyarət və ziyarətnamə” kitabında bu kimi rəvayətlərin yalan olduğu sübuta yetirilmişdir.

Şeyx Abbas Qummi Şeyx Tusinin “Misbah”ından və Seyid ibn Tavusun “İqbalul-ə’mal”ından bir dua gətirmişdir ki, hər iki kitabda o duanın sənədləri yoxdur. Bu duada həmin gecənin Höccəti[3] və Möv’uduna[4] işarə edir. O zam sual edirik: Allah Quranın hansı surəsində, hansı ayəsində bu Höccəti və Möv’udu bizə tanıtdırmışdır? Siz məgər aşağıdakı ayələri oxumamısınız?

 فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرٰى عَلَى اللهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللهَ لاَ يَهْدِى الْقَوْمَ الظَّالِمِينَ 

Tərcümə: “… Heç bir həqiqi bilgiyə dayanmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı hidayət etməz!”[5]

  وَ لاَ تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ إِنَّمَا يَأْمُرُكُمْ  …أَنْ تَقُولُوا عَلَى اللهِ مَا لاَ تَعْلَمُونَ 

Tərcümə: “… Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-aşkar düşməndir. O sizə … Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər”[6].

Bu duada Qaibin (İmam Mehdinin) vəsfində elə sifətlər və xüsusiyyətlər saymışdır ki, belə məlum olur ki, hamısı onun öz fikridir. Çünki belə deyir: “(O və onun ataları) hər bir əsrdə gizli işlərdən xəbərdar olanlardır, ilahi əmrin valiləridirlər, Qədr gecəsində nazil olan şey onlara nazil edilir, həşrin və nəşrin (Qiyamətin) sahibləridirlər, vəhyin tərcüməçiləridirlər, Allahın əmrinin və nəhyinin valiləridirlər”. Nə üçün “əmrin valiləridirlər” cümləsini iki dəfə qeyd etmişdir? Qədr gecəsində vəhy və Quran nazil oldu və mələklər yerə endilər. Onlara (imamlara) da vəhy və mələk nazil olur?!!![7]

Bəndələrin Allahın ixtiyarında olan həşr[8] və nəşri[9] bu şəxslərin də ixtiyarındadır?!!! Halbuki müsəlmanların icmasına və Əmirülmöminin Əli əleyhissəlamın sözünə əsasən Allah Rəsulundan sonra vəhy kəsilmişdir. Artıq heç kəsə, o cümlədən imamlara heç bir şey nazil olmur, istər Qədr gecəsində olsun, istərsə də başqa bir gecədə. Həm də həşr və nəşr Allaha aiddir və Onun qüdrəti ilə həyata keçəcəkdir, imamlarla heç bir bağlılığı yoxdur. Həşr və nəşri imamlara nisbət vermək küfrdür və o böyük şəxsiyyətlərlə düşmənçilikdir.

163-cü səhifədə günahların yüngülləşməsinə səbəb olan bir qüsl qeyd etmişdir! Lakin o hədisin ravisi Əhməd ibn Hilal Əbərtai adlı zəif bir şəxsdir[10].

169-cu səhifədə[11] “Şəban ayının son gecəsinin əməlləri” bölməsində Haris ibn Müğeyrə Nəzri vasitəsilə Həzrət Sadiqdən nəql olunmuş yaxşı bir dua yazmışdır. Əvvəldə dediyimiz kimi Mərhum Nəcaşi Harisin çox etimadlı bir şəxs olduğunu qeyd etmişdir. Biz həmin duanın tərcüməsini sizə təqdim edirik. Qoy əziz oxucular bilsinlər ki, böyük imamlar, o cümlədən Həzrət Sadiq (ə) məsum olduğunu iddia etməmişdir:

“Ey Allahım, insanları hidayət edən, hidayətin və haqla batili bir-birindən ayırmağın aşkar dəlillərindən ibarət olan Quranın nazil olduğu bu mübarək ay gəlib çatmışdır. Elə isə, bizi bu ayda salamat et və onu bizim üçün salamat et, onu asanlıqla və salamatlıqla bizdən təhvil al. Ey o kəs ki azı qəbul edirsən və çoxu (çoxlu əməlləri) dəyərləndirirsən, bu az miqdarı məndən qəbul et.

Ey Allahım, Səndən istəyirəm ki, xeyir işlər üçün mənim üzümə yol açasan və məni bəyənmədiyin işlərdən uzaqlaşdırasan. Ey rəhimlilərin ən rəhimlisi, ey o kəs ki məni və xəlvətdə etdiyim günahları əfv etdin, ey o kəs ki məni işlətdiyim günahlara görə cəzalandırmadın, əfv et, əfv et, əfv et, ey Kərim! İlahi, Sən mənə nəsihət etdin və mən qəbul etmədim, Sən məni haramlardan çəkindirdin və mən o yoldan çəkinmədim, elə isə, mənim üzrüm nədir?! Əfv et məni, ey Kərim, əfv et, əfv et.

