RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
VƏLAYƏTİ-FƏQİH, ŞURA VƏ XALQ HAKİMİYYƏTİ -1
AYƏTULLAH ƏLLAMƏ SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHLA MÜSAHİBƏ
Sual: Cənab Fəzlullah, söhbətimizə belə bir sualla başlamaq istəyirəm: İslam dini iqtidar məfhumuna hansı prizmadan baxır?
Cavab: İslam dinində iqtidar məfhumunun yerini təyin edən çoxsaylı nəsləri (şər’i mətnləri), xüsusən də Peyğəmbər (s) və İmam (ə) modelini və fəqih nümunəsini öyrənməklə hakimiyyətdə fəqihə rol təyin edən nəzəriyyələrə əsaslanaraq görürük ki, İslam dini hakimiyyəti ictimai bir vəzifə hesab edir. Buna əsasən, rəhbərlik məqamı İslam şəriəti baxımından cəmiyyətdəki çətinliklərlə üz-üzə olmaqdan ibarətdir. Belə ki, rəhbər İslam dininə görə hakimiyyətin təməl prinsiplərinə məhəl qoymadan heç vaxt hakimiyyətdən şəxsi istifadə edə bilməz.
Peyğəmbərin (s) ömrünün son günlərində insanlara qarşı münasibətini nəzərdən keçirdikdə, o Həzrətin kütlə önündə hesabat verdiyini görürük. Baxmayaraq ki, o, Allahın Elçisidir və Peyğəmbərin (s) cəmiyyət qarşısında hesabat verməsi zəruri deyil. Amma bununla belə Peyğəmbər (s) cəmiyyət önündə hazır olduğu zaman özünü hesabat kürsüsündə görür, hökumət məqamından insanlarla hakim olaraq söhbət edir və onlara hökumət xətti ilə peyğəmbərlik yolunun həmahəngliyini xatırladırdı: “Ey insanlar! Heç bir şeyi mənimlə əlaqələndirməyin. Mən Quranın halal etdiyindən başqa heç bir şeyi halal hesab etməmişəm və Quranın haram etdiyindən başqa heç bir şeyi də haram buyurmamışam”.
Bu hədis bizə onu deyir ki, dövlət rəhbərliyinin mahiyyətinin və təcrübəsinin təsviri – hətta Peyğəmbər şəxsiyyəti səviyyəsində olsa belə, – ümmətin hökumətlə bir olmasıdır. Belə ki, dövlət başçısı olmaq heç də hər şeydən azad olmaq demək deyil.
Eyni zamanda görürük ki, müsəlmanlardan istənilən beyət, məsələn kişi və qadınların Peyğəmbərlə olan beyəti İslam nöqteyi-nəzərindən hər hansı bir hökumətin, yaxud peyğəmbərliyin qanuni formada olmasının yox, insanların ümumi, yaxud xüsusi proqram əsasında həyata keçirilən rəhbərliyə olan sədaqətinin nişanəsidir. Bu baxımdan görürük ki, Peyğəmbər (s) də şəxsiyyətə görə deyil, hazırlayıb təqdim etdiyi proqrama əsasən insanlardan beyət alırdı. Quran-kərimdə qeyd olunmuş qadınlarla beyət məsələsində də bu səhnəni müşahidə edirik ki, qadınlardan alınan beyət onların İslam proqramına əsasən cəmiyyətdə fəaliyyət göstərməsindən ibarət olmuşdur (Onların Peyğəmbərlə (s) olan beyəti hazırlanmış proqrama görə idi).
Bu məsələyə diqqət etdikdə bir daha anlayırıq ki, İslamın rəhbərliyə baxışı heç də rəhbərin şəxsiyyətindən qaynaqlanmır, hətta camaatdan almadıqları xüsusi bir şəxsiyyətə sahib olsalar belə. Məsələn: Peyğəmbər və İmamın sahib olduğu peyğəmbərlik və imamlıq məqamının ucalığını buna misal göstərə bilərik. Bu fikri sübut edən İmam Əlinin (ə) Allahla etdiyi minacatıdır: “Allahım! Sən bilirsən ki, bizim tərəfimizdən icra olunan iş (döyüş və toqquşmalar) hakimiyyətə yiyələnmək və artıq dünya malı əldə etmək üçün deyil. Məzlum bəndələrin əminlik içində olsunlar deyə dininin nişanələrini gətirmək və şəhərlərində islahat aparmaq üçündür”[1].
Başqa bir yerdə buyurur: “… Əgər camaat beyət üçün toplaşmasaydı, köməkçilərin varlığı ilə ilahi höccət mənim üçün tamamlanmasaydı və Allahın, zalımın doyub zülm etməməsi və məzlumun ac qalmaması barədə aldığı əhd olmasaydı, xilafət dəvəsinin yüyənini onun belinə atar (yəni onu buraxar) və onun sonuna əvvəlinə su verdiyim qabla su verərdim (yəni xəlifəlikdən imtina edərdim)”[2].
Digər bir rəvayətdə xilafəti özünün köhnə və yırtıq ayaqqabısı ilə müqayisə edərək buyurur: “Allaha and olsun ki, bu ayaqqabı sizə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi və hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı bərpa etməli, batili isə aradan götürməliyəm”[3].
İmamın buyurduğu bu kimi rəvayətlər belə bir nəticəyə gətirib çıxarır ki, rəhbərlik məsələsi, hətta rəhbər İmam kimi üstün bir dərəcə sahibi olsa belə bir vəzifədir. O, tutduğu bu məqamdan istifadə edərək şəxsiyyətini nümayiş etdirmək və ya fərdi proqramlarını həyata keçirmək üçün deyil, İslam hökmlərini əməli olaraq icra etmək üçün istifadə etməlidir.
İmam iman gətirdiyi və diqqətlə yanaşdığı İslam proqramına əsasən insanların rəhbərliyini öhdəsinə götürmüş və insanlar da ona inanmışlar. Bu yolda İmam əsas fikri dini təlimləri yenidən canlandırmağa, məmləkəti iqtisadi-mədəni cəhətdən dirçəltməyə, insanların təhlükəsizliyini təmin etməyə, haqq-ədalətin bərpasına və batilin aradan qaldırılmasına yönəltmişdir. Deyilənlərdən aydın olur ki, İslam hökumətinin rəhbəri xalqa müraciətində və hökumət məsələsi haqqında söhbəti zamanı, hakimiyyətinin, yaxud ədalətinin qanuniliyi üçün – məsum olduğuna görə – insanların nəzarətinə heç bir ehtiyacı olmadığına baxmayaraq, xalqın onun işinə nəzarət etməsini təkid edir.
Dövlət rəhbərinin öz proqramları çərçivəsində hərəkət etməsinin zəruriliyini nəzərə alaraq deməliyik ki, o, insanların yanlış istəklərinə görə İslam prinsiplərindən əl çəkə bilməz. Bu həmin məsələdir ki, İmam Əlinin kəlamında da özünə yer tapmışdır: “Mənim və sizin işiniz bir deyil. Mən sizi Allaha görə istəyirəm, lakin siz məni özünüzə görə istəyirsiniz”[4].
Bununla yanaşı həm də müşahidə edirik ki, İmam hökumət məsələsində insanları ona yardım etməyə səsləyir: “Mənimlə qəddar və zalım şəxslərlə danışdığınız tərzdə danışmayın. Qəzəbli insanların yanında deyə bilmədiyiniz sözləri mənə deməkdən çəkinməyin. Mənimlə dillə rüşvət verərək münasibət qurmayın. Həm də elə zənn etməyin ki, haqqın deyilməsi mənə ağır gələr və mən özümü böyük tutmaq istəyirəm. Həqiqəti eşitmək, yaxud ədalətin tələb olunması ona ağır gələn şəxsin bu ikisinə əməl etməsi də ona çox ağır gələr. Buna görə də düzgün nədirsə onu deməkdən, yaxud ədalətli məşvərətdən çəkinməyin, çünki xətaya düşə bilərəm və bundan əmin deyiləm. …”[5] İmam söhbətinin ardında özünün hər hansı bir xətaya düşməsinin mümkünlüyündən söz açır. Əlbəttə, əqidəmizə əsasən, İmam Əlinin hər hansı bir səhvə yol verməkdən çox uzaq olması məlumdur. Ancaq Həzrət bu müraciətlə ümməti ona irad tutmağa səsləyir ki, gələcəkdə bu iş millətin qeyri-məsum rəhbərlərlə münasibətində həyata keçirilsin.
Bütün bu deyilənləri nəzərə alaraq, əgər İslam hakiminin – həmin rəhbər Peyğəmbər, yaxud İmam olsa belə – xalq ilə rəftarının ümumi xəttini təsvir etməli olsaq, eləcə də müharibə, sülh, böyük və mühüm siyasi, iqtisadi və təhlükəsizlik proqlamları kimi əsas məsələlərdə bu davranışın üslubunu aydınlaşdırmaq istəsək, o zaman Allah-Taalanın Peyğəmbərə etdiyi xitabına istinad etməliyik:
شَاوِرْهُمْ فِى الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللهِ
Tərcümə: “… İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! …”[6]
Yəni şuranın nəticəsinə tabe olmağın ona vacib olub-olmamasından və ya şuranın cəmiyyətin vəziyyətini sabitləşdirən amil sayılmasından asılı olmayaraq, Allah hakimdən, yaxud İslam rəhbərindən ümmətlə müşavirə etməyi istəmişdir. Ayənin axırında belə deyilir: “… Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”
İslamda hakimiyyət və iqtidar teokratiya və ya ilahi hökumət mənasını vermir ki, onun əsasında hökmdar Allahın adı ilə və öz şəxsi zövq və marağına görə hökm edir. İslam nöqteyi-nəzərindən rəhbər Allah-Taalanın ona nəsib etdiyi məqam baxımından rəhbərlik etməlidir və onun rəhbərliyi Allahın qoyduğu əmrlərə əsasən olmalıdır və rəhbərin həmin qanunları azaldıb çoxaltmağa hüququ olmamalıdır:
وَ لَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ
Tərcümə: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qopardardıq!”[7]
وَ لَقَدْ أُوحِيَ إِلَيْكَ وَ إِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَ لَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
Tərcümə: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!”[8]
Bu ayələrdən başa düşülür ki, İslam hökumətində rəhbərlik edən şəxsin ümumi çərçivədən xaricdə şəxsi azadlığı yoxdur. Hətta onu da görürük ki, Quran missiya və hökumət mövzusunda Peyğəmbərin müqavimətini həmləyə məruz qoyan ictimai vəziyyətlər barəsində möhkəm bir bəyan və üslubla Allah peyğəmbərləri ilə bu ictimai təcrübə haqqında belə danışır:
وَ إِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِى أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَ إِذًا لَاتَّخَذُوكَ خَلِيلاً
وَ لَوْ لاَ أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلاً
إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لاَ تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا
Tərcümə: “(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni haradasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdılar. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın! (Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən (yəni heç kəs səni əzabımızdan qurtara bilməz)”[9].
Beləcə, Allah-Taala Peyğəmbəri (s) onu əhatə etmiş təzyiqlərdən qorumaq üçün hökumət və peyğəmbərlik təcrübəsini bir-birinə bağlayır. Peyğəmbərə müraciət edərək buyurur ki, əsas məsələ səni təsdiq edib-etməməklərində, ya da qəbul edib-etməməklərində deyildir. Burada əhəmiyyətli olan budur ki, sənin vəzifən vardır, sən ilahi proqramın qoruyucususan, sənə vəhy olunmayan, yaxud Allahın istəyinin əksinə olan bir şeyi Ona bağlamamalısan.
Deyilənlərdən belə başa düşürük ki, İslam dinində ortaya qoyulan rəhbərlik məsələsi fərdi məsələ deyildir. Əksinə olaraq bu, ümmət və fərdi məsuliyyət məsələsidir. Dövlət başçısı şəxsi düşüncəsi ilə yox, özünün və ümmətin iman etdiyi proqrama əsasən millətə rəhbərlik etməlidir. Deməli, hökmdar planın həyata keçirilməsinin vəkili hesab olunur və həmin plan əsasında xalqın vəkilidir. Bu məsələyə diqqət etməklə biz islami rəhbərin şəxsiyyətinin əhəmiyyətini bəyan edərkən, – istər Peyğəmbər olsun, istərsə də İmam və ya fəqih – və rəhbərin şəxsiyyətini ifadə edərkən diqqətli olmalı və rəhbərliyin əhatə dairəsini və məqamını mülahizə etməliyik. Çünki bəzi ifadələr elə bir şəxsi əzəmət göstərir ki, bu da islami idarəçilik prinsiplərinə uyğun gəlmir. Hətta insanların Peyğəmbər (s), İmam (ə) və fəqih qarşısında heç bir iradəsinin olmadığı təsəvvürünün yaranmasına səbəb olur; buradan belə başa düşülür ki, hakim heç bir konkret plana tabe deyil və tamamilə boş və azad məkanda gəzir.
Biz Peyğəmbərin, yaxud da İmamın şəxsiyyətinin tamamilə xalqa açıq olduğuna, onların İslam və müsəlmanların əmanətçiləri olduqlarına inanırıq. Amma burada hakimiyyətə tamamilə şəxsi və fərdi məsələ kimi baxmaqla rəhbərə İslamın ümumi çərçivəsindən bir addım belə kənara ata bilməyən bir amil kimi baxmaq arasında fərq vardır. Çünki dövləti şəxsi məsələ hesab etməyin ardından bəzi məfhumlar ortaya çıxır ki, onların dəqiq İslam nümunələri ilə heç bir uyğunluğu yoxdur.
(ardı var)
Mütərcim: Cavanşir Sabir oğlu Quliyev
Redaktor: Əfruzə Həsən qızı Həsənova
Müsahibə İran İslam Respublikasında nəşr olunan
“Sobhe-sadeğ” qəzetindən götürülmüşdür.
doşənbe, 2 ordibehişt h. ş. 1387-ci il
(bazar ertəsi, 21 aprel 2008-ci il),
346-cı nömrə, səh. 10
[1] “Nəhcülbəlağə”, 131-ci xütbə
[2] “Nəhcülbəlağə”, 3-cü xütbə
[3] “Nəhcülbəlağə”, 33-cü xütbə
[4] “Nəhcülbəlağə”
[5] “Nəhcülbəlağə”, 216-cı xütbə
[6] “Ali-İmran”, 159
[7] “Haqqə”, 44-46
[8] “Zumər”, 65
[9] “İsra”, 73-75