(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti)  

TƏHLİLİ MÜQƏDDİMƏ

(ANALİTİK GİRİŞ)

Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəi[1] İnqilabdan əvvəl Xorasanın mübariz, gözəl fikirli ruhanilərindən və məşhur xətiblərindən idi. O, İnqilabın qələbəsindən sonra İslam Respublikası rejiminin görkəmli məsul işçilərindən biri olaraq İslam İnqilabı Şurasının üzvlüyü, Tehran imamcüməliyi və prezidentlik kimi mühüm məqamlarda xidmət göstərmişdir. İslam Respublikasının banisi Ayətullah Xomeyninin vəfatından sonra o, 50 yaşında 1368-ci il 14 xordad (m. 1989-cu il 4 iyun) tarixində Ekspertlər Şurası (Məclese-Xobreqane-Rəhbəri) tərəfindən İslam Respublikasının ikinci rəhbəri seçilmişdir; artıq o, hüccətülislam yox, Ayətullah Xamənəi idi.

Ayətullah Ərakinin vəfatından sonra Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti 1373-cü il 11 azər (m. 1994-cü il 2 dekabr) tarixli bəyanatında yeddi nəfərin dini rəhbərlik şərtlərinə malik olduğunu cəmiyyətə elan etdi. “Ayətullahil-üzma Xamənəi (Ali Rəhbər)” onların üçüncüsü idi. Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti də üç nəfəri təqlid edilməsi icazəli olan (caizut-təqlid) dini rəhbər olaraq təqdim etdi. Seyid Əli Xamənəinin adı siyahıda lap əvvəldə qeyd olunmuşdu.

“Ayətullahil-üzma Xamənəi” 1373-cü il 23 azər (m. 1994-cü il 14 dekabr) tarixli bəyanatında bildirir ki, ölkədən xaricdə dini rəhbərlik işi başsız qaldığına görə ölkə xaricindəki dini rəhbərlik vəzifəsini böyük bir hörmət və səmimiyyətlə qəbul edir. Onun “Şər’i suallara cavablar” risaləsi 1373-cü ilin axırlarında (miladi təqvimi ilə 1995-ci ilin əvvəllərində) Küveytdə ərəb dilində, 1375-ci ildə  (m. 1996-cı ildə) isə Tehranda fars dilində nəşr olundu.

“Ayətullahil-üzma Xamənəi” 1376-cı ilin ilk yarısında (miladi təqvimi ilə 1997-ci ilin yaz-yay aylarında) belə bir nəticəyə gəlir ki, yeddi nəfərin dini rəhbər olması doğru deyildir, dini rəhbər bir şəxsdən ibarət olmalıdır. O, bu mühüm vəzifənin (bir rəhbərlə məhdudlaşan böyük rəhbərlik məqamının təyin edilməsini) Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyətinin öhdəsinə buraxır. O vaxtdan etibarən rəsmi məhfillərdə, ələlxüsus ölkədən (yəni İrandan) xaricdə ona “İmam Xamənəi” deyilir[2].

Onun 1368-ci ildə (m. 1989) hüccətülislamlıqdan ayətullahlığa, 1373-cü ildə (m. 1994) ayətullahil-üzmalığa və təqlidi icazəli olan dini rəhbərlik məqamına çox sürətlə və bənzəri olmayan bir şəkildə yüksəlişinə və 1376-cı ildə (m. 1997) ən yüksək və bir şəxslə məhdudlaşan dini rəhbərliyin müzakirə olunmasına diqqət etməklə bu yüksəlişin təbii hərəkəti barəsində bəzi anlaşılmazlıqlar və suallar ortaya çıxır. Həmin anlaşılmazlıqları aradan qaldırmaq üçün rəhbərin həyatını misroskop altına qoymaqdan və onun təhsilindən, tədrisindən, araşdırmasından, ustadlarından, dərs yoldaşlarından, yazdığı əsərlərdən, həyatın müxtəlif mərhələlərindəki məşğuliyyətlərindən tutmuş mütləq ictihadına, fitva vermək və rəhbər olmaq səlahiyyətinə dəlalət edən əlamətlərə qədər hər şeyi araşdırmaqdan başqa yol yox idi. Çalışdım ki, rəhbər olmamışdan əvvəl və sonra fəqahət və ictihad barəsində özünün özü haqqındakı dəyərləndirməsini müqayisə edim və aşağıdakı suallara cavab verim:

  1. Cənab Ağayi-Xamənəi nə vaxt dini rəhbər olmaq fikrinə düşdü?
  2. Nə vaxtdan fitva verməyə başladı?
  3. Onun şər’i suallara cavab verən şurasının üzvləri kimlərdən ibarətdir?
  4. Onun fiqhdən dərsi-xaric (magistr və doktorantura) tədrisi nə vaxtdan başladı?
  5. O, bu vaxta qədər üsuli-fiqhdən (hüquq metodologiyası) də dərsi-xaric tədris etmişdir?
  6. Nə vaxtdan xüms və zəkat kimi mükəlləflər tərəfindən verilən pulları, yaxud malları (vücuhati-şər’iyyəni) qəbul etməyə başladı?
  7. Nə vaxtdan elmi hövzələrin tələbələrinə aylıq pul verməyi öhdəsinə götürdü?
  8. Dini rəhbərlik (mərcəiyyət) iddiası etdiyi vaxtda fiqh, yaxud üsuli-fiqh elmlərində hansı əsərlərə sahib idi?
  9. İndiyə qədər üsul-fiqh, yaxud fiqh elmində hansı əsərlər nəşr etdirmişdir?
  10. Fiqhi qaydalarda onun metodoloji əsasları və baxış tərzi nədən ibarətdir?
  11. Bu vaxta qədər onun tərəfindən fitvai fiqhin tam bir mərhələsi nəşr olunmuşdur? Əgər nəşr olunmamışdırsa, bunun səbəbi nədir?
  12. Kimlər hansı məqsədlərə görə onun dini rəhbərliyini müdafiə etmişlər? Onun mütləq ictihadını, fitva məqamı və dini rəhbərlik məqamı üçün səlahiyyətli olmasını inkar edən ən mühüm şəxslər kimlərdir? Hər iki tərəfin əsasları nədən ibarət idi?
  13. Onun ictihadını və dini rəhbərliyini geniş şəkildə yaymaq, təbliğ etmək və möhkəmləndirməkdə hansı qurumlar və təşkilatlar canla-başla çalışmışlar?
  14. Hövzənin ənənəvi hissəsinin, dini rəhbərliyin və ruhaniyyətin Rəhbərin fitva verməsinə və dini rəhbərlik (mərcə’lik) məsuliyyətini öhdəsinə götürməsinə reaksiyası necə olmuşdur?
  15. Rəhbərin siyasi məqam və mövqeyinin onun fitva vermək məqamında və dini rəhbərlikdə (mərcəiyyətdə) hansı rolu olmuşdur?

Ayətullah Xomeyninin son baxış tərzi dini rəhbərliklə siyasi rəhbərliyin bir-birinə bağlı olmamasından ibarət idi və buna əsasən konstitusiyaya yenidən baxış keçirildi.

  1. Nə üçün Cənab Xamənəi və Ayətullah Xomeyninin bir çox şagirdləri İslam Respublikasının banisinin bu son fikrinə əhəmiyyət vermədilər?

Ayətullah Xomeyninin fəqihin mütləq vəlayəti[3] məktəbində rejimin məsləhəti ünsürü vacibatların ən vacibi hesab olunur.

  1. Bu ünsür fitva vermək və dini rəhbərlik işində də şər’i ölçülər əsasında hökumət və vüruda[4] sahibdir?

Bu suallara ətraflı və əsaslı cavab vermək bir araşdırmanın ortaya çıxmasına səbəb oldu. Hal-hazırkı kitab da onun məhsuludur. Kitab dörd hissədən ibarətdir. Bu dörd hissənin xülasəsini aşağıdakı şəkildə məruzə etmək mümkündür.

1. BİLİKLİ XƏTİB OLARAQ

HÜCCƏTÜLİSLAM XAMƏNƏİ

Cənab Ağayi-Xamənəi əlli yaşına qədər Ayətullah Xomeyninin müqəllidi olmuşdur. Amma bəzi məsələlərdə isə Ayətullah Müntəziriyə təqlid edirdi. O, Ayətullah Xomeyninin vəfatına qədər nəinki özünü müctəhid hesab etmirdi, bəlkə də, bir neçə dəfə Ayətullah Xomeyniyə təqlid etdiyini açıq-aydın şəkildə ifadə etmişdi. O, istedadlı bir tələbə olmasına baxmayaraq, xalis altı-yeddi ildən çox dərsi-xaric təhsili almamışdır. Onun əsas məşğuliyyəti müxtəlif əsərlər, şeir və romanlar mütaliə etməkdən, siyasi mübarizələrdən, xütbə söyləməkdən, cavanlar üçün İslam maarifinin ümumi inqilabi iclaslarını, ələlxüsus Quran təfsiri və “Nəhcülbəlağə” məclisləri tərtib etməkdən, inqilabi islami kitabları ərəb dilindən fars dilinə tərcümə etməkdən ibarət olmuşdur.

İştirak etdiyi dərslərdən heç birinin təqriri nəşr olunmamışdır. Müzakirə yoldaşlarının da fiqh və üsuli-fiqh elmlərində dərindən öyrənmələri və çox mütaliə etmələri haqqında əlimizdə bir məlumat yoxdur. Mükəlləflər tərəfindən verilən pul və ya malların alınması barəsindəki icazənaməni digər icazənamələrlə müqayisə etdikdə məlum olur ki, o, 1345-ci ildə (miladi təxminən 1966-67-ci illər) Ayətullah Xomeyninin fikrincə fəzilət əhli zümrəsindən də hesab olunmurdu. Olsun ki, hələ müctəhid hesab olunsun. Ona yalnız üçdə birin istifadəsi ixtiyarı verilmişdi ki, bu da adi tələbələrlə eyni səviyyədə olmuşdur.

On il fiqhin ali səthinin (bakalavr dərəcəsinin) və üsulun tədrisi ilə məşğul olmuşdur. Lakin bir neçə dəfə həbs olunduğuna və sürgün edildiyinə, Məşhəddən kənarda gizli həyat yaşadığına və təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qaldığına görə onun tədrisi davamlı olmamışdır. Onun 50-ci (m. 1970) illərdəki şöhrəti inqilabi moizələri və maarifləndirən İslam məclisləri ilə bağlı olmuşdur. Ağayi-Xamənəinin öz hövzə ustadlarının heç birindən ictihad icazəsi yoxdur. Onun İnqilabdan sonra Ayətullah Xomeyninin vəfatına qədər idarəçilik və icraçı təbliğatçılıq işləri fəqahət və ictihadla uyğun gəlmir. İslam Respublikasının ilk onilliyindəki məşğuliyyətlərin çoxluğu ona 1368-ci ilə (m. 1989) qədər fiqh və üsuldan dərs deməyə və araşdırma aparmağa imkan verməmişdir. Ömrünün birinci yarım əsrində yarımçıq qalmış 40 səhifəlik məqalədən başqa heç bir üsuli və fiqhi əsəri çap olunmamışdır.

Ağayi-Xamənəi İslam Respublikasının ilk on ilində üç fiqhi fikir izhar etmişdir ki, onlardan ikisi Ayətullah Xomeyninin buna sərt reaksiya verməsinə səbəb olmuşdur; biri 1366-cı il dey ayının 11-də (1988-ci il yanvar ayının 1-də) cümə namazı xütbəsində fəqihin mütləq vəlayətinin bəyan edilməsi, digəri isə 1367-ci il bəhmən ayının 28-də (1989-cu il fevral ayının 2-də) cümə namazı xütbəsində Salman Rüşdi məsələsində fitri mürtədin zahiri tövbəsinin qəbul edilməsi məsələsidir.

İslam Respublikasının qurucusu onun fikirlərini səhv hesab etdikdən sonra ifadə etdiyi hər iki fikirdən dönmüşdür. Onun 1366-cı il azər ayında (m. 1987-ci il noyabr ayı) Tehranda və 1367-ci il esfənd ayında (1989-cu il fevral ayı) Qumda qina və şübhəli musiqi haqqında söylədiyi fikirlər onun rəhbərlikdən üç ay əvvəl ictihadının olmamasının sübutudur.

Ayətullah Xomeyni tərəfindən Ağayi-Xamənəinin ictihadını təsdiq edən heç bir yazılı sənəd yoxdur. Ayətullah Xomeyninin sağlığında dərc olunan açıqlamalarından belə görünür ki, Ağayi-Xamənəiyə onun tərəfindən böyük etimad göstərilməsinə baxmayaraq, o açıqlamalarda “fiqhi məsələlərlə tanışlıq”, hətta “mütəcəzzi’ ictihad” ifadəsi işlənməmişdir, nəinki hələ “mütləq ictihad”a dəlalət edən bir ifadə olmuş olsun. Onun vəfatından sonra səslənən şifahi sitatlar əgər İslam Respublikasının banisinin ilahi-siyasi vəsiyyətnaməsinin mətninə zidd olmasaydı, rəhbərlik üçün Ağayi-Xamənəinin səlahiyyətli olmasını və onun potensial ictihadını (rəhbərlik vəzifəsini icra edən şəxsə lazım olan ictihad qabiliyyəti və məharəti) sübut edərdi. Bundan əlavə mühüm məsələlərdə ayrı-ayrı şəxslərin xəbərləri (yəni ahad xəbərlər) etibarlı deyildir. Nəhayət, bu şifahi sitatlar etibarsızdır.

Ayətullah Xomeyni tərəfindən Ağayi-Xamənəinin “müəyyənləşmiş rəhbər və onun şübhəsiz ictihadı” kimi təqdim edilməsi ilə bağlı nəql olunmuş şifahi ifadələr həqiqətə ziddir. Bu cür yanaşan şəxslər mövcud sistemin (rejimin) məsləhətinə əsaslanaraq belə ifadələr vermişdilər. Hökumətin onlara qarşı etdiyi təqibləri nəzərə alsaq, bu nəql olunmuş ifadələrin ikinci redaktəsi birinci redaktənin etibarsızlığı üzərindən pərdəni götürdü. Nəhayət, 1368-ci il xordad ayının  ortalarına qədər (m. 1989-cu il uyun ayının əvvəllərinə qədər), şübhəsiz, onun “mütləq ictihad”ı olmamışdır.

(ardı var)

Müəllif: Möhsün Kədivər

Mütərcim: Xəyyam Qurbanzadə

h. ş. ordibeheşt ayı 1394-cü il

m. 21 aprel 2015-ci il

h. q. 2 rəcəb 1436-cı il

çərşənbə axşamı günü 

 

TƏŞKİLATLAR VƏ QURUMLAR

  1. İslam İnqilabı Şurası Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
  2. Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
  3. İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
  4. Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
  5. Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
  6. Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.

Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.

  1. Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.
KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI
  1. Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
  2. Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
  3. Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid

[1] D. h. ş. 29 fərvərdin 1318 – m. 19 aprel 1939 – h. q. 28 səfər 1358, Məşhəd şəhəri

[2] Azərbaycanda “Rəhbər” deyilir.

[3] Fəqihin mütləq hakimiyyəti

[4] Üsuli-fiqh elmində iki termin