Ey Allahım, Səndən ölüm vaxtı rahatlıq və Qiyamətdə əfv istəyirəm; bəndənin günahı böyükdür, lakin əfv etmək Sənin tərəfindən gözəldir; ey qorxub çəkinməyə layiq olan və ey bağışlamağa layiq olan, əfv et, əfv et.

Ey Allahım, mən Sənin bəndənəm, Sənin qulunun və kənizinin övladıyam, zəifəm və daim Sənin rəhmətinə möhtacam; Sənsən sərvət və bərəkəti bəndələrə nazil edən, Sənsən qüvvətli və qüdrətli; Sən onların əməllərini hesaba aldın və ruzilərini böldün; onları müxtəlif dillərdə və rənglərdə yaratdın, bəndələrin xəlqindən sonra bir xəlq; bəndələr Sənin elmini bilməzlər və Sənin məqamını tanıya bilməzlər; bizim hamımız Sənin rəhmətinə möhtacıq, elə isə, məndən üz döndərmə, məni rəftarda, arzuda, qəza-qədərdə layiqli bəndələrindən qərar ver.

Ey Allahım, məni dostlarına dost və düşmənlərinə düşmən olmaqda ən yaxşı tərzdə yaşat və öldür, həmçinin məni Sənə rəğbət bəsləməkdə, Səndən qorxmaqda, Sənə əyilməkdə, sədaqətli olmaqda, təslim və tabe olmaqda, Sənin Kitabını qəbul etməkdə və Sənin Elçinin Sünnəsinə itaət etməkdə ən yaxşı tərzdə yaşat və öldür.

Ey Allahım, mənim qəlbimdə olan şəkk, tərəddüd, inkar, naümidlik, şadlıq, təkəbbürlülük, hörmətsizlik, xudbinlik, riyakarlıq, şöhrətpərəstlik, uyğunlaşmamaq, münafiqlik, küfr, fasiqlik, üsyankarlıq, özünü böyük bilmə, (ümumiyyətlə,) Sənin bəyənmədiyin hər bir cəhəti, ey Rəbbim, Səndən istəyirəm ki, (bütün bu mənfi cəhətləri) Sənin vədinin təsdiqinə, əhd-peymanına vəfadarlığa, təqdiratına razılığa, dünyada zahidliyə, Sənin dərgahında olanlara rəğbətə, fəzilətə, aramlığa və xalis tövbəyə çevirəsən. Bunu Səndən istəyirəm, ey aləmlərin Rəbbi.

İlahi, helminə görə Sənə asi olurlar, kərəminə və səxavətinə görə Sənə itaət edirlər, elə isə, sanki Sənə itaətsizlik olunmayıb, mən və Sənə asi olmayanlar Sənin yer üzündə sakinik; elə isə, fəzlinə xatir bizə bəxş edən ol və xeyiri bizə geri qaytar, ey rəhimlilərin ən rəhimlisi. Allahın salamı olsun Mühəmmədə və onun xanidanına: daimi bir salam ki, saya-hesaba gəlməsin və Səndən qeyri kimsə onun qədərini bilməsin, ey rəhimlilərin ən rəhimlisi”. 

(İKİNCİ FƏSİLİN SONU) 

“Məfatihul-cinanın Quranla ziddiyyəti” kitabından

Müəllif: Əllamə Burqui

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə 

 

 

[1] “Yeni Məfatih – Dualar, namazlar, ziyarətlər”, s. 652

[2] Əllamə Burquinin “Üsul xəbərlərinin Qurana və əqllərə ərz olunması”, (623-cü səhifədən 641-ci səhifəyə, 794-cü səhifədən 808-ci səhifəyə qədər) və “Mehdi hədislərinin elmi araşdırılması” kitablarına müraciət olunsun.

[3] Dəlil. İmam Mehdi nəzərdə tutulur.

[4] Vəd olunmuş. İmam Mehdi nəzərdə tutulur.

[5] “Ənam”, 144

[6] “Bəqərə”, 168, 169

[7] “Üsul xəbərlərinin Qurana və əqllərə ərz olunması” kitabında “Üsuli-Kafi”nin 99-cu babı barəsində yazdıqlarımıza müraciət etmək faydalı olardı. s. 521-dən 525-ə qədər

[8] Qiyamət günü bəndələrin bir yerə yığılması

[9] Qiyamətdə bütün ölülərin dirilməsi

[10] Bu şəxsi tanımaq üçün “Üsul xəbərlərinin Qurana və əqllərə ərz olunması” kitabının 428-ci səhifəsinə və “Ziyarət və ziyarətnamə” kitabının 128-ci səhifəsinə müraciət olunsun.

[11] “Yeni Məfatih”, s. 661, 662