RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

ASTRONOMİK XƏBƏRLƏR

H. Q. 1444-CÜ İL FİTR BAYRAMININ TARİXİ HAQQINDA ASTRONOMİK AÇIQLAMA  

İslam dünyası ölkələri şəvval ayının hilalını (h. q. təqvimi ilə 1444-cü il Fitr bayramı) 20 aprel 2023-cü il cümə axşamı günü araşdıracaqdır (təhqiq edəcəkdir). Həmin gün (20 aprel günü axşam) bütün Asiya və Avstraliya qitəsində (sxemdə qırmızı rəngdə və rəngsiz hissədə yerləşən ölkələrdə) hilalın çılpaq gözlə, yaxud teleskopla görünməsi qeyri-mümkün olacaq. Lakin həmin vaxt hilalın yalnız teleskopdan istifadə etməklə Afrika və Avropa qitəsinin qərb hissələrində (sxemdə tünd-göy rəngdə yerləşən ölkələrdə) çətinliklə görünməsi mümkün olacaq. Hilalın Şimali və Cənubi Amerikanın qərb hissələrində (sxemdə çəhrayı rəngdə yerləşən ölkələrdə) çılpaq gözlə çətinliklə görünməsi mümkün olacaq.

Cümə axşamı günü İslam dünyasının bəzi hissələrində hilalın teleskopla görünməsi mümkün olduğuna və İslam dünyasının bütün regionlarında Günəş batmazdan əvvəl ictima (Ayın Günəşlə Yer arasındakı kölgəyə daxil olması) baş verdiyinə  və Günəş batdıqdan sonra Ay batdığına görə belə bir şəraitdə İslam dünyasının bir çox ölkələrində ertəsi gün ayın başladığının elan edilməsi artıq adət olmuşdur. Buna görə də bir çox ölkələrin 21 aprel cümə gününün Fitr bayramı günü olduğunu elan etməsi gözlənilir.

Doğru görünmənin yalnız çılpaq gözlə olmasını şərt bilən, yaxud teleskopla olsa belə, məhəlli (yerli, yəni mükəlləfin öz üfüqündə) doğru görünməni şərt bilən ölkələrə gəlincə belə ölkələrin sayı azdır. Həmin ölkələrdə ramazan ayının günlərinin sayının 30 gün olacağı və Fitr bayramının da 22 aprel şənbə günündə olacağı gözlənilir.

Bəzi ərəb şəhərlərində və dünyanın bəzi şəhərlərində 20 aprel cümə axşamı günü (yəni ramazan ayının 29-cu günü axşam) ayparanın vəziyyəti ilə bağlı qürub zamanı onun səthi ilə əlaqədar hesablamalara əsasən Cakartada, Əbuzəbidə, Məkkədə, Omanda, Qüdsdə, Qahirədə və Almaniyanın paytaxtı Berlində ayparanın çılpaq gözlə və teleskopla görünməsi qeyri-mümkün olacaq.

 Müəllif: Mühəndis Mühəmməd Şövkət Övdət

Beynəlxalq Astronomiya Mərkəzinin direktoru

www.AstronomyCenter.net

İzah: Yuxarıdakı açıqlamaya və 2023-cü il şəvval ayı hilalının sxeminə diqqət etməklə məlum olur ki, 2023-cü il 20 aprel günü axşam Günəş batarkən bizim ölkənin üfüqündə ayparanın görünməsi qeyri-mümkün olacaq. Lakin gecənin bir hissəsində olsa da belə, müştərək olduğumuz ölkələrin birində – sxemdə çəhrayı və tünd-göy rəngdə yerləşən ölkələrin birində – ayparanın görünməsinin mümkünlüyü ilə Seyid Fəzlullahın fitvasına əsasən bizim üçün də şəvval ayının əvvəli sübuta yetmiş olur.

Seyid Əli Xamənəi və Seyid Əli Sistaninin müqəllidlərinin Fitr bayramını 2023-cü il aprel ayının şənbə günündə qeyd edəcəkləri gözlənilir. Çünki hər iki dini rəhbərin fiqhi rəyinə əsasən ayın əvvəlinin sübuta yetməsi üçün hilalın həmüfüq, yaxud yaxın üfüqlü şəhərlərdə görünməsi şərtdir. Ayın uzaq üfüqlü şəhərlərdə görünməsi hilalın isbatı üçün kifayət etmir. Yuxarıdakı açıqlamaya əsasən 2023-cü il 20 aprel günü axşam Günəş batarkən bütün Asiya qitəsində (yəni bizim üfüqümüzdə və bizim üfüqümüzə yaxın olan üfüqlərdə) ayparanın həm çılpaq gözlə, həm də müxtəlif yaxınlaşdırıcı vasitələrlə görünməsi qeyri-mümkün olacaq. Hətta hilalın yaxınlaşdırıcı cihazla görünməsi ilə çılpaq gözlə görünməsi arasında heç bir fərqin olmadığına qail olan Seyid Əli Xamənəiyə görə 21 aprel gününün Fitr bayramı günü olması qeyri-mümkündür. Çünki qeyd etdiyimiz kimi bizim üfüqümüzdə, həmçinin bizim üfüqümüzə yaxın olan üfüqlərdə hilalın teleskopla belə, görünməsi qeyri-mümkün olacaq. Deməli, hər iki dini rəhbərin 22 aprel şənbə gününün Fitr bayramı günü olduğunu elan etməsi gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi ayın əvvəlinin sübut olunması üçün ayparanın mükəlləfin yaşadığı ölkənin üfüqündə görünməsini şərt bilən bir qurum olmasına, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumatlara əsasən dini təqvim tərtib etdiyini iddia etməsinə və astronomik hesablamalara əsasən də 2023-cü il 20 aprel günü axşam hilalın bizim üfüqdə görünməsinin qeyri-mümkün olacağı sübuta yetməsinə baxmayaraq, tərtib etdiyi ramazan cədvəlində ramazan ayının 29 gündən ibarət olduğunu təsbit etmiş və qəbul etdiyi prinsipi çox kobud bir şəkildə pozmuşdur.

Milli Görüş-Sabiqun hərəkatı 

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.