(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti)  

TƏHLİLİ MÜQƏDDİMƏ 

(ANALİTİK GİRİŞ) 

KİTABIN İKİNCİ REDAKTƏSİ

Bu kitabın ilk redaktəsi “Ayətullah Azəri Qumminin müsibətinin yada salınması” risaləsinin dördüncü fəsli kimi “Cers” saytında və müəllifin şəxsi internet saytında silsilə məqalələr şəklində nəşr edilmişdir. Əvvəlki materiallara bəzi yeni materiallar, mənbələr və sənədlər əlavə edilmişdir. Kitabdakı bütün məlumatlar araşdırılmışdır. Kitab fəsillərə ayrılmışdır. Təhlili müqəddimə (analitik giriş), iki əlavə, şəkillər və sənədlər albomu, mətləblərin ətraflı mündəricatı və ingilis dilində kitabın xülasəsi (annotasiya) ikinci redaktənin digər əlavələri sırasındadır.

Kitabın mənbə və qaynaqlarını toplamaq çox vaxt aparmışdır. Müəllif çalışmışdır ki, əsassız iddialar irəli sürməsin. Bununla belə, insan əməyi xətasız və nöqsansız deyildir. Əminəm ki, bu araşdırma ölkə daxilində (yəni İranda) aparılsaydı, daha çox mənbə və sənədlər tapılardı. Fəzilət sahiblərindən xahiş olunur ki, öz təklif və tənqidlərini münasib hesab etdikləri hər bir şəkildə – ümumi, yaxud xüsusi şəkildə müəllifə bildirsinlər. Bu araşdırmanı tənqid etmək və onun tapıntılarını çox xırdalıqlarına qədər şərh etmək İranın müasir tarixinə, şiəliyin və müəllifin son düşüncəsinə xidmətdir.

Kitabın ilk redaktəsinin əlyazmasını nəşr olunmazdan əvvəl fəzilət əhli dostlardan on iki nəfər oxumuş və müəllifə dəyərli təkliflər vermişlər. Lakin dini istibdadın boğması getdikcə artdığına görə heç biri, hətta xaricdə yaşayan yaxınları belə, adlarının çəkilməsini istəməmişdir. Bu dostların hər birinə səmimi təşəkkür etməyi özümə borc bilirəm.

Bəzi qəzetlərin nüsxəsi tələbələrdən birinin sayəsində, kitablardan biri isə dostların vasitəsilə əldə edilmişdir. Kitab halında təshih, səhifələmə və hazırlama zəhmətini başqa bir gənc dostum çəkmişdir ki, eyni səbəbdən onun da adını çəkmək istəmirəm. Onlara da ürəkdən minnətdaram! Arzu edirəm ki, İranda azadlıq və sərbəstlik o həddə çatsın ki, ölkədə bu kimi kitablar kağız üzərində çap olunsun və müəllif bu kitabı və buna bənzər kitabları yazdığına görə qanuni və şər’i haqlarından, o cümlədən öz ölkəsində yaşamaq haqqından məhrum olmasın!

KİTABIN ÜÇÜNCÜ REDAKTƏSİ

Üçüncü redaktənin əlavələri aşağıdakılardan ibarətdir:

  1. “Rəhbərin mərcəiyyətinə qarşı çıxdığına görə Konstitusiyanın Mühafizəçiləri Şurasının fəqihinin məcburi istefası” başlığı altında 9-cu fəslin 6-cı babı;
  2. “Rəhbərin mərcəiyyətinə etiraz davam edir” başlığı altında 9-cu fəslin 8-ci babı və 9-cu fəslin yekunu.

Kitabın sonuna ərəbcə xülasə əlavə edilib və kitabın üz qabığının görünüşü də yenilənib.

Ərəb dilinə tərcümə edən və üz qabığının tərtibatını dəyişən dostlara da təşəkkür edirəm.

“Əfzəlul-cihad məcmuəsi” (“Ən fəzilətli cihad məcmuəsi”) Allah Rəsuluna (s) aid edilən sözdən əmələ gəlmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Ən fəzilətli cihad zalım hökmdarın qarşısında ədaləti ifadə etməkdir!” Bu məcmuə zalımın vəlayətini (hakimiyyətini) tənqid etməyə çalışır. Quran-kərimdən, Peyğəmbər Sünnəsindən, imamların həyat tərzindən, şər’i qaydalardan, əxlaqi ölçülərdən və hüquqi üsullardan qaynaqlanan qəti və şübhəsiz islami ölçülər əsasında dini istibdadı tənqidi təhlil edir. Bu kitab bu məcmuənin ikinci kitabçasıdır. Birinci kitabça “Cavabları ilə birlikdə rəhbərliyin impiçmenti” idi. İnşallah bu məcmuədə digər kitabçalar da çap olunacaq.

KİTABIN DÖRDÜNCÜ REDAKTƏSİ 

Alınan e-poçtlarla birlikdə dərc edilmiş rəylər bəzi sözlərin qeyri-müəyyənliyinə, bəzi məqamlara daha çox aydınlıq gətirilməsinin zəruriliyinə işarə edirdi. Bundan əlavə bəzi yeni mənbələr də əldə olundu. “Şiə dini rəhbərliyinin hörmətdən düşməsinin dərinliyi” adlı yeni məqalələr silsiləsi (1393-cü ilin dey ayından (m. 2014-cü il dekabr ayından) 1394-cü ilin ordibeheşt ayına (m. 2015-ci ilin aprel ayına) kimi beş hissədə) gözlədiyimdən də daha müfəssəl idi və onun qəlbindən “Əfzəlul-cihad məcmuəsi”nin üçüncü cildi doğdu. Əgər Allah istəsə, düşmən xeyrə səbəb olar! Bu yazın sonuna kimi çıxacaq yeni kitab haqqında onun müqəddiməsində ətraflı izah verəcəyəm.

Bir sözlə, onun müzakirəsi Ağayi-Xamənəinin dini rəhbərliyinin və vəlayətinin (hakimiyyətinin) impiçmentidir. Halbuki birinci cildin mövzusu siyasi rəhbərliyin impiçmenti, ikinci cildin (hal-hazırkı kitab) mövzusu isə onun mərcəiyyət (dini rəhbərlik) məqamının impiçmentidir. Son nəşrin əlavələri arasında ikinci fəslin ikinci babında Ağayi-Xamənəinin ictihadının olmamasının üçüncü dəlili kimi şübhəli musiqinin hökmü ilə bağlı yeni bir sənəd var. Kitabın haşiyəsində söz vermişdim ki, sonrakı redaktədə bu mətləb əlavə olunacaq və Allaha şükürlər olsun ki, belə də oldu.

Altıncı fəslin ikinci babı xeyli genişləndirilmiş, Ağayi-Xamənəi və müasir üsuli fəqihlər arasında əsaslı müqayisə aparılmışdır. Bu ona görə edilmişdir ki, üsul elmində öz əsaslarını (məbnalarını) qaydaya salmamış və redaktə etməmiş (tənqih) şəxsin fiqh elmində dərsi-xaric deməyə səlahiyyəti olmadığı sübuta yetmiş olsun. Bu səlahiyyəti bir neçə yolla yəqinləşdirmək mümkündür:

  1. Ustadların üsul dərsinin təqrir edilməsi (yazılması) və tə’liqə (əlavələr) yazılması;
  2. İstidlali üsuli-fiqhdə müstəqil bir kitabın nəşr edilməsi;
  3. Fiqh elmində dərsi-xaric keçməmişdən əvvəl üsuli-fiqh sahəsində dərsi-xaricin tədris olunması.

Üsuli-fiqh elmi sahəsində bu əlamət və nişanələrin heç biri Ağayi-Xamənəidə yoxdur.

Kitabın üçüncü hissəsinin əvvəlinə səkkizinci fəsil kimi “Ağayi-Xamənəinin ictihadının sübuta yetməsində ekspertlərin rəylərinin etibarsızlığı” başlığı ilə yeni fəsil əlavə edilmişdir. 1368-ci ildə (m. 1989) isə Ağayi-Xamənəinin mütləq ictihadının təqdimatından sonra təqdimatda qeyd olunan beş yanlışlıq üzə çıxarılmış və belə nəticə əldə edilmişdir ki, 1368-ci ildə (m. 1989-cu ildə) Ekspertlər Şurası tərəfindən Ağayi-Xamənəinin rəhbərliyə seçilməsi yuxarıda göstərilən beş dəlilə görə onun fitva vermək və dini rəhbərlik (mərcəiyyət) etmək səlahiyyətinə dəlalət etmir. Onun mütləq ictihadının sənədi olaraq ekspertlərin rəyinə istinad etmək ən azı beş dərin yanlışlığa əsaslanır.

On ikinci fəsildə (keçmiş 11-ci fəsil) “Müctəhid olmayan rəhbərin mərcəiyyəti üçün zəmin hazırlanması” başlığı ilə birinci bab əlavə edilmişdir. Bu babda Ağayi-Xamənəinin 1368-ci il xordad ayının ortalarından (miladi 1989-cu il iyun ayının əvvəllərindən) dini rəhbərlik səlahiyyətini öz üzərinə götürməyi planlaşdırdığına dair başqa dəlillər vardır. O zaman Haşimi Rəfsəncani hökumət dini rəhbərliyinin yaradılmasında rəhbərliyin köməkçisi idi.

Müqəllid möminin, yaxud nəhayətdə mütəcəzzi’ müctəhidin rəhbərliyi ilə olsa da, “Dünyanın yeganə şiə hökumətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq” başlığı ilə on üçüncü fəslin (keçmiş on ikinci fəsil) sonuna beşinci bab əlavə edilmişdir. Görünür ki, bu illuziya və xəyal (dünyanın yeganə şiə hökumətinin nəyin bahasına olursa-olsun qorunması xəyalı) İmam Xomeyni məktəbinin ruhanilərinin dəstək verməsinin və bir çox ənənəvi fəqihlərin müqəllid möminin, yaxud nəhayətdə mütəcəzzi’ müctəhidin mərcəiyyətinin (dini rəhbərliyinin) elan edilməsi qarşısında sükut etməsinin ən mühüm səbəbi idi. Bu konteksdə yol verilən üç yanlışlıq üzə çıxmışdır. Bütün bunlardan sonra mən belə qənaətə gəlmişəm: “Dünyanın yeganə şiə hökumətinin tənqidi şəriətə ziddir!” – deyə təkid etmək minbər əhlinin çıxışlarından biridir və onun heç bir əqli və nəqli əsası yoxdur.

Kitabın sonundakı iki əlavə yeni redaktədə çıxarılıb. Buna səbəb indiyədək dərc olunan tənqidlərin ən azı iki cilddən ibarət olması və əvvəlki redaktələrdə qeyd olunan tənqidin nə birinci tənqid olması, nə də digər tənqidlərdən üstünlüyüdür. İkinci və üçüncü redaktələr zamanı müəllifin başqa tənqidlərin nəşrindən xəbəri yox idi. Birinci əlavəni çıxarmaqla ikinci əlavəyə ehtiyac qalmır. Bütün tənqidlərin tam mətni nəşr tarixinə görə müəllifin veb-saytının tənqid və araşdırma bölməsində mövcuddur.

Bu redaktənin daha bir əlavəsi adət edilmiş “potensial ictihad” ifadəsinin “rəhbərlik səviyyəsində işlədilən ictihad” ifadəsinə əlavə edilməsidir. Bu ictihadın heç bir feliyyətə (aktuallığa), bəzi fiqhi bablarda əvvəlki fitva vermələrə və müctəhidin öz fitvasına əməl etməsinə ehtiyacı yoxdur. Halbuki dini rəhbərlik (mərcəiyyət) məqamında tələb olunan ictihadın şərti feli ictihad, fitva vermə səlahiyyəti və müxtəlif fiqhi bablarda əvvəllər verdiyi fitvalardır. Mütləq potensial işin feli işlə olan dərin fərqi üzərində düşünmək böyük bir saxtakarlıqdan danışır ki, bu da ekspertlərin potensial ictihaddan Ağayi-Xamənəiyə feli ictihadı, fitva vermə və dini rəhbərlik etmə səlahiyyətini hədiyyə etmələri ilə nəticələnmişdir.

Bütün kitab və onun mənbələri müəllif tərəfindən bir daha nəzərdən keçirilmiş və lazımi düzəlişlər edilmişdir. Kitab səhifələrin yeni tərtibatı ilə təqdim olunur.

Tənqidlərin çoxluğu, müdaxilə edənlərin səbirsizliyi və çoxsaylı faktlar onu göstərir ki, kitab elmi hövzələrdə (seminariyalarda) öz çığırını açmış, hövzələrin fəzilətli şəxslərinin və tələbələrinin, universitetlərin professorları və tələbələrinin, həmçinin bu sahə ilə maraqlananların müzakirə obyektinə çevrilmişdir. Mən hələ də tənqidi alqışlayıram və ümid edirəm ki, bir gün müəllifin bu kitabı və digər əsərləri öz ölkəsində (yəni İranda) kağız şəklində çap olunacaq. İnşallah!

“… Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül etdim. …”[1]

(ardı var)

Müəllif: Möhsün Kədivər

Mütərcim: Xəyyam Qurbanzadə

h. ş. ordibeheşt ayı 1394-cü il

m. 21 aprel 2015-ci il

h. q. 2 rəcəb 1436-cı il

çərşənbə axşamı günü 

TƏŞKİLATLAR VƏ QURUMLAR

  1. İslam İnqilabı Şurası Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
  2. Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
  3. İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
  4. Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
  5. Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
  6. Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.

Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.

  1. Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.

KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI

  1. Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
  2. Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
  3. Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid

[1] “Hud”, 88