(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti)
TƏHLİLİ MÜQƏDDİMƏ
(ANALİTİK GİRİŞ)
TƏQLİDİ İCAZƏLİ OLAN DİNİ RƏHBƏR:
AYƏTULLAHİL-ÜZMA XAMƏNƏİ
Zati-Aliləri Ağayi-Xamənəi 1368-ci il xordad ayının ortalarından (miladi 1989-cu il iyun ayının əvvəllərindən) etibarən mərcəi-təqlidlik məqamı ilə (siyasi) rəhbərlik məqamını birləşdirmək fikrinə düşür. O, 1368-ci ildən (m. 1989) şər’i vergilər almağa, 1369-cu ilin əvvəllərindən (miladi 1990-cı ilin yaz-yay aylarından) yerli və xarici dini hövzələrin tələbələrinə aylıq təqaüd verməyə başlayır. Ən azı 1369-cu ilin mordad ayından (miladi 1990-cı il iyul ayının sonlarından) fitva verir və 1371-ci ildə (m. 1992-ci ildə) Beyrut şəhərində ilk dəfə şər’i cavablar toplusunun kitabçası nəşr olunur. Kitabın əvvəlindəki yeddi ictihad şəhadətnaməsi (sertifikatı) fitvalardan daha əhəmiyyətlidir. Çünki onun rəhbərliyinin qanuniliyi ilə bağlı problemlərin həlli üçün verilmişdi və hal-hazırda da onun fitva vermək məqamının və dini rəhbərliyinin açılışı üçün ondan istifadə edilirdi. Halbuki onlardan beşi rəhbərlik üçün zəruri olan potensial və əməli ictihaddan artığına dəlalət etmirdi. Əslində ifta (fitva vermək) və mərcəiyyət məqamı həddində o şəhadətnamələrdən felən mütləq ictihadın qəbul etdirilməsində istifadə saxtakarlığın bariz nümunəsidir.
Bu kitabda fitva kimi qeyd olunanların əksəriyyəti mükəlləflərin Ayətullah Xomeyninin fitvalarına və onun “Təhrirul-vəsilə” kitabına müraciət etməyə sövq edilməsindən ibarətdir. Şiəlik tarixində ilk dəfə idi ki, müctəhidin fitvasını nəql edən şəxs özünü mərcəi-təqlid kimi təqdim edirdi. Ağayi-Xamənəi özünün verdiyi hökmləri bütün müctəhidlərin fitvalarından üstün hesab etmişdir. O, mərcəi-təqlidləri yox, şər’i hakimi xümsün vəliyyi-əmri hesab etmişdir. Və nəhayət, Ağayi-Xamənəi bildirir ki, vəlayəti-fəqihə bağlılıq İslami bir məsələdir və imamların vəlayətinə bağlılığın ayrılmaz bir hissəsidir. Bu əsassız fitvanın tələbi budur ki, vəlayəti-fəqihi inkar edənlər İslamdan və şiəlikdən çıxırlar.
Özü müqəllid olan bir möminin, yaxud nəhayətdə mütəcəzzi’ müctəhidin siyasi gücün dəstəyi ilə dini rəhbərlik (mərcə’lik) iddiası etməsi şiə dini rəhbərlərinin və alimlərinin müqaviməti ilə üzləşdi. Mərhum Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah Beyrutda verdiyi müsahibəsində Ağayi-Xamənəinin mərcəiyyət və ifta (fitva vermək) məqamına inanmadığını açıq-aydın şəkildə bildirdi. Buna görə də şəxsiyyətinin məhvə məruz qalması təhlükəsi ilə qarşılaşdı[1].
Ayətullah Musəvi Ərdəbili 1372-ci ilin dey ayında (miladi 1993-cü ilin sonu və 1994-cü ilin əvvəli) sonuncu cümə namazı üçün etdiyi xütbələrdə bildirdi ki, dini rəhbərin əvvəlki dini rəhbər vasitəsilə təyin edilməsi məsələsi ənənəvi şiə adətinə ziddir. O, açıq-aydın şəkildə qeyd etdi ki, İnqilabdan sonrakı mərcələrdən heç biri, o cümlədən Ayətullah Xomeyni heç bir kəsi özündən sonra bu vəzifəyə təyin etməyib.
Ayətullah Müntəziri 1373-cü ilin aban ayında (miladi 1994-cü il oktyabr-noyabr aylarında) Ayətullah Mühəmməd Mömin Qummi vasitəsilə Ağayi-Xamənəiyə yazılı bir xəbər göndərir və onu şər’ən səlahiyyəti olmayan sahələrə əl uzatmaqdan, yəni fitva verməkdən, dini rəhbərlik etməkdən (mərcəiyyətdən) və şər’i vergilərdən istifadə etməkdən çəkindirir.
O, rəhbərliyin tabeliyində olan təhkükəsizlik qurumları, yəni Ruhanilər üçün Xüsusi Məhkəmə, İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hövzələrin (seminariyaların) müstəqilliyinin inkar edilməsindən narahatlığını kəskin şəkildə ifadə edir və Əli Fəllahyanın dövründə Fəllahzadə adlı bir şəxsin yardımı ilə İnformasiya və Milli Təhlükəsizlik Nazirliyində Ruhaniyyətə və Mərcəiyyətə Yardım vəzifəsinin yaradıldığı barəsində ilk dəfə xəbər verib onun üçün iki vəzifənin müəyyənləşdirildiyini bildirir:
- Birincisi müstəqil və tənqidçi dini rəhbərləri məhv etmək, aradan qaldırmaq və zəiflətmək;
- Digəri isə Ali Rəhbərin dini rəhbərlik məqamını (mərcəiyyətini) müzakirə etmək və onu cəmiyyətə mərcə kimi qəbul etdirmək.
Həmin yeddi sertifikat (şəhadətnamə) İnformasiya və Təhlükəsizlik Nazirliyinin (Vezarəte-ittilaat) bu yardımçı şöbəsinin ilk nailiyyəti idi. Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti üzvlərindən beş nəfər – Mömin Qummi, Tahiri Xürrəmabadi[2], Tahir Şəms[3], Azəri Qummi[4] və Meşkini Ağayi-Xamənəinin mərcəiyyəti (dini rəhbərliyi) ilə müxalif olmuşlar.
Ayətullah Xoinin vəfatından sonra İnformasiya və Təhlükəsizlik Nazirliyinin daxilindəki Ruhaniyyət və Mərcəiyyətə Yardım Şöbəsinin səyləri və bəzi hökumət ruhanilərinin əməkdaşlığı ilə 1371-ci ilin mordad ayından (miladi 1992-ci ilin iyul ayından) etibarən ölkə xaricində Ağayi-Xamənəinin dini rəhbərliyi üçün zəmin hazırlanmağa başlanır. Ayətullah Əraki 1373-cü il 8 azərdə (miladi 1994-cü il 29 noyabrda) vəfat etdikdən, yüksək siyasi və hərbi məmurlardan ibarət üç nəfərlik bir nümayəndə heyətinin (Vilayəti[5], Sərdar Rezayi[6] və Cavad Laricani[7]) Tehrandan Quma səfər edib sonrakı iki gün ərzində mərcələr (dini rəhbərlər) və alimlərlə görüşməsindən sonra İnformasiya və Təhlükəsizlik Nazirliyinin adı çəkilən yardımçı şöbəsi ən azı on bir ictihad şəhadətnaməsi və dini rəhbərlik üçün səlahiyyət sertifikatı əldə edib Qum və Təbriz şəhərlərində nəşr edir.
Mövzusu Ağayi-Xamənəinin ictihadından ibarət olan birinci şəhadətnamə dalğasından fərqli olaraq ikinci şəhadətnamə dalğasının mövzusu ona təqlid etməyin və onun dini rəhbər (mərcə’) olmasının icazəli olması məsələsi idi. Bu şəhadətnamələr İnformasiya və Təhlükəsizlik Nazirliyi Dini Rəhbərliyə Yardım Şöbəsi tərəfindən verilən müştərək sualın cavabında yazılmışdır. Şəhadətnamələri verənlərdən bəziləri açıq-aydın şəkildə bildirmişlər ki, onun dini rəhbər olması və ona təqlid etməyin icazəli olması məsləhətə əsaslanır. Seyid Mühəmmədbaqir Həkim[8] və Seyid Mahmud Haşimi Şahrudinin cavablarını buna misal göstərmək olar. Şəhadətnamələrin verilməsi şərtlərindən asılı olmayaraq, bu on bir şəhadətnamənin əksəriyyəti Ağayi-Xamənəiyə təqlid etməyin və onun dini rəhbər olmasının icazəli olmasına dəlalət edir. Bu şəhadətnamələr ziddiyyətli şahidlik olmadığı təqdirdə etibarlıdır.
Ayətullah Ərakinin vəfatından üç gün sonra Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti 1373-cü il azər ayının 11-də (miladi 1994-cü il dekabr ayının 2-də) Cəmiyyətin həmin vaxtlarda katibi olan mərhum Ayətullah Fazil Lənkəraninin imzası ilə verdiyi bəyanatda yeddi nəfəri aşağıdakı ardıcıllıqla mərcəiyyət şərtlərini özündə daşıyan şəxslər olaraq elan edir:
- Mühəmmədfazil Lənkərani;
- Mühəmmədtəqi Bəhcət;
- Seyid Əli Xamənəi (Ali Dini Rəhbər);
- Hüseyn Vəhid Xorasani;
- Cavad Təbrizi;
- Seyid Musa Şübeyri Zəncani;
- Nasir Məkarim Şirazi.
Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti də aşağıdakı ardıcıllıqla üç nəfəri təqlidi icazəli olan dini rəhbər kimi təqdim edir:
- Seyid Əli Xamənəi;
- Mühəmmədfazil Lənkərani;
- Cavad Təbrizi.
Beynəlxalq Əhli-Beyt Cəmiyyəti də Ağayi-Xamənəinin şiə məzhəbinin dini rəhbəri olaraq seçilməsini təsdiqləyir.
Müdərrislər Cəmiyyətinin bəyanatı üç səbəbdən onun nizamnaməsinə zidd olduğuna görə etibarsız hesab edilir:
- İclasların rəsmi limiti 14 nəfər olduğu bir halda bu iclasda cəmi 7 nəfər iştirak etmişdir; bir neçə nəfər də etiraz edərək iclası tərk etmişdir.
- Qərarlar Cəmiyyətin bütün üzvlərinin üçdə birindən çoxu tərəfindən təsdiqlənməlidir; halbuki hətta telefonla verilən rəylərin bəzisi də təkzib olunmuşdur. Mühüm məsələlərdə qərarlar bütün üzvlərin yarıdan çoxu tərəfindən yazılı şəkildə təsdiqlənməlidir. Halbuki bu qərarların birdən artıq imzası olmamışdır.
Müdərrislər Cəmiyyətinin, Tehran Mübariz Ruhaniyyət Cəmiyyətinin və hökumətə bağlı digər ruhani təşkilatların qərarları şiə tarixində bir bid’ət hesab olunur. Birinci ona görə ki, mərcəiyyət şərtlərini özündə daşımayan şəxsləri mərcə’ (dini rəhbər) olaraq cəmiyyətə təqdim etmişlər. İkincisi ona görə ki, bir, yaxud ən çox iki nəfəri bütün şərtləri özündə toplayan müctəhid olaraq təqdim etmişlər. Halbuki üç-yeddi nəfər şəxs təqlidi icazəli olan dini rəhbərlər (mərcə’lər) olaraq elan olunmuşdu. Üçüncüsü ona görə ki, hövzələrin iş metodu çaşqınlığı aradan qaldırmaq üçün bir nəfəri ə’ləm olaraq təqdim etməkdən ibarət idi, nəinki ə’ləmi təyin etmədən bir neçə nəfəri təqdim etməkdən.
Bu bəyanatlar elmi hövzələrdə çox mənfi reaksiya yaratdı və siyasi gücün mərcəiyyət (dini rəhbərlik) işinə müdaxiləsi kimi qəbul edildi.
1373-cü il azər ayında (miladi 1994-cü il dekabr ayında) İnformasiya və Təhlükəsizlik Nazirliyi Ruhaniyyətə və Mərcəiyyətə Yardım Şöbəsi şəhərlərin imamcümələrindən, ekspertlərin (əhli-xibrənin) nümayəndələrindən və digər ruhani məsul şəxslərdən fitva vermək və dini rəhbərlik etmək üçün Ağayi-Xamənəinin səlahiyyət sahibi olmasını təsdiq edən şəhadətnamə alıb nəşr etdirdi. Şəhadətnamələrin üçüncü dalğasında on səkkiz şəhadətnamə də nəşr olundu. Onların ən əhəmiyyətlisi İsfahan şəhərinin imamcüməsi Ayətullah Tahiri İsfahaniyə məxsusdur. O, Ayətullah Müntəziriyə izah etmişdi ki, bu şəhadətnamə İsfahan Ruhanilər üçün Xüsusi Məhkəmənin prokurorunun israrı ilə verilib. Hətta Ayətullah Azəri Qummi də İnformasiya və Təhlükəsizlik Nazirliyinin təzyiqi ilə bir miqdar “amma və əgər” ilə şəhadətnamə yazıb.
Ayətullah Müntəzirinin fikrinə görə təhlükəsizlik və məhkəmə qurumlarının müdaxiləsi və təzyiqi ilə dini rəhbərlik məsələsi məcburi və vulqar xarakter almışdır. Bu cür ictihad şəhadətnamələrinin verilməsinin və ya mərcəiyyətə şahidlik edilməsinin üç amili ola bilər;
- Şirnikləndirmə;
- Təhdid;
- İllüziya (təvəhhüm).
Ağayi-Xamənəinin ifta (fitva vermək) və mərcəiyyət məqamı üçün mütləq ictihada sahib olması barəsində “elmi ifadə edən şiya’” (“şiyai-mofide-elm”) yəqinən hasil olmamışdır. İctihad şəhadətnamələrində ziddiyyət var (mütləq ictihadın olmamasına şahidlik edilir) və hər halda Ağayi-Xamənəinin mütləq ictihadını və mərcəiyyət səlahiyyətini yəqinləşdirmək üçün əlimizdə heç bir mötəbər şər’i bir yol yoxdur.
Ağayi-Xamənəi 1373-cü il 23 azər (miladi 1994-cü il 14 dekabr) tarixli çıxışında bildirir ki, mərcəliyinin elan edilməsindən xəbəri olmamışdır və əgər bilsəydi, onun yayılmasına mane olardı. Ayətullah Məhdəvi Kəni, Ayətullah Müntəziri və Ayətullah Azəri Qumminin rəvayətlərindən əlavə, çoxsaylı sənədlər və dəlillər göstərir ki, onun bu işdən nəinki xəbəri olub, hətta illər əvvəl onu planlaşdırıb. Eyni çıxışında o bildirir ki, ölkədən kənarda dini rəhbərlik (mərcəiyyət) başsız qaldığına görə, ölkə xaricində olan dini rəhbərliyi sadə şəkildə və təvazökarcasına qəbul edir. Ağayi-Xamənəinin xəbəri yoxdur ki, coğrafi sərhədlərin təqlidin şər’i hökmlərinə heç bir aidiyyəti yoxdur. O, iddiasının əksinə olaraq iranlıların şər’i suallarına cavab verir və onların şər’i vergilərini ən gözəl şəkildə qəbul edirdi.
Ağayi-Xamənəi həmin çıxışında kinayə ilə Ayətullah Müntəzirini bir neçə dəfə xəyanətdə ittiham edir. Rəhbərin çıxışından 10 gün sonra, 1373-cü il dey ayının 2-ci və 3-cü (miladi 1994-cü il dekabr ayının 23-cü və 24-cü) günlərində təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin qoruması altında mülki paltarda olan məmurlar Ayətullah Müntəzirinin dərsinə hücum edirlər, hüseyniyyəni dağıdıb təhqiredici şüarlar səsləndirərək tələbələri dərsi dayandırmaqla təhdid edirlər.
Bu hücumları İnformasiya və Təhlükəsizlik Nazirliyi Ruhaniyyət və Mərcəiyyətə Yardım Şöbəsi təşkil etmişdi. 1373-cü ilin sonunda (miladi 1995-ci ilin əvvəlində) “Şər’i suallara cavab” risaləsi nəşr olunur. Bu risalədə mövcud olan uyğunsuzluq, o cümlədən vəlayəti-fəqih və xüms mövzusundakı ziddiyyətlər ona fitva verən şəxsin müctəhid olmamasının dəlillərindən hesab olunur.
(ardı var)
Müəllif: Möhsün Kədivər
Mütərcim: Xəyyam Qurbanzadə
h. ş. ordibeheşt ayı 1394-cü il
m. 21 aprel 2015-ci il
h. q. 2 rəcəb 1436-cı il
çərşənbə axşamı günü
TƏŞKİLATLAR VƏ QURUMLAR
- İslam İnqilabı Şurası – Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
- Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
- İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
- Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
- Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
- Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.
Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.
- Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.
KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI
- Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
- Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
- Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid
[1] Seyid Mühəmmədhüseyn Fəzlullah Ruhullah Xomeyninin vəfatından və Seyid Əli Xamənəinin rəhbərliyinin başlamasından sonra İran rəhbərinin (Ağayi-Xamənəinin) mərcə’liyi (dini rəhbərliyi) məsələsi ilə müxalifət etmiş və Tehranla olan əlaqəsi uzun müddət gərgin olmuşdur. Seyid Əli Xamənəi Seyid Fəzlullahın nüfuzunu və dini rəhbərliyini Livan “Hizbullah”ı və Livan şiələri arasında özünün siyasi nüfuzuna maneə kimi görürdü. Ona görə də onun ictihad gücünə sahib olmadığını, hətta bid’ətçi və şiəliyin məşhur fikirlərinə zidd olan fikirlərə sahib olduğunu göstərməyə çalışırdı.
Seyid Mühəmmədhüseyn Fəzlullah İran İslam Respublikası və Seyid Əli Xamənəi ilə olan problemləri barəsində belə demişdir: “Bəziləri mənə demişdir ki, problem sənin fikirlərin və fitvaların deyildir, əksinə məsələ Küveyt dinarı və Səudiyyə rialıdır. Mümkündür ki, sən öz dini rəhbərliyin vasitəsilə bu pulları öz tərəfinə çəkəsən. Məhz buna görə mənim dini rəhbərliyimi bir təhlükə hesab edirdilər. İkinci məsələ dini rəhbərin ərəb olması məsələsi idi. Bir çoxlarının dini rəhbərin ərəb olmasından xoşu gəlmirdi. Üçüncüsü isə mənim dini rəhbərliyim Xamənəinin mərcəiyyəti (dini rəhbərliyi) üçün bir təhlükə idi, çünki mənim mədəni və siyasi görüşlərim onun görüşlərindən daha aydın idi. Çoxu istəyirdi ki, dini rəhbərlik İranda qalmış olsun. Hətta Ağayi-Sistaninin dini rəhbərliyi ilə İrakın xüsusi siyasi şərtlərinə görə çarəsizlikdən razılaşmışdılar”.
Seyid Mühəmmədhüseyn Fəzlullah Seyid Əli Xamənəinin fəqih olmadığına inanırdı. O, bəzən xatırladırdı ki, Ruhullah Xomeyninin vəfatından əvvəl şəxsən özü Xamənəidən eşitmişdir ki, o (yəni Xamənəi), musiqi kimi bəzi fiqhi məsələlərdə Ayətullah Müntəzirinin fikrinə tabedir. Seyid Fəzlullah deyirdi: “Ayətullah Xomeyninin vəfatından əvvələ qədər bəzi məsələlərdə müqəllid olmuş bir şəxs necə oldu ki, gözlənilmədən şiələrin mərcəi-təqlidi oldu?”
O, bu mövzunu siyasi bir mövzu hesab edirdi. Həm də belə düşünürdü ki, bir fiqhi mövzunu siyasiləşdirmək mərcəiyyət (dini rəhbərlik) və onun tarixi, ənənəvi məqamı üçün zərərlidir. O, İran tərəfindən ona göstərilən təzyiqlərə baxmayaraq, Seyid Əli Xamənəinin fiqhi məqamının və vəlayətinin təsdiq edilməsi barəsində heç vaxt danışmamışdır.
[2] 22 may 1938-7 sentyabr 2013
[3] 22 mart 1927-30 avqust 1995
[4] 1924-31 yanvar 1999
[5] 25 iyun 1945
[6] 1 sentyabr 1954
[7] 1951
[8] 1939-29 avqust 2003