RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

RAMAZAN RİSALƏSİ  

İKİNCİ RİSALƏ OLAN İKİNCİ HİSSƏ 
ŞƏRAFƏTLİ RAMAZAN AYI HAQQINDADIR

Birinci hissənin sonunda islami əlamətlər haqqında bir qədər danışıldığına görə əlamətlərin içində ən parlaq və möhtəşəmi olan şərafətli ramazan haqqında olan bu ikinci hissədə onun bəzi hikmətləri zikr ediləcəkdir.

Bu ikinci hissə şərafətli ramazan ayının bir çox hikmətlərindən doqquz hikməti bəyan edən “Doqquz incəlik”dir.

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
 شَهْرُ رَمَضَانَ الَّذِى أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَ الْفُرْقَان

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

(O sayı müəyyən olan günlər) Ramazan ayıdır. Ramazan ayı elə bir aydır ki, insanları hidayət edən və hidayətin və haqla batili bir-birindən ayırmanın açıq-aşkar dəlilləri olan Quran o ayda nazil olmuşdur...”[1]

BİRİNCİ İNCƏLİK

Şərafətli ramazan ayının orucu İslamiyyətin beş əsas qanunlarından (rüknlərindən) biridir. Həm də islami əlamətlərin ən böyüklərindəndir.

Şərafətli ramazan ayının orucunun Cənabı-Haqqın rübubiyyətinə[2], insanın ictimai və şəxsi həyatına, nəfsin tərbiyəsinə və ilahi nemətlərin şükrünə aid olan çoxlu hikmətləri vardır.

Orucun Cənabı-Haqqın rübubiyyətinə aid olan hikmətlərindən biri də budur ki, Cənabı-Haqq yer üzünü nemət süfrəsi şəklində xəlq etmiş və bütün növ nemətləri o süfrədə “min heysu lə yəhtəsib” (“gözlənilməyən bir yerdən”) şəklində düzmüş və rübubiyyətinin, rəhmaniyyətinin və rəhimiyyətinin kamilliyini o şəkildə ifadə etmişdir. İnsanlar qəflət pərdəsi arxasında və səbəblər dairəsində o vəziyyətin ifadə etdiyi həqiqəti tam görmür, bəzən isə unudurlar.

Şərafətli ramazan ayında isə iman əhli intizamlı bir ordu şəklini alır. Əzəli Sultanın ziyafətinə dəvət edilmiş bir halda axşama yaxın “Buyurun!” əmrini gözləyirlər kimi bəndəçilik etməyə xas olan bir vəziyyəti göstərir və bununla da o şəfqətli, əzəmətli və ümumi rəhmaniyyətə qarşı geniş, əzəmətli və intizamlı bir bəndəçiliklə qarşılıq verirlər.

Əcəba, belə bir bəndəçilik, şərəfli lütf və ehsanda iştirak etməyən insanlar insan adına layiqdirlərmi?

İKİNCİ İNCƏLİK

Mübarək ramazan ayının orucunun Cənabı-Haqqın verdiyi nemətlərə görə şükrə aid olan hikmətlərindən biri budur ki; – “Birinci söz”də deyildiyi kimi – yeməkləri təqdim edən şəxsin bir padşahın mətbəxindən gətirdiklərinin bir qiyməti vardır. Həmin şəxsə bəxşiş verildiyi halda, həddən ziyadə qiymətli olan o nemətləri qiymətsiz zənn edib onu bizə əta edəni tanımamaq sonsuz dərəcədə bir axmaqlıq olduğu kimi, Cənabı-Haqq hər növ nemətlərini bəşəriyyət üçün yer üzündə yaymışdır. Bunun müqabilində isə o nemətlərin qiyməti olaraq şükür istəyir.

O nemətlərin zahiri səbəbləri və sahibləri onları təqdim edən şəxs hökmündədirlər. Yeməkləri təqdim edən o şəxslərə bir bəxşiş veririk. Onlara minnətdar oluruq; hətta layiq olmadıqları bir çox hörmət və təşəkkürlər edirik. Halbuki Həqiqi Nemət Verən (Mün’imi-həqiqi) o səbəblərdən hədsiz dərəcədə həmin nemətlərə görə şükrə layiqdir. Buna görə də Ona təşəkkür etmək, həmin nemətləri doğrudan-doğruya Ondan bilməklə, o nemətlərin qədir-qiymətini bilməklə və o nemətlərə öz ehtiyacını hiss etməklə olur.

Bunun üçün də şərafətli ramazan ayının orucu həqiqi, xalis, əzəmətli və ümumi bir şükrün açarıdır, çünki digər vaxtlarda məcburiyyət altında olmayan insanların çoxu həqiqi aclıq hiss etmədikcə bir çox nemətlərin qiymətini dərk etmirlər. Bir parça quru çörəyin nemət dərəcəsi olduğunu tox olan adamlar – xüsusən də zəngin olarsa, – başa düşə bilmirlər. Halbuki iftar vaxtında o quru çörəyin bir möminin nəzərində çox qiymətli bir ilahi nemət olduğuna dadbilmə qüvvəsi şahidlik edir. Padşahdan tutmuş ən fəqirə qədər hər kəs şərafətli ramazan ayında o nemətlərin qiymətlərini başa düşməklə mənəvi bir şükrə məzhər olurlar.

Həm gündüz yemək yeməsi qadağan edildiyinə görə “O nemətlər mənim mülküm deyil. Mən bunları yeməkdə azad deyiləm. Deməli, başqasının malı və nemətidir. Onun əmrini gözləyirəm”, – deyə neməti nemət bilir. Mənəvi bir şükür edir.

Bunun üçün də oruc çox cəhətlərdən insanlığın həqiqi vəzifəsi olan şükrün açarı hökmünə keçir.

ÜÇÜNCÜ İNCƏLİK

Orucun insanın ictimai həyatına aid olan cəhətilə bir çox hikmətlərindən biri də budur ki, insanlar məişət baxımından müxtəlif surətdə xəlq edilmişlər. Cənabı-Haqq o fərqliliyə əsasən, varlıları kasıbların yardımına dəvət edir. Halbuki zənginlər fəqirlərin acınacaqlı dərdlərini və aclıqlarını orucdakı aclıqla tam hiss edə bilirlər.

Əgər oruc olmasa, bir çox nəfspərəst zənginlər ola bilər ki, aclıq və fəqirliyin nə qədər dərdli olduğunu və onların şəfqətə nə qədər möhtac olduğunu dərk edə bilməzlər. Bu cəhətdən insanlıqdakı həmcinsinə şəfqət isə həqiqi şükrün bir əsasıdır. Hansı şəxs olursa-olsun, özündən bir qədər də fərqli daha fəqirini tapa bilər. Ona qarşı şəfqət göstərməklə mükəlləfdir.

Əgər nəfsinə aclıq dadızdırmaq məcburiyyəti olmazsa, şəfqət vasitəsilə yardım etməyə mükəlləf olduğu ehsanı və yardımı edə bilməz. Etsə də, tam (sonadək) etməz, çünki o halı, həqiqətən, özündə hiss etmir.

DÖRDÜNCÜ İNCƏLİK

Şərafətli ramazan ayının orucunun nəfsin tərbiyəsi ilə bağlı bir çox hikmətlərindən biri də budur ki, nəfs özünü azad və sərbəst görmək istəyər və belə qəbul edər. Hətta xəyali bir rübubiyyəti və kefinə görə hərəkət etməyi fitri olaraq arzu edər. Hədsiz nemətlərlə tərbiyə olunduğunu düşünmək istəməz. Xüsusən, dünyada sərvəti və qüdrəti vardırsa, qəflət də kömək etmişdirsə, əldə etdiyi ilahi nemətləri tam qəsbkarcasına və tamahla heyvan kimi udar.

Buna görə də şərafətli ramazan ayında ən varlıdan ən kasıba qədər hər kəsin nəfsi başa düşür ki, onun özü malik (sahibkar) deyil, əksinə başqasının mülküdür, azad deyil, quldur; əmr olunmazsa, ən adi və ən rahat bir şeyi də edə bilməz; əlini suya uzada bilməz deyə xəyali rübubiyyəti sınar, bəndəlik edər, həqiqi vəzifəsi olan şükrə bağlanar.

BEŞİNCİ İNCƏLİK

Şərafətli ramazan ayı orucunun nəfsin tərbiyə və islah olunmasına və dikbaşcasına davranışlarından vaz keçməsi yönünə aid olan çox hikmətlərindən biri də budur; insan nəfsi qəflətlə özünü unudur. Mahiyyətində olan hədsiz acizliyi, sonsuz ehtiyacı və ən üstün dərəcədəki qüsurunu görə bilmir və görmək istəmir.

Həmçinin nə qədər zəif və zavala məruz qalacaq və müsibətlərə hədəf olacaq, tez xarab olacaq, dağılacaq ət və sümükdən ibarət olduğunu düşünmür. Sanki poladdan bir vücudu vardır kimi və heç ölməyəcək kimi özünün əbədi olduğunu xəyal edərək dünyaya hücum edir. Şiddətli bir tamah və acgözlüklə, şiddətli bağlılıq və sevgi ilə dünyaya atılır. Ləzzətli və mənfəətli olan hər şeyə bağlanır.

Həm onu tam bir şəfqətlə tərbiyə edən Xaliqini unudur, həm də həyatının nəticəsini və axirət həyatını düşünmür, çirkin əxlaq içində çabalayır.

Bax, şərafətli ramazan ayındakı oruc ən qafil və inadcıl insanlara zəifliyini, acizliyini və ehtiyacını hiss etdirir. Aclıq vasitəsilə mədəsini düşünür, mədəsindəki ehtiyacını başa düşür. Zəif vücudunun nə qədər çürük olduğunu xatırlayır. Mərhəmətə və şəfqətə nə qədər möhtac olduğunu başa düşür. Nəfsin fironluğundan əl çəkir, əgər qəflət qəlbini pozmamışdırsa, tam bir acizlik və möhtaclıqla ilahi qapıya sığınmağa bir arzu hiss edir və mənəvi bir şükür əli ilə rəhmət qapısını döyməyə hazırlaşır.

ALTINCI İNCƏLİK

Şərafətli ramazan ayının orucunun Quran-kərimin nazil olması ilə bağlı və şərafətli ramazan ayının Quran-kərimin ən mühüm nüzul (nazil olma) vaxtı ilə bağlı çox hikmətlərindən biri də budur ki; Quran-kərim ramazan ayında nazil olduğu üçün o Quranın nazil olmasına hazırlaşacaq. O səmavi müraciəti gözəl şəkildə qarşılamaq üçün şərafətli ramazan ayında nəfsin alçaq ehtiyaclarından, boş və əbəs vəziyyətlərdən uzaq olmaq … yemək və içməkdən çəkinməklə mələktək pak vəziyyətə bənzəmək … bir surət o Quranı yeni nazil olan bir şəkildə oxumaq, dinləmək ondakı ilahi müraciəti nazil olduğu zamandakı kimi dinləmək, o müraciəti Rəsuliəkrəmdən (s) eşitdiyi kimi dinləmək, bəlkə, Cənab Cəbrayıldan, bəlkə , Mütəkəllimiəzəlidən (əzəli Danışandan) dinləmək kimi bir müqəddəs hala məzhər olur. Özü tərcüməçilik edib başqasına qulaq asdırmaqdır və Quranın nazil olma hikmətlərindən bir dərəcəni göstərməkdir.

Bəli! Şərafətli ramazan ayında İslam dünyası sanki bir məscid hökmünə gəlir. Elə bir məscid ki, milyonlarla hafizlər (Quran əzbərçiləri) o böyük məscidin guşələrində o Quranı, o xitabı yer sakinlərinə eşitdirirlər. Hər ramazan ayı:

شَهْرُ رَمَضَانَ الَّذِى أُنْزِلَ فِيهِ الْقُرْآنُ (“Ramazan bir aydır ki, onda Quran nazil olub”) ayəsini nurani, parlaq bir şəkildə göstərir. Ramazanın Quran ayı olduğunu sübut edir. O böyük camaatın digər fərdləri və bəziləri xüşu ilə (dərin bir hörmət hissilə boyun əyərək) o hafizləri dinləyir, digərləri isə öz-özünə oxuyurlar.

Belə bir müqəddəs məsciddə alçaq nəfsin həvəslərinə tabe olub, yemək-içməklə o nurani vəziyyətdən çıxmaq nə qədər çirkin bir əməldirsə və o məsciddəki xalqın mənəvi nifrətinə nə qədər hədəfə çevrilirsə, eləcə də şərafətli ramazan ayında əhli-siyama (oruc tutanlara) müxalifət edənlər də ümum İslam aləminin mənəvi nifrətinə və təhqirinə o qədər tuş gəlirlər.

YEDDİNCİ İNCƏLİK

Ramazan ayı orucunun dünyada axirət üçün əkin əkən qazanc əldə etməyə gələn insanların qazancı ilə bağlı çox hikmətlərindən biri budur ki, şərafətli ramazan ayında əməllərin savabı birə mindir. Hədisin mətninə əsasən Quran-kərimin hər bir hərfinin on savabı[3], on yaxşılığı var, on cənnət meyvəsi gətirir. Şərafətli ramazan ayında hər bir hərfin on deyil, min, Ayətül-kürsi kimi ayələrin hər bir hərfinə minlərlə, orucluğun cümə günlərində isə daha çoxdur. Qədr gecəsində otuz min yaxşılıq sayılar.

Bəli! Hər bir hərfi otuz min əbədi meyvə verən Quran-kərim elə bir mənəvi Cənnət ağacı hökmünə keçir ki, milyonlarla əbədi meyvələri şərafətli ramazan ayında möminlərə qazanc olaraq yetirir.

Buna görə də müqəddəs, əbədi və qazanclı ticarətə buyur bax, müşahidə et, düşün; bu hərflərin qiymətini dəyərləndirməyənlərin nə qədər hədsiz ziyana uğradığını anla…

Şərafətli ramazan ayı axirət ticarəti üçün çox qazanclı bir sərgi, bir bazardır. Axirətdə bir şey əldə etmək üçün çox münbit torpaqdır. Diləklərin (istəklərin, arzuların) yetişməsi, boyabaşa çatması üçün bahardakı nisan suyudur (apreldə yağan bitkiyə güc verən yağış). İlahi rübubiyyətin səltənəti qarşısında bəşəri bəndəçiliyin rəsmi keçid (parad) etməsinə səbəb olan ən parlaq, müqəddəs bir bayram hökmündədir. Buna görədir ki, nəfs yeməkiçmək kimi qəflətlə heyvani ehtiyaclara, boş həvapərəst istəklərə girməmək üçün orucla vəzifələnmişdir.

Sanki müvəqqəti olaraq heyvanlıqdan çıxıb mələkləşdiyinə, yaxud axirət ticarətinə girdiyi üçün dünyəvi ehtiyaclarını müvəqqəti tərk etməklə üxrəvi (axirətə aid olan) bir adam olmaq və ya cisimdə zahirə çıxmış (cisimləşmiş) bir ruh vəziyyətinə gələrək orucu ilə səmədiyyətə (ehtiyacsızlığa) bir növ ayinədarlıq etməkdir.

Bəli! Şərafətli ramazan ayı bu fani dünyada, fani ömür içində qısa bir həyatda əbədi bir ömür, uzun və davamedici bir həyat qazandırır.

Bəli! Tək bir ramazan ayı səksən il ömür səmərəsini qazandıra bilir. Qədr gecəsinin isə Quranın qəti dəlilinə əsasən min aydan daha xeyirli olması bu sirrin (incəliyin) qəti dəlilidir.

Bəli, bir padşah hökmranlıq etdiyi müddətdə, bəlkə, hər il ya taxta oturduğu gün adı ilə və yaxud da başqa bir dəbdəbəli səltənət parıltısına məzhər olan bəzi günləri bayram etdiyi, rəiyyətini, ləyaqətli və sədaqətli millətini həmin gündə ümumi qanunlar dairəsində yox, bəlkə, xüsusi ehsanlarına, pərdəsiz hüzuruna, xüsusi iltifatına, fövqəladə icraatına və xüsusi diqqətinə məzhər etdiyi kimi, eləcə də əzəli və əbədi Sultan olan on səkkiz min aləmin Zül-cəlal Padşahı həmin on səkkiz min aləmə baxan, diqqət edən və şanı yüksək olan Quran-kərimi şərafətli ramazan ayında nazil etmişdir. Əlbəttə, o ramazanın məxsus bir ilahi bayram, rəbbani sərgi (göstərmə yeri) və ruhani məclis hökmünə keçməsi hikmətin tələbidir. Madam ki ramazan belə bayramdır, o zaman, əlbəttə ki, alçaq və heyvani məşğuliyyətlərdən insanları çəkindirmək üçün oruc tutmaq əmr edilməlidir.

O orucun ən kamili isə mədə kimi bütün orqanlarla; göz, qulaq, qəlb, xəyal, fikir kimi insan orqanları ilə də bir növ oruc tutmaqdır, yəni haramlardan və boş işlərdən uzaqlaşmaq və hər birini özünə məxsus ibadətə sövq etməkdir.

Məsələn, dilini yalandan, qeybətdən və kobud ifadələrdən təmizləməklə də oruc tutmaq və onu (o dili) Quran oxumaq, zikr, təsbih, salavat və istiğfar kimi işlərlə məşğul etmək lazımdır.

Məsələn, gözünü naməhrəmə baxmaqdan və qulağını boş şeylərə qulaq asmaqdan qoruyub, gözünü ibrətə və qulağını haqq söz və Quran dinləməyə istiqamətləndirməli və digər üzvləri ilə də oruc tutmalıdır.

Zatən mədə ən böyük bir fabrik olduğu üçün oruc ilə ona istirahət verilərsə, başqa kiçik dəzgahları asanlıqla ona tabe etdirmək olar.

SƏKKİZİNCİ İNCƏLİK

Şərafətli ramazan ayının insanların şəxsi həyatı ilə bağlı müdrik və dərin hikmətlərindən biri də budur ki, insan üçün ən önəmli bir dərman növü olaraq maddi və mənəvi bir pəhrizdir. Tibbi baxımdan elə bir pəhrizdir ki, insanın nəfsi yemək və içmək barəsində istədiyi şəkildə hərəkət etdikcə, bunlar şəxsin maddi həyatına tibbi baxımdan zərər vurduğu kimi, halal-haram deməyib rastına çıxan şeyə hücum etmək, adətən mənəvi həyatını da zəhərləyər. Qəlbə və ruha itaət etmək, artıq o nəfsə ağır gələr, sərkəşliklə öz cilovunu əlinə alar. Artıq insan ona minə bilməz, o insana minər (yəni artıq insan öz nəfsinə hakim ola bilməz, nəfsinin məhkumuna çevrilər).

Nəfs şərafətli ramazan ayında bir növ pəhrizə alışar, riyazət edər[4], əmrə itaət etməyi öyrənər. Biçarə zəif mədəyə də, həzmdən əvvəl yeməyi yemək üzərinə doldurmaqla xəstəlikləri cəlb etməz. Əmr vasitəsilə halal olanı belə tərk etdiyi üçün haramdan çəkinməyə, ağıl və şəriətdən gələn əmrə itaət etməyə qabiliyyət qazanar. Mənəvi həyatı pozmamağa çalışar.

Həmçinin insanların mütləq əksəriyyəti aclığa daha çox mübtəla olur. Səbir və təhəmmül üçün bir məşq işi aparan aclığa və riyazətə möhtacdır. Şərafətli ramazan ayında tutulan oruc on beş saat, səhər yeməyi yeyilmədən tutulduğunda iyirmi dörd saat davam edən bir aclıq müddətində səbir, təhəmmül və bir riyazətdir, bir məşq işidir. Deməli, insan oğlunun müsibətini ikiləşdirən səbirsizliyin və təhəmmülsüzlüyün bir dərmanı da orucdur[5].

Həmçinin o mədə fabrikinin çox xidmətçiləri vardır və onunla əlaqədar insanda çox orqan vardır. Nəfs əgər müvəqqəti olaraq bir ayın gündüzlərində öz fəaliyyətini dayandırmazsa, o fabrikin xidmətçilərinin və o orqanların xüsusi ibadətlərini onlara unutdurar, özünə məşğul edər, hakimiyyəti altında saxlayar. İnsanın digər orqanlarını da o mənəvi fabrik çarxlarının gurultusu və dumanları ilə qarışdırar. Onların diqqətini daima özünə doğru çəkər. Uca vəzifələrini müvəqqəti olaraq unutdurar. Ona görə də, qədimdən bəri övliyalar kamilləşmək üçün özlərini riyazətə, az yemək və içməyə vərdiş etdirmişlər.

Lakin şərafətli ramazan orucu ilə o fabrikin xidmətçiləri sırf o fabrik üçün yaradılmadıqlarını başa düşürlər. Digər orqanlar da o fabrikin alçaq əyləncələrinin əvəzinə şərafətli ramazan ayında mələklərə və ruhani varlıqlara yaraşan əyləncələrdən ləzzət alırlar, diqqətlərini onlara verirlər. Ona görədir ki, şərafətli ramazan ayında möminlər dərəcələrinə görə ayrı-ayrı nurlara, feyzlərə və mənəvi sevinclərə nail olurlar. Qəlb, ruh, ağıl və sir[6] kimi lətifələrin o mübarək ayda oruc vasitəsilə çox yüksəlmələri və feyzlənmələri vardır. Mədənin ağlamasına baxmayaraq, onlar günahsız bir şəkildə gülürlər.

DOQQUZUNCU İNCƏLİK

Şərafətli ramazan ayı orucunun doğrudan-doğruya nəfsin xəyali rübubiyyətini qırmaq və acizliyini göstərməklə qul olduğunu bildirmək cəhətdən hikmətlərindən bir hikməti budur ki; nəfs Rəbbini tanımaq istəmir, fironcasına özü rübubiyyət istəyir. Nə qədər əzab verilsə, o damar (yəni ənaniyyət damarı) onda qalır, lakin aclıqla onun o damarı qırılır.

Bax, şərafətli ramazan ayında tutulan oruc doğrudan-doğruya nəfsin fironluq cəbhəsinə zərbə vurur və onu qırır. Ona acizliyini, zəifliyini, fəqirliyi göstərir və ona qul olduğunu bildirir.

Hədisin rəvayətlərində vardır ki, Allah-Taala nəfsə deyib: “Mən kiməm, sən kimsən?” Nəfs cavab verib: “Mən mənəm, Sən də Sənsən!” Allah nəfsi Cəhənnəmə atıb əzab verdikdən sonra yenə də ondan soruşub. Nəfs yenə: “Mən mənəm, Sən də Sənsən!” – deyə cavab verib. Hansı növ əzab veribsə, nəfs yenə qürur və kibrindən vaz keçməyib. Sonra ona aclıqla əzab verib, yəni onu ac saxlayıb. Sonra yenə ondan soruşub: “Mən kiməm, sən kimsən?” Nəfs bu dəfə belə cavab verib: “Sən mənim rəhmli Rəbbim, mən də Sənin aciz bir qulunam!”[7]

Allahım, Seyidimiz Mühəmmədə, onun ƏhliBeytinə əshabələrinə ramazan ayında Quran hərflərinin sayı qədər

Sənin razılığına səbəb olacaq onun haqqında əda olunacaq səlat rəhmət göndər!

Sənin Rəbbinyenilməz qüvvət sahibi hər şeyə qalib olan Rəbbin (müşriklərin)

Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır.

Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha da həmd olsun

Üzrxahlıq: Bu ikinci hissə (yəni “Ramazan risaləsi”) – qırx dəqiqədə – sürətlə yazıldığına, mən və qaralama yazan katib xəstə olduğumuza görə, əlbəttə, içində qarmaqarışıqlıq, anlaşılmazlıq və qüsur ola bilər. Qardaşlarımızın güzəşt gözü ilə baxmalarını gözləyirik. Münasib gördükləri şeyi düzəldə bilərlər.

Müəllif: Ustad Bədiüzzaman Səid Nursi

Tərcümə etdilər: Babək Rəcəboğlu

Xəyyam Qurbanzadə

[1] “Bəqərə”, 185

[2] Allahın hər bir məxluqata yaradılış məqsədlərinə çatmaq üçün ehtiyacı olanı verməsi, onları tərbiyə etməsi, Öz hökmü və hökmranlığı altında saxlaması

[3] Deyləminin “Müsnəd”ində (3; 130; 4351) bu barədə bir rəvayət vardır. Ramazan ayında yerinə yetirilən ibadət və xeyirli işlərin digər aylarda yerinə yetirilənlərdən daha çox savab qazandıracağını qəbul etməklə bərabər bu mövzu ilə əlaqədar “hədis” olaraq gələn rəvayətlərin Peyğəmbərin (s) sözü olmayıb İslam alimlərinin sözü olduğunu düşünürük.

[4] Riyazət “idman, tərbiyə və islah etmək, boyun əydirmək, cazibədar şeylərdən uzaq durmaq” – deməkdir. Termin olaraq təsəvvüf yoluna daxil olan şəxsin nəfsinin istədiyi işi görməməsi, nəfsinin istədiyinin əksini etməsi, xülasətul-kəlam nəfsi ilə cihad etməsidir. Təsəvvüf əhli qırx gün, yaxud daha artıq inzivaya çəkilərək nəfslərini az yeməyə, az danışmağa, tək qalmağa və təfəkkür etməyə vərdiş etdirərək riyazət edərlər.

[5] Oruc eyni zamanda bir səbir tərbiyəsidir, çünki insan hər cür imkanı olduğu halda oruclu ikən bir şey yeyib-içməməklə böyük bir səbir tərbiyəsi işi aparır. Buna görədir ki, bir rəvayətdə buyurulmuşdur: “Oruc səbrin yarısıdır! (“Sünən”, Kitabus-siyam, 44, İbn Macə)

[6] Sir ruh kimi insan bədənində bir lətifədir, lakin ruh müstəqil bir varlığa sahib olduğu bir halda, sirin müstəqil bir varlığı yoxdur. Bir mənada sir ruhun ruhudur. Ruhən və qəlbən inkişaf etmiş mənəviyyat böyükləri bu hissin mahiyyətini idrak etmişlər, lakin eynən xəyal, ağıl və ruh kimi ona da həqiqi mənada tərif vermək çətindir. Buna görə də ona sir deyilmişdir. Qəlb mərifət, ruh məhəbbət, sir isə tamaşa yeridir.

[7] Burada danışılan hadisə Peyğəmbərimizə aid bir hədis deyildir. İlk zamanlarda başqalarının sözlərinə də hədis deyilirdi. Bu rəvayətin o mənada bir “hədis” olduğunu Peyğəmbərin yox, təsəvvüf əhli olan birinin sözü olduğunu düşünürük. Ümumiyyətlə, qaynaq (mötəbər mənbə) hesab olunan heç bir hədis kitabında belə bir rəvayət yoxdur. Bu rəvayət “Dürrətul-vaizin” (“Vaizlərə incilər”) kimi sonrakı dövrdə hazırlanan bir söhbət kitabında bu şəkildə yer alır: “Uca Allah sonra nəfsi yaratdı və ona: “Mənə doğru qayıt!” – dedi. O qayıtmadı. Sonra: “Sən kimsən, Mən kiməm?” – dedi. Nəfs: “Mən mənəm, Sən də Sənsən”, – deyə cavab verdi. Buna görə də düz yüz il Cəhənnəmdə ona əzab verildi. Sonra Allah onu Cəhənnəmdən çıxarıb təkrarən ondan soruşub: “Sən kimsən, Mən kiməm?” Nəfs yenə də tərs cavab verib. Allah bu dəfə onu Cəhənnəmdə yüz il aclıqla cəzalandırıb. Sonra Cəhənnəmdən çıxarıb yenə ondan soruşub. Bu dəfə nəfs: “Mən Sənin qulunam, Sən mənim Rəbbimsən!” – deyə cavab verib. Bax, Allah buna görə nəfsə oruc tutmağı vacib etmişdir. (“Dürrətul-vaizin”, 1:40, 41, Osman Əfəndi) Burada Allahın bir çox ayələrdə təhdid ünsürü olaraq istifadə etdiyi ayələrə yüngül yanaşmaq müşahidə olunur. Allah qullarını Cəhənnəm əzabı ilə tərbiyə etməkdədir. Onun Cəhənnəm əzabını daddıqdan sonra Ona meydan oxuya biləcək heç bir nəfs yoxdur. Necə ki Quranda əzabı dadan insanların gözəl bir qul ola bilmək üçün təkrarən dünyaya qayıtmaq istəyəcəkləri bildirilir.