(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti)  

TƏHLİLİ MÜQƏDDİMƏ 

(ANALİTİK GİRİŞ) 

ŞİƏ DİNİ RƏHBƏRLİYİNİN HÖRMƏTDƏN DÜŞMƏSİ 

Mərhum İmam Xomeyni öz dini rəhbərliyinin dəstəyi ilə rəhbər oldu. Cənab Ağayi-Xamənəi isə onun rəhbərliyinə söykənərək dini rəhbər oldu. Onun həm liderliyi, həm də mərcəiyyəti (dini rəhbərliyi) “sistemi (rejimi) qoruyub saxlamaq vacibatların ən vacibidir!” qaydası ilə əldə olundu. Rejimin (sistemin) məsləhəti iksiri ilə müqəllid möminin və nəhayət, mütəcəzzi’ müctəhidin mərcəiyyəti (dini rəhbərliyi) bundan ibarətdir. Rəcəb ayının 13-də (h. ş. təqvimi ilə 1376-cı il, 23 aban, m. təqvimi ilə 1997-ci il 14 noyabr) tarixi çıxışında mərhum Ayətullah Müntəziri də daxil olmaqla tənqidçi fəqihlər rəhbərliyin mərcəiyyətini “şiə dini rəhbərliyinin hörmətdən düşməsi” adlandırdılar və tənqidlərinə görə şəriətə və qanunlara zidd olaraq mühasirəyə alındılar. Bu kitab həmin ifadənin – “Şiə dini rəhbərliyinin hörmətdən düşməsi” ifadəsinin izahıdır.

Kitabın alt başlığı “Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti”dir. İmpiçment aydınlaşdırma tələb etmək, aydınlıq və qeyri-müəyyənliyin aradan qaldırılması deməkdir. İmpiçment əxlaqi və şər’i bir məsələdir. Kitabın nəticəsi rəhbərin mərcəiyyəti barəsində yəqinliyin hasil olmaması, onun fitva vermə səlahiyyətinin olmaması və dini rəhbər olmaması barəsində çoxsaylı qərinələrin və faktların olmasından ibarətdir. Şübhəsiz ki, Ağayi-Xamənəi və onun mərcəiyyətini (dini rəhbərliyini) müdafiə edənlərin də öz dəlillərini və sübutlarını dərc etmək hüquqları vardır. Bu müdafiələr rəhbərin mərcəiyyətinin (yəni dini rəhbərliyinin) dəlillərinin və sənədlərinin gücünü yoxlamaq üçün yaxşı nümunələrdir.

Müəllif artıq bu konteksdə ətraflı şəkildə yazdığı kimi, fəqihin siyasi hakimiyyətini mütləq şəkildə inkar edir və heç bir hökumət vəzifəsində fəqahət və ictihadı – istər mütləq ictihad olsun, istərsə mütəcəzzi’ ictihad – şərt hesab etmədiyinə görə onun olmamasından narahat olmur. Lakin mərcəi-təqliddə (dini rəhbərlik məqamında) fitva vermək səlahiyyəti və mütləq ictihad yəqinən şərtdir. Bu kitab Ağayi-Xamənəinin rəhbərliyi barəsində yox, onun mərcəiyyəti (dini rəhbərliyi) barəsində danışır. “Liderlik impiçmenti” (Ağayi-Xamənəinin 21 illik liderlik hesabatının İslam Respublikasının Konstitusiyasına əsaslanaraq dəyərləndirməsi) müəllifin birinci nəşri 1389-cu il tir ayında (m. 2010-cu il iyun ayında), ikinci nəşri isə 1393-cü il ordibeheşt ayında (m. 2014-cü il aprel ayında) nəşr olunan digər kitabının mövzusudur.

Bu araşdırmada ədalətli hökm çıxarılmağa çalışılmış, həm onun mərcəiyyətinə uyğun olan qərinələr, həm də əleyhinə olan qərinələr qeyd edilmişdir. Müdafiəçilərin şərhləri və ifadələri müxaliflərin tənqidi ilə yanaşı öz əksini tapmışdır. Müəllif öz fərziyyəsini sübuta yetirmək fikrində deyil, həqiqət axtarışındadır. Baxmayaraq, Ağayi-Xamənəi bu qələm sahibinə və daha da önəmlisi onun ustadı Ayətullah Müntəziriyə cəfa etmişdir. Lakin müəllif var gücü ilə çalışıb ki, ədalət yolundan sapmasın və onun haqqını tapdalamasın. Onun bu istiqamətdə nə qədər uğurlu olduğunu mühakimə etmək oxucuların işidir.

Bu kitabın əsas auditoriyası dindar insanlar, yəni həyatında dini qayğıları olan insanlardır. Ələlxüsus dini rəhbərlər, fəqihlər, dini elmləri öyrənən tələbələr, ustadlar, ilahiyyat sahəsində təhsil alan tələbələr. Başqa oxucular bu kitabda İranda din və siyasi hakimiyyətin və ya müasir şiə düşüncəsinin birləşməsinin çətinlikləri haqqında dəlil və sənədlər tapacaqlar. Dini qurumun (Hövzə, ruhaniyyət, mərcəiyyət və məscid) dövlətdən ayrılmasının zəruriliyi bu araşdırmanın məntiqi nəticəsidir.

(ardı var)

Müəllif: Möhsün Kədivər

Mütərcim: Xəyyam Qurbanzadə

h. ş. ordibeheşt ayı 1394-cü il

m. 21 aprel 2015-ci il

h. q. 2 rəcəb 1436-cı il

çərşənbə axşamı günü 

TƏŞKİLATLAR VƏ QURUMLAR

  1. İslam İnqilabı Şurası Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
  2. Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
  3. İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
  4. Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
  5. Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
  6. Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.

Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.

  1. Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.

KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI

  1. Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
  2. Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
  3. Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid