RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

TERROR HADİSƏSİNDƏN SONRA ƏLLAMƏ BURQUİNİN BƏYANATI

Terrordan sonra xəstəxanada bir neçə gündən artıq qalmadım. Düşündüm ki, bu vəziyyətdə xəstəxanada qalmağım məsləhət deyil. Xəstəxananın bəzi həkimləri və idarəçiləri dedilər ki, əgər burada qalsanız, siz yenidən təhlükə ilə üzləşə bilərsiniz. Buna görə də beşinci gün xəstəxananın idarəçilərilə xudahafizləşib evə gəldim. Məlum oldu ki, heç evdə və xəstəxanada da amanda deyiləm. Nəinki bizim vəziyyətimiz, eləcə də bizdən də pis millətin vəziyyətidir. Evə qayıtdığım vaxt saqqalım, başım və bədənim hələ də qan içində olduğu üçün oğlum Mühəmmədhüseynlə hamama getdim. Təmizlənib evə qayıtdım. Sonra bizim vəziyyətimizi bilmək istəyən və hadisənin necə baş verdiyindən xəbərdar olmaq istəyən şəxslər üçün aşağıdakı bəyanatı yazdım. Onu bütün dost və tanışlar arasında paylaşdırdım. Bəyanatın mətni aşağıdakı kimidir:

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

HAQQ SÖZÜN CAVABI GÜLLƏ VƏ TERRORDUR?

 İki həftə əvvəl özünü şiə adlandıran və İran İslam Respublikasına bağlı olduğunu bildirən şəxslərdən biri mənim evimə gəldi. Bəzi suallar verdikdən sonra çıxıb getdi. Gecənin bir vaxtında işa namazını qıldığım zaman iki dəfə geri qayıtdı və məni baş nahiyəmdən güllə ilə vurdu. Əlhəmdülillah vuran şəxsin işi nəticəsiz qaldı. O, öz istədiyi nəticəyə çata bilmədi. Bəli! “Allahın bizim üçün yazdığından başqa, bizə heç bir şey üz verməz. O, bizim Mövlamızdır. …”[1]

AXI BİZ NƏ DEYİRİK?

 Təəssübkeşlər nə üçün bizimlə düşməndirlər? Nə üçün bizi öldürmək istəyirlər? Axı biz nə deyirik ki? Həqiqətdə bu kəramətli ayə bizim vəziyyətimizi və onların düşmənçiliyinin səbəbini bəyan edir. Allah-Taala buyurmuşdur: “Onlardan yalnız Əziz, Həmid Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”[2].

 Biz deyirik: Allahdan başqasını çağırmayın (yəni Allahdan başqasına dua etməyin)! Necə ki Quranın 100 ayəsində bu, belə də bildirilmişdir. Heç kim Allah qədər Öz bəndələrinin işindən xəbərdar ola bilməz. Heç kim Allah qədər bəndəyə mehriban ola bilməz. Biz deyirik ki, peyğəmbərlər öz vəfatından sonra öz ümmətlərindən xəbərdar deyildirlər. Və baqi aləmdə fani aləmdən xəbərsiz və asudə yaşayırlar. Allah-Taala “Maidə” surəsinin 109-cu ayəsində buyurmuşdur: “Allah peyğəmbərləri toplayıb: “Sizə nə cavab verildi? (yəni xalq sizin dəvətinizə necə cavab verdi?)” – deyə soruşulacağı gün onlar belə cavab verəcəklər: “Biz heç bir şey bilmirik. …” Quranın bəyanına əsasən İsa əleyhissəlam deyəcək: “… Nə qədər ki onların arasında idim, onların üzərində gözətçi mən idim. Məni öldürdükdə onların üzərində nigahban (gözətçi) ancaq Sən Özün oldun. …”[3]

 Bizimlə düşməndirlər, çünki onları məzhəbi xurafatlardan xilas etmək istəmişik. Biz Qurana zidd olan heç bir rəvayət və hekayələri qəbul etmirik.

 Biz deyirik: Allah Rəsulu (s) və hidayət imamları (ə) buyurmuşlar: “Bizdən sizə bir söz gəlib çatarsa, həmin söz Allahın Kitabı ilə uyğun gəlməsə, onu biz deməmişik!” Biz deyirik: “Kafi” və “Biharul-ənvar” kimi məzhəbi kitablar Qurana və əqlə zidd olan mətləblərlə doludur. Bu sözlər hidayət imamlarının dedikləri sözlər deyil, bunlar düşmənlərin qondarmalarıdır.

Biz deyirik: İslam dini azadlıq, ədalət və rəhmət dinidir, öldürmə, təzyiq göstərmə və xalqın malının qəsb edilməsi dini deyildir. Allah Öz Elçisinə buyurmuşdur: “… Sən onlara zor edən deyilsən. …”[4] Allah Rəsulu məkkəliləri bağışladı, baxmayaraq ki, onların hamısı zərər görmüşdülər.

Biz deyirik: şiə əqidəsinə və rəvayətlərinə uyğun olaraq gələcəyi gözlənilən Mehdi (Mehdiyi-Müntəzər) dünya üçün bir əzabdır. Dünya xalqlarını qılıncla öldürəcək və zorla hamını İslama daxil edəcək. Qan atının qarnına qədər yüksələcəkdir. Dünyada kafir qalmayacaq. Bütün bunlar hamısı onun 5, yaxud 7 il hakimiyyət etməsi üçün ediləcəkdir. Bu əqidə doğru bir əqidə deyildir. İlahi ayələrə və sünnətə (adətə) ziddir. Allah-Taala buyurur: “Dində məcburiyyət yoxdur. …”[5] Həmçinin buyurmuşdur: “Hər hansı bir qövm özünü dəyişmədikcə Allah da onlarda olanları dəyişməz. …”[6] Allah-Taala “Maidə” surəsinin 14-cü və 64-cü ayələrində buyurur ki, xristianlar və yəhudilər qiyamətə qədər dünyada baqi qalacaqlar.

Biz deyirik ki, şiənin əqidəsi budur ki, imamlar dünyaya yenidən qayıdacaqlar, həm də öz müxaliflərini qəbirlərdən çıxarıb yandıracaqlar və onları cəzalandıracaqlar[7]. Bu əqidə səhih və doğru əqidə deyildir, çünki qiyamətin cəza günü olması danılmaz həqiqətlərdən (müsəlləmatdan) hesab olunur. Bu barədə Quranda buyurulur: “Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz”[8].

Həmçinin buyurulur: “Sonra siz mütləq öləcəksiniz! Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!”[9] Bunlardan başqa çoxlu sayda digər ayələr də vardır.

Biz deyirik: Allah Rəsulu (ə) və Əliyyul-Mürtəza heç kimdən şiənin iddia etdiyi xüms və imammalı vergisi almamışdır və onların proqramında belə bir şey olmamışdır. Quranın “Ənfal” surəsinin 41-ci ayəsində bildirildiyi kimi, beşdə bir zəkat müharibə qənimətlərinə aiddir və qazanc mənfəətilə heç bir əlaqəsi yoxdur.

Bu cür haqq əqidələrə görə əvvəlki rejim də bizim nəşrlərimizə yasaq qoydu. “SAVAK”ın gücü ilə bizim məscidimizi əlimizdən aldılar. Saray alimlərinin qarşısında bizə yardım edə biləcək heç bir kəs tapılmadı. İndi də bizim evimizə hücum edib namaz halında bizim cavabımızı güllə ilə verirlər!!!

Zalımların heç bir yardımçısı yoxdur, Allah sizin fəryadınıza çatmayacaq!

Ey müsəlmanlar! Allahın sizə nicat verməyini istəyirsinizsə, bizim qəribcəsinə tövhid nidamıza diqqət edin! Dini və ictimai islahatlara doğru üz çevirməsəniz, davamlı olaraq çətinliklərə, təzyiqlərə və zülmlərə mübtəla olacaqsınız.

Allah xeyirxah müvəhhid millətə – xeyirxah insanın məntiqinə güllə və terror ilə cavab verən yox, öz islahatçılarının səsinə və çağırışına qulaq asan millətə yardımçı olsun!

Bizi vəhhabilikdə ittiham edirlər! Halbuki biz vəhhabi deyilik. Biz yalnız Allahın Kitabına və Rəsuli-Əkrəmin Sünnəsinə dəvət edirik. Bizi nəuzubillah Hz. Əmirülmömininlə düşmənçilikdə ittiham edirlər. Halbuki biz o böyük şəxsiyyətin dostluğunu özümüzə və digərlərinə vacib bilirik. Bu töhmətlər yolu azdırmaq üçündür, çünki biz demişik ki, İslam dini məzhəblərdən fərqlənir və İslamda məzhəb yoxdur. Heç kimin məzhəb yaratmağa haqqı yoxdur. Bu məzhəblər Peyğəmbərin əsrindən çox sonralar yaranmış və özlərinə əşəri, mötəzili, sufi, şeyxi və s. adlar qoymuşlar.

Orijinal İslama qayıtmaq və təfriqədən uzaqlaşmaq lazımdır. İslam rəhmət dinidir və onun Peyğəmbəri Quranın bəyanına əsasən aləmlərə rəhmət olaraq göndərilmişdir. İslam kobudluq, zorakılıq və qəddarlıq dini deyildir. İslam inhisarçılıq və monopolistlik dini deyildir, təəqqül və azadlığa dəvət dinidir.

Allah Rəsulu Ühüd döyüşündə zərər gördü, dişləri və burnu sındı. Əshabə dedi: “Onlara nifrin et!” Əshabələrinə belə cavab verdi: “Mən nifrin və lənət üçün göndərilməmişəm. Mən dəvət (çağırış) və rəhmət üçün göndərilmişəm. Allahım, qövmümü hidayət et, həqiqətən, onlar cahildirlər!”

Bu əqidələrə görə bizim qətlimizi vacib və qanımızı da hədər bilirlər. Biz hansı halalı haram etmişik? Halbuki mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim. …[10]

Vəssəlamu əleykum!

Seyid Əbülfəzl Burqui 

H. q. 25 şəvval 1406 

M. 3 iyul 1986

 Böyük bir həyat yolu keçən Əbülfəzl Burqui Qummi İbnur-Rza h. ş. təqvimi ilə 1372-ci ildə (m. 1993) Tehranın Kən adlı kəndində öz övladının evində vəfat etdi. “İmamzadeyi-Şüeyb”in yanındakı qəbiristanlıqda dəfn edildi. Allah ona rəhmət eləsin!

ƏLLAMƏ BURQUİNİN FİKİR DƏYİŞİKLİYİNİN SƏBƏBİ VƏ ONUN HAQQA DOĞRU HİDAYƏT OLUNMASI

Qeyd etdiyimiz kimi Əllamə Burqui öz elmi həyatının əvvəlində əqidə baxımından mövcud on iki imamçı şiə məzhəbinə mənsub olmuş və Quran-kərimin ipindən yapışmağa dəvət edən, ümumi şiə camaatı arasında yayğın olan bidətlərə və xurafatlara, sapqın və azdırıcı əqidələrə qarşı mübarizə aparan böyük, ixlaslı və sədaqətli alimlərdən olmuşdur. Əllamə Burqui qulat şiələrin və bidətkar sufilərin Quran-kərimə müxalif olan fikirlərinə qarşı ciddi mübarizə aparmış və bu bidətlərin havadarları və o fikirləri müdafiə edən saray alimləri və təəssübkeş tərəfdarlar tərəfindən şiddətli toqquşmalar və problemlərlə qarşılaşmış, lakin Quranın üzərində dərindən düşünməklə onlara tutarlı cavablar vermişdir.

