RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
ŞİƏNİN XÜSUSİYYƏTLƏRİ
“Bir neçə söhbət” kitabından[1] götürülmüş bu məqalədə hidayət imamlarının nöqteyi-nəzərindən şiənin əlamət və xüsusiyyətləri qeyd edilmişdir. Onlar öz şiələrindən gözləntilərini bildirmişlər. Onların əməli davranışlarına dəlalət edən sözləri şiələrin əməli proqramı olmalıdır. Məsələn: “Ənsardan Sə’d adlı bir kişi İmam Sadiqdən soruşdu: “Sənə fəda olum! Qali kimdir?” Buyurdu: “Bizim özümüz haqqında demədiyimiz sözləri bizim barəmizdə deyən şəxslər qalidirlər!” Deməli, sadəcə olaraq kimsə Peyğəmbəri və imamları (əleyhissəlam) sevirəm dediyi üçün onların ardıcıllarından olmaz və bu dostluq ona dünyada və axirətdə heç bir fayda verməz. Əksinə, onun əməli və hərəkəti onların əməli və hərəkəti kimi olmalıdır. Yəni Allaha qarşı günah etməkdən çəkinib Ona itaət etməli, Allahın yasaq etdiyi işlərdən qorunmalı, nalayiq söz və ifadələrdən uzaq durmalı, gözəl xüsusiyyətləri kəsb etməlidir. Yalnız bu halda onların şiəsi olar.
Həqiqi hidayət yolu ilə gedənlərin və Peyğəmbərin xalis davamçılarının yolu olan şiə məktəbi bu illər ərzində bir çox əlavə və dəyişikliklərə məruz qalmışdır. Belə ki, Allah Rəsulunun və hidayət imamlarının məqsədlərindən uzaqlaşmış və müxtəlif firqələrə və dağınıq fikirlərə bölünmüşdür. Şiə məzhəbinin rəhbərləri Peyğəmbərin Əhli-Beytindən olmuş və mütəvatir rəvayətlərdə onun tövsiyə etdiyi və tapşırıq verdiyi şəxslər olmuşlar. Onlar bu yolda öz canlarından və rahatlıqlarından keçmişlər. Lakin imamların ardıcılları, yəni dünənki və bugünkü şiələr bu prinsipləri dərk etməkdə və onlara əməl etməkdə səhlənkarlıq etmiş və Quranda möminlər üçün vəd edilmiş nəticələrdən məhrum olmuşlar. Bu məqalədə hidayət imamlarının (ə) şiənin səciyyəvi cəhətləri və xüsusiyyətləri haqqında dedikləri bəzi rəvayətləri qeyd edəcəyik. Bəlkə, bu fikirlər şiəliyin əslinə və mənşəyinə qayıtmaq üçün faydalı bir öyüd-nəsihət olsun.
İmam Mühəmmədbaqir (ə) Əhli-Beyt dostu haqqında danışmaq istədikdə buyurur: “Ey Cabir! Bir şəxsin bizim tərəfdarlığımızı qəbul edib biz Əhli-Beyti sevdiyini söyləməsi kifayət edərmi? And olsun Allaha Allahın yasaq etdiyi işlərdən qorunub, Onun əmrlərini yerinə yetirməyən (yəni təqvalı olmayan) və Allaha itaət etməyən şəxs bizim tərəfdarımız deyildir. Ey Cabir! Bizim tərəfdarımız təvazökarlıq, xüşu (yəni qəlbin ilahi qorxu və ehtiramla dolu olması), əminlik (etibarlılıq), Allahı çox zikr etmək, oruc tutmaq, namaz qılmaq, valideynə qarşı xoşrəftar olmaq, qonşularından fəqir, zəif, borclu və yetim olanları qorumaq və onlara baxmaq, doğru danışmaq, Quran oxumaq və insanların yalnız xeyrindən danışmaqla tanınır. Onlar hər sahədə öz tayfalarının ən etibarlı və etimadlı şəxsləridirlər”. Cabir deyir: “Dedim: “Ey Peyğəmbərin övladı! Biz bu gün bu sifətlərə sahib olan bir şəxs tanımırıq”. İmam buyurdu: “Məbada camaatın yolu səni, bir kişinin: “Mən Əlini sevirəm və onun vəlayətini (dostluğunu) qəbul edirəm”, – dedikdən sonra bununla bərabər heç bir fəaliyyət göstərməməkdən ibarət olan bir yola çəkməsin. Əgər bir şəxs “Mən Peyğəmbəri sevirəm” – halbuki Peyğəmbər Əlidən də xeyirlidir – desə, sonra onun sirəsinə (həyat tərzinə) tabe olmasa və Sünnəsinə əməl etməsə, yalnız sevgisinin onun üçün heç bir faydası yoxdur. Allahın yasaq etdiyi işlərdən qorunun və Allahın yanında olana (yəni İslam dininə) əməl edin! Allahla heç bir şəxs arasında qohumluq əlaqəsi yoxdur. Ey Cabir! Allah yanında bəndələrin ən sevimlisi, təqvası ən çox olan və Allaha ən çox itaət edən şəxsdir. And olsun Allaha ki, itaətdən başqa heç bir şeylə Allaha yaxınlaşmaq mümkün deyildir. Nə bizdə Cəhənnəmdən qurtuluşa dair nəsə var, nə də bir şəxsdə Allaha qarşı gətirəcək bir dəlil. Kim Allaha itaət edərsə, o bizim vəlimizdir (yəni bizim dostumuzdur). Kim Allaha üsyan edərsə, o bizim düşmənimizdir. Bizim vəlayətimiz (bizə bağlanmaq və dost olmaq) yalnız əməl və vərə’ (şübhəli şeylərdən belə çəkinmək) ilə əldə edilə bilər (yəni əməli və vərə’si olmayan şəxs Əhli-Beytə dost deyildir)”[2].
Mühəmməd ibn Ərəfə İmam Sadiqdən onun belə dediyini rəvayət edir: “Peyğəmbər (s) buyurmuşdur: “Sizdən kimin mənə daha çox oxşadığını sizə xəbər verimmi?” “Bəli, ey Allahın Elçisi!” – deyə cavab verdikləri zaman Peyğəmbər (s) buyurdu: “Ən gözəl əxlaqa malik olan, daha yumşaq danışan, qohumlarına qarşı daha xeyirxah (xeyriyyəçi) olan, din qardaşlarını daha çox sevən, haqqı müdafiə etməkdə daha səbirli (möhkəm) olan, qəzəbini ən çox boğa bilən, ən gözəl şəkildə əfv etməyi bacaran, razı qaldıqda və qəzəbləndikdə insafı hamıdan çox olan müsəlman mənə ən çox oxşayan şəxsdir!”[3]
Həmçinin Həzzadan, İmam Baqirdən (ə) onun belə dediyi rəvayət olunmuşdur: “Mömin yalnız o şəxsdir ki, razı olduğu zaman razılığı onu günaha və batilə sövq etməsin[4]. Qəzəbləndikdə qəzəbi onu haqqı deməkdən çəkindirməsin. Güc və iqtidar əldə etdikdə gücü onu haqqı olmayan şeyə doğru çəkməsin!”[5]
Mühəmməd ibn Müslim İmam Baqirin (ə) belə dediyini rəvayət edir: “Müxtəlif yolların (yəni müxtəlif davranışların və sözlərin) sizi azdırmasına imkan verməyin! And olsun Allaha bizim şiəmiz Allaha itaət edən şəxsdir!”[6]
Əbuvəhbin rəvayətində deyilir: “Mən İmam Sadiq əleyhissəlamdan soruşdum: “Şiələrlə və bizim yanımıza gedib-gələn, lakin şiə olmayan digər müsəlmanlarla (sünnilərlə) necə rəftar etməliyik?” İmam belə cavab verdi: “Sizə verdikləri əmanətlərini onlara qaytarın, onların lehinə, yaxud əleyhinə şahidlik edin, xəstələrinə baş çəkin və cənazələrinin dəfn olunmasında iştirak edin!”[7]
İbn Vəhb başqa bir rəvayətdə həmin mətləbi İmam Cəfər Sadiqdən soruşduqda İmam (ə) belə cavab verir: “Tabe olduğunuz imamlara baxın! Onlar (imamlar) rəftar etdiyi kimi rəftar edin. And olsun Allaha ki, sizin imamlarınız onların xəstələrinə baş çəkir, cənazələrinin dəfn olunmasında iştirak edir, onların lehinə, yaxud əleyhinə şahidlik edir və əmanətlərini onlara qaytarırlar”[8].
İbn Muskan Həbib Xəs’əmidən belə rəvayət edir ki, o, İmam Sadiqin belə dediyini eşitmişdir: “Vərə’ sahibi olun[9], çalışqan olun, cənazələrin son mənzilə yola salınmasında və dəfn edilməsində iştirak edin, xəstələrə baş çəkin, öz camaatınızla birlikdə məscidlərinizə gedin, özünüz üçün bəyəndiyiniz və sevdiyiniz bir şeyi insanlar üçün də bəyənin və istəyin!”[10]
Zeyd Şəhham İmam Cəfər Sadiqin ona belə buyurduğunu rəvayət etmişdir: “Mənə itaət etdiyini və mənim sözümü əxz etdiyini gördüyün şəxslərə salam de! Sizə Allahın yasaq etdiyi işlərdən (günahlardan) qorunmağı, dininizdə vərə’ sahibi olmağı (şübhəli şeylərdən belə uzaq olmağı), Allah yolunda çalışqan olmağı, doğru danışmağı, əmanəti sahibinə qaytarmağı, uzun zaman səcdədə qalmağı (tuli-sücud) və yaxşı qonşuluq etməyi tövsiyə edirəm. Həzrət Mühəmməd bunları söyləmişdir. Əmanəti sizə etibar edən şəxsin əmanətini ona qaytarın, istər həmin şəxs xeyirxah insan olsun, istərsə də günahkar şəxs. Həqiqətən, Allahın Elçisi (s) sapı və iynəni sahibinə qaytarmağı əmr edirdi. Öz əşirətlərinizlə (ki onlar əhli-sünnə idilər) əlaqə yaradın, onların cənazələrinin dəfn olunmasında iştirak edin, xəstələrinə baş çəkin və haqlarına riayət edin! Həqiqətən, sizdən bir şəxs dinində vərə’ sahibi olsa, doğru danışsa, əmanəti sahibinə qaytarsa və insanlarla gözəl əxlaqla davransa, deyərlər ki: “Bu cəfəridir!” (Yəni İmam Cəfərin ardıcıllarındandır!) Bu məni sevindirər və bütün bunlara görə mən xoşhal olaram. Deyərlər ki: “Bu, Cəfərin ədəbidir!” Əgər bunların əksi olsa, onun bəla və rüsvayçılığı məni əhatə edər. Deyərlər ki: “Bu, Cəfərin ədəbidir!” And olsun Allaha atam mənə deyirdi ki, qəbilənin içindəki Əli şiəsi həmin qəbilənin zinəti olmalıdır. Əmanətə ən çox riayət edən, haqq-hüquqa ən çox riayət edən, ən doğru danışan şəxs olmalıdır. Onlar həmin şəxsi öz vəsiləri seçməli və əmanətlərini ona etibar etməlidirlər. Həmin əşirətdən onun haqqında soruşduqda onlar belə cavab verməlidirlər: “Kim onun kimi ola bilər ki? Əmanətə ən çox riayət edənimiz və ən doğru danışanımız odur!”[11]
Şəhhamdan belə rəvayət olunur: “İmam Sadiqin belə dediyini eşitdim: “Allahın yasaq etdiyi işlərdən (günahlardan) qorunun, vərə’ sahibi olun, çalışqan və doğru danışan olun, əmanətə riayət edin, gözəl əxlaq sahibi olun, yaxşı qonşuluq edin! İnsanları özünüzə doğru təkcə dilinizlə yox, hərəkətlərinizlə də (yəni danışmaqla yox, əməl etməklə də) cəlb edin! Zinət olun, çirkinlik və rüsvayçı olmayın!”[12]
Feyz Kaşani “Vafi” kitabında bu hədisin şərhində belə yazır: “İnsanları özünüzə doğru dillərinizdən qeyri bir şeylə cəlb edin! Yəni insanları özünüzün nümunəvi və haqq yolunuza gözəl əməlləriniz və əxlaqınızla cəlb edin! Həqiqətən, insanlar sizin gözəl həyat tərzinə və düzgün yola sahib olduğunuzu gördükdə, getdiyiniz şiəlik yoluna daxil olmaq üçün nəfsləri onlarla mübarizə aparacaqdır. “Zinət olun, çirkinlik və rüsvayçılıq etməyin!” Yəni bizim üçün zinət olun, çirkin hərəkətlər edib bizim rüsvay olmağımıza səbəb yaratmayın!”
Əbdürrəhman ibn Həccac Bəcəli Mühəmməd ibn Müslimdən, o da İmam Sadiqdən onun belə dediyini rəvayət etmişdir: “Əli əleyhissəlam vali (rəhbər) olduqda minbərə çıxdı və Allaha həmd-səna etdikdən sonra dedi: “And olsun Allaha nə qədər ki, Yəsribdə (Mədinədə) meyvəli xurma ağacım var sizin beytülmalınızdan bir dirhəm belə götürməyəcəyəm. Özünüz düşünün, görürsünüz ki, özüm (beytülmaldan) bir şey götürmürəm; sizə haqqınızdan artıq verməyim mümkündürmü?” Əqil (Kərrəməllahu vəchəhu!) ona doğru qalxıb dedi: “Sən məni Mədinədəki qaradərili bir şəxslə bərabər tutursan?” Əli əleyhissəlam ona dedi: “Otur! Burada səndən başqa danışacaq şəxs yox idi?! Sənin ondan keçmişin (keçmişdə dini qüvvətləndirmək üçün cəhdin) və təqvandan başqa heç bir üstünlüyün yoxdur!”[13]
Feyz Kaşani Həzrət Əlinin Əqilə olan xitabını (müraciətini) belə izah edir: “Əqil – Allah ondan razı olsun! – Əlidən ona bir şey vermədiyinə görə yox, onu qaradərili bir insana bərabər tutmasından şikayət etdi. Həzrət də ona belə cavab verdi: “Ədalət bunu tələb edir!” Hədisdəki “sabiqə” (sibqət, keçmiş) sözü ilə “ondan əvvəl iman gətirmək və hicrət etməkdə ondan irəliyə keçmək” (bir sözlə, ondan əvvəl dini qüvvətləndirmək üçün cəhd etmək) nəzərdə tutulur. Əgər “Bəs nə üçün Həzrət Əli (ə) təqva və sabiqəni (keçmişi) nəzərə alıb əta etməkdə (yəni mal verməkdə) üstünlüyə riayət etmirdi? Nə üçün malı onların arasında bərabər şəkildə paylaşdırırdı?” – deyə sual verilərsə, belə cavab verərik: “Çünki bu, mükafatı ehtiyacların bərabər olduğu dünyada yox, axirətdə veriləcək mövzulardandır”(yəni sabiqə və təqvanın mükafatı dünyada yox, axirətdə veriləcək. …)”
Əbuhəmzə Sumali Həzrət Səccaddan onun belə dediyini rəvayət edir: “Həqiqətən, Allah yanında ən nifrət edilən (ən mənfur) şəxs bir imamın həyat tərzini (yəni söz və üsullarını) qəbul edən, lakin onun əməllərinə tabe olmayan şəxsdir!”[14]
Əli ibn Riab İmam Sadiqin belə dediyini rəvayət edir: “Həqiqətən, biz bir şəxsi bizim bütün əmrlərimizə tabe olmadıqca və bizim müridimiz olmadıqca qüvvətli imana sahib bir şəxs hesab etmirik! Agah olun! Bizim əmrimizə tabe olmağın və ona istəkli olmağın əlaməti vərə’ sahibi olmaqdır. Bununla özünüzü bəzəyin ki, Allah da sizə rəhm etsin. Onunla (yəni vərə’ sahibi olmaqla) düşmənlərimizi utandırın ki, Allah sizi başıuca etsin və sizə həyat bəxş etsin!”[15]
Abdullah ibn Əbiyə’fur İmam Sadiqdən belə rəvayət edir: “İnsanları dillərinizdən qeyri bir şeylə (yəni danışmaqla yox, əməl etməklə haqqa doğru) cəlb edin! Onlar sizin vərə’ sahibi və çalışqan olduğunuzu, namaz qıldığınızı və xeyirxah əməllərlə məşğul olduğunuzu görsünlər. Çünki (insanları haqqa doğru) dəvət edən bu əməllərdir”[16].
İmam Baqir əleyhissəlamın belə dediyi rəvayət olunmuşdur: “Ey şiə tayfası, ey Mühəmməd Əhli-Beytinin şiələri (ardıcılları)! “Orta numruqə” kimi[17] olun; qali (dində və bizim barəmizdə həddini aşan) sizə doğru qayıtsın, tali (sizdən geri qalan) isə sizə qoşulsun!”
Ənsardan Sə’d adlı bir şəxs İmama belə bir sual verdi:
“Sənə fəda olum! Qali kimdir?”
İmam buyurdu: “Bizim özümüz haqqında demədiyimiz sözləri bizim barəmizdə deyən şəxslər qalidirlər! Onlar bizdən deyil, biz də onlardan deyilik!”
Həmin şəxs yenə İmamdan soruşdu:
“Tali kimdir?” İmam belə cavab verdi: “Hidayət yolunu axtarır, xeyirli işlər görür ki, ona görə mükafatlandırılsın!” Sonra üzünü bizə tutub dedi: “And olsun Allaha bizdə Allahın əzabından qurtuluşa dair heçnə yoxdur, bizimlə Allah arasında qohumluq əlaqəsi yoxdur, bizim Allahın üzərində heç bir höccətimiz (dəlilimiz) yoxdur. İtaətdən başqa heç nə ilə Allaha yaxınlaşmaq mümkün deyildir. Kim Allaha itaət edərsə, bizim vəlayətimiz (dostluğumuz) ona fayda verər. Kim Allaha üsyan edərsə, bizim vəlayətimizin onun üçün heç bir faydası yoxdur. Vay halınıza, aldanmayın! Vay halınıza, aldanmayın!”[18]
Deməli, günahkar olsanız, sizin vəlayət iddianız yalandır!
Mənbə: “Bir neçə söhbət” kitabı
Müəllif: Ayətullah Əllamə Mühəmmədcavad Qərəvi
Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] Müəllif: Əllamə Mühəmmədcavad Qərəvi
[2] “Üsuli-kafi”, Kitabul-iman vəl-kufr, Babut-taəti vət-təqva, 3-cü hədis
[3] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 38
[4] Yəni dostlarından, qohumlarından və hər hansı bir şəxsdən razı olması onların pisliklərinə göz yummasına, o pisliklər qarşısında sükut etməsinə və onların xeyrinə zülm və günah etməsinə səbəb olmasın. Əksinə, çətinliklə olsa da, onları sorğu-sual etsin və haqqı bərqərar etsin.
[5] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 36-38
[6] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 60
[7] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 97
[8] Həmin mənbə
[9] Yəni günahları tərk edin və harama mürtəkib olmaqdan qorxaraq şübhəli şeylərdən də uzaq olun
[10] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, s. 97
[11] Həmin mənbələr
[12] Həmin mənbələr
[13] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr
[14] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, Babut-taə vət-təqva
[15] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, Babul-vərə’, s. 64
[16] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr, Babul-vərə’, s. 64
[17] Yəni qarşıda oturanın özünü arxaya, arxada oturanın isə özünü qarşıya çəkib üzərində otura bilmələri üçün qatırın üzərinə qoyulan kiçik balış kimi
[18] “Kafi”, “Vafi”, Kitabul-iman vəl-küfr