(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti) 

TƏHLİLİ MÜQƏDDİMƏ 

(ANALİTİK GİRİŞ) 

XRONOLOGİYA 

  1. H. ş. 1318-ci il 29 fərvərdin (m. 1939-cu il 19 aprel, h. q. 1358-ci il 28 səfər) – Seyid Əli Xəmənəinin doğumu
  2. H. ş. 1368-ci il 14 xordad (m. 1989-cu il 4 iyun) – Seyid Əli Xamənəi Ekspertlər Şurası tərəfindən İran İslam Respublikasının rəhbəri seçilir, mərcə’lik məqamı ilə siyasi rəhbərlik məqamını birləşdirmək fikrinə düşür və şər’i vergilər almağa başlayır.
  3. H. ş. 1368-ci il mehr ayı (m. 1989-cu il sentyabr ayı) – Seyid Əli Xamənəinin fiqh elmini yenidən öyrənməsi üçün Konstitusiyanın Mühafizəçiləri Şurası (Şuraye-Neqahbane-Qanune-Əsasi), Məhkəmə Hakimiyyəti və digər orqanlarda rəhbərin təyin etdiyi doqquz şəxsin iştirakı ilə fiqhin yenidən öyrənilməsi iclasları təşkil olunur.
  4. H. ş. 1369-cu illərin əvvəlləri (m. 1990-cı ilin yaz ayları) – Seyid Əli Xamənəi yerli və xarici dini hövzələrin tələbələrinə aylıq təqaüd verməyə başlayır.
  5. H. ş. 1369-cu ilin mordad ayı (m. 1990-cı il iyul ayının sonları) – Seyid Əli Xamənəi fitva verməyə başlayır.
  6. H. ş. 1371-ci il (m. 1992-ci il) – Beyrut şəhərində ilk dəfə Seyid Əli Xamənəinin şər’i suallara verdiyi cavablar toplusunun kitabçası nəşr olunur.
  7. H. ş. 1373-cü il aban ayı (m. 1994-cü il oktyabr-noyabr ayları) – Ayətullah Mühəmməd Mömin Qummi vasitəsilə Ağayi-Xamənəiyə yazılı bir xəbər göndərir və onu şər’ən səlahiyyəti olmayan sahələrə əl uzatmaqdan, yəni fitva verməkdən, dini rəhbərlik etməkdən (mərcəiyyətdən) və şər’i vergilərdən istifadə etməkdən çəkindirir.
  8. H. ş. 1373-cü il 11 azər (m. 1994-cü il 2 dekabr) – Ayətullah Ərakinin vəfatından sonra Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti tərəfindən yeddi nəfərin dini rəhəbrlik şərtlərinə malik olduğu cəmiyyətə elan edilir.
  9. H. ş. 1373-cü il azər ayı (m. 1994-cü il dekabr ayı) – İnformasiya və Təhlükəsizlik Nazirliyi, Ruhaniyyətə və Mərcəiyyətə Yardım Şöbəsi şəhərlərin imamcümələrindən, ekspertlərin (əhli-xibrənin) nümayəndələrindən və digər ruhani məsul şəxslərdən fitva vermək və dini rəhbərlik etmək üçün Ağayi-Xamənəinin səlahiyyət sahibi olmasını təsdiq edən şəhadətnamə alıb nəşr etdirir.
  10. H. ş. 1373-cü il 23 azər (m. 1994-cü il 14 dekabr) – Seyid Əli Xamənəi öz çıxışında mərcə’liyinin elan edilməsindən xəbərsiz olduğunu etiraf edərək onu da qeyd edir ki, əgər əvvəlcədən bu barədə bilsəydi, onun yayılmasına mane olardı. O həm də ölkə xaricindəki dini rəhbərlik vəzifəsini qəbul etdiyi barədə bəyanat verir.
  11. H. ş. 1373-cü il dey ayının 2-ci və 3-cü günləri (m. 1994-cü il dekabr ayının 23-cü və 24-cü günləri) – Təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin qoruması altında mülki paltarda olan məmurlar Ayətullah Müntəzirinin dərsinə hücum edirlər. Hüseyniyyə dağıdılır və təhqiredici şüarlarla tələbələr dərsi dayandırmaqla təhdid edilirlər.
  12. H. ş. 1373-cü ilin axırları (m. 1995-ci ilin əvvəlləri) – Küveytdə Seyid Əli Xamənəinin ərəb dilində “Şər’i suallara cavablar” risaləsi nəşr olunur.
  13. H. ş. 1375-ci il (m. 1996-cı il) – Tehranda Seyid Əli Xamənəinin fars dilində “Şər’i suallara cavablar” risaləsi nəşr olunur.
  14. H. ş. 1376-cı ilin ilk yarısı (m. 1997-ci ilin yaz-yay ayları) – Seyid Əli Xamənəi yeddi nəfərin dini rəhbər olmasının doğru olmadığı və dini rəhbərin bir şəxsdən ibarət olmasının lazım olduğu qənaətinə gəlir.
  15. H. ş. 1376-cı il 23 aban (m. 1997-ci il 14 noyabr) – Ayətullah Müntəziri özünün tarixi nitqində iki dərin fiqhi problemi – Ali Rəhbərin ə’ləmiyyətinin şərt olması zərurətini və rəhbər şəxsdə mərcəiyyət şərtlərinin olmamasını müzakirə edir. Bildirir ki, Ağayi-Xamənəinin fiqhi ə’ləmiyyəti olmadığına görə onun vəlayəti (hakimiyyəti) və rəhbərliyi sağalmaz şər’i problemlərdən əziyyət çəkir. Onun mütləq ictihadı və fitva vermə səlahiyyəti olmadığına görə, onun mərcəiyyət (dini rəhbərlik) iddiasını “şiə dini rəhbərliyinin hörmətdən düşməsi” kimi elan edir.
  16. H. ş. 1376-cı il 28 aban (m. 1997-ci il 19 noyabr) – Rəhbərliyin əmri və Məhkəmənin Sədri Mühəmməd Yəzdinin nəzarəti altında əzmə əməliyyatı həyata keçirilir. Həmin gün Milli Təhlükəsizlik Şurası iki tənqidçi fəqihin həyatını qorumaq bəhanəsi ilə onları səlahiyyətli (saleh) məhkəmədə mühakimə etmədən ev dustağı edir. Ayətullah Müntəziri bu tənqidə görə beş ildən çox evdən kənara çıxmadan həbs həyatı yaşayır. Ayətullah Azəri Qummi 15 aylıq ev həbsindən sonra dünyasını dəyişir.
  17. H. ş. 1376-cı il 5 azər (m. 1997-ci il 26 noyabr) – Seyid Əli Xamənəi öz çıxışında Ayətullah Müntəziri və Ayətullah Azəri Qumminin tənqidlərinə və fiqhi etirazlarına cavab vermədən qəti əxlaqi və şər’i qaydalara zidd olaraq onu tənqid edənləri xainlər, sadəlövh adamlar və sionist düşmənin alətləri, müsəlmanların təhlükəsizliyini pozan şəxslər, nadanlar, qanmazlar, həsədkarlar, həvayi-nəfslərinə əsir olanlar adlandırır və onların nəzakətli tənqidlərinə sərt dillə, böhtan və iftira seli ilə cavab verir.

TƏHLİLİ MÜQƏDDİMƏNİN SONU

TƏŞKİLATLAR VƏ QURUMLAR

  1. İslam İnqilabı Şurası Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
  2. Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
  3. İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
  4. Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
  5. Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
  6. Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.

Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.

  1. Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.

KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI 

  1. Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
  2. Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
  3. Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid