(Rəhbər Hüccətülislam vəl-müslimin Seyid Əli Xamənəinin impiçmenti)
TƏHLİLİ MÜQƏDDİMƏ
(ANALİTİK GİRİŞ)
ALİ DİNİ RƏHBƏR: AYƏTULLAH XAMƏNƏİ
Ayətullah Xomeyni vəfat edəndə 1358-ci ildə (miladi 1979-cu il dekabr ayında) təsdiq edilmiş konstitusiya əsas meyar idi. Ağayi-Xamənəi 1368-ci il 14 xordad tarixində (m. 1989-cu il 4 iyun), sözsüz, mərcəi-təqlid (dini rəhbər) deyildi, fitva vermək və dini rəhbərlik etmək üçün faktiki səlahiyyəti də yox idi. Həmin gün Ayətullah Xomeyniyə tabe olan din xadimləri emosional mühitdə tarixi seçim edirlər. Onlar siyasi idarəçiliyi fiqhi bilikdən (yəni fiqh elmindən) üstün tuturlar və mütəcəzzi’ müctəhidi potensial mütləq ictihadı tələb edən vəliyyi fəqihin canişini təyin edirlər. Ayətullah Xomeyninin tələbələri rəhbərliyin öz əhatələrindən xaric olmasına imkan vermirlər. Ayətullah Xomeyni öz müasiri olan dini rəhbərlərdən heç birini rəhbərliyə layiq hesab etmirdi. İnqilabın şagirdləri arasındakı ə’ləm müctəhid də onun gümanına görə yolunu azmışdı. İdarəçilik təcrübəsi olanlar arasında da mütləq müctəhid yox idi, növbə mütəcəzzi’ müctəhidə çatmışdı.
Rejimin (sistemin) məsləhəti bir iksir olur ki, onunla mütəcəzzi’ müctəhid və həqiqətdə müqəllid olan adil bir mömin əməli mütləq müctəhid məqamına qoyulur. Vəlayəti-fəqih nəzəriyyəsi onun banisinin ölümü ilə dəfn edilir. Ekspertlər Şurası “rejimin (sistemin) məsləhəti”nə əsaslanaraq Ağayi-Xamənəi barəsində ən azı üç dəfə Konstitusiyanın maddələrini pozur:
- Fitva vermək və faktiki dini rəhbərlik (mərcə’lik) şərtinin olmaması kimi qanunsuzluq formalarına məhəl qoyulmur; 1358-ci il (m. 1979) Konstitusiyasının 109-cu maddəsi pozulur.
- Ağayi-Xamənəinin ən azı rəhbərliyinin ilk iki ayı ərzində qeyri-qanuni “müvəqqəti rəhbərliyinin” elan edilməməsi; (Ekspertlər Şurasının 1368-ci il 14 xordad (m. 1989-cu il 4 iyun) tarixli xüsusi iclasının qərarı).
- Mütləq ictihadın, yəni fiqhin müxtəlif bablarında və fəsillərində fitva vermək üçün zəruri elmi səlahiyyətin olmamasına məhəl qoyulmur. 1368-ci il (1989-cu il) Konstitusiyasının 5-ci, 107-ci və 109-cu maddələri pozulur.
Ağayi-Xamənəinin 1355-ci ildən (m. 1976-cı ildən) on dörd il ərzində üsuli-fiqhi dərs və müzakirələrdən uzaq olduğunu nəzərə alaraq onun fiqh elmini yenidən öyrənməsi üçün 1368-ci ilin mehr ayından (m. 1989-cu ilin sentyabr ayından) Konstitusiyanın Mühafizəçiləri Şurası[1] (Şuraye-Neqahbane-Qanune-Əsasi), Məhkəmə Hakimiyyəti və digər orqanlarda rəhbərin təyin etdiyi doqquz şəxsin iştirakı ilə fiqhin yenidən öyrənilməsi iclasları təşkil olunur ki, onun hüzurunda həftəlik istidlali fiqh müzakirələri ilə lazımlı hazırlıq əldə olunsun. Bu ixtisasartırma təlimlərində ən mühüm rolu Ağayi-Seyid Mahmud Haşimi[2] və Mühəmməd Mömin Qummi[3] oynamışdır. Bu iclasların məhsulu 1374-cü ildə (m. 1995-ci ildə) yenidən ixtisasartırma dərs məclisi üzvlərinin çəkicləməsindən sonra nəşr edilən və Ağayi-Xamənəinin adını daşıyan iki məqalədir; biri sabiilərin fiqhi hökmü (32 səhifə), digəri isə mühadənə, yaxud atəşkəs müqaviləsidir (84 səhifə).
Zati-Aliləri Cənab Xamənəi ömründə üsuli-fiqhdən dərsi-xaric keçmədən, yaxud ustadlarının üsul dərslərinin təqriratını tədvin edib (tərtib edib, sistemləşdirib) onlara tə’liqə (əlavə) yazmadan, yaxud müstəqil olaraq öz üsuli-metodoloji fikirlərini tənzimləmədən fiqhdən dərsi-xaricin tədrisini 1369-cu ildən (m. 1990-cı ildən) – rəhbərliyə başlamasından bir il keçməmiş cihad kitabından başlamışdır. Bu dərs həftədə üç gün 45 dəqiqə olmaqla əxlaqi hədislərin şərhi ilə başlayır. O, cihaddan sonra qisasın hökmlərini və sonra isə “Məkasibi-mühərrəmə” kitabını tədris edir. Bu dərsdə Tehranda çalışan 500-dən çox din xadimi iştirak edir. Bu dərsin keçdiyi 25 ildən bəri rəhbərliyin məlumat bazalarında “Cihad” kitabının 2 hissəsinin və “Qisas” kitabının bir hissəsinin təqriratı yerləşdirilib. On beş ildir ki, dərsin əvvəlindəki əxlaqi moizələrdən başqa onun fiqhi əlavələrindən heç bir şey dərc olunmayıb. Hövzənin (Seminariyanın) müəllimlərindən fərqli olaraq bu dərslərin audio mətni də onun veb-saytında yoxdur. İslam Respublikasında ümumi ənənələrdən biri ictihad şərti olan məqamlar – Ekspertlər Şurasına üzvlük, İnformasiya və Milli Təhlükəsizlik Naziri olmaq və Rəhbər olmaq üçün ictihad (potensial, yaxud praktiki) sertifikatı tələb olunur. İlk iki mövzunun ictihadı mütəcəzzi’ ictihaddır. Son məqam üçün ehtiyac duyulan ictihad isə fitva vermək və dini rəhbərlik etmək (mərcəiyyət) fəaliyyətindən kənar mütləq ictihad gücünün olmasıdır. Ağayi-Xamənəinin rəhbərliyinin başlamasından bir il sonra Ekspertlər Şurası tərəfindən seçilmiş rəhbərdə qanuni və şər’i şərtlərin olmamasına kəskin etirazlar edildiyinə görə o, mərhum Ayətullah Xomeyninin tələbələri ilə əl-ələ verir. İslam İnqilabının banisinin tələbələrindən yeddisi xronoloji ardıcıllıqla Mühəmməd Yəzdi[4], Abdullah Cəvadi Amuli[5], Mühəmmədfazil Lənkərani[6], Mühəmməd Mömin Qummi, Əli Meşkini[7], Yusuf Sanei[8] və İbrahim Əmini[9] 1369-cu il xordad ayının son günlərindən şəhrivər ayının ilk günlərinə qədər (m. 1990-cı il iyun ayının ortalarından avqust ayının son günlərinə qədər) onun rəhbərliyə lazım olan dərəcədə ictihada sahib olduğunu yazılı şəkildə təsdiq edirlər. Onların əksəriyyəti rəhbərlik tərəfindən Məhkəmə Hakimiyyətinin rəhbərliyi, Konstitusiyanın Mühafizəçiləri Şurasının fəqihi və cümə namazı imamlığı vəzifələrinə təyin olunmuşdular. Onlardan biri də o dövrün gənc dini rəhbərlərindən biri hesab olunurdu. Verilmiş 7 sertifikatdan (təsdiqdən) beşi rəhbərliyin tələb etdiyi potensial və ya əməli ictihaddan artığına dəlalət etmir. Bu sertifikatlar iki problemlə qarşı-qarşıyadır; nizamın (sistemin) məsləhəti qaydasına əsaslanaraq verilməsi və ziddiyyətli şahidliyin olması.
(ardı var)
Müəllif: Möhsün Kədivər
Mütərcim: Xəyyam Qurbanzadə
h. ş. ordibeheşt ayı 1394-cü il
m. 21 aprel 2015-ci il
h. q. 2 rəcəb 1436-cı il
çərşənbə axşamı günü
TƏŞKİLATLAR VƏ QURUMLAR
- İslam İnqilabı Şurası – Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup. Şuranın qurulmasından növbəti bir neçə ay ərzində Şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır. Onun mövcudluğu İnqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmışdır. Şuranın üzvləri və onların nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır.
- Ali Milli Təhlükəsizlik Şurası – Milli maraqları təmin etmək, 1979-cu il İslam İnqilabını, ərazi bütövlüyü və milli suverenliyi qorumaq məqsədi ilə yaradılmış şuradır. Bu Şura ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərində ən mühüm qərarlar qəbul edən orqan hesab olunur. Bu Şuranın üzvləri İranın yüksək vəzifəli siyasi, hərbi və kəşfiyyat məmurlarıdır.
- İslam İnqilabı Keşikçiləri Korpusu – İran Silahlı Qüvvələrinin bir qoludur ki, 1979-cu il İnqilabından sonra İslam Respublikasının rəhbəri Seyid Ruhullah Xomeyninin əmri ilə 22 aprel 1979-cu ildə yaradılmışdır.
- Ekspertlər Şurası – İran İslam Respublikasının dövlət qurumlarından biridir və əsas vəzifəsi İran İslam Respublikasının rəhbərini seçmək və onun fəaliyyətinə nəzarət etməkdir. Bu şuranın hər bir müddəti 8 ildir və üzvləri xalq tərəfindən seçilir. Şurada iştirak edə bilmək üçün təcəzzi dərəcəsinə qədər ictihad qabiliyyətinə malik olmaq (yəni mütəcəzzi müctəhid olmaq) şərtdir. Bu Şura ilk dəfə 24 mordad 1362-ci ildə (m. 15 avqust 1983-cü ildə) yaradılmış və beşinci seçki 7 esfənd 1394-cü ildə (m. 26 fevral 2016-cı ildə) keçirilmişdir.
- Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti – Elmi, mədəni, ictimai və siyasi fəaliyyət göstərən hövzə (seminariya) müəssisəsidir. Bu qurum Qum Elmi Hövzəsinin bir sıra ustadlarından ibarətdir və onun məqsədi Hövzənin fəaliyyətində islahat və planlaşdırma həyata keçirmək, İslam maarifini təbliğ etmək və genişləndirmək, İslam nizamını və vəlayəti-fəqihi müdafiə etmək və hövzə qüvvələrinin hazırlanması üçün uyğun mühit yaratmaqdır. Müdərrislər Cəmiyyəti hicri-şəms təqvimi ilə 1341-ci ildə (m. 1962-63-cü illərdə) Qumda yaradılmışdır. Mühəmməd Fazil Lənkərani, Əli Meşkini, Əhməd Cənnəti, Əbülqasım Xəz’əli, Mühəmməd Yəzdi və Əhməd Azəri Qummi bu müəssisənin təsisçiləri olmuşlar. İmam Xomeyninin dini rəhbərliyini sübut etməyə çalışmaq, Pəhləvi hökumətinə qarşı mübarizə aparmaq, İslam hökumətinin qurulmasını və monarxiyanın devrilməsini təklif etmək Pəhləvi hökumətində bu qurumun ən mühüm siyasi məsələlərindən biri olmuşdur.
- Tehran Mübariz Ruhaniyyət Cəmiyyəti – İranın siyasi işlərində fəal olan din xadimlərinin təşkilatlarından biri. Mübariz Ruhaniyyət Cəmiyyətinin ilk nüvəsi h. ş. təqvimi ilə 1356-cı ildə (m. 1977-ci ildə) İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin Şah hakimiyyətinə qarşı mübarizədə müsəlman qüvvələrinin koordinasiyası ilə bağlı güclü tövsiyələri və Mürtəza Mütəhhərinin təşviqi və dəstəyi ilə yaradılmışdır. Yürüşlərin planlaşdırılması, məscidlərdə çıxışlar, şüarların hazırlanması, Pəhləvi rejiminə qarşı mübarizənin əlaqələndirilməsi və təşkili əsasən Mübariz Ruhaniyyət Cəmiyyətinin üzərinə düşürdü.
Cəmiyyət dini, siyasi və ictimai bir təşkilat olaraq İslam İnqilabının qələbəsindən sonra ölkənin qanunvericilik, məhkəmə, siyasət və icra məclislərində, xüsusilə 1368-ci (m. 1989-cu) ildən 1376-cı (m. 1997-ci) ilə qədər təsirli və qətiyyətli şəkildə iştirak etmişdir.
- Ruhanilər üçün Xüsusi Məhkəmə – Ruhullah Xomeyninin əmri ilə 1358-ci ilin xordad ayında (m. 1979-cu ilin may ayında) yaradılmışdır. Bu məhkəmə Məhkəmə Hakimiyyətinin yurisdiksiyasından (mühakimə icraatından) kənarda fəaliyyət göstərir. Ruhanilər üçün Xüsusi Məhkəmə bilavasitə İslam Respublikası Rəhbərinin nəzarəti altında fəaliyyət göstərir və oradakı proseslər də İranın Məhkəmə Hakimiyyətindən və digər məhkəmələrindən fərqlidir.
KİTABDA İŞLƏNMİŞ BƏZİ TERMİNLƏRİN İZAHI
- Təqrir (mənanın aydın ifadə ilə bəyanı, izah) – Miladi təqvimi ilə on səkkizinci əsrdə ortaya çıxmış yeni formalı fiqhi və üsuli əsərlər. Təqrir tələbənin özü tərəfindən yazılır və ustadın təsdiqindən sonra tələbənin adı ilə nəşr olunurdu. H. q. təqvimi ilə 1226-cı ildə (m.1810) vəfat edən “Miftahul-kəramə” kitabının müəllifi Mühəmmədcavad Amili müəllimi Seyid Mühəmmədmehdi Bəhrul-ülumun dərslərini yazan ilk təqrir yazıçısı hesab olunur. Təqrir mütəqəddimlərin hədis elmində “əmali” (“imlalar”) adı ilə nəşr etdirdikləri kitablardan fərqlənir. Belə ki, “əmali” ustadın üslubu ilə yazılır və ustadın adı ilə nəşr olunurdu. Tələbənin vəzifəsi yalnız yazmaqdan ibarət idi. Təqririn yazılmasında isə mətnin məzmunu ustaddan idi, lakin ləfzlər və ifadələr bəzən dəyişilirdi. Ələlxüsus, müqərrirlər (təqrir yazanlar) ustadın toxunduğu bütün mətləbləri dərs vaxtı yazmırdılar və dərs sona çatdıqdan sonra mətləblərin qeydiyyatını aparırdılar. Təbiidir ki, müqərrir güclü, təcrübəli və etimadlı tələbələrdən olurdu. Bəzi müqərrirlər tədris kürsüsünə malik idilər və ustadın həmin dərsini ondan sonra ikinci dəfə daha zəif və dərsə yeni qoşulmuş tələbələr üçün bəyan edirdilər. Səsyazma cihazlarının ortaya çıxması ilə bu formalı təqrir yazmalar tədriclə aradan qalxdı və bu gün ustadların dərsləri kasetlərdən dinlənilir və yazılır.
- Mütəcəzzi müctəhid – Mütəcəzzi müctəhid ictihad mələkəsinə (qabiliyyətinə) malik olan, lakin şəriətin ikinci dərəcəli (fər’i) bütün hökmlərini onun mənbələrindən istinbat etmək (çıxarmaq) iqtidarında olmayan, yalnız fiqhin bəzi fəsillərində istinbat gücünə malik olan bir müctəhiddir.
- Ə’ləm müctəhid – Allahın hökmünü başa düşməkdə ustadlığı öz zamanının bütün müctəhidlərindən daha çox olan müctəhid
[1] Ayətullah Cənnətinin başçılıq etdiyi, 6 fəqih və 6 hüquqşünasdan meydana gələn 12 nəfərlik bu şura Ali Məhkəmə, Ali Maliyyə Məhkəməsi və Mərkəzi Seçki Komissiyası kimi bəzi vəzifələr və səlahiyyətlərə sahibdir. Parlamentdə qəbul edilən qərarların Konstitusiyaya və ya şəriət qanunlarına uyğun olub-olmadığını təftiş edən (yoxlayan), lazım gəldikdə bunu yenidən müzakirə üçün Parlamentə geri qaytaran və bələdiyyə seçkiləri istisna olmaqla bütün seçkilərdə nümayəndələrin namizədliyini araşdıran bir qurumdur. Şuranın fəqih namizədləri Vəliyyi-fəqih (İnqilab Rəhbəri) tərəfindən, hüquqşünas namizədləri isə Məhkəmə Hakimiyyəti tərəfindən təyin edilir. İnsan haqları müdafiəçilərini və demokratik dairələri ən çox narahat edən bir dövlət qurumudur.
[2] 26 iyul 1948-24 dekabr 2018
[3] 12 yanvar 1938-21 fevral 2019
[4] 2 iyul 1931-9 dekabr 2020
[5] 5 may 1933
[6] 1931-16 iyun 2007
[7] 1 dekabr 1921-30 iyul 2007
[8] 1937-12 sentyabr 2020
[9] 30 iyun 1925-24 aprel 2020