III. FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI

Məzhəblər iki bayramın – Fitr və Qurban bayramlarının namazı haqqında ixtilaf etmişlər: O namaz vacibdir, yoxsa müstəhəb?

On iki imamçı şiə və hənəfi məzhəbləri demişlər: Cümə namazının şərtlərilə vacibi-eynidir. Əgər şərtlər, yaxud onların bəzisi aradan gedərsə, hər iki tərəfin yanında onun vacibliyi hökmü qüvvədən düşər. Lakin on iki imamçı şiə məzhəbi demişdir: Vacibliyin şərtləri aradan gedərsə, istər camaatla, istərsə fərdi, istər səfərdə olsun, istərsə də həzərdə (vətəndə) onun qılınması müstəhəbdir.

Hənbəlilər demişdir: Onun qılınması vacibi-kifaidir. Şafiilər və malikilər demişlər: Onun qılınması sünnəti-müəkkəddir[1].

On iki imamçı şiə və şafii məzhəblərinə görə onun vaxtı Günəş çıxdığı andan zəvala (zöhrə) qədərdir. Hənbəli məzhəbinə görə isə Günəşin çıxıb bir mizraq (nizə ölçüsündə) yüksəlməsindən (yəni Günəşin çıxmasından 45-50 dəqiqə sonra) başlayıb zəvala (zöhrə) qədər davam edir[2].

On iki imamçı şiə məzhəbi demişdir: Cümə namazında olduğu kimi burada da iki xütbə oxumaq vacibdir. Digər məzhəblər isə bunun müstəhəb olduğunu demişlər. Bütün məzhəblər cümə namazının iki xütbəsinin namazdan əvvəl oxunmasının əksinə olaraq bayram namazının xütbələrinin namazdan sonra oxunması barəsində ittifaq etmişlər.

On iki imamçı şiə və şafii məzhəbləri demişlər: Bayram namazının fərdi şəkildə və camaat halında qılınması səhihdir. Lakin digər məzhəblər demişlər ki, bayram namazının camaat halında qılınması vacibdir.

Onun yerinə yetirilmə keyfiyyəti bütün məzhəblərə görə iki rükətdir və aşağıdakı şəkildədir:

1. Hənəfilərə görə

Əvvəl niyyət edilir, sonra təkbirətül-ehram deyilir. Sonra Allaha həmd-səna edilir. Sonra üç dəfə təkbir deyilir. Hər bir təkbirdən sonra üç təkbir ölçüsündə sükut etmək lazımdır. “Sübhanəllahi vəl-həmdülillahi və la ilahə illəllahu vəllahu əkbər”, – deməyin heç bir qorxusu yoxdur. Sonra “Fatihə” və bir Surə oxunur. Sonra rüku və səcdə edilir. İkinci rükət “Fatihə” və bir Surənin oxunması ilə başlayır. Sonra üç təkbir deyilir, rüku və səcdə edilir. Beləcə, namaz sona çatır[3].

2. Şafiilərə görə

Əvvəl təkbirətül-ehram deyilir, istiftah duası oxunur[4], sonra yeddi təkbir deyilir. Hər iki təkbir arasında pıçıltı ilə: “Sübhanəllahi vəlhəmdülillahi və la ilahə illəllahu vəllahu Əkbər!” – deyilir. Sonra istiazə deyilir, “Fatihə” və “Qaf” surələri oxunur. Sonra isə rüku və səcdələr yerinə yetirilir, ikinci rükət üçün ayağa qalxılır. Qiyam halında təkbir deyilir. Beş təkbir də əlavə edilir. Hər iki təkbir arasında “Sübhanəllahi vəlhəmdülillahi və la ilahə illəllahu vəllahu Əkbər!” – demək lazımdır. Sonra “Fatihə” və “İqtərəbət” (54-cü surə olan “Qəmər” surəsi) surələri oxunur, sonra namaz tamamlanır[5].

3. Hənbəlilərə görə

İstiftah duası oxunur, sonra altı təkbir deyilir və hər iki təkbir arasında pıçıltı ilə: “Əllahu Əkbəru Kəbirən, vəlhəmdülillahi kəsirən, sübhanəllahi bukrətən və əsilən və səlləllahu əla Mühəmmədin və Alihi və səlləmə təslima”, – deyilir. Sonra “istiazə” və “bəsmələ” deyilir və “Fatihə” və “Səbbihismə rəbbik” (87-ci surə olan “Əla” surəsi) surələri oxunur. Birinci rükəti tamamlamaq və ikinci rükətə qalxmaq lazımdır. İkinci rükətdə qiyam üçün deyilən təkbirdən başqa beş təkbir deyilir. Hər iki təkbir arasında yuxarıda qeyd etdiyimiz zikrlər deyilir. Sonra “bəsmələ”, – deyilir, “Fatihə” və “Ğaşiyə” surələri oxunduqdan sonra rüku edilir və namaz sona çatdırılır.

4. Malikilərə görə

Təkbirətül-ehram deyildikdən sonra altı təkbir deyilir, sonra “Fatihə” və “Əla” surələri oxunur. Rüku və səcdələr yerinə yetirilir. Sonra ikinci rükətə qalxmaq və onun üçün təkbir demək lazımdır. Qiyam üçün deyilən təkbirdən sonra beş təkbir deyilməlidir. Sonra “Fatihə” və Şəms” surəsi, yaxud onun kimi bir surə oxunur. Və beləcə, namaz tamamlanır.

5. On iki imamçı şiə məzhəbinə görə

Təkbirətül-ehram deyilir. “Fatihə” və ondan sonra bir Surə oxunur. Sonra beş təkbir deyilir və hər bir təkbirdən sonra qunut oxunur. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə “Fatihə” və ondan sonra bir Surə oxunur. Dörd təkbir deyilir. Hər bir təkbirdən sonra qunut oxunur. Sonra rüku yerinə yetirilir və namaz sona çatır[6].

(ardı var) 

Müəllif: Şeyx Mühəmmədcavad Muğniyə

Mütərcim və şərhçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə 

 

[1] Hz. Peyğəmbərin (s) davamlı olaraq yerinə yetirdiyi, sırf məcburi və qəti bir əmr olmadığını göstərmək üçün nadir hallarda tərk etdiyi işlərə sünnəti-müəkkədə (müəkkəd sünnə) deyilir. Məsələn, dəstəmaz alarkən ağıza və buruna su vermək, sübh, zöhr və məğrib namazlarının sünnələrilə işa namazının son sünnəsi, azan, iqamə, camaat namazı belədir. Bu növ sünnəni yerinə yetirən Allah nəzdində xoş qarşılanır, tərifə layiq görülür, savab qazanır. Bu işi tərk edən cəzalanmasa və günahkar olmasa da, dini baxımdan qınanır.

 [2] Hənəfi məzhəbinə görə bayramın birinci günü Günəş çıxıb kərahət vaxtının çıxışından (təxminən 45 dəqiqə) sonra başlayır, istiva vaxtına (Günəşin zenitdə dayanmasına) 10 dəqiqə qalana qədər davam edir. Bir üzrə görə birinci gün də qılınmazsa, Ramazan bayramı ikinci gün, Qurban bayramı isə ikinci və üçüncü gün həmin saatlarda qılına bilər.

Maliki məzhəbinə görə bayram namazının vaxtı nafilə namaz qılmağın halal olduğu vaxtdan (Günəşin çıxmasından 45-50 dəqiqə sonra) başlayıb Günəşin zəval nöqtəsinə gəlməsinə qədər davam edir.

[3] Müəllif “Beş məzhəbə əsasən fiqh” kitabında məzhəblərə görə bayram namazının qılınması haqqında qısa və müxtəsər məlumat verdiyinə görə biz Fitr və Qurban bayramlarının namazı haqqında ətraflı məlumat verməyin zəruri olduğunu gördük ki, bu namazın qılınmasını öyrənmək istəyənlər başqa fiqh kitablarına müraciət etmə məcburiyyətində qalmasınlar.

Hənəfilərə görə: Namaz vaxtı daxil olduqda azan və iqamə oxunmadan imam-xətib Fitr və ya Qurban bayramı namazını qılmağı “Allah rizası üçün bayram namazını qılmağı niyyət etdim”, – deyərək niyyət edir. Camaat da eyni şəkildə bayram namazını qılmaq üzrə “Niyyət etdim Allah rizası üçün vacib olan bayram namazını qılmağa, iqtida etdim hazır olan imama”, – deyərək mövcud imam-xətibə iqtida etdiyini niyyət edir.

İmam “Əllahu Əkbər”, – deyərək təkbirətül-ehram deyir və əllərini göbəyinin altında bağlayır. Camaat da eyni şəkildə təkbir deyib əllərini bağlayır. İmam və camaat pıçıltı ilə “Sübhanəkə” duasını oxuyur. “Sübhanəkə” duası belədir: “Sübhanəkəllahummə və bihəmdik və təbarəkəsmuk və təala cəddukə və la ilahə ğəyruk”.

Tərcümə: “Allahım, Sən hər cür eyib və naqislikdən uzaqsan. Sənə həmişə belə həmd edirəm. Sənin adın mübarəkdir. Varlığın hər şeydən üstündür, şanın ucadır. Səndən başqa ilah yoxdur!” Sonra imam və camaat “Əllahu Əkbər”, – deyərək təkbir deyir, əllər qulaqların müqabilinə qədər qaldırılıb yana buraxılır. Sonra eyni şəkildə “Əllahu Əkbər”, – deyərək bir təkbir də deyilir və əllər yenə yana buraxılır. Üçüncü dəfə “Əllahu Əkbər”, – deyərək təkbir deyilir və bu dəfə əllər bağlanır. Təkbirlər arasında üç dəfə “Sübhanəllahil-əzim”, – deyəcək qədər gözləmək lazımdır. Bundan sonra camaat sükut edib gözləyir. İmam pıçıltı ilə əuzu-bəsmələ çəkir, “Fatihə” və “zəmmi-surə”ni (“Fatihə” surəsindən sonra oxunan surə və ya ayəni) yüksək səslə (cəhrlə) oxuyur, sonra rüku və səcdələr yerinə yetirilir, sonra ikinci rükətə qalxırlar. İkinci rükətdə imam pıçıltı ilə “bəsmələ”ni deyir. “Fatihə” və “zəmmi-surə”ni yenə yüksək səslə oxuyur. Ardından imam və camaat “Əllahu Əkbər”, – deyərək təkbir deyir, əllər qulaqların müqabilinə qədər qaldırılıb yana buraxılır. Sonra eyni şəkildə “Əllahu Əkbər”, – deyilərək bir təkbir də deyilir, əllər yenə yana buraxılır. Sonra yenə eyni şəkildə üçüncü təkbir deyilir və əllər yenə yana buraxılır. Birinci rükətdə olduğu kimi ikinci rükətdə də təkbirlər arasında üç dəfə “Sübhanəllahil-əzim”, – deyəcək qədər gözləmək lazımdır. Üçüncü təkbirin ardınca “Əllahu Əkbər”, – deyərək rükuya getmək lazımdır. Birinci rükətdə olduğu kimi rüku və səcdələr tamamlanır. İkinci səcdədən sonra oturmaq, “Təhiyyat”, “Səlli”, “Barik”, “Rəbbəna atina” və “Rəbbənəğfirli” dualarını oxumaq, sağa və sola salam verərək namazdan çıxmaq lazımdır.

Təhiyyat: “Ət-Təhiyyatu lillahi vəs-sələvatu vət-təyyibatu əs-səlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh. Əs-səlamu ələyna və əla ibadillahissalihin. Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Mühəmmədən əbduhu və rəsuluh”.

Tərcümə: “Dil, bədən və mal ilə yerinə yetirilən bütün ibadətlər Allaha məxsusdur. Ey Peyğəmbər! Salam, Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun! Bizim (namazqılanların) və Allahın saleh qullarının üzərinə salam olsun! Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur! Və şahidlik edirəm ki, Mühəmməd Onun qulu və elçisidir!”

“Səlli” duası: “Əllahummə səlli əla Mühəmmədin və əla Ali-Mühəmməd kəma səlləytə əla İbrahim və əla Ali-İbrahim. İnnəkə Həmidun, Məcid!”

Tərcümə: “Allahım! Mühəmməd və Ali-Mühəmmədə rəhmət göndər. İbrahim və Ali-İbrahimə rəhmət göndərdiyin kimi. Həqiqətən, Sən Həmidsən (tərifə layiqsən), Məcidsən (lütf və kəraməti bol olansan)!”

“Barik” duası: “Əllahummə barik əla Mühəmməd və əla Ali-Mühəmməd kəma barəktə əla İbrahim və əla Ali-İbrahim. İnnəkə Həmidun, Məcid!”

Tərcümə: “Allahım! Mühəmməd və Ali-Mühəmmədə xeyir-bərəkət ver. İbrahim və Ali İbrahimə xeyir-bərəkət verdiyin kimi. Həqiqətən, Sən Həmidsən (tərifə layiqsən), Məcidsən (lütf və kəraməti bol olansan)!”.

“Rəbbəna atina” duası: “Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən vəqina əzabən-nar birəhmətikə ya Ərhəmər-rahimin!”

Tərcümə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəllik ver və rəhmətinlə bizi atəşin əzabından qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi!”

“Rəbbənəğfirli” duası: “Rəbbənəğfirli və livalidəyyə və lilmuminin yaumə yəqumul-hisab”.

Tərcümə: “Ey Rəbbimiz, məni, valideynlərimi və möminləri hesab günündə bağışla!”

Yuxarıda qeyd olunanlara əsasən bayram namazlarının hər iki rükətində digər namazlardan fərqli olaraq üç artıq təkbir deyilmiş olur ki, bunlara zəvaid təkbirləri deyilir. Bu təkbirləri demək vacibdir.

Salam verildikdən sonra imam-xətibin minbərə çıxıb xütbə oxuması sünnədir. Bu xütbə cümə xütbəsində olduğu kimi iki hissədən ibarətdir. Xütbəyə “Əllahu Əkbər, Əllahu Əkbər, La ilahə illəllahu vəllahu Əkbər, Əllahu Əkbər və lillahil-həmd”, – deyə təkbir deyilərək başlanmalıdır. Camaat da təkbirə qatılmalıdır.

İmam-xətib bayram xütbələrində ümumi olaraq bayramın birləşdirici xüsusiyyətindən danışmalıdır. İslam qardaşlığı, yardımlaşma kimi mövzuları ələ almalıdır. Həmçinin ramazan bayramı xütbəsində zəkat və sədəqə ibadətləri, Qurban bayramı xütbəsində isə qurban ibadəti və təşriq təkbirləri haqqında məlumat verməlidir.

Təşriq təkbirləri Qurban bayramı ərəfəsində sübh namazından başlayıb bayramın dördüncü günü ikindi namazının sonrasına qədər iyirmi üç vaxtda fərz/vacib namazlardan sonra deyilən təkbirlərdir. Bu təkbirlər vacibdir.

Təşriq təkbirləri aşağıdakı cümlələrdən ibarətdir: “Əllahu Əkbər, Əllahu Əkbər, La ilahə illəllahu vəllahu Əkbər, Əllahu Əkbər və lillahil-həmd!” (İstifadə olunmuş ədəbiyyat: “Tətbiqli namaz kitabı”, müə: Mehmet Paksu, “Namaz elmihalı”, müəlliflər: İsmayıl Qaragöz, Xəlil Altuntaş, “Əsas dini bilgilər”, müə: Seyfəddin Yazıçı)

[4] Əhli-sünnəyə görə iftitah, yaxud istiftah duası həmin “Sübhanəkə” duasıdır.

[5] Deyilən təkbirlərin (birinci rükətdə deyilən 7, ikinci rükətdə isə deyilən 5 təkbir nəzərdə tutulur) hər birində əllər çiyin səviyyəsinə qədər qaldırılmalıdır. Həmçinin hər iki rükətdə hər iki təkbir arasında əllərin sinə altında (sağ əl sol əlin üstünə gələcək şəkildə) bağlanması da sünnədir. Heyət olaraq adlandırılan bu zaid təkbirlər sünnədir. Bunların tərk edilməsi məkruh olmasına baxmayaraq, səhv səcdəsinin yerinə yetirilməsini zəruri etməz. Tamamilə və ya bəziləri tərk edilərsə, namaza da xələl gəlməz. Bunun üçün şafiilərə nisbətdə əskik təkbir deyən hənəfi bir imama iqtida etməyin bir problemi yoxdur. (İstifadə olunan ədəbiyyat: “Dörd məzhəbə görə İslam elmihalı”, müə: Mehmet Kəskin, “Şafiiər üçün namaz kitabı”, müə: Xəlil Günənc).

[6] Namaz qılanın hər iki rükətdə qiraətdən sonra üç təkbirlə kifayətlənməsi icazəlidir. Üç təkbirin hər birindən sonra deyilmiş şəkildə qunut oxumaq lazımdır.

Namaz qılanın birinci rükətdə “Fatihə”dən sonra “Şəms” surəsini (91-ci surə), ikinci rükətdə isə “Ğaşiyə” surəsini (88-ci surə) oxuması müstəhəb ehtiyatdır.

Namaz qılanın qunutda aşağıdakı duanı oxuması müstəhəbdir:

“Əllahummə əhləl-kibriyai vəl-əzəməh, və əhləl-cudi vəl-cəbərut, və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh, əsəlukə fi hazəl-yavmil-ləzi cəəltəhu lilmüsliminə eydən və liMühəmmədin səlləllahu əleyhi və alihi və səlləmə zuxrən və məzidən ən tusəlliyə əla Mühəmmədin və ali Mühəmmədin kəəfzəli ma səlləytə əla əbdin min ibadikə və salli əla məlaikətikə və rusulikə vəğfir lilmumininə vəl-muminat vəl-müsliminə vəl-müslimatil-əhyai minhum vəl-əmvat! Əllahummə inni əsəlukə xayrə ma səələkə ibadukəs-salihun və əuzu bikə min şərri məstəazə bikə minhu ibadukəl-muxləsun”.

Tərcümə: “Ey böyük, əzəmətli, comərd, bağışlayan, rəhimli və qorxulmağa layiqli olan Allahım! Müsəlmanlar üçün bayram, Mühəmməd və onun Əhli-Beyti üçün nemət, şərəf və məqam qərar verdiyin bu gündə Mühəmməd və Ali-Mühəmmədə bəndələrindən bir bəndənə göndərdiyin rəhmətindən daha fəzilətli rəhmət göndərməyini istəyirəm. Allahım! Mələklərinə, peyğəmbərlərinə rəhmət göndər və mömin və müsəlman kişi və qadınlardan diriləri və ölüləri bağışla. Ey Allahım! Mən Səndən saleh qullarının Səndən istədiyi diləyin ən xeyirlisini istəyir və müxləs (ixlasa çatmış) qullarının ondan Sənə sığındıqları şeyin şərindən Sənə sığınıram!”