Salehi Nəcəfabadi – Şeyx Nemətullah – mənə tanış addır. Ona görə tanışdır ki, mən 1349-cu ilin ikinci yarısında (m. 1970-ci ilin sonu) Kirmanda hərbi xidmətdə olan zaman İsfahana gələndə Şeyx Nəcəfabadinin “Şəhidi-cavid” (“Əbədi şəhid”) adlı kitabı ilə bağlı deyilən fikirləri eşitmişdim. Həmin illərdə bu kitab ətrafında dini məclislərdə və camaat arasında qalmaqal və mübahisə yaranmışdı. Bir dəfə rəhmətlik atamdan (yəni Əllamə Mühəmmədcavad Qərəvidən) bu əsər və onun müəllifi haqqında soruşdum. O yalnız lazım olan kitabları saxladığı kiçik kitabxanadakı açıq göy cildli bir kitabı mənə göstərdi. Götürüb kitabı vərəqlədim. İlk səhifədə iki müsbət rəy yazıldığını gördüm. Birincisi, Ayətullah Müntəzirinin yazısı idi. Yazı bu cümlələrlə başlayırdı: “Çox hörmətli cənab Hüccətülislam Ağayi-Şeyx Nemətullah Salehi Nəcəfabadi tərəfindən Seyiduş-şühəda İmam Hüseynin (ə) qiyamı mövzusunda yazılmış kitab müasir dövrün ən dəyərli əsərlərindəndir. Mən həmin əsəri diqqətlə oxudum və dərin tarixi məlumatlardan əlavə aşağıdakı mühüm faydaları ehtiva etdiyini gördüm. …”
Ayətullah Müntəziri həmin müsbət məzmunlu rəydə “Şəhidi-cavid” kitabının dörd əsas faydasını qeyd edir və dördüncü bənddə belə yazır: “4. Müəllif bu müfəssəl və dəqiq tarixi araşdırmada yeni bir üsul seçmiş, sırf elmi üslub və geniş araşdırmadan istifadə etməklə belə məsələlərdə düzgün təhlil yolunu göstərmişdir. …”
Sonradan Ayətullah Meşkini kimi tanınan Əli Meşkini Ərdəbilinin imzası yazılmış ikinci yazıya baxdım. O, öz rəyinin bir hissəsində belə yazmışdır: “Hüseyn ibn Əlinin müqəddəs qiyamından bəhs edən hazırkı kitab öz növündə misilsizdir. Mətni bir dəfə diqqətlə oxudum, böyük zövq aldım və çox bəhrələndim. …”
Sonuncu cümləsində belə yazır: “… İmam Hüseyn əleyhissəlamın qiyamı barəsində, xüsusilə ziyalı və savadlı zümrənin qəlbində olan və bəzən dilə gətirdikləri iradlar və düyünlər aradan qaldırılacaq. …”
Bu iki müsbət rəy məni kitabı oxumağa həvəsləndirdi. Amma əsəri oxuyana kimi vaxt itirməmək üçün rəhmətlik atamdan (yəni Əllamə Mühəmmədcavad Qərəvidən) bir daha müəllif və kitab haqqında fikrini soruşdum. O, kitabı oxuduğunu dedi və əlavə etdi: “Müəllif kədərləndirici Kərbəla hadisəsinə tamamilə yeni və fərqli nöqteyi-nəzərdən baxmış və onun daha dərindən dərk edilməsi üçün yeni fəsillər açmışdır ki, bunlardan ən mühümü kədərləndirici Kərbəla vaqiəsi ilə əlaqədar xurafatçılığın ifşasıdır. Əgər bu kitabda təqdim olunan məzmun və məfhumlar birinci olaraq minbər əhli, ikinci isə adi insanlar arasında dərc olunarsa, o böyük müsibətin müsbət və təsirli nəticələri müsəlmanlara, xüsusən də şiələrə çatdırılar və əhli-sünnənin məclislərində və məhfillərində müzakirə və müdafiə oluna və təsir qoya bilər”.
