SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN
SEYİD ƏLİ XAMƏNƏİNİN DİNİ RƏHBƏRLİYİNƏ
QARŞI ÇIXMASI (1)
Məqalənin xülasəsi: Seyid Əli Xamənəinin öz hövzə ustadlarının heç birindən ictihad icazəsi yoxdur. Ayətullah Xomeyni tərəfindən də Seyid Əli Xamənəinin ictihadını təsdiq edən heç bir yazılı sənəd yoxdur.
Ayətullah Müntəziri 1376-cı il 23 aban (m. 1997-ci il 14 noyabr, h. q. 13 rəcəb 1418) tarixində etdiyi tarixi nitqində iki dərin fiqhi problemi müzakirə edir;
- Biri Ali Rəhbərin ə’ləmiyyətinin şərt olması zərurəti;
- Digəri isə rəhbər şəxsdə mərcəiyyət şərtlərinin olmamasıdır.
O, hər şeydən əvvəl bildirir ki, Ağayi-Xamənəinin fiqhi ə’ləmiyyəti olmadığına görə onun vəlayəti (hakimiyyəti) və rəhbərliyi sağalmaz şər’i problemlərdən əziyyət çəkir. İkinci, onun mütləq ictihadı və fitva vermə səlahiyyəti olmadığına görə, onun mərcəiyyət (dini rəhbərlik) iddiasını “şiə dini rəhbərliyinin hörmətdən düşməsi” kimi elan edir.
Seyid Mühəmmədhüseyn Fəzlullah da Ruhullah Xomeyninin vəfatından və Seyid Əli Xamənəinin rəhbər seçilməsindən sonra İran rəhbərinin (Ağayi-Xamənəinin) mərcə’liyi (dini rəhbərliyi) məsələsi ilə müxalifət etmiş və Tehranla olan əlaqəsi uzun müddət gərgin olmuşdur. Seyid Fəzlullah onu İran İslam Respublikasının rəhbəri kimi tanısa da, dünya müsəlmanlarının vəliyyi-əmri (lideri), yaxud dünya şiələrinin rəhbəri hesab etmirdi. Seyid Əli Xamənəi Seyid Fəzlullahın nüfuzunu və dini rəhbərliyini Livan “Hizbullah”ı və Livan şiələri arasında özünün siyasi nüfuzuna maneə kimi görürdü. Ona görə də onun ictihad gücünə sahib olmadığını, hətta bid’ətçi və şiəliyin məşhur fikirlərinə zidd olan fikirlərə sahib olduğunu göstərməyə çalışırdı.
Seyid Mühəmmədhüseyn Fəzlullah İran İslam Respublikası və Seyid Əli Xamənəi ilə olan problemləri barəsində belə demişdir: “Bəziləri mənə demişdir ki, problem sənin fikirlərin və fitvaların deyildir, əksinə məsələ Küveyt dinarı və Səudiyyə rialıdır. Mümkündür ki, sən öz dini rəhbərliyin vasitəsilə bu pulları öz tərəfinə çəkəsən. Məhz buna görə mənim dini rəhbərliyimi bir təhlükə hesab edirdilər. İkinci məsələ dini rəhbərin ərəb olması məsələsi idi. Bir çoxlarının dini rəhbərin ərəb olmasından xoşu gəlmirdi. Üçüncüsü isə mənim dini rəhbərliyim Xamənəinin mərcəiyyəti (dini rəhbərliyi) üçün bir təhlükə idi, çünki mənim mədəni və siyasi görüşlərim onun görüşlərindən daha açıq idi. Çoxu istəyirdi ki, dini rəhbərlik İranda qalmış olsun. Hətta Ağayi-Sistaninin dini rəhbərliyi ilə İrakın xüsusi siyasi şərtlərinə görə çarəsizlikdən razılaşmışdılar”[1].
Seyid Mühəmmədhüseyn Fəzlullah Seyid Əli Xamənəinin fəqih olmadığına inanırdı. O, bəzən xatırladırdı ki, Ruhullah Xomeyninin vəfatından əvvəl şəxsən özü Xamənəidən eşitmişdir ki, o (yəni Xamənəi), musiqi kimi bəzi fiqhi məsələlərdə Ayətullah Müntəzirinin fikrinə tabedir. Seyid Fəzlullah deyirdi: “Ayətullah Xomeyninin vəfatından əvvələ qədər bəzi məsələlərdə müqəllid olmuş bir şəxs necə oldu ki, gözlənilmədən şiələrin mərcəi-təqlidi oldu?”
O, bu mövzunu siyasi bir mövzu hesab edirdi və belə düşünürdü ki, bir fiqhi mövzunu siyasiləşdirmək mərcəiyyət (dini rəhbərlik), onun tarixi və ənənəvi məqamı üçün zərərlidir. O, İran tərəfindən ona göstərilən təzyiqlərə baxmayaraq, Seyid Əli Xamənəinin fiqhi məqamının və vəlayətinin təsdiq edilməsi barəsində heç vaxt danışmamışdır.
BEYRUTDA AYƏTULLAH FƏZLULLAHIN MÜXALİFƏTİ
Bu babda dörd mövzu tənqidi şəkildə araşdırılır:
- Fəzlullahın fiqhi məqamı və siyasi mövqeləri;
- Ayətullah Xomeyninin vəfatından sonra Livanda şiə dini rəhbərliyi;
- Fəzlullahın istidlali və fitvai fiqh sahəsində yazdığı əsərləri;
- Fəzlullaha qarşı dini təəssübkeşliyin və siyasi gücün xoşagəlməz əlaqələndirməsi.
Birinci mövzu: Fəzlullahın fiqhi məqamı və siyasi mövqeləri
Mərhum Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah h. q. təqvimi ilə 19 şəban 1354-cü ildə (m. 16 noyabr 1935-ci ildə) Nəcəfdə anadan olmuş və 1966-cı ildən ömrünün sonuna kimi Beyrutda yaşamışdır. O, Livanda mərhum Ayətullah Xoinin səlahiyyətli vəkili olmuş və Beyrutda İslam Şəriəti İnstitutunun əsasını qoymuşdur. Seyid Fəzlullah müasir Livanın ən görkəmli şiə fəqihi olmuş və sionist qəsbkarlara qarşı müqavimət xəttinin simvollarından biri olmuşdur. Fəzlullahın 45 illik fəaliyyətinin nəticəsi Beyrutda dərrakəli şiələrin yeni nəslinin yetişdirilməsidir. Fəzlullah məktəbinin məzunları son yarım əsrdə Livanın ən mühüm dini, ictimai və siyasi liderləridir. Onun fiqh və üsul elmləri sahəsində dərsi-xaricin tədris olunmasında bir neçə onillik təcrübəsi var idi.
Ustadı Ayətullah Xoinin Nəcəfdə vəfatından sonra Fəzlullah ərəb dünyasında, ələlxüsus Livan və Suriyada dindar gənc nəsil arasında (Nəcəf və Qumun ənənəvi hövzələrində yox) şiə dini rəhbərliyinin müdrik namizədlərindən biri kimi müzakirə olunurdu.
Onun ənənəvi fiqhi və üsuli mirası bilməklə yanaşı müasiri olan dini rəhbərlərin əksəriyyətində görünməyən üç xüsusiyyəti də var idi:
- Yeni fiqhi fitvanı və etiqadi rəyi və yeni tarixi anlayışı ifadə etmə cəsarəti;
- Müasir dünya ilə tanışlıq;
- Heç bir məzhəbi təəssübkeşliyin olmaması, dini dözümlülüyə sahib olması və söhbətcil olması.
Həqiqətən də, Fəzlullah müasir gənc dini rəhbərlər arasında zəmanəyə uyğun fitvalar verməkdə ən yenilikçi və çağdaş dünyanın siyasi, ictimai və iqtisadi mürəkkəbliklərinə daha çox bələd olanlardan biri idi. O, müasir islamşünaslar arasında şiə etiqadi məsələləri sahəsində onların ən müxalif olanlarının zümrəsinə daxil idi.
İşğal edilmiş Fələstinin məzlum xalqının hüquqlarını şiddətlə müdafiə edən və ABŞ-ın Orta Şərqdəki təcavüzkar siyasətinə qarşı çıxan Fəzlullahın aydın siyasi mövqeyi onu Livanda, bəlkə, bütün ərəb dünyasında ən görkəmli azadlıq və müqavimət dini rəhbərinə çevirmişdi. Livan Hizbullahının rəhbərləri və korpusu onun tələbələri və şagirdləri olmuşlar.
Seyid Fəzlullah sağlığında Ayətullah Xomeyninin şiə dünyasındakı siyasi rəhbərliyini qəbul etmişdi.
Onun Ayətullah Müntəziri ilə yaxşı münasibətləri olub.
Ağayi-Xamənəiyə gəlincə onu İran İslam Respublikasının rəhbəri kimi tanısa da, dünya müsəlmanlarının vəliyyi-əmri (lideri), yaxud dünya şiələrinin rəhbəri hesab etmirdi. Ən əsası isə o, heç bir vaxt Ağayi-Xamənəinin mərcəiyyətini (dini rəhbərliyini) qəbul etməmişdir. Seyid Fəzlullah Ağayi-Xamənəinin mərcəiyyətinin (dini rəhbərliyinin) iranlı olmayan ən mühüm tənqidçisi olub.
İkinci mövzu: Ayətullah Xomeyninin
vəfatından sonra Livanda şiə dini rəhbərliyi
Ayətullah Seyid Fəzlullah Muna Sukəriyyəyə verdiyi ətraflı müsahibəsində (2007-ci ildə dərc edilib.) Ayətullah Xomeyninin vəfatından sonra Livanda şiə dini rəhbərliyi, İran İslam Respublikası qüvvələrinin mərcəiyyət (dini rəhbərlik) işinə müdaxiləsi, dini rəhbərlik barəsində Livan Hizbullahının mövqeləri, Ağayi-Xamənəinin baxışı və İran rəhbərinin öz mərcəiyyəti ilə üzləşmə metodu barəsində mühüm məqamları bəyan etmişdir. Bu müsahibənin bəzi başlıqlarının tərcüməsi belədir.
Seyid Fəzlullah mərcəiyyət (dini rəhbərlik) məsələsində Hizbullahla olan ixtilafını belə izah edir: “Hizbullahdakı qardaşların diqqəti İrana yönəlmişdi. İranda isə elə şəxslər var idi ki, müstəqil şəxs istəmirdilər, hətta həmin şəxs dini rəhbərliyin başında olsa da və onlar tərəfindən dəstəklənsə də. Onlar dini rəhbər kimi qondarıb ortaya çıxardıqları dini rəhbər olmayan bir şəxs üçün mənim dini rəhbərliyimi təhlükə görürdülər. …
Hizbullahdakı qardaşların mənim dini rəhbərliyimə qarşı mənfi mövqe tutması təbii idi. Bu da İrandakı bəzi xətlərlə uyğun gəlirdi”[2].
“İslam Respublikasının mənimlə mənfi münasibəti o zaman başladı ki, bir tərəfdən adım dini rəhbərlər arasında qeydə alındı, digər tərəfdən İranda bəzi xətlər mənim mərcəiyyətimi (dini rəhbərliyimi) Ağayi-Xamənəinin mərcəiyyətinə maneə kimi gördü. Buna görə də mənim mövqeyimi ictimaiyyətin gözündən salmağı planlaşdırdılar. Bu məqsədə çatmaq üçün bəzi fikirlərim və düşüncələrimə görə mənə qarşı mövqe tutanları təşviq etməkdən, Hizbullahın rəhbərlərini və üzvlərini hər vasitə ilə mənə qarşı qızışdırmaqdan tutmuş başqa bir çox mənfi üsullara əl atdılar. Mənə qarşı mənfi mövqedə olan hər kəsi təşviq edirdilər. Həm də mən müstəqil idim və tabeçilik göstərmirdim. İran İslam İnqilabını dəstəkləməyimə baxmayaraq, sırf ona tabe deyildim, özümün xüsusi düşüncələrim var idi ki, onların bir neçəsi İslam İnqilabının bəzi xətləri ilə kəsişir və bəziləri isə bir-biri ilə üst-üstə düşmürdü”[3].
“Çox təbii haldır ki, indi İran, ələlxüsus Ağayi-Xamənəinin nöqteyi-nəzərindən məqsədə uyğun olaraq hesab edir ki, İranın vəlayəti-fəqih nəzəriyyəsinə köklənməsi etibarilə dini rəhbərlik İranda olsun. Onların nöqteyi-nəzərindən dini rəhbər (mərcə’) vəlayəti-fəqihin müdafiəçisi olmalıdır. Belə bir şey o vaxt həqiqət tapa bilər ki, dini rəhbər (mərcə’) həmin İran dairəsinin, Qum Hövzəsinin mühasirəsində olsun, istər vəliyyi-fəqih olsun, istərsə də vəlayəti-fəqihin müdafiəçilərindən olsun. Bu həmin məqamda məsələnin aydınlaşdırılmasıdır. Lakin İran hökuməti dini rəhbərliyin Qumda olmasını zəruri hesab etməklə yanaşı siyasi əsaslarla Nəcəf dini rəhbərliyini də təsdiq edir. Biz bu vəziyyəti onlar Ağayi-Sistanini təsdiq edəndə gördük. Çünki İrakdakı şəraiti, xüsusən də oradakı şiələrin vəziyyətini tarazlaşdırmaq üçün ona ehtiyacları var idi”[4].
Araşdırma:
a) Ağayi-Xamənəi dövründə İran İslam Respublikası tərəfindən təsdiq edilmiş dini rəhbərlik üçün zəruri şərt İran sakini olmaq, ikincisi vəlayəti-fəqihin müdafiəçisi olmaq, üçüncüsü və ən əsası dini rəhbərin sırf tabeçi olması və müstəqil olmamasıdır. O, ə’ləm dini rəhbər olsa da belə, müstəqil dini rəhbəri qəbul etmir. O, təsdiq olunmuş müstəqil dini rəhbərlə də razılaşmır, sırf tabeçilik istəyir.
b) Livan Hizbullahı mərcəiyyət (dini rəhbərlik) məsələsində sırf İslam Respublikasının diktə etdiyi siyasətlərə tabe olmuş və ona əsaslanaraq Seyid Fəzlullahın mərcəiyyətinə (dini rəhbərliyinə) qarşı çıxıb İran hökumətinin aləti kimi onun mövqeyini məhv edib zəiflətməyə çalışmışdır.
c) İran İslam Respublikası Seyid Fəzlullahın dini rəhbərliyini Ağayi-Xamənəinin dini rəhbərliyi üçün təhlükə kimi qiymətləndirmişdir. Fəzlullahın mərcəiyyətinin qeydə alınması ilə İslam Respublikası onu gözdən salmağı planlaşdırmışdır. Bu dağıdıcı proqram üç yanaşmaya əsaslanırdı:
- Fəzlullahın hər hansı bir müxalifini istənilən yolla həvəsləndirmək;
- Fəzlullahın fikir və düşüncələrinə qarşı çıxanları müstəsna olaraq təşviq etmək;
- Hizbullah liderlərini və korpusunu ona qarşı qızışdırmaq.
(ardı var)
Mənbə: “Şiə dini rəhbərliyinin hörmətdən düşməsi”, 10-cu fəsil, s. 122-127
Müəllif: Möhsün Kədivər
[1] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, s. 69
[2] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 159
[3] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 162
[4] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 163