Əllamə Burqui özü bəzi yazılarında qeyd edir ki, problemlərimin və müraciət edənlərimin az olmasından çox faydalandım, Quranı daha çox oxumağa və onun üzərində dərindən düşünməyə çox müvəffəq oldum. Bütün bunlar ona gətirib çıxardı ki, artıq mənə aydın oldu ki, bizim şeyxlərimiz və alimlərimiz mövhumat və xurafata qərq olublar, Quranın bir çox təlimlərindən bəhrələnə bilməyiblər. İslamın düzgün əqidələrindən və fikirlərindən uzaqlaşıblar. Bu nəticəyə gəldim ki, din alimləri və onlara tabe olan xalq kütləsi haqq dini dəyişdiriblər, İslamın həqiqətlərindən uzaqlaşıblar, xurafat və məzhəb adı ilə İslama hökmranlıq edirlər.

Bundan sonra Əllamə Burqui ayrı-ayrı kitabçalar yazmağa və kitablar nəşr etdirməyə başlayır ki, nəhayət, sufi qulat şiəliyinin şirkini və küfrünü ortaya çıxara bilsin. “Təftiş” və “Ürfanın həqiqəti” adlı kitablar yazır. Lakin bu kitabların təlifindən sonra bir çox sufilər və onların müridləri xəbər tutub Əllaməni qətllə təhdid edirlər. Əllamə cavab verir ki, ən yaxşı qoruyucu Allahdır! Onu ölümlə təhdid edən şəxs deyir ki, tezliklə həmin din alimlərinin əli ilə sənə hökm oxunacaqdır. Əllamə yalnız bu cavabı verir: “İstədiyinizi edin!” Sonra fəlsəfəyə və İslamı həqiqətdə Quranın təlimlərindən uzaq olan batil bəşəri fəlsəfi təsəvvürlərlə təfsir etmiş şeyxlərə cavab olaraq “Əql və din” adlı başqa bir kitab yazır. Həmin şeyxlər sonra Əllamə ilə böyük bir düşmənçiliyə başlayırlar.

Sonra o, “Şeyxiyyənin batil əqidələrinin siyahısı” adlı başqa bir kitab yazır və orada şeyxiyyə firqəsinin batil əqidələrini ifşa edir. Lakin din adı altında xurafat yolu ilə öz dolanacaqlarını təmin edən şəxslər camaatın xurafatdan xilas olmalarına necə razı ola bilərdilər?!

Sonra “Bir vəlayət dərsi” adlı başqa bir kitab yazır. Əllamə Burqui deyir ki, bu kitab bizim müxaliflərimizin birləşməsinə səbəb oldu. Bu kitab kiçik bir kitab olmasına baxmayaraq, şeyxiyyə və sufiyyə şiəliyinin, qulat şiəliyinin və digərlərinin Qurana açıq-aşkar müxalif olan bütün şirkinin üzündən niqabı qaldırdı.

Bu acı həqiqətlərin bəyan olunması din yolu ilə camaatın hesabına dolanan şiə şeyxlərinin düşmənçiliyinə səbəb oldu. Onlar Əllamə Burqui və onun ardıcıllarını nasibi, Həzrət Əliyə və Əhli-Beytə zidd olan şəxslər adlandırıb onlara töhmət vururdular. Töhmət və iftiranın heç bir təsir qoymadığını gördükdə dövləti vasitəçi seçib rejim yolu ilə onları zərərsizləşdirməyə çalışdılar, lakin buna müvəffəq olmadılar. Ağayi-Xosrovşahi bu yolun təsirli olacağından naümid olduqda mərcəi-təqlidlərin yanına getdi, onların əməkdaşlığı ilə geniş və əhatəli bir kitab yazdı, məscidlərin pişnamazları və yalançı vaizlərdən ibarət olan 600 nəfər xurafatçı şeyxdən imza topladı ki, guya Seyid Əbülfəzl Burqui İslamı məhv etmək üçün fəaliyyət göstərən bir yəhudidir və polis vasitəsilə onun üzərinə hücum etdilər. Onun bir qrup dostlarını və həmfikirlərini tutdular və onu da zindana atdılar. Bir müddətdən sonra ondan təəhhüd alıb buraxdılar.

ƏLLAMƏ BURQUİNİN ƏQİDƏSİNİN XÜLASƏSİ

  1. İslam dini insanın dünya və axirət xoşbəxtliyini təmin edən kamil bir dindir. İslam dini bütün peyğəmbərlərin və ilahi elçilərin dinidir. Peyğəmbərlərdən sonra heç bir kəsin dinin üsullarına (əsaslarına) nəsə əlavə etməyə, yaxud ondan nəyi isə əskiltməyə haqqı yoxdur, istər imam olsun, istərsə də qeyri-imam.

Mövcud on iki imamçı şiə məzhəbi orijinal İslamı yalan xurafi xütbələrlə, qondarılmış bəşəri fikirlərlə və saxta rəvayətlərlə qarışdırmış və onların məcmusundan həqiqətdə Əhli-Beyt üçün rüsvayçılıq olan bir məzhəb düzəltmişdir.

  1. İslamda xurafat yoxdur, lakin mövcud şiə məzhəbi isə xurafatlar və mövhumatlarla doludur.
  2. İlahi sifətlərdən heç biri peyğəmbərlərdə və övliyalarda yoxdur. İlahi işlərdə onların heç bir şərikliliyi yoxdur. Peyğəmbərlərin – Allahın salamı olsun onlara! – vəzifəsi risaləti çatdırmaq, müjdə vermək (təbşir) və qorxutmaqdır (inzar).

Peyğəmbərlər və övliyalar vahid bir məkanda mövcud olan və o məkana məhdud olan varlıqlardır. Zatları və elmləri də məhduddur. Hər bir məkanda hazır və nazir deyildirlər. Qeybi də bilmirlər. Hər şeyi də əhatə etmirlər.

Lakin şiə kitablarında mövcud olan rəvayətlər və xəbərlər Quran mətnlərinin və səhih Sünnənin əksinə olaraq bütün bu sifətləri və xüsusiyyətləri peyğəmbərlər, övliyalar və imamlar üçün sübuta yetirmiş olur ki, bütün bunlar hamısı yalandır, əsassızdır və İslamın haqq əqidələri ilə heç bir əlaqəsi yoxdur.

  1. İslam yaşanılması asan olan bir dindir. Lakin şiə məzhəbinin xurafatçı alimləri İslam dinini çətinləşdirmiş və öz mənfəətlərini təmin etmək üçün dinin üsuluna və füruuna imamət, vəlayət, xüms, İmamın və başqasının haqqı kimi fikirlər əlavə etmişlər ki, bunların heç birinin İslamda yeri yoxdur.
  2. İslam dini təlim və təəllüm (öyrətmək və öyrənmək) dinidir. Hər bir müsəlmanın elm öyrənməsi vacibdir. Əllamə Burqui kortəbii təqlidi şiddətlə rədd edir[11].
  3. İslam dini müsavat və bərabərlik dinidir. Bu dində əsil-nəsəb əsası üzərində fərqlənmə yoxdur. Lakin şiə məzhəbinin alimləri seyid və qeyri-seyid, imam (pişnamaz) və müqtədi (iqtida edən) arasıında fərq qoymuşlar. İslam dinində bütün bunlar hüquq, vəzifələr və vacibatlar baxımından bərabərdirlər, üstünlük yalnız təqvadadır.
  4. Allahdan başqasını çağırmaq (yəni ona dua etmək) və ehtiyacları Ondan yox, başqasından istəmək səbəblərin fövqündə olan qeybi kömək üçün başqasını malik bilmək etiqadı ilə nəticələnir ki, bu da heç bir vəchlə doğru deyildir, bəlkə, Allaha ibadətdə şirkdir. Lakin insan tərəfindən tətbiqi mümkün olan dünyəvi işlərdə və ürfi ehtiyaclarda başqalarından bir şey istəmək heç bir maneə olmadan icazəlidir. Bir şərtlə ki, kömək istənilən şəxs diri və hazır olsun, nəinki ölü və qaib.
  5. Peyğəmbərlərin və övliyaların vəfatından sonra dünya ilə heç bir əlaqələri yoxdur, camaatın vəziyyəti haqqında da heç bir məlumata malik deyildirlər. Ölümlərindən sonra heç bir vəzifələri və işləri yoxdur.
  6. İslam dinində xalq üzərində Allahın höccəti (dəlili) yalnız peyğəmbərlər və əqldir. Allah-Taala bu ikisindən qeyri başqa bir şeyi bəndələri üzərində höccət qərar verməmişdir. Həzrət Əlinin, imamların və onların övladları olan şəxslərin Allahın xalq üzərində höccətləri olması məsələsi yeni ortaya atılmış, uydurulmuş bir məsələdir, bidətdir və dinə əlavə olunmuş bir fikirdir ki, Quran-kərimə və Peyğəmbərin Sünnəsinə müxalifdir.
  7. İslam dinində hər bir zaman və məkanda bütün müsəlmanlara vacib hesab edilir ki, onlar üçün bir vəliyyüləmr (müsəlman icmasının rəhbəri) olsun ki, bütünlüklə müsəlmanların işlərinin cilovunu əlində tutsun və İslam cəmiyyətində şəriətin hökmlərini və qanunlarını bərpa etsin. Aydındır ki, vəliyyüləmr daim bu işlər üçün hazır olmalı, camaatın vəziyyətindən xəbərdar olmalı və camaat da onu görüb tanımalıdır.

İslam dinində camaatın gözündən qaib və gizli olan imam və ya vəliyyüləmr yoxdur ki, mötəbər imam olsun, camaat da onu görməsin və ona əli catmasın.

  1. Müsəlmanlar üçün zəruridir ki, onların arasında fiqh və islami bilgiləri ondan öyrənə biləcəkləri, xalq arasında İslam hökmlərini tətbiq və icra edə biləcək şəxslər olsun. İstər bu müəllim imam olsun, istərsə də qeyri-imam. Əgər həmin müəllim Əhli-Beyt imamlarından olarsa, hər bir surətdə dinə tabedir, nə üsuli-dinin bir əslidir, nə də füruüddinin bir bəndi. Heç kimin icazəsi yoxdur ki, üsuli-dinə imamət adlı bir əsl və ya maddə əlavə etsin. Biz İslam dininə tabe olan, İslam şəriətini bəyan edən hər bir imamı sevirik və həmişə ona ehtiram edirik.

Tərtibatçı və mütərcim:

 Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

[1] “Tövbə”, 51

[2] “Büruc”, 8

[3] “Maidə”, 117

[4] “Qaf”, 45

[5] “Bəqərə”, 256

[6] “Rəd”, 11

[7] Ricət əqidəsi nəzərdə tutulur. Ricət barəsində Ayətullah Şeyx Əbdülkərim Hairi Yəzdinin şagirdlərindən biri, yəni Ayətullah Əbdülvəhhab Fərid Tonekaboni bir kitab da yazmışdır. Bu kitab illərlə əvvəl bir dəfə çap olunmuşdur. Lakin hal-hazırda mollaların hökumətində yenidən çap olunması mümkün deyildir.

[8] “Zümər”, 30, 31

[9] “Muminun”, 15, 16

[10] “Hud”, 88

[11] Əllamə Burquinin təqlid haqqındakı fikirləri “Əllamə Burqui və əsərləri” adlı kitabın “Təqlid nədir və müsəlmanlar arasında nə vaxt ortaya çıxmışdır?” bölməsində ətraflı şəkildə bəyan olunmuşdur.