RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

Ənənəvi şiə fiqhində Qurana və qəti Sünnəyə müxalif olan bəzi hədislərə əsaslanmaqla bir çox müctəhidlər, ələlxüsus hal-hazırda təqlid olunan dini rəhbərlər sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu pozan işlərdən olduğuna fitva vermişlər. O hədislərdən birini sizin nəzərinizə çatdırırq: “Bir kişi ramazan ayının gecəsində cünub oldu, sonra sübh azanına qədər qəsdən qüslü tərk etdi. İmam Sadiq dedi: bir qul azad etməli, yaxud iki ay ardıcıl olaraq oruc tutmalı, yaxud da altmış miskinə təam verməlidir!”[1] Bu hədisdə kəffarənin verilməsinin vacib olması onu göstərir ki, bu iş orucu pozan işlərdən hesab olunur və o günün qəzası da tutulmalıdır. Lakin Quran fiqhinə əsasən bu məsələni araşdırdıqda görürük ki, bu iş əsla orucu batil edən işlərdən hesab olunmur. Sünni məzhəblərində də sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu batil edən işlərdən olmadığına hökm edilmişdir. Mövzu ilə bağlı “Quran fəqihi” ləqəbilə tanınan Ayətullah Mühəmməd Sadiqi Tehraninin fikirlərinə müraciət etdik. O, bu barədə yazır: “Quran-kərim yemək və içmək kimi, cənabəti və cinsi münasibəti də sübh azanına çox az bir zaman (bir neçə an) qalmış vaxta qədər halal bilmişdir[2]. Bu mövzuda Peyğəmbərdən (s) və hidayət imamlarından (ə) nəql olunmuş və ayəyə uyğun gələn rəvayətlər də bu hökmü təsdiq edir. Bu hökmə zidd olan rəvayətlər də ayəyə və birinci qrup rəvayətlərə zidd olduğuna görə qəbuledilməzdir. Buna görə də sübh azanına yaxın cünub olmaq (yəni cinsi münasibətə girmək – X. Q.), yaxud sübh azanına qədər qəsdən cənabət halında qalmaq heç vaxt orucu batil etmir və bu iş haram da deyildir. …”[3]

İmam Rza (ə)-dan “Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşulduqda İmam buyurdu: “Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: “Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı”[4].

İmam Sadiq buyurmuşdur: “Peyğəmbər ramazan ayında gecə namazını qılır, sonra cünub olurdu (yəni cinsi münasibətə girirdi). Sonra sübh namazına qədər qəsdən qüslü təxirə salırdı”[5].

“İmam Sadiqdən ramazan ayında gecənin əvvəlində cünub olub sübh azanına qədər qüslü təxirə salan şəxs haqqında soruşulduqda belə cavab verdi: “Orucunu sona çatdırsın və qəza etməsi lazım deyildir!””[6]

Şeyx Sadiqi Tehrani davam edərək yazır: “Yuxarıda da qeyd etdiyimiz kimi zahir budur ki, heyz, nifas və ələlxüsus istihazə qüslünün də hökmü belədir.

Orucu batil edən işlərin yalnız cinsi münasibətdə olmaq, yemək və içməkdən ibarət olduğunun dəlili bu şərafətli ayədir: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (yəni onlarla cinsi əlaqəyə girmək) sizə halal edildi. … İndi onlarla yaxınlıq edə və Allahın sizin üçün yazdığını istəyə bilərsiniz. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyə və içə bilərsiniz; sonra gecəyə qədər orucu tamamlayın. …”[7] Görürük ki, bütün gecə boyu yeməyin və içməyin vaxtı sübh azanından çox az bir zaman əvvələ qədər olduğu kimi, cinsi münasibət də belədir. Bəlkə, bu əməl iki dəfə təkrar olunmuşdur. Birinci “oruc gecəsi” ifadəsi ilə, sonra isə “onlarla yaxınlıq edin” cümləsi ilə. Əgər cənabət qüslü vaxta daxil olmaq üçün (yəni oruc tutmaq üçün – X. Q.) vacibdirsə, bu surətdə nə üçün sübh azanına qədər cinsi münasibətə yemək və içməklə bir sırada və bir-birini tarazlaşdıraraq fürsət verilmişdir?

““Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər” yalnız yeməyə və içməyə aiddir” fikri yersiz bir fikirdir, çünki orucu batil edən ən mühüm işlərdən olan cinsi münasibətin başlamasının və yerinə yetirilməsinin bəyan olunması daha münasibdir, çünki yeməkdən və içməkdən daha münasibdir. Əgər cinsi münasibət bu ikisi ilə bir sırada sübh azanına qədər məhdud olmasa (məhdudlaşmasa), onun mənası budur ki, yalnız yemək və içmək bu vaxta qədər məhdudlaşdırılmalıdır və cinsi münasibətin vaxtı qeyri-məhdud olur. Bununla bir neçə şeydən (yəni cinsi münasibət, yemək və içməkdən) sonra gələn istisna, yaxud hər bir başqa qeyd (“Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər” istisnası, yaxud qeydi) adi fəsahət və bəlağət qaydasına əsasən – qalmışdı hələ qurani fəsahət və bəlağət olsun – bütün keçənlərə (yəni cinsi münasibətə, yeməyə və içməyə) rəng və qeyd verir. Əgər keçmişlərdən bir, yaxud bir neçə şey istisna ilə bu qeyddən xaric olsa (istisnadan istisna olsa – X. Q.), bəyanın tələbinə əsasən doğru və yetərli olan odur ki, onun xüsusi vəziyyətini açıq-aydın şəkildə təyin etməlidir. Buna əsasən  “İndi onlarla yaxınlıq edə bilərsiniz” cümləsi “Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər”lə müqəyyəd olmasa, “qədər yeyə və içə bilərsiniz”dən sonra gəlməsi lazım olardı. Əgər ondan əvvəldirsə, gərək elə bəyan oluna ki, yemək və içməkdən ayrı hesaba alındığı məlum ola. Beləcə, qeyd son mövzuya (yəni “içə bilərsiniz”ə) aiddirsə, buna əsasən ayədəki “qədər” (ərəbcə “hətta”) yalnız içməyə aiddir və ona münhəsirdir (yəni belə çıxır ki, içmək sübh azanına qədər məhdudlaşır, yaxınlığın və yeməyin vaxtı qeyri-məhdud qalır – X. Q.), vəssəlam. Bu fikrin də batil olduğu aydındır”[8].

Bu mövzunun haşiyəsində belə qeyd edir: “Deməli, görürük ki, orucu batil edən bu üç iş (cinsi münasibət, yemək, içmək) sübh azanına qədər caizdir və sübh azanından əvvəl baş vermiş cənabət halı heç vaxt orucun düz olmasının maneəsi deyildir. Şiə və sünni rəvayətləri də ayəyə uyğundur. Kitaba və Sünnəyə zidd olan bəzi şiə rəvayətləri isə qəbuledilməzdir, çünki bir-birinə nisbətdə daxili, Quran və Sünnəyə nisbətdə isə xarici ziddiyyətdən ibarət olan üçbucaqlı çətinlik içindədirlər. Şeyx Səduq “Fəqih” kitabında və Feyz Kaşani bu hökmü fitva vermişlər. Nəraqi “Müstənəd” kitabında bu fikri qeyri-məşhur fikir adlandırmış və Nu’manidən, Seyid Mürtəzadan, bəzi son dövr alimlərindən, Əllamənin “Təhrir” əsərindən, Mühəqqiq Ərdəbilidən və Seyid Damaddan nəql etmişdir ki, ramazan ayında sübh  azanına qədər qəsdən cənabətli qalmaq icazəlidir. Sünni fəqihləri və onların rəvayətləri də bu fikirlə müvafiqdir. Bir çox şiə fəqihləri kimi onların da bəziləri, məsələn Əbuhüreyrə, Salim ibn Abdullah, Həsən Bəsri, Tavus, Ürvə, Həsən ibn Saleh və Nəxəi onu (sübh azanına qədər qəsdən cənabətli qalmağı) orucu batil edən işlərdən hesab etmişlər. Bu ağalar bu məsələdə də digər məsələlərdə olduğu kimi xətaya yol vermişlər. Əgər şərafətli ayənin zahirinə və nəssinə diqqət etsəydilər, İslam fiqhində yəqin ki, belə bir səhvə mübtəla olmazdılar”[9]

NƏTİCƏ

Sübh azanına qədər qəsdən cənabət, heyz, nifas və ələlxüsus istihazə halında qalmaq orucu batil edən işlərdən deyildir. Sübh azanına çox az bir zaman qalan vaxta qədər yemək və içmək icazəli olduğu kimi, cinsi əlaqə də icazəlidir. Sonra oruc tutmaq üçün qüsl verməyə ehtiyac yoxdur. Niyyət edib oruca başlamaq lazımdır. Yalnız qılınacaq sübh namazı üçün qüsl vermək vacibdir, vəssalam!

[1] “Vəsailuş-şiə”, Oruc tutan şəxsin çəkindiyi işlər adlı 16-cı bab, 3-cü hədis

[2] “Bəqərə”, 187

[3] “Yeni tovzihul-məsail” risaləsi, səh. 179, 180

[4] “Camiu-əhadisiş-şiə”; c. 9, s. 208

[5] “Təhzib”, c. 1, s. 412, “İstibsar”, c. 3, s. 88

[6] “Təhzib”, c. 1, s. 411, “İstibsar”, c. 3, s. 85

[7] “Bəqərə”, 187

[8] “Yeni tovzihul-məsail” risaləsi, səh. 180, 181

[9] “Yeni tovzihul-məsail” risaləsi, 421-ci məsələnin haşiyəsi