SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN
SEYİD ƏLİ XAMƏNƏİNİN DİNİ RƏHBƏRLİYİNƏ
QARŞI ÇIXMASI (2)
Üçüncü mövzu: Fəzlullahın istidlali və
fitvai fiqh sahəsində yazdığı əsərləri
Fəzlullah əsərləri çox olan bir alimdir. İslam elmlərinin müxtəlif sahələrinə aid onlarla müəllif əsərləri ilə yanaşı, o, həm də istidlali fiqhdə məhsuldar təcrübəyə malikdir. Onun fiqhi tədqiqatları və fiqhdən keçdiyi dərsi-xariclərinin şagirdləri tərəfindən yazıldığı və 1374-cü (m. 1995-ci) ildən bəri nəşr olunduğu təqrirləri 25 cilddən çoxdur. Aşağıdakı əsərləri buna misal göstərə bilərik:
- “Kitabul-cihad” (“Cihad” kitabı);
- “Kitabun-nikah” (“Nukah” kitabı);
- “Kitabul-ət’imə vəl-əşribə” (“Yemək və içmək kitabı”);
- “Kitabul-vəsiyyə” (“Vəsiyyət” kitabı);
- “Fiqhul-icarə” (“İcarənin fiqhi hökmləri”);
- “Fiqhul-məvaris vəl-fəraiz” (“İrsin fiqhi hökmləri”);
- “Fiqhul-qəza” (“Qəzavətin fiqhi hökmləri”);
- “Fiqhuş-şirkə” (“Şərikliliyin fiqhi hökmləri”);
- “Fiqhul-həcc” (“Həccin fiqhi hökmləri”);
10“Fiqhut-təlaq” (“Talağın fiqhi hökmləri”);
- “əl-Yəmin vəl-əhd vəl nəzr” (“And, əhd və nəzir” kitabı);
- “Səlatul-cumuə” (“Cümə namazı”);
- “əl-Büluğ” (“Həddi-büluğa çatma”);
- “Qaidətu-la zərərə və la zirarə” (“Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur” qaydası haqqında risalə) və s.
Fitvai fiqhdə ən azı beş kitabı nəşr edilmişdir:
- “Dəlilul-mənasik” (“Həcc kitabçası”) (1374 – m. 1995);
- “əl-Məsailul-fiqhiyyə” (“Fiqhi məsələlər”) (1375 – m. 1996);
- “əl-Fətavəl-vadihə” (“Açıq-aydın fitvalar”) (1376 – m. 1997);
- Üç cilddən ibarət ən mühüm fitva kitabı “Fiqhuş-şəriə” (“Dərindən düşünülmüş şəriət”) (1377 – m. 1998);
- Və nəhayət, “Əhkamuş-şəriə” (“Şəriət hökmləri”) (1382 – m. 2003).
Fəzlullahın dini mövzularda yazdığı əsərləri arasında Quran-kərimə aid çoxsaylı əsərlərlə yanaşı üç kitabı da var:
- “Peyğəmbərlərin məsumluğunda müraciətlər”;
- “Təkvini (kosmik) vəlayət”;
- “Cənnət yalnız müsəlmanlar üçündürmü?”
Bu diqqətəlayiqdir. Seyid Fəzlullah Əhli-Beytin təlimlərini izah edərkən bir neçə əsər yazmışdır: “Qədir ətrafında İslam nəzəriyyəsi”, “Haqqın ölçüsü – Əli”, “Zəhra – nümunəvi qadın”, “Əhli-Beytin həyat tərzi”, “Kumeyl duasının şərhi” və “Səhifeyi-Səccadiyyənin şərhi”.
Dördüncü mövzu: Fəzlullaha qarşı dini təəssübkeşliyin
və siyasi gücün xoşagəlməz əlaqələndirməsi
Fəzlullahın dini rəhbərliyinin Xamənəinin dini rəhbərliyinə mane olması barədə dəqiq fikir söylənildiyi vaxt Fatimeyi-Zəhranın (ə) başına gələn hadisələrə və imamların təkvini (kosmik) vəlayətinə yenidən baxış keçirilməsində Fəzlullahın fərqli fikirləri ənənəvi dini rəhbərləri ona qarşı yönəltmək, onun şəxsiyyətini məhv etmək və iğtişaş yaratmaq üçün yaxşı bir bəhanə kimi müəyyənləşdirildi. Siyasi hakimiyyət və dini təəssübkeşlər əl-ələ verdi və beləliklə də, Fəzlullahın ictihadı və şiəliyi şübhə altına alındı!
Qüds Qüvvələri[1] ilə əməkdaşlıqda ittiham olunan şübhəli hərəkat Qum və Nəcəf alimlərindən Seyid Fəzlullahın şiə əqidəsinin doğruluğunu soruşur. Bu cür mütəşəkkil, təşkil olunmuş suallar h. q. təqvimi ilə 1411-ci ilin ramazan ayından (h. ş. 27 esfənd 1469, m. 18 mart 1991) başlayır.
Bu suallara mərhum Ayətullah Fazil Lənkərani 1372-ci ilin bəhmən ayında (m. 1994 yanvar ayı), mərhum Ayətullah Bəhcət isə 1375-ci ilin aban ayında (m. 1996 oktyabr ayı) cavab verir.
Lakin mərhum Ayətullah Mirzə Cavad Təbrizinin 27 zilhiccə 1417 (h. ş. 15 ordibeheşt 1376, m. 5 may 1997) tarixli hökmü məsələyə başqa ölçü verir: “Mən dəfələrlə qeyd etmişəm ki, (S. M. Fəzlullah) zall və muzildir (yəni özü azğındır və başqalarını da azdırır). Onu və əsərlərini təbliğ etmək, kitablarını oxumaq icazəli deyildir. Azğın olduğuna və ictihadı da sübuta yetmədiyinə görə ona təqlid etmək olmaz. Hər bir möminin məzhəbin haqq əqidələrini müdafiə etməsi və bu cür fikirlərə qail olan möminləri agah etməsi vacibdir ki, onlar azğın ruhaninümaların (yalançı ruhanilərin) təsiri altına düşməsinlər!”
Mərhum ustad Ayətullah Təbrizi, əlbəttə, ömrünün axırına qədər Ağayi-Xəmənəinin ictihadı və hökumətin Hövzəyə və mərcəiyyətə (dini rəhbərliyə) müdaxiləsi barəsində bir kəlmə də danışmamışdır.
Ayətullah Vəhid Xorasani də 1376-cı ilin mehr ayında (m. 1997 sentyabr) Fəzlullahın zəlalətdə olduğunu təsdiq etmişdir. Ağayi-Xamənəi də sualın fərz olunan hissəsində (Fəzlullahın mərcəiyyət və ictihadında problemin olması təsəvvürü) Fəzlullaha təqlid etməkdən vaz keçməyi doğru hesab etmişdir[2].
Ayətullah Müntəziri əksər dini rəhbərlərdən fərqli olaraq Fəzlullahı nəinki təfsiq etməmiş, hətta o ağır mühitdə onun elmini və xidmətlərini tərifləmişdir. O, Fəzlullahın mərcəiyyəti (dini rəhbərliyi) və fikirləri ilə bağlı verilən həmin şübhəli suallardan birinə belə cavab yazmışdır: “Həzrət Ayətullah Fəzlullah Beyrutda İslama xidmət edən müctəhid alimdir və onun elmindən və kitablarından istifadə olunur!” (h. ş. 22 fərvərdin 1384-cü il – m. 11 aprel 2005-ci il)
Ayətullah Müntəzirinin Fəzlullahı müdafiə etməsi məzhəbi təəssübkeşliyin və siyasi gücün xoşagəlməz birləşməsinə ağır gəldiyi üçün verilən cavaba şübhə ilə yanaşdılar və rəsmi olaraq bu barədə Ayətullah Müntəziridən izahat istədilər! Ayətullah Müntəziri də ona təzyiq göstərənlərə cəsarətlə belə bir cavab yazmışdır: “Möhürümlə möhürlənmiş mənimdir və mən onu öz elmim və əqidəmlə yazmışam!” (h. ş. 31 fərvərdin 1384-cü il – m. 20 aprel 2005-ci il)
Bir müddət sonra Ayətullah Müntəziridən yenidən Fəzlullah haqqında soruşulduqda onu bir daha dəstəkləmişdir: “Müəzzəmun ləh (Seyid Fəzlullah) İslam alimlərindəndir və müxtəlif sahələrdə çoxsaylı əsərləri vardır. Heç bir müsəlmanı, qalmışdı hələ alimlər olsun təhqir etmək icazəli deyildir!” (h. ş. 30 bəhmən 1386-cı il – m. 19 fevral 2008-ci il)
Əlbəttə, Fəzlullahın Hizbullah və İslam Respublikası ilə münasibətləri son vaxtlar müəyyən qədər yaxşılaşmışdı. Lakin Fəzlullah Ağayi-Xamənəinin dini rəhbərliyini ömrünün axırına kimi qəbul etməmiş və məzhəbi təəssübkeşliyin və siyasi gücün həmin şübhəli cərəyanı da Fəzlullahı təkfir və təfsiq etməkdən əl çəkməmişdir. Fəzlullah ona qarşı olan bu məzhəbi cərəyandan sonra heç vaxt İrana səfər etməmişdir.
Mənbə: “Şiə dini rəhbərliyinin hörmətdən düşməsi”, 10-cu fəsil, s. 122-127
Müəllif: Möhsün Kədivər
[1] İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdəki bölməsi
[2] Həmin şübhəli cərəyan internetdə mərhum Ayətullah Fəzlullaha qarşı “zalalnet” adlı inter saytı yaradıb ki, bu da bir çox şiə fəqihlərinin və dini rəhbərlərinin dözümsüzlüyünün sübutudur. İran İslam Respublikasına yaxın yazıçı Cəfər Mürtəza Amili Fəzlullahın fikirlərini tənqid edən “Zəhra faciəsi, şübhələr və cavablar” adlı iki cildlik kitab yazmışdır. (1997-ci il) Fəzlullaha qarşı düşmənçiliklə bağlı bu kitabı oxumaq lazımdır: “Ayətullah S. M. Fəzlullah heç vaxt batmayan günəşdir, həyatı, mövqeləri haqqında deyilənlər, etirazlar, cavablar, dini və siyasi müxalifləri” (Mustafa Sübhi Xızır və Mehdi Xəlil Cəfər, 2010-cu il)