Kitabı iyirmi dörd yaşım olanda oxudum. Müəllifin dünyagörüşü və digər yazıları ilə də maraqlandım. Hələ indiyə qədər də onun yaradıcılığına olan bu maraq məndə qalıb və rahatlıq tapmış nəfsimin bir hissəsinə çevrilib. Bu səbəbdən də İnqilabdan sonra onun əsərlərini yenidən izlədim və öyrənməyə başladım. Lakin heç vaxt Şeyx Nəcəfabadi ilə görüşmək imkanım olmayıb. Onunla şəxsən söhbət etmək mənə nəsib olmayıb. … Elə həmin 1969-cu ildən “Şəhidi-cavid” kitabı nəşr olunduqdan dərhal sonra minbərlərdə Şeyx Nemətullah Nəcəfabadiyə qarşı müxalifətçilik, böhtanlar, təhqirlər, hətta söyüş söymələr, ittihamlar və nalayiq sözlər deyilməyə başladı. Hər yerdən daha çox bu cərəyan Qum və İsfahan şəhərlərində zirvəyə çatdı. “Şəhidi-cavid” kitabı ziyalı dairələrində nə qədər daha çox rəğbətlə qarşılanır və təqdir olunurdusa, digər tərəfdən çörəyi Kərbəla hadisəsi ətrafında yaradılmış xurafatlardan çıxan ənənəvi hövzə mənsubları və ənənəçilər arasında müxalifət daha çox böyüyürdü. O dərəcədə geniş şəkil aldı ki, mərhum Salehinin qiymətli əsərinə qarşı bir ildən az müddətdə on cilddən çox kitab yazıldı. Təbii ki, Şahənşahlıq sistemi və onun hökmranlıq vasitəsi olan SAVAK da mövhumatçılara və xurafatpərəstlərə dəstək verirdi.
Bu kitab haqqında müsbət rəy verən iki Hövzə alimindən birincisi, yəni Ayətullah Müntəziri ömrünün axırına qədər kitabın məzmunu ilə bağlı öz rəy və fikrində qaldı. Lakin ikinci şəxs, yəni Ayətullah Meşkini isə İnqilabdan sonra qarşı tərəfin yoluna keçdi və bunu dilinə gətirməsə də, “Şəhidi-cavid” kitabı ilə bağlı əvvəlki fikrinin əksini əməli olaraq qəbul etdi. O, Qum şəhərində qıldırdığı cümə namazlarının əksər xütbələrində xurafatı təbliğ edirdi.
Şeyx Nemətullah – demək istəyirəm ki, “Şeyx” sözü onun üçün “Ayətullah” ifadəsindən daha münasibdir – İnqilabdan sonra şiə elmi məclislərinə başqa dəyərli əsərlər təqdim etdi. Bu əsərlərin, demək olar ki, hamısının məzmunu xalis şiə təfəkkürünün qucağından xurafatları çıxarmaq istiqamətində yazılmışdı. “Musanın əsası, yaxud qülüvv xəstəliyinin müalicəsi” kitabını buna misal göstərə bilərik.
O, bu kitabda İmamın elminin təhlil və tədqiqində üç ayətullahın fikirlərini və bu məqamda nəzəriyyə irəli sürənlərin ifrat və təfritini tənqid edir. Həmin üç nəfər bunlardır: Ayətullah Rəfii Qəzvini, Əllamə Təbatəbai və Ayətullah Safi Qolpayqani. Əslində Şeyx Nəcəfabadi adıçəkilən alimlərin “Şəhidi-cavid” kitabı ilə bağlı iradlarına cavab verib. Buna əsasən, demək olar ki, “Musanın əsası” kitabı “Şəhidi-cavid” kitabını təkmilləşdirən bir kitabdır.
“Bir neçə fiqhi mövzuya aid araşdırma” kitabında da Quran ayələri və səhih rəvayətlərlə tamamilə zidd olan fiqhi xurafatları ifşa etmişdir. Nəfis bir əsər olan digər kitabda isə “Şəhidi-cavid” kitabında müzakirə etdiyi fikirləri müdafiə etmək üçün ustad Şəhid Ayətullah Mütəhhərinin “Himaseyi-Hüseyni” kitabını tənqid etmişdir.
Şeyx Nəcəfabadinin çoxlu sayda məktubları, məqalələri və səs yazıları qalıb. Lakin bu məqalənin sonunda onun İranın tarixində böyük tarixi əhəmiyyəti olan və gələcəkdə də olacaq bir risaləsinə işarə etmək istərdim. O, mərhum Şeyxin İmam Xomeyninin Ayətullah Müntəziriyə yazdığı iki məktubu təhlil etdiyi risalədir; 68/1/6 və 1/7 məktubları.
Hər kəsi bu böyük insanın və əsl tədqiqatçının müasir şiə tarixinin xurafat əleyhinə yazdığı əsərlərini heç bir təəssübkeşlik olmadan oxumağa dəvət edirəm.