RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

“MƏFATİHUL-CİNANIN QURANLA ZİDDİYYƏTİ” KİTABINDAN  

İKİNCİ BAB
ÜÇÜNCÜ FƏSİL

Bu fəsil mübarək ramazan ayına məxsusdur. Rəcəb ayını ayların ən fəzilətlisi olaraq qələmə verdiyi bu babın ilk fəslinə əks olaraq burada ramazan ayını ayların ən fəzilətlisi hesab edir ki, əlbəttə, bu doğrudur. Bilmək lazımdır ki, mötəbər kitablarda Allah Rəsulundan (s) nəql olunmuş dua və müstəhəb əməllər Qurana uyğundur, lakin çox təəssüflər olsun ki, xurafi kitablarda imamlara nisbət verilən bir çox mətləblər mübaliğə, qülüvv və yalanla qatma-qarışıq və Qurana müxalifdir. Şeyx Abbas nəql etmişdir ki[1], “Hər şeyin bir baharı vardır, Quranın baharı da ramazan ayıdır!” Buna əsasən kim dua və ibadət əhlidirsə, əvvəla Quran dualarını çox oxumalıdır ki, bunun iki savabı vardır; həm Quranı oxuma savabı, həm də dua savabı[2]. İkincisi, həmin şəxs Quran dualarından başqa mötəbər kitablarda Peyğəmbərdən nəql olunub bizə çatmış və mətni Quranla müvafiq olan duaları seçməlidir.

Əlbəttə, Qurana müxalif olmayan bəzi hədislər çox təəssüflər olsun ki, məzhəb yaradanların hücumundan amanda qalmamışdır. O cümlədən bu babın ilk hədisini Fəzzal ailəsindən – vaqifi olmuşlar – olan batil məzhəbli bir fərd nəql etmişdir! Həmin hədisin kamil mətni Seyid ibn Tavusun “İqbalul-əmal” əsərində[3] qeyd olunmuşdur. Hədisin zeylində Allah Elçisinə töhmət vurmuşdur ki, guya Həzrət Əliyə buyurmuşdur: “Kim sənin imamətini inkar edərsə, mənim peyğəmbərliyimi inkar etmişdir. Ey Əli, sən mənim ümmətim üzərində mən həyatda olduqda(?!) və mən vəfat etdikdən sonra mənim xəlifəmsən. … Məni peyğəmbərliyə seçən Allaha and içirəm ki, sən Allahın Onun məxluqatı üzərində olan höccəti, Onun sirrinin inanılmış şəxsi, bəndələri arasında Onun xəlifəsisən!!” Hədisi qondaran fikirləşməmişdir ki, əgər imamətin inkar olunması peyğəmbərliyin inkar olunmasıdırsa, təbii olaraq imaməti inkar edən şəxs kafir olacaq və kafirə beyət etmək və qız vermək icazəli deyildir. Lakin müttəqilərin imamı Həzrət Əli (ə) həm Əbubəkr və Ömərə beyət etmiş, həm də öz qızını ikinci xəlifəyə vermişdir. Əqlinizi işlətmirsiniz?

Xoşbəxtlikdən Şeyx Abbas Qummi hədisin yuxarıdakı sətirlərdə qeyd etdiyimiz zeylini “Məfatihul-cinan”da qeyd etməmişdir və yalnız hədisin Quranla müxalif olmayan əvvəlini qeyd etməklə kifayətlənmişdir.

“Ramazan ayının müştərək əməlləri” hissəsində[4] belə yazır: “İbn Tavus Həzrət Sadiq və İmam Kazimdən onların belə dediyini rəvayət etmişdir: “Ramazan ayının əvvəlindən axırına qədər hər vacib namazdan sonra bu duanı oxu: …” Lakin əvvəla bilməliyik ki, Seyid ibn Tavus hədis əxz etməkdə başısoyuq və etinasız (mütəsahil) idi. İkincisi, hədisin mətni də şübhəlidir. Çünki böyük imamlar (hidayət imamları) “Ziyarət və ziyarətnamə” kitabında və hal-hazırkı kitabda qeyd olunan dəlillərə əsasən din böyüklərinin qəbirlərini ziyarət etmirdilər ki, ta hər gün və hər namazdan sonra Allahdan qəbir ziyarətində müvəffəq olmağı istəyib “Məni Peyğəmbərinin qəbrinin ziyarətindən kənar etmə”, – desinlər. Bəlkə, bu, qulatların və qəbirpərəstlikdən mənfəət əldə edən şəxslərin istəyidir!

Həmin 175-ci səhifədə iki başqa dua qeyd olunmuşdur ki, Qurana müxalif deyildir və onu “şəriətin dua etməyə ümumi icazə verməsi”nə əsasən oxumağın heç bir problemi yoxdur. 176-cı səhifədə İmam Sadiqdən (ə) bir dua gətirmişdir ki, onun tərcüməsini burada qeyd edirik. Ümid var ki, oxucuların diqqətinə səbəb olsun və onları düşündürsün: Allahım! Hacətimi Sənin vasitənlə və Səndən istəyirəm. Hər kəs hacəti insanlardan istəyir, mən isə hacətimi Səndən başqa heç bir kəsdən istəmirəm. Sən təksən və Sənin şərikin yoxdur. Fəzlini (mərhəmətini) və razılığını vəsilə edərək Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-Beytinə rəhmət göndərəsən və bu ilimdə riya və göstərişdən uzaq olan, qəbul olunan, pak olan və Sənin rizan üçün yerinə yetirilən həcc ziyarəti üçün möhtərəm evinin yolunu mənim üçün açasan ki, bu ziyarətlə gözüm işıqlansın və dərəcəm yüksəlsin və Səndən istəyirəm ki, gözlərimi yasaq etdiyin şeylərə örtməyi, fərcimi (zinadan) qorumağı və bu ziyarətlə əlimi haram etdiyin bütün şeylərdən çəkməyi mənə əta edəsən, ta ki mənim yanımda Sənə itaət etmək, Səndən qorxmaq, Sənin sevdiyin şeyi etmək və Sənin xoşlanmadığın və yasaq etdiyin şeyi tərk etməkdən mühüm heç bir şey olmasın. Və bunu mənə asanlıqla, firavanlıqla, afiyətlə və verdiyin nemətlərlə bərabər əta et. Səndən istəyirəm ki, ölümüm vəli bəndələrinlə birlikdə Peyğəmbərinin bayrağı altında qətl edilmək olsun və mənim əlimlə Öz düşmənlərini və Rəsulunun düşmənlərini qətl edəsən. Səndən istəyirəm ki, yaratdıqlarından istədiyini alçaltmaqla məni əziz tutasan və vəli bəndələrindən birini əziz tutmaqla məni alçaltmayasan. Allahım, Rəsulla birlikdə mənim üçün yol qərar ver. Allah mənə kifayət edər və Allahın dediyi olar!

Şeyx Abbas Qummi belə yazır: “Ramazan ayında hər üç gündə bir dəfə Quranı xətm etmək Sünnədir. …”[5] Əllamə Məclisi (r) buyurmuşdur ki, hədisdə bildirilir ki, imamların bəziləri bu ayda Quranı qırx dəfə və daha çox xətm edirdilər”. (!!) Mən deyirəm ki, əvvəla əgər Allah Rəsulunun Sünnəsi ramazan ayında hər üç gündə bir Quran xətmi olmuşdursa, deməli, imamların ramazan ayında qırx, yaxud daha çox Quran xətm etməsindən danışan hədis yalandır. İkincisi, Məclisinin işarə etdiyi hədisin ravisi Bərqidir və mötəbər olmayan hədisdir. Həmçinin aşağıdakı hədislə də uyğun gəlmir. İmam Sadiq ona: “Quranı bir gecədə xətm edim?” – deyə sual verən şəxsə “Xeyr!” – deyə cavab verdi. Dedi: “İki gecədə?” Buyurdu: “Xeyr!” Dedi: “Altı gecədə?” İmam əl ilə işarə etməklə onun sözünü təsdiq etdi və buyurdu: “Allah Rəsulunun əshabəsi Quranı bir ayda, yaxud biraz az zamanda oxuyur və xətm edirdi. Quran səthi və tələsik oxunmaz, bəlkə, təmkinlə və tərtillə oxunar. Cəhənnəm atəşinin zikr olunduğu bir ayəyə çatdıqda fasilə verərsən və Cəhənnəm atəşindən Allaha sığınarsan”. Sonra İmam əli ilə işarə edərək sual verən şəxsə icazə verdi ki, ramazan ayında hər üç gecədə bir dəfə Quranı xətm etsin. Və buyurdu: “Ramazan ayı digər aylara bənzəmir, xüsusi haqqı və hörməti vardır. …”[6]

177-ci səhifədə buyurur: “Ayətullah Əllamə Helli “Sə’diyyə” risaləsində Həzrət Sadiqdən onun belə buyurduğunu nəql etmişdir: “Ramazan ayında bir möminə bir loğma yemək yedizdirən mömin üçün Allah-Taala otuz mömin bəndəni azad etmiş şəxsin mükafatını yazar”.(!!) Halbuki Seyid ibn Tavus Peyğəmbər və İmam Sadiqdən iki hədis nəql etmişdir ki, o hədislərdə bu işin savabının bir mömin bəndə azad etmək olduğu bildirilmişdir[7]. Hansı birini qəbul edək?

178-ci səhifədə “Duxan” surəsi barəsində bir hədis gətirmişdir ki, Həsən ibn əl-Hərişin yalanlarındandır[8]. Biz onu “Üsul xəbərlərinin Qurana və əqllərə ərz edilməsi” kitabının ikinci nəşrində[9] kifayət qədər tanıtdırmışıq. Müraciət edə bilərsiniz.

İndi isə 178-ci səhifədə qeyd etdiyi “İftitah” duasını müzakirə edirik ki, Şeyx Tusi[10],  “Zadul-məad” kitabında Məclisi və Kəf’əmi onu sənədsiz olaraq gətirmişlər! Lakin xurafatçı Seyid ibn Tavus “İqbalul-əmal” kitabında[11], məsələn onun üçün bir sənəd qeyd etmişdir ki, heç bir İmama çatmır. Bəlkə, Osman ibn Səid əl-Əmrinin – İmami-Zəmanın naiblərindən olduğunu iddia etmişdir!! – qardaşı oğlu qırmızı cildli bir kitabı Mühəmməd ibn Mühəmməd ibn Nəsr əs-Səkuniyə göstərmiş və “Əmim Osman öz dualarını bu dəftərdə yazmış və o cümlədən ramazan ayında bu duanı oxumuşdur”, – demişdir. Qərinələrdən məlumdur ki, bu qırmızı rəngli kitabın dualarının vəziyyəti biabırçılıq olmuşdur! Şeyx Abbas Qummi bir dəfə də “Məfatih”də bu kitabdan olan bir duaya işarə etmişdir[12]. Lakin dua biabırçı olduğu üçün yalnız duanın ilk cümləsini yazmış və onun qalan hissəsini şayəd abır-həyasını qorumaq məqsədilə qeyd etməmişdir!![13] Biz həmin duanı[14] “İqbalul-əmal”dan[15] gətiririk: “Allahım! Həqiqətən, mən, qarşımda Mühəmməd, arxamda və sağ tərəfimdə Əli (Necə mümkündür ki, Əli həm arxa tərəfdə olsun, həm də sağ tərəfdə?!! Görəsən, duanı toxuyan şəxs nə toxuduğunu başa düşmüşdür?!), sol tərəfimdə digər imamlar Sənə tərəf dönürəm. Onlar vasitəsilə özümü Sənin əzabından gizlədir və örtürəm və Sənə yaxınlaşıram (“Zümər” surəsinin 3-cü ayəsilə müqayisə et!) Və bu iş üçün Sənə onlardan yaxın olan bir şəxs tapa bilmirəm. Onlar mənim imamlarımdırlar. Onlar vasitəsilə əzabından və qəzəbindən olan qorxumdan mənə aman ver, rəhmətinlə məni saleh bəndələrinin zümrəsinə daxil et! Mən Mühəmmədin dini və onun Sünnəsi, Əlinin dini və Sünnəsi, vəsilərin dini və onların Sünnəsi üzərində Allaha ixlaslı şəkildə iman gətirmiş bir şəxs olmuşam. …” Soruşuruq: “Duanı oxuyan şəxsin sırf “Qarşımda Mühəmməd, arxamda Əli”, – deməsi ilə o böyük şəxsiyyətlər dua edən şəxsə itaət edirlər və gəlib onun qarşısında, arxasında, sağında və solunda dayanırlar?!”

Bu duanı öz kitabında yazan cənab Şeyx Tusi Quranda Allahın inkar mənasını verən sual cümləsi ilə Peyğəmbərə:

أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ الْعَذَابِ أَفَأَنْتَ تُنْقِذُ مَنْ فِى النَّارِ

“Məgər sən haqqında əzab sözü vacib olmuş kimsəni (qoruya bilərsənmi?) Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?”[16] buyurduğunu, yaxud

اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ

“… Onlar (münafiqlər) üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq”[17] buyurduğunu və Həzrət Nuhun (ə) oğlu barəsindəki şəfaətinin qəbul edilmədiyini[18] … oxumamışdır?

(ardı var)

Müəllif: Əllamə Burqui

Mütərcim: Xəyyam Qurbanzadə

[1] s. 176

[2] Biz Quran duaları barəsində bir risalə yazmışıq və son zamanlarda da ona yenidən baxmış və onu təshih etmişik. Lakin xurafat müdafiəçiləri onun yenidən çap olunmasına mane olurlar.

Həmin əsər “Dua və Qurandan dualar” adı ilə Xəyyam Qurbanzadə tərəfindən tərcümə olunmuş və “Əllamə Burqui və əsərləri” adlı kitabda nəşr olunmuşdur.

[3] s. 3

[4] s. 175

[5] “Vəsailuş-şiə”, c. 4, s. 864, h. 8

[6] “Vəsailuş-şiə”, c. 4, s. 862, h. 3

[7] “Misbahul-mütəhəccid”, Şeyx Tusi, s. 569, “İqbalul-əmal”, s. 7

[8] “Vəsailuş-şiə”, c. 7, s. 265, h. 1

[9] s. 521-525

[10] “Misbahul-mütəhəccid”, s. 520

[11] s. 58

[12] s. 248, Fitr bayramı gününün 2-ci əməli

[13] Xatırladaq ki, biz Molla Əli Vaiz Təbrizi Xiyabaninin müəllifin təshih etdiyi bir nüsxə ilə qarşılaşdırdığı və səhvlərini düzəltdiyi “Məfatih” nüsxəsinə istinad edirik.

[14] Diqqətə layiqdir ki, Şeyx Tusi, Kəf’əmi və Məclisi bu duanı bayram namazından sonra üçün, İbn Tavus sübh namazından sonra və bayram namazından əvvəl üçün qeyd etmişdir. (?!)

[15] s. 275-dən sonra

[16] “Zümər”, 19

[17] “Tövbə”, 80, “Münafiqun” surəsinin 6-cı ayəsinə də baxılsın.

[18] “Hud”, 45