(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti) 

TƏHLİLİ MÜQƏDDİMƏ 

(ANALİTİK GİRİŞ)  

ALİ HAKİMİYYƏT SEVDASI: İMAM XAMƏNƏİ?

1376-cı ilin (m. 1997) yayında Ayətullah Azəri Qummi və Ayətullah Müntəziriyə aydın olur ki, Ağayi-Xamənəi Müdərrislər Cəmiyyəti vasitəsilə vahid mərcəiyyət (vahid dini rəhbərlik) əldə etmək istəyir, yəni siyasi gücündən istifadə etməklə cəmiyyətə ali və fərdlə məhdudlaşan (bir fərdə münhəsir olan) dini rəhbər olaraq təqdim edilməsini planlaşdırır.

Ayətullah Azəri Qummi 1376-cı il 5 aban (m. 1997-ci il 27 oktyabr) tarixli məktubunda prezident Xatəmiyə belə bir xatırlatma ilə müraciət edir: “Ağayi-Xamənəinin göstərişi ilə onun mərcəiyyətinin cəmiyyətə qəbul etdirilməsi və Hövzənin digər dini rəhbərlərinin inkişafının qarşısının alınması üçün sabiq İnformasiya və Təhlükəsizlik Naziri Əli Fəllahyanın nəzarəti altında xüsusi yardımçı şöbə yaradılmışdır. Ali Rəhbər belə təsəvvür etmişdir ki, rəhbərlik məqamı fiqhdə ə’ləmiyyəti də öz ardınca gətirir və mərcəiyyət etibari (nisbi) bir işdir! Müdərrislər Cəmiyyəti rejimin (sistemin) məsləhəti baxımından ona təqlid etməyin icazəli olduğuna rəy vermişdir. Bu həyati məsələdə məsləhətçilik doğru bir şey hesab oluna bilməz. Çünki əhli-xibrə (ekspertlər) ə’ləmiyyəti araşdırmalı və məsləhəti yox, ə’ləmi elan etməlidirlər. Şübhəsiz, Ali Rəhbərdə fiqh sahəsində ə’ləmiyyət çatışmazlığı var. Deməli, bir mütləq vəlayət məqamı və digər səlahiyyətlər olaraq onun vəlayəti bütünlüklə inkar olunur. Ali Rəhbər tərəfindən mərcəiyyətin (dini rəhbərliyin) qəbul edilməsi doğru olmamışdır və ona tabe olmaq şər’i və hövzəvi ölçülərə ziddir”. Müdərrislər Cəmiyyəti ona qarşı elan verdikdən iki gün sonra Ayətullah Azəri Qumminin “Feyziyyə” mədrəsəsindəki dərsi dövlət məmurlarının rəhbərliyi altında “Vəlayəti-fəqihə əks olan şəxsə ölüm!” şüarı ilə səfərbər olmuş və Hizbullah tələbələr tərəfindən bağlanır. Azəri Qummi döyülür və təzyiqə məruz qalır. Daş və çubuqlarla onun avtomobilinə bəzi xəsarətlər yetirilir.

Ayətullah Müntəziri 1376-cı il 23 aban (m. 1997-ci il 14 noyabr, h. q. 13 rəcəb 1418) tarixində etdiyi tarixi nitqində iki dərin fiqhi problemi müzakirə edir;

  1. Biri Ali Rəhbərin ə’ləmiyyətinin şərt olması zərurəti;
  2. Digəri isə rəhbər şəxsdə mərcəiyyət şərtlərinin olmamasıdır.

O, hər şeydən əvvəl bildirir ki, Ağayi-Xamənəinin fiqhi ə’ləmiyyəti olmadığına görə onun vəlayəti (hakimiyyəti) və rəhbərliyi sağalmaz şər’i problemlərdən əziyyət çəkir. İkinci, onun mütləq ictihadı və fitva vermə səlahiyyəti olmadığına görə, onun mərcəiyyət (dini rəhbərlik) iddiasını “şiə dini rəhbərliyinin hörmətdən düşməsi” kimi elan edir. Ayətullah Müntəzirinin elmi məqamı elə bir həddə idi ki, bu bəyanatların ictimai şəkildə ifadə edilməsi Ağayi-Xamənəinin ali dini rəhbərlik (mərcəiyyət) planının dayandırılması demək idi. Əslində Ayətullah Müntəziri rəhbərliyin ümumi səlahiyyətlərini sual altına almaqla ona təqlid etməyin icazəli olduğunun batil olduğunu elan edir və təriqi-övla ilə yuxarıda qeyd olunan ali mərcəiyyət (ali dini rəhbərlik) planı öz rolunu və əhəmiyyətini itirir.

1376-cı il 28 aban (m. 1997-ci il 19 noyabr) tarixli əzmə əməliyyatı rəhbərliyin əmri və Məhkəmənin Sədri Mühəmməd Yəzdinin nəzarəti altında həyata keçirilir. Həmin gün Ali Milli Təhlükəsizlik Şurası iki tənqidçi fəqihin həyatını qorumaq bəhanəsi ilə onları səlahiyyətli (saleh) məhkəmədə mühakimə etmədən evlərinə həbs edir. Ayətullah Müntəziri bu tənqidə görə beş ildən çox ev dustağı olaraq yaşayır. Ayətullah Azəri Qummi 15 aylıq ev həbsindən sonra dünyasını dəyişir.

İslam Respublikasının rəhbəri Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəi 1376-cı il 5 azər (m. 1997-ci il 26 noyabr) tarixli müfəssəl çıxışı zamanı Ayətullah Müntəziri və Ayətullah Azəri Qumminin tənqidlərinə və fiqhi etirazlarına cavab vermədən qəti əxlaqi və şər’i qaydalara zidd olaraq onu tənqid edənləri xainlər, sadəlövh adamlar və sionist düşmənin alətləri, müsəlmanların təhlükəsizliyini pozan şəxslər, nadanlar, qanmazlar, həsədkarlar, həvayi-nəfslərinə əsir olanlar adlandırır və onların nəzakətli tənqidlərinə sərt dillə, böhtan və iftira seli ilə cavab verir. Zati-Aliləri cənab Xamənəinin mövqeyi Quran-kərimdə Fironun Musa ilə rəftarının təsvir edildiyi tərzlə tam uyğundur. Onun rəftar tərzi, şübhəsiz ki, İmam Əlinin (ə) sülhpərvər tənqidçilərlə münasibətdə xarakteri və metodu ilə tamamilə ziddiyyət təşkil edir.

Ağayi-Xamənəinin mütləq ictihadının olmamasının ən mühüm göstəricisi onun fitvalarıdır. Onun vəlayəti-fəqih və xüms barəsində verdiyi fitvalarla yanaşı 1392-ci ilin mordad ayında (m. 2013-cü il iyul ayında) nəşr olunmuş “rejimin məmurlarının açıq şəkildə tənqid edilməsinin haram olması” fitvası əsassız və təhlükəli fitvalar kimi göstərilə bilər. Onun fitvasına görə, dövlət məmurlarının zülmlərini xalq qarşısında məruzə etməyin və onu ictimailəşdirməyin bir mənası yoxdur. İkincisi, əgər fitnə və fəsada səbəb olarsa, İslam dövlətini zəiflədərsə, haramdır. Bu fitvanın məzmunu tarix boyu avtoritar və despot hökumətlərin əməli həyat tərzi olmuşdur. Bu fitva şiəlik tarixində bir bid’ətdir və qəti islami təlimlərə tamamilə ziddir. Rejimin məmurlarının açıq şəkildə tənqid edilməsinin haram olması fitvasının bir əsas qayəsi vardır: tənqidi dayandırmaq!

Xamənəinin Ali Mərcəiyyət (Ali Dini Rəhbərlik) dastanı dörd addımdan ibarət idi:

  1. İlk addım sistemin (rejimin) xidmətində olan, nə ictihad iddiasında olan, nə də liderlik və dini rəhbərliyi yuxuda görən güclü bir natiq; Hüccətülislam vəl-müslimin Xamənəi;
  2. İkinci addım rəhbərlik, müqəllid mömin və nəhayət, 1368-ci il mordad ayının ortalarından (m. 1989-cu il avqust ayının əvvəllərindən) etibarən rejimin məsləhətinə əsasən fəqih olaraq mütəcəzzi’ müctəhidin mütləq vəlayəti; Ali Rəhbər Ayətullah Xamənəi;
  3. Üçüncü addım 1368-ci il xordad ayının ortalarından (m. 1989-cu il iyun ayının əvvəllərindən) etibarən mərcəiyyətin (dini rəhbərliyin) planlaşdırılması və 1373-cü il azər ayında (m. 1994-cü il noyabr ayında) onun rəsmi şəkildə elan edilməsi; təqlidi icazəli olan dini rəhbər Ayətullahil-üzma Xamənəi;
  4. Dördüncü addım 1376-cı ilin (m. 1997-ci ilin) yayından bəri ən ali və bir şəxslə münhəsir olan mərcəiyyətə (dini rəhbərliyə) yüksəliş; İmam Xamənəi!

Bu özünü bəyənmə hekayəsinin sonu yoxdur. Belə bir qalmaqal və səs-küyə görə məsuliyyət daşıyan tək o deyil, onun Ayətullah Xomeyni məktəbindən olan ruhani şərikləri də “Şiə dini rəhbərliyinin hörmətdən düşməsi”ndə onunla eyni rola sahibdirlər.

(ardı var)

Müəllif: Möhsün Kədivər

Mütərcim: Xəyyam Qurbanzadə

h. ş. ordibeheşt ayı 1394-cü il

m. 21 aprel 2015-ci il

h. q. 2 rəcəb 1436-cı il

çərşənbə axşamı günü  

TƏŞKİLATLAR VƏ QURUMLAR

  1. İslam İnqilabı Şurası Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
  2. Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
  3. İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
  4. Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
  5. Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
  6. Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.

Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.

  1. Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.

KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI

  1. Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
  2. Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
  3. Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid