RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Sual: Vəlayəti-fəqih nədir və onun mahiyyəti barədə yığcam şəkildə nə demək olar?
Cavab: Vəlayəti-fəqih, yəni fəqihin üstünlüyü, idarəçiliyi (rəhbərliyi) və hakim olması (təsərrüfü) deməkdir. Vəlayəti-fəqihin sahəsi (səlahiyyət dairəsi) ilə bağlı üç ümumi baxış vardır. Birinci baxışa əsasən “qədri-mütəyəqqən (qəti bilinən hissə) baxımından üstünlük”, yaxud “vəlayəti-fəqih” (“fəqihin hakimiyyəti”) əsasına görə fəqihlər şər’i işlərdə fitva verməklə, ümuri-hisbiyyə məsələlərini[1] idarə etməklə və qəzavət etməklə[2] mükəlləfdirlər. Bu qədər səlahiyyət daşımaq bütün fəqihlər tərəfindən yekdilliklə qəbul edilmişdir. Şiə fəqihlərinin əksəriyyətinə aid olan bu baxışda fəqihlərin qeyd olunan sahələrdən kənarda heç bir şər’i vəzifələri yoxdur. “Ümuri-hisbiyyədə fəqihin vəlayəti (hakimiyyəti)” adlandırılan və əsrlər boyu tətbiq olunan bu baxış tərzinin nə siyasətlə, nə də dövlət işləri ilə, onun quruluş və strukturu ilə heç bir əlaqəsi yoxdur.
İkinci baxış cümə namazı kimi bəzi kollektiv ibadətlərin həyata keçirilməsinin, şər’i vergilərin yığılması və xərclənməsinin, əmrun bil-məruf və nəhyun ənil-münkərin son mərhələsinin, qəzavətin, cəza ilə əlaqədar hökmlərin icrasının və sonda siyasi rəhbərlik və idarəetmənin əlavə olunması ilə əvvəlki üç məsələdən bir spektri təşkil edir. Bu baxış tərzi “fəqihin ümumi vəlayəti” adlandırılır ki, bunun mənası ümumi sahədə şər’i hökmlərin çərçivəsində fəqihin vəlayətidir. Bu baxış tərzinə görə fəqih şər’i baxımdan bütün işləri öz öhdəsinə götürür. Yəni təhlükəsizliyinin təmin olunması və sərhədlərin qorunub saxlanmasında sultanların məsuliyyət daşıdıqları bütün işlər fəqihin vəzifəsi hesab olunur. Amma fəqihin siyasi səlahiyyəti şəriət hökmləri ilə məhdudlaşır. Bu nəzəri baxış son iki əsrdə şiə fəqihləri arasında çox az idi. Hətta onun fəqihlər vasitəsilə İslam hökumətinin qurulmasından, yaxud fəqihin siyasi vəlayətindən ibarət olan ən ali mərtəbəsi h. ş. təqvimi ilə 57-ci il (m. 1979) İran İnqilabından əvvəl heç vaxt həyata keçirilməmişdir.
Üçüncü baxış tərzi “fəqihin mütləq vəlayəti (hakimiyyəti)”dir. Bu o deməkdir ki, fəqih cəmiyyətin idarə olunmasında şər’i məqsədləri həyata keçirmək üçün mütləq səlahiyyətə malikdir və lazım gəldikdə məsləhət xatirinə şər’i hökmlərə etinasız yanaşa bilər. Bu baxış tərzinə əsasən vəliyyi-əmrin (yəni müsəlman icmasının rəhbərinin) hökumət işləri ilə əlaqədar hökmü şər’i hökmlərdən, əxlaq normalarından, yaxud konstitusiyanın maddələrindən və müvafiq qanunlardan üstündür, yəni onlara veto qoya bilər. Fəqihin mütləq vəlayəti (hakimiyyəti) Ağayi-Xomeyni və bəzi şagirdlərinin xüsusi fikridir ki, İranda onun özü tərəfindən həyata keçirilmiş və onun canişini tərəfindən bu gün də davam etdirilməkdədir.
Vəlayəti-fəqih (yəni fəqihin hakimiyyəti) Şari’ (yəni Allah, Peyğəmbər, yaxud İmam) tərəfindən fəqihə həvalə edilmiş şər’i bir vəzifədir, xalqın bir fəqihə verdiyi vəkalət deyildir. Başqa bir sözlə desək, fəqihin lazım olan şərtləri özündə daşıdığı müddət ərzində insanlar üzərində vəlayəti (hakimiyyəti) vardır.
Fəqih olan şəxs fəqahət (fəqihlik) və ədalət kimi şərtləri düzgün yerinə yetirməzsə, həmin an vəzifədən kənarlaşdırılır. Halbuki vəkil müvəkkil vasitəsilə işə təyin olunur və vəzifədən kənarlaşdırılır.
İkinci və üçüncü baxış tərzinə əsasən vəlayəti-fəqih bir növ İslam hökumətidir. Belə ki, onun rəhbərlik şərti fəqahətdir (fəqih olmaqdır) və şəriət hökmləri və vəliyyi-əmrin hökumətlə əlaqədar hökmləri onun qanunu olmalıdır.
Sual: Vəlayəti-fəqihin şər’i mövqeyi necədir? Şəriətə uyğundur, ya yox?
Cavab: Hökumət və siyasətlə heç bir əlaqəsi olmayan ümuri-hisbiyyədə (birinci baxış tərzi) vəlayəti-fəqih, ümumiyyətlə, bütün fəqihlər tərəfindən yekdilliklə qəbul edilmişdir. Fəqihin siyasi vəlayəti və dini hökumət kimi başa düşülə bilən ümumi işlərdə vəlayət və fəqihin siyasi vəlayətini və dini hökumətin olmasını tələb edən fəqihin mütləq hakimiyyəti az sayda fəqihin fikri olmuş və “dindən gözlənilən” sahəsində müzakirə oluna biləcək bir baxış tərzindən qaynaqlanmışdır. “Vəlayətə əsaslanan hökumət” və “Təyin edilmiş hökumət” kitablarında apardığım ətraflı araşdırmaya görə, fəqihin siyasi vəlayəti nəzəriyyəsinin, əvvəla, Quran-kərimə istinad edən heç bir sənədi yoxdur. İkincisi, Peyğəmbərdən və Əhli-Beyt imamlarından nəql olunan rəvayətlərdə də bu nəzəriyyənin heç bir mötəbər sənədi yoxdur.
Üçüncüsü, ümumi, yaxud mütləq vəlayət barəsində icma yoxdur.
Dördüncüsü, fəqihin ümumi, yaxud mütləq vəlayəti nəzəriyyəsinin mötəbər əqli dəlili və sübutu yoxdur. Nəticə etibarilə onu demək olar ki, fəqihin xalq üzərindəki şər’i vəlayətinin (hakimiyyətinin) mötəbər əqli və nəqli dəlili yoxdur.
Sual: Fəqahət (fəqihlik) və siyasət arasında daha çox hansı əlaqə vardır?
Cavab: Fəqahətin (fəqihlik) siyasətlə heç bir əlaqəsi yoxdur. Bunlar iki fərqli və müxtəlif sahələrdir. Siyasət dedikdə burada və hal-hazırda siyasi təfərrüatlar üzərində aristokratlar vasitəsilə ictimai sahənin idarə edilməsi nəzərdə tutulur. Fəqahət isə Kitab və Sünnədən ümumi şər’i hökmlərin çıxarılması ilə məşğul olan elmdir. Fəqihlər eynilə filosoflar və mistiklər kimi yaxşı siyasətçilər deyildirlər. Siyasi nəzəriyyə təqdim etmək və siyasi idarəçilik fəqihin işi deyildir[3]. Bu mühüm məsələyə açıq-aydın şəkildə işarə edən fəqihlər arasında Axund Xorasaninin tələbəsi olan Şeyx Mühəmmədhüseyn Qərəvi Kompani[4] də vardır[5].
Sual: Fəqihin vəlayəti nəzəriyyəsinin uğursuz olmasından asılı olmayaraq, sizcə, dinin hökumətdə və siyasətdə yeri nədir?
Cavab: İnsanların əksəriyyətinin dindar olduğu bir cəmiyyətdə din hüquqi mövqeyə deyil, mənəvi-əxlaqi mövqeyə malik ola bilər. Bunu ətraflı surətdə belə bəyan edə bilərik:
a) İslam təlimlərindən siyasi etika gözləmək düzgün və haqlı bir gözləntidir.
b) Hüquqi qanunların və sistemlərin, mexanizmlərin və siyasi qərarların zaman və məkanla əlaqədar təbii məhdudiyyətlərinə görə “əsas dini hüquqlar” və ya “dini siyasi elmlər” qadağandır və zərərlidir. İslamın başlanğıcındakı siyasəti İslamın əsas hüquqlarının daimi və sabit hökmləri və ya siyasi islami elmlər kimi ümumiləşdirmək tamamilə yanlış və qəti elmi standartlara zidd bir hərəkətdir.
c) Əsas hüquqları və siyasi islami elmləri inkar etməklə siyasi İslam, İslam siyasəti, İslam quruluşu, İslam hökuməti, siyasi fiqh, fəqihin siyasi vəlayəti (hakimiyyəti), fəqihin nəzarəti və İslam Respublikası da inkar olunur. Əlbəttə, əgər bir şəxs islami siyasət deyildikdə başqa heç nəyi yox, siyasi islami əxlaqa riayət etməyi nəzərdə tutursa, bunun heç bir problemi yoxdur.
ç) Siyasi İslam və onun tələblərinin inkar edilməsi siyasi susqunluq və fəaliyyətsiz olmaq demək deyildir. Siyasi İslamı inkar etmək məğlubiyyəti qəbul etmək yox, İslamı siyasətə alət olmaqdan azad etməkdir. Müsəlmanlar da “vətəndaş cəmiyyəti”nin digər üzvləri kimi öz dini kimlikləri ilə siyasi aktivlik nümayiş etdirməlidirlər. İslami ölçülərə, xüsusən də islami siyasi əxlaqa sadiq olan müsəlmanlar zülmlə mübarizə aparmaq, ədalətli olmağı tələb etmək və ictimai öhdəliklərə və müqavilələrə sədaqətli olmaq üçün daha güclü zəmanətə malikdirlər[6].
Sual: Sünni fiqhində fəqihin vəlayəti kimi bir fikir təsbit edilməmişdir və görünür, əhli-sünnə fiqh və siyasətin sərhədlərini daha yaxşı müəyyənləşdirmiş, eyni zamanda onlara riayət etmişdir. Bu barədə nə düşünürsünüz?
Cavab: Məsələ başqa cürdür! Sünnilərin əvvəldən hökuməti vardı. Onlar hakimi (hökmdarı) xəlifə (Allah Rəsulunun canişini) hesab edirdilər. İyirminci əsrin əvvəllərinə qədər onların əsas və vacib məqsədi xilafət qurumunu (aparatını) qoruyub saxlamaqdan ibarət idi. İndi də əhli-sünnənin islamçı cərəyanları xilafəti bərpa etməyə çalışırlar. Xəlifənin (böyük rəhbərin) əhli-sünnə məzhəbində tam hakimiyyəti öz üzərinə götürməsi üçün yeddi şərti vardır. Həmin şərtlər işə təyin olunarkən və vəzifəyə keçərkən yerinə yetirilməlidir. Bu şərtlərin əksəriyyəti vəlayəti-fəqihə qail olan şiələrin qeyd etdiyi şərtlərlə, o cümlədən ədalət və elmi bacarıqdan ibarət olan iki şərtlə ortaq xüsusiyyət daşıyır: “Elmi bacarıq deyildikdə o nəzərdə tutulur ki, xəlifə şər’i hökmlərdə və şər’i siyasətlə əlaqədar vəziyyətlərdə ictihada və istinbat (çıxarış etmə) gücünə sahib olmalıdır. Bu şərt barəsində əhli-sünnə alimləri yekdil rəydədirlər”.
Bura qədər iki məzhəb arasında heç bir fərq yoxdur. Əhli-sünnə xəlifə təyin etmə keyfiyyətində dörd yolu qəbul etmişdir: ilahi nəss, əhli-həll və əqdin beyəti, vəliəhdlik (Peyğəmbər və ya əvvəlki xəlifə tərəfindən təyin edilmə), qəhr (qəzəb) və qələbə. Sünnilərin nöqteyi-nəzərindən dördüncü yolda xəlifə silah gücü ilə siyasi vəzifəni ələ keçirir. Bu halda xilafət şərtlərinə, o cümlədən ictihad və fəqahətə riayət etmək lazım deyil. “Xilafəti qılınc və hərbi güclə ələ keçirmiş şəxsə itaət etmək əhli-sünnə fəqihlərinin icmasına əsasən şər’ən vacibdir. Çünki bu itaətdə qan tökülməsinin qarşısı alınır, ümmətin təhlükəsizliyi və birliyi qorunur. Lakin həmin sultanın açıq-aydın küfrə fərman verməsi istisnadır”[7].
Dörd xəlifədən sonra – indiki müzakirədən kənardır – tarix boyu müsəlmanlar, əsasən sünnilər və bəzən də şiələr arasında baş verənlər bu olmuşdur ki, bir şəxs hegemonluq etməklə və ya güc tətbiq etməklə hökmdar olmuş, özünü xəlifə, əmir, yaxud da sultan adlandırmış, sülalə yaratmış və həmin sülalənin sonrakı xəlifələri, ya da sultanları vəliəhdliliklə hakimiyyəti ələ keçirmişlər. Sünnilərin baxış tərzinə görə bu xəlifələrə (Əməvi, Abbasi və Osmanlı xəlifələri kimi) və ümərayi-istilaya (Qəznəvilər, Səlcuqilər, Xarəzmşahlar və Elxanilər kimi) ülul-əmr (əmr sahibləri) olaraq itaət etmək şər’ən vacibdir. Aydındır ki, bu proses “vəlayəti-fəqih” deyildir, “hegemonluq və zor hakimiyyəti”dir.
Şiə məzhəbi imamət məqamını tutmaq üçün Allahın, yaxud Peyğəmbərin, yaxud da İmamın nəssini şərt hesab edir və Peyğəmbərin canişinliyi kürsüsünün şərtləri özündə cəmləşdirməyən şəxslər tərəfindən, xüsusən də hegemonluq və zorla ələ keçirilməsini qəsb etmək, zəbt etmək hesab edir.
Qeybət dövründə əsrlər boyu heç vaxt şiə məzhəbi özünün arzuladığı siyasi nəzəriyyədən (məsum imamətin vacibliyi) kənara çıxmamış və şiələr arasında fəqihin siyasi vəlayəti (hakimiyyəti və səlahiyyəti) adlı hər hansı yayğın bir fikir olmamışdır. Sübut budur ki, kəlam kitablarında Qeybət dövründə fəqihlərə müraciət edib hökumət qurmağın vacibliyi heç vaxt qeyd olunmamışdır. Fiqh kitablarında vəlayətül-fəqih adlı bir fəsil yox idi. Əslində şiə məzhəbi ən azı hicri 10-cu əsrə qədər Qeybət dövrü üçün vəlayəti-fəqih adlı siyasi bir nəzəriyyə təqdim etməmişdi[8].
Sual: Vəlayəti-fəqih nəzəriyyəsi nə üçün şiə fiqhinin daxilindən zahir olmuşdur?
Cavab: Səfəvilərin hakimiyyətə gəlişi və on iki imamçı şiə məzhəbinin rəsmi məzhəbə çevrilməsi ilə şiələr arasında yeni siyasi nəzəriyyəyə doğru dəyişiklik üçün əməli zəmin yarandı: məsum imam qeybətdə olduqda ədalətli bir hökmdar düşünmək olmazmı? Hər halda Səfəvilər dövründə Şeyxülislam və imamcümə kimi dini məqamları yaradan bu sultanlar olmuşlar. Qacarlar dövründə səhifə geri döndü; sultanlar zəifləmiş və fəqihlər daha çox ictimai nüfuz qazanmışdılar. Məsələn, sultana cihad icazəsi verirdilər. Molla Əhməd Nəraqi[9] Fəthəli şah Qacarın hakimiyyəti dövründə “Əvaidul-əyyam” kitabında “Vəlayətül-fəqih” başlıqlı bir mövzu ilə fəqihin vəzifəsinin din və dünya işlərini idarə etməkdən ibarət olduğunu qeyd edən ilk fəqih olmuşdur. Əhli-sünnənin fiqh kitablarında xəlifənin vəzifəsi kimi qeyd olunan ifadə dünyanı idarə etmək idi ki, bu da siyasi rəhbərliklə eynidir. Bundan artığını izah etmir. O, məsələyə aydınlıq gətirmək üçün və dəlil olaraq rəvayətləri də gətirir.
Nəraqidən sonra fəqihlər iki qrupa bölünürlər. Bir qrup fəqihin siyasi rəhbərliyi də əhatə edən ümumi vəlayətini (hakimiyyət və səlahiyyətini) ondan irəli gələn siyasi nəzəriyyəni izah etmədən müdafiə edir. Bu qrupun öncülü “Cəvahir” kitabının müəllifi (Sahibi-Cəvahir) adı il tanınan Şeyx Mühəmmədhəsən Nəcəfidir[10]. İkinci qrupa daxil olan fəqihlər israrla deyirlər ki, dörd dəlildən (Kitab, Sünnə, İcma və Əql) fəqihin ümuri-hisbiyyə üzərində olan hakimiyyətindən artığını başa düşmək mümkün deyil. Aydındır ki, fəqihin ümumi vəlayəti (hakimiyyət və səlahiyyəti), yaxud fəqihin siyasi hakimiyyəti şər’ən sübuta yetirilə bilmir, yaxud fəqihlərin xalqın can və malı üzərində vəlayəti (hakimiyyəti) yoxdur. Bu cərəyanın ən görkəmli nümayəndəsi Nəraqinin tələbəsi olan və Şeyxi-ə’zəm (Ən böyük Şeyx) kimi tanınan Şeyx Mürtəza Ənsaridir[11]. Onun “Rəsail” və “Məkasib” kitabları hələ də elmi hövzələrin dərslikləri kimi istifadə olunur. Ondan sonra tələbəsi Axund Molla Mühəmmədkazım Xorasani[12] vəlayəti-fəqih fikrini qəbul etməyən və inkar edən ən məşhur fəqih olmuşdur. Xorasaninin “Kifayətul-üsul” kitabı indiyədək elmi hövzələrin dərs kitabıdır. Xorasani həm də məşrutə inqilabının mənəvi lideri idi. Onun fitvasına görə Məclisdə fəqihlərin əvəzinə xalqın seçdiyi nümayəndələr ümumi sahənin öhdəliyini öz üzərlərinə götürürlər[13].
Hicri-şəms təqvimi ilə 30-cu illərdən (m. 50-ci illərdən) Misirdən İndoneziyaya kimi əksər müsəlman ölkələrində, hətta solçu və dünyəvi simalarda (İrandakı nümunəsi Cəlal Ali-Əhməddir[14].) siyasi mühitdə bir növ “islamçılıq” müşahidə olunur. Belə bir mühitdə qırxıncı illərin sonlarında (miladi təqvimi ilə 60-cı illərin sonlarında) Ağayi-Şəriətmədari, Ağayi-Qolpayqani, Ağayi-Mər’əşi Nəcəfi və Ağayi-Xomeyni Qum Elmi Hövzəsinin təsisçisi ustadları Şeyx Əbdülkərim Hairi Yəzdinin fikrinə qarşı fəqihin ümumi vəlayəti (hakimiyyəti və səlahiyyəti) nəzəriyyəsini irəli sürdülər. Vəlayəti-fəqih heç vaxt 1357-ci il (m. 1979) İnqilabının tələblərindən biri olmamış, Konstitusiya layihəsində belə qeyd edilməmişdir. 1358-ci il (m. 1979) referendumunda ümumxalq sorğusunda verilən səsin vəlayəti-fəqihlə heç bir əlaqəsi yoxdur. Konstitusiyanın yekun olaraq nəzərdən keçirilən məclisində Konstitusiyaya vəlayəti-fəqih prinsipi əlavə edildi və bu, Ağayi-Xomeyni tərəfindən İslam Respublikasının ən mühüm göstəricisi oldu. Konstitusiya Ekspertlər Şurasının rəhbəri Ağayi-Müntəziri ölümündən əvvəl “Özünütənqid: ibrət və vəsiyyət” kitabında İran xalqından rəsmi olaraq üzr istədi. Rəsmi təbliğatın əksinə olaraq “fəqihin ümumi vəlayəti” və “fəqihin mütləq vəlayəti” heç vaxt şiəliyin rəsmi siyasi nəzəriyyəsi olmayıb və deyildir də. Şiə fəqihlərinin əksəriyyəti “fəqihin siyasi vəlayəti”ni rəsmən inkar etmişlər. Şiəliyin hakim nəzəriyyəsi “fəqihin siyasi vəlayəti (hakimiyyəti)”nə qarşı olmuş və hal-hazırda da belə davam edir[15].
Sual: Şiə fəqihləri (alimlər və dini rəhbərlər) vəlayəti-fəqih nəzəriyyəsinin İranda həm siyasi, həm də dini baxımdan yaratdığı fəlakətli vəziyyətdən çıxmaq üçün hansı rolu oynaya bilərlər?
Cavab: Yaşadığımız böhranlı vəziyyət bir sıra köklü amillərin nəticəsidir. Konkret olaraq fəqihin mütləq vəlayəti, şəriət hökmlərinin qanun məqamında olması, dini qurumun dövlətdən ayrılmazlığı, dini istibdad, bəlkə, dini despotizm (zülmkarlıq) bizim bəla və böhranlarımızın səbəbi və əsasıdır. Şiə məzhəbinin dini rəhbərləri və fəqihləri tarixən qeyri-siyasi mövqe tutmuş və hal-hazırkı vəziyyətdə də qeyri-siyasi rola malikdirlər. Onlar vəlayəti-fəqihi inkar edirlər. İslam Respublikası tənqidçi və müxalif siyasi fəqihlərə və dini rəhbərlərə dözüm və səbrlə yanaşmamış və mümkün yolla onları ən sərt şəkildə sakitləşdirmişlər. Çox ictimai statusu (nüfuzu) olmayan bəzi fəqihlər və dini rəhbərlər rejimin (sistemin) müdafiəçisi olmuşlar. Bu qrup fəqihlər və dini rəhbərlər bilməlidirlər ki, quruluşu (nizamı, rejimi) və vəlayəti-fəqihi müdafiə etmək İslam dini üçün xeyirli deyil.
Müstəqil fəqihlər və dini rəhbərlər (hamısı vəlayəti-fəqihi də inkar edirlər) dindən düzgün gözləntilərin öyrədilməsində, ritualların və ivdiritualların (şibhi-mənasikin) hökmünün çıxarılmasında və islami siyasi əxlaqın vurğulanmasında rol oynaya bilərlər. Hövzədə təhsil almış bir şəxs kimi vəzifəm olaraq görə biləcəyim işi yerinə yetirmişəm. Nəsihət vermək əvəzinə onun bəzi nəticələrini təvazökarlıqla qeyd edirəm: siyasi İslam dövrü bitdi. Dinin, o cümlədən İslamın işi siyasi və iqtisadi problemləri həll etmək deyil. Dinin xüsusi vəzifəsi insan ruhunu dəyişdirmək, həyata məna vermək, təmiz və əxlaqlı yaşamaqdır. Dini siyasi alətə (hətta demokratik siyasi alətə, hətta avtoritarizmin siyasi alətinə belə) çevirmək, həm dinin, həm də siyasətin ziyanına olar. Vəlayəti-fəqih dini istibdad və zülmün bir növüdür. Vəlayəti-fəqih, yəni fəqihin hakimiyyəti cümhuriyyət (respublika), demokratiya, milli suverenlik, qanunun aliliyi və azadlıqla birləşdirilə bilməz. Mən hər cür vəlayəti-fəqihi qəbul etmirəm, müasir dövrdə hər cür dini hökuməti tanımaq istəmirəm, İslam Respublikasının daxili uyğunluğunu inkar edirəm və mövcud nizamın (fəqihin mütləq vəlayətinə əsaslanan İslam Respublikasının) islah oluna bilməyəcəyinə inanıram[16].
Müəllif: Möhsün Kədivər
Mütərcim: Xəyyam Qurbanzadə Hacıqabuli
Redaktor: Əfruzə Həsənova
Operator və korrektor: Məhbubə Kərimzadə
[1] Himayədən məhrum olmuş şəxslərin himayə edilməsi kimi, heç bir halda yerdə qalmaması lazım olan məsələləri
[2] Yəni mübahisə edən tərəflərin tələbi ilə qazının hüzurunda özünü müdafiədə qərar çıxarmaqla
[3] “Fəqahət və siyasət”, 1382
[4] Əslən Naxçıvanlıdır. (h. q. 2 məhərrəm 1296 – 5 zilhiccə 1361 – m. 27 dekabr 1878 – 14 dekabr 1942)
[5] “Fəqihlərin siyasi vəlayətinin olmaması haqqında Qərəvi İsfahaninin müstəsna istidlalı”, 1396
[6] “Din və siyasətin nisbəti”, h. ş. 1399 – m. 2020
[7] Məsələnin təfərrüatları və sənədləri ilə tanış olmaq üçün bax: “İslam fiqhi və onun dəlilləri”, müə: Vəhbə Züheyli
[8] “Vəlayəti-fəqihin doğulması: şiəlikdə hökumət nəzəriyyəsinin əslinin tanınması”, 2015
[9] h. q. 1185-1245 – m. 1771-1829
[10] h. q. 1202-1266 – m. 1787-1849
[11] h. q. 1214-1281 – m. 1799-1864
[12] h. q. 1255-1329 – m. 1838-1910
[13] “Axund Xorasaninin siyasi fikri”, 2003
[14] 3 dekabr 1923-9 sentyabr 1969
[15] “Vəlayəti-fəqihi inkar edən fəqihlər”, 1397-2018
[16] Əli Əsğər Fəridi ilə 13 esfənd 1401-ci il (m. 4 mart 2023-cü il) yazılı müsahibə. “Bizim hüquqlarımız” adlı iki həftəlik elektron xəbər bülletenində nəşr olunmuşdur. İran İnsan Hüquqları Təşkilatı, 7-ci il, 189-cu say, 26 bəhmən 1401-ci il (m. 15 fevral 2023-cü il) (faktiki nəşr tarixi: 15 fərvərdin 1402-ci il – 4 aprel 2023-cü il), s. 18-21, “Fəqihin xalq üzərində hakimiyyətinin mötəbər əqli və nəqli sənədi yoxdur” başlığı